Ermənilərin Qafqazın avtoxton sakinləri olmaması ideyası artıq elmi dairələrin çoxu tərəfindən birmənalı qəbul edilir.
Antik dövrdən başlayaraq bu günə qədər bir sıra müəlliflər (Herodot, Strabon, İ.Şopen, S.Solovyov, Q.Kapantsyan, İ.M.Dyakonov, N. Adons, A.B.Totadze, Q.R.Marxuliya və başqaları) ermənilərin qeyri-Qafqaz mənşəli olmaları barədə fikirlər irəli sürüb, onların əcdadlarının Balkanlardan, konkret olaraq Frakiya və Fessaliyadan çıxdıqlarını bildiriblər. Tarixin müxtəlif vaxtlarında Cənubi Qafqaza, o cümlədən Azərbaycana köç edən ermənilər bu ərazilərdə məskunlaşıb və imkan düşdükcə yerli əhalini sıxışdırmağa başlayıblar.
Hələ XVIII əsrin əvvəllərində, I Pyotrun dövründə Rusiyanın Xəzər hövzəsində bəzi əraziləri ələ keçirməsindən ermənilər öz məqsədləri üçün istifadə etdilər. Rus hökumətinin razılığı və erməni kilsəsinin təşkilatçılığı ilə Xəzər dənizinin Azərbaycan sahillərindəki bəzi ərazilərə (Dərbənd, Bakı, Salyan və s.) on minlərlə erməni köçürüldü.
1828-ci ildə Şimali Azərbaycanın tamamilə Rusiya imperiyasının tərkibinə daxil edilməsindən sonra Arazdan cənubda yerləşən ərazilərdən (Xoy, Salmas, Maku, Urmiya və s.) ermənilərin sistemli şəkildə Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçrülməsinə başlanıldı. Eyni zamanda, bu vilayətlərə ermənilər Osmanlı ərazisindən də köçürülürdü. Rus müəllifi S.Qlinka 1828-ci ildə cənubdan 40 min nəfər erməninin Naxçıvan, İrəvan və Qarabağa köçürüldüyünü bildirir (С. Глиника. Описание переселения армян Аддербиджанских в пределы России. М., 1831, 142 с.). O dövr müəlliflərindən A.S.Qriboyedov, N.İ.Şavrov, V.L.Veliçko və başqaları da Türkmənçay müqaviləsinin imzalanmasından sonrakı illərdə on minlərlə erməninin Şimali Azərbaycana köçrüldüyünü qeyd edirdilər. Bütün bunlar regionda demoqrafik vəziyyətin ildən-ilə ermənilərin xeyrinə dəyişməsinə səbəb olurdu. 1829-cu ildə Naxçıvan şəhərində 3641 nəfər azərbaycanlı yaşayırdısa, artıq 1829 nəfər erməni yaşayırdı. 1873-cü ildə Naxçıvan mahalında 20836 nəfər azərbaycanlı, 17468 erməni, Ordubad şəhərində 3131 nəfər azərbaycanlı, 360 nəfər erməni, Ordubad mahalında 9593 nəfər azərbaycanlı, 4864 nəfər erməni, Dərələyəz mahalında 18040 nəfər azərbaycanlı, 11477 nəfər erməni yaşayırdı (С.П.Зелинский. “Три магала: Нахичеванский, Ордубадский и Даралагезский. Географо-статистическое и сельскохозяйственное описание”. // “Сборник сведений о Кавказе”, т. VII, Тифлис, 1880, c. 248).
1880-ci ildə tərtib olunmuş statistik məlumatlara əsasən İrəvan quberniyasının İrəvan qəzasında azərbaycanlıların sayı 46426 nəfərə, ermənilərin sayı 29784 nəfərə bərabər idisə, Sürməli qəzasında azərbaycanlıların və ermənilərin sayı müvafiq olaraq 29800 və 18096, Şərur-Dərələyəz qəzasında isə 38776 və 12532 nəfərə bərabər idi. Yelizavetpol qəzasında 54932 nəfər azərbaycanlı, 19861 nəfər erməni, Nuxa şəhərində 17400 nəfər azərbaycanlı, 3501 nəfər erməni yaşayırdı. (“Сборник сведений о Кавказе”, т. VII, Тифлис, 1880, c. XVIII-XXIII).
Göründüyü kimi, rus hökumətinin on illərlə davam edən köçürmə, erməniləri himayə siyasətinə baxmayaraq, İrəvan və Yelizavetpol quberniyalarına daxil olan tarixi Azərbaycan torpaqlarında azərbaycanlılar ermənilərə münasibətdə XIX əsrin 80-ci illərinə qədər üstünlük təşkil edirdilər.
Aqil Şahmuradov
Tarix elmləri üzrə fəlsəfə doktoru