Rusiya keçən ilin yayında Azərbaycanın işğal altında olan Kəlbəcər rayonu ərazisində ermənilərin əsir götürdüyü Dilqəm Əsgərovun məsələsini Ermənistanla müzakirə edəcək.
AzərTAc xəbər verir ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu fikri 2014-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında söyləyib.
S.Lavrov deyib: “O, ermənilər tərəfindən saxlanılıb, ona görə də biz bu məsələni erməni tərəfi ilə müzakirə edəcəyik. Dünyanın müxtəlif ölkələrində bizim xeyli vətəndaşımız tutulub saxlanılıb”.
Nazir vurğulayıb ki, Rusiya tərəfi öz ölkəsinin vətəndaşlarının taleyi ilə daim maraqlanır.
RF xarci siyasət idarəsinin rəhbəri deyib: “Biz saxlanmanın səbəbləri barədə informasiya əldə edilməsinin zəruriliyini və belə səbəblər haqqında informasiya əsasında bizim vətəndaşlara qarşı irəli sürülən ittihamların ağırlıq dərəcəsini, onların hansı şəraitdə saxlanmasını, bizim vətəndaşların saxlanıldığı ölkənin həmin vətəndaşlar barəsində planlarını nəzərə almaqla, Rusiyanın müvafiq dövlətlə ikitərəfli münasibətləri çərçivəsində mövcud kanallar vasitəsilə qərarlar qəbul edirik”.
AzərTAc