(1914-1917-Cİ İLLƏR)
Birinci dünya müharibəsi Rusiya dövlətinin taleyində xüsusi mərhələdir. Belə ki, bu savaş 3 milyondan artıq insanın həyatına son qoymuş, sosial ziddiyyətləri kəskinləşdirmiş, ölkəni inqilabi sarsıntılara və vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Bu zaman Birinci dünya müharibəsinin qurbanları, nəinki cəbhələrdə həlak olmuş əsgərlər, eləcə də minlərlə dinc sakinlər olmuş, onlara taleyin hökmü ilə qaçqınlıq nəsibi ilə barışmaq qalmışdı.
Birinci dünya müharibəsi qaçqınlarının ilk dalğası müharibə başlanar- başlanmaz dərhal hərbi əməliyyatların Qərb cəbhəsindən – Polşanın Suvalk quberniyasının müxtəlif yerlərindən gəldi. Qaçqınlar epizodik səciyyəli yardımları artıq 1914-cü ilin payızından etibarən almağa başlamışdılar. Onlar bu yardımları “Hərbi fəlakətlərdən zərər çəkənlərə müvəqqəti yardım göstərilməsi üzrə böyük knyaz qızı Tatyana Nikolayevna Komitəsi” haqqında 1914-cü il sentyabrın 14-də təsdiqlənmiş Əsasnaməyə görə alırdılar. Bu, Rusiyada “qaçqın işinin” təşkilinə dair ilk qanunverici akt idi. Təşkilindən 1915-ci ilin avqustuna kimi Tatyana komitəsinə onun sədri Aleksey Borisoviç Neydqart rəhbərlik etmişdi. Tatyana komitəsi Rusiyada qaçqınların müdafiəsi üzrə mərkəzi orqan olub, hökumət dəstəyindən və geniş dövlət subsidiyalarından yararlanır, özü də mədaxilin kiçik bir hissəsindən Ümumrusiya bağışlamaları və özəl ianələr verirdi. Komitə qaçqınlara yardım göstərilməsinə yerli inzibati idarəçiliyi və özünüidarə orqanlarını, Qırmızı Xaçı və hərbi nazirliyi, çoxsaylı xeyriyyə təşkilatlarını cəlb edirdi [8, 7-8].
Türkiyə ilə Rusiya arasındakı müharibənin gedişində Qafqaz cəbhəsində Sarıqamış məğlubiyyəti dönüş nöqtəsi oldu. Şərqi Anadolu və Qaradəniz sahili rus işğalçılarına açılarkən, bu bölgədə yaşayan türklər üçün təhlükəli günlər başladı. Müsəlman-türk əhali rusların və könüllü erməni dəstələrinin təcavüz və hücumlarına məruz qalmış, Qars, Ərdahan, Kağızman, Oltu, Artvin və s. bölgələrdə yüzlərlə kəndlər dağıdılmışdı. 1914-cü ilin noyabr ayının sonlarında, o cümlədən dekabr ayında getdikcə artan müsəlman türk qaçqınlar fürsət olduqca bir tərəfdən Anadolunun içlərinə, digər tərəfdən də Qafqaza doğru qaçmağa səy göstərmişdilər. Dekabr ayının sonlarına doğru Qafqazda qaçqınların sayı daha da artmışdı və vəziyyətləri olduqca ağır idi.
Anadoluda türklərin yaşadığı bu fəlakətlər Çar Rusiyasının müqavimətinə baxmayaraq çox keçmədən Azərbaycanda çıxan qəzetlər vasitəsilə xalqa çatdırıldı. Azərbaycan türkləri bir tərəfdən bu qətliamların qarşısını almağa çalışır, digər tərəfdən isə “Qardaş köməyi” şüarı ilə böyük bir yardım kampaniyasına başlamışdır. Bu yardımın ən böyük hissəsini isə Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti öz üzərinə götürmüşdür. Yardım fəaliyyəti 2 mərhələdə həyata keçirilirdi. Birinci mərhələdə Azərbaycan və bütün Qafqazda fəaliyyət göstərmək nəzərdə tutulurdu. Ikinci mərhələdə isə döyüş bölgələrinə gedərək Rusiya işğalına məruz qalan Anadolunun şəhər və qəsəbələrinə yardım edilməli idi. Qeyd etmək lazımdır ki, Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti qaçqınlara yardım etmək üçün 3 dəfə Rus çarından icazə istəmiş, hər dəfə rədd cavabı almışdır. Yalnız Rusiya Dövlət Dumasında Azərbaycan təmsilçisi Məhəmməd Yusif Cəfərovun köməkliyi ilə icazə alınmışdır [3].
1914-cü ilin dekabrında Peterburqda bütün Rusiya “Müsəlman İctimai Cəmiyyətləri”nin iclasında bu məsələ gündəmə gətirildi. Bu toplantıya Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti adından qatılan Mirzə Şəmsi Əsədullayev müsəlmanların yaşadığı fəlakəti dilə gətirərək, onların vəziyyətinin çox ağır olduğunu bildirmişdi. Günlər keçdikcə Qafqaza gələn müsəlman qaçqınların sayı daha da artırdı. Artıq Azərbaycan ictimaiyyəti bu məsələ ilə daha yaxından maraqlanmağa başlayarkən, digər tərəfdən Azərbaycan türk qəzetləri də xalqı yardıma çağırırdı [4, 80].
Qaçqınlara və müharibədən zərər çəkmişlərin hamısına yardım Bakı Müsəlman Xeyriyyə Cəmiyyətində cəmləşmişdi; o Ərzurum müsəlman qaçqın komitəsini təşkil etmişdi. Komitənin himayəsi altında olanların sayı 100 min nəfəri keçmişdi ki, onlardan təxminən 40 min nəfəri başlıca olaraq uşaqlardan, qadınlardan və qocalardan ibarət olan qaçqın idi. Bütün əmək qabiliyyətlilər dövlətə məxsus icbari işlərdə çalışırdılar. Onlar Qafqaz cəbhəsi qaçqınlarının yerbəyer edilməsi üzrə Şura tərəfindən müəyyənləşdirilmiş təqaüd alır, camaşır və geyimlə təmin olunurdular. Ehtiyac həddən artıq çox olduğundan, daha böyük həcmdə və bütün Qafqaz müsəlmanlarının qatıla biləcəyi şəkildə, sistemli çalışmaq lazım idi. Bunun üçün də hökumətdən rəsmi olaraq icazə alınmalı idi. Kömək etmək üçün hökumətdən rəsmi icazə alınmasından dərhal sonra, 26 yanvar 1915-ci ildə Bakı Müsəlman Xeyriyyə Cəmiyyətində bir toplantı keçirildi. Mirzə Əsədullayevin başçılığı ilə 9 nəfərdən ibarət yardım komitəsi seçildi. Yardım işini daha yaxşı təşkil etmək üçün İrəvan, Quba, Gəncə, Şamaxıda müsəlman qaçqınlara yardım komitələri təşkil edildi [5].
Yalnız qaçqınlar problemi açıq-aşkar kütləvi xarakter kəsb etməsindən sonra dövlət öz əvvəlki yaşayış yerlərini tərk etmək məcburiyyətində qalmış insanların hüquq və mənafelərini müdafiə etməyə dair sistemli tədbirləri nəzərdə tutan işə başladı. Vəziyyətin mürəkkəbliyini və gerçək mühüm tələbatları nəzərə almaqla Nazirlər Şurasının 1915-ci il 24 iyul tarixli qərarı ilə cəbhələrdə qaçqınların təşkili üzrə baş müvəkkil institutu yaradılır. Daxili İşlər Nazirliyi nəzdində qaçqınların təşkili üzrə xüsusi şöbənin və quberniyalarda yerli komitələrin formalaşması elan olunur [10].
Ümumdövlət miqyasında “qaçqın işinin” nizamlanmasına dair işlərə 1915-ci il avqustun 30-da “Qaçqınların ehtiyaclarının təminatı haqqında” qanunun dərcindən sonra başlanıldı. Qanun qaçqın statusunu və onun hüquqlarını müəyyənləşdirirdi. Qanuna müvafiq olaraq qaçqın işlərinə rəhbərlik Daxili İşlər nazirinə və onun nəzdində yaradılmış Qaçqınların təşkili üzrə xüsusi müşavirəyə tapşırılırdı. 1915-ci ilin payızında qubernatorların (Fevral inqilabından sonra – Müvəqqəti hökumətin quberniya komissarlarının) şəxsi rəhbərliyi altında qaçqınların təşkili üzrə quberniya müşavirələri də yaradıldı. Petroqradda və Moskvada yuxarıda bəhs edilən müşavirələrə bənzər şəhər müşavirələri işinə başlamışdı [10].
Birgə kömək etmənin tədbirlərini aparmaq üçün daxili işlər naziri tərəfindən xüsusi iclas çağırılmışdır. Xüsusi iclasın üzvləri hökumət şurasından yeddi nəfər, dövlət dumasından da yeddi nəfər və bir o qədər adam hərbi, xarici işlər, daxili işlər, maliyyə, maarif, rabitə, sənaye və ticarət nazirliklərindən, torpaq baş idarəsindən, Tatyana komitəsindən, Rusiyanın qırmızı xaç komitəsindən, Qafqaz təmsilçilərindən, Ümumrusiya torpaq ittifaqı və şəhərlər ittifaqından daxil olmuşdur. Xüsusi iclasın müzakirəsinə daxil olan məsələlər: qaçqınların tələbatlarını ödəmək üçün kreditlərin ayrılması, onların qeydiyyatı, əvvəlki yerlərinə qaytarılması, mal-mülklərinin qaytarılması və eləcə də gələcək talelərini həll etməkdir. Eləcə də xüsusi iclas daşınan və daşınmaz əmlakın qiymətləndirilməsini həyata keçirməli idi. Qaçqınların məskunlaşması və onların gələcək taleyi şəhər ictimai cəmiyyətlərinin və torpaq müəssisələrinin üzərinə qoyulmuşdur. Şəhərlərdə və digər yerlərdə hansındaki vəziyyət torpaq komitələrinin üzərinə qoyulmayıb, yerli əhali quberniya, qəza və şəhər, lazım olduqda isə sahə yerli komitələri kömək edirdilər [7, 119].
Qanunla Rusiyaya gələn bütün qaçqınların ehtiyaclarını ödəmək üçün dövlət xəzinəsindən 25 milyon rubl ayrılması qərara alındı, “Qaçqınları yerləşdirmək üzrə Xüsusi Komitə” yaradıldı. Komitəyə xeyriyyə təşkilatlarından bir nəfər təmsilçi seçildi. “Qaçqınları yerləşdirmək üzrə Xüsusi Komitə”yə Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin nümayəndəsinin daxil olması ilə, Qafqaz cəbhəsi döyüşlərində zərər görən müsəlmanlara yardım etmək və qaçqın düşənləri yerləşdirmək üçün dövlət xəzinəsindən yardım almaq hüququ əldə edilmişdi. Ümumi işlər bölməsi üzrə Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri adına Hesab bölməsindən qaçqınlara və Qafqaz cəbhəsində müharibədən zərər çəkmişlərə yardım etmək üçün Mirzə Şəmsi Əsədullayevə 60000 rubl göndərilir.
1915-ci ilin 7 oktyabrında Bakı Polismeysterinə qaçqın və ölənlərin sayı haqqında məlumat verilmişdir. Qafqaz cəbhəsində qaçqınlar və hərbi hərəkətlərdən zərər çəkmiş Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin məlumatına əsasən 1 apreldən-20 sentyabra qədər Qars sahəsində qaçqınların sayı 33141; 10 yaşdan yuxarı böyüklər-21641; 10 yaşdan kiçik uşaqlar-11500-ə qədər Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Qars dəstəsi tərəfindən qeydə alınmışdır [2, 2].
Həmin sahənin müxtəlif dairələrində 14870 qaçqın qeydə alınmışdır. İrəvan quberniyasında 1100 nəfər, onlardan 100 nəfəri tam yetim uşaqlar, Tiflis quberniyasında 580 nəfər-onlardan 87 nəfəri yetim uşaqlar, Yelizavetpol quberniyasında 243 nəfər, onlardan 116 nəfəri yetim uşaqlar, Bakı şəhərində 58 nəfər, onlardan 50-si yetim uşaqlar qeydə alınmışdır. Həmçinin cəmiyyət tərəfindən müxtəlif növ işə düzəldilmiş qaçqınlar cəmiyyətin qeydiyyatına düşməmişdilər. Batumi sahəsinə gəlincə, Batumi hakimiyyətindən icazə olmadığı üçün Bakı Müsəlman Xeyriyyə cəmiyyətinin Komitəsi həmin vaxta qədər qeydiyyata almaq imkanından məhrum edilmişdir. Tbilisi Gürcü Xeyriyyə Cəmiyyətinin məlumatlarından istifadə edərək Batumi sahəsində qaçqınların və zərər çəkmiş müsəlmanların sayının 25000 olduğu bildirilir. Bununla da, bütün qaçqın və zərərçəkmiş müsəlmanların sayı 74999 nəfər müəyyən edilir [2,3].
Beləliklə, yalnız 1915-ci ilin sonundan etibarən Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti “Qafqaz cəbhəsi qaçqınlarını yerləşdirmək üzrə baş təmsilçilik” vasitəsilə dövlət xəzinəsindən ayrılmış vəsaitdən pay almağa başlamışdır. Ancaq alınan bu yardımlar ehtiyacı ödəyəcək dərəcədə deyildi. Xeyriyyə Cəmiyyətinin müsəlman qaçqınlarına 1917-ci il yanvarın 1-dək xərclədiyi 2 milyon 100 min rubldan yalnız müsəlman qaçqınlar üçün 125 min rublu dövlət xəzinəsindən almışdır.
Erməni qaçqınlarına gəlincə isə, müharibənin başladığı ilk günlərdən etibarən, Qafqazda dərc edilən qəzetlərdə, keçirilən toplantılarda onlar haqqında danışılır, Erməni və Rus Cəmiyyətləri onlara yardımlar toplayırdılar.
Erməni qaçqınlarına kömək edən Bakı komitəsi öz işini Sarıqamış məğlubiyyətindən sonra qaçqınların Qafqaza üz tutması ilə başladı. Hələ qaçqın axını Bakıya çatmamış komitə Sarıqamış, Qars, Aleksandropol, İrəvan, Üçmüədzin, Naxçıvan bölgələrində fəaliyyətə başladı. Maddi yardımdan əlavə qeyd olunan ərazilərə qaçqınlara yardım üçün 10 vaqon un, 5 vaqon isti geyimlər, çay, şəkər və s. göndərilmişdi. Naxçıvan və Üçmüədzin rayonlarında 2 tibbi məntəqə də fəaliyyətə başladı. Komitə bu yardımı 1915-ci il iyulun ortalarına- qaçqınların yeni axınına-iyul böhranından sonra Vandan Bakıya gəlmələrinə kimi yerinə yetirdi. Gələn qaçqınlar Bakı şəhəri ətrafında “erməni qəsəbələri” adlandırdıqları ərazilərdə məskunlaşdırıldılar. Qaçqınlara gündəlik ehtiyacı ödəmək üçün 5-10 qəpik verilirdi. Eyni zamanda, onlar üçün xəstəxanalar, uşaq sığınacaqları açılır, mənzil və isti əşyalarla təmin edilirdilər [1, 10-11].
Şərqi Anadoluda ümumi qaçqın sayı 200000 nəfərə çatmışdır. Onlar Zaqafqaziyada, əsasən də Qars vilayətində, eləcə də Yelizavetpol və İrəvan quberniyasında yerləşirdilər. Qars vilayətində 1 avqust 1915-ci il tarixdə 52484 qaçqın qeydə alınıb, onlardan 26811 nəfər türk əsillidir [7,120-121].
1915-ci il 30 avqustda qəbul olunmuş qərardan sonra 1915-ci il noyabrda Qafqaz cəbhəsində qaçqınların yerləşdirilməsi üzrə səlahiyyətli nümayəndənin dəftərxanası müəyyən olundu. Qafqaz vilayətinin qaçqınların təmini üzrə 5 noyabr 1915-ci il Qafqazda canişin tərəfindən təsdiq olunmuş qərarla səlahiyyətli nümayəndənin fəaliyyətinə- qaçqınların yerlə təminatı, tibbi-sanitar və təsərrüfat təminatını təşkil etmək daxil idi. Məsul nümayəndənin səlahiyyətlərinə bütün quberniyalar, Qafqaz canişinliyinin vilayət və nahiyələri, Türkiyə və İranın rus əsgərləri ilə tutulmuş rayonları tabe idi. Rus əsgərlərinin tutduğu hər bir quberniya, vilayət hətta, Türkiyə və İran ərazisinə belə səlahiyyətli nümayəndə öz nümayəndəsini göndərirdi.
Bütün imperiya çərçivəsində qaçqınlara və müharibədən zərərçəkmişlərə kömək həvalə olunmuş Rus liberal cəmiyyəti Zaqafqaziyada olan qaçqınların da qayğılarını öz üzərinə götürmüşdü. Artıq 1915-ci ilin əvvəllərində Petroqradda Rus erməni komitəsi yaradılmışdı və onun məqsədi rus cəmiyyətini erməni millətinin hazırki vəziyyəti ilə tanış etmək idi. Petroqrad şəhər duması Tolstoyun təşəbbüsü ilə erməni qaçqınlara kömək məqsədilə 50000 rubl vəsaitin ayrılması və bir günlük müharibədən zərərçəkmiş ermənilərə yardım yığılmasını qəbul etdi[7, 124].
Erməni qaçqınlarına kömək eyni zamanda, Petroqradda Azad iqtisadi cəmiyyət və Rus Texniki cəmiyyət tərəfindən göstərilmişdir. Ən çox əhəmiyyətli kömək qaçqınlara Ümumrusiya şəhərlər ittifaqından olunmuşdur. Bir çox erməni komitələrinin hesabatında qaçqınlara köməyin rus cəmiyyətləri tərəfindən edildiyi göstərilmişdir. Belə ki, Erməni Moskva komitəsinin 1 noyabr 1914-cü ildən 1 iyul 1915-ci ilədək olan hesabatında ayrı-ayrılıqda 40000 rublluq vəsaitlərin daxil olması göstərilir [6]. Daha sonra qubernator yazırdı ki, “mən müsəlman kəndlərinin işçi qüvvələrinin və mal-qaralarının rus və erməni kəndlərinin möhtac sakinlərinə yardım məqsədilə istifadə edilməsi vəzifəsinin uğurlu həllinə olduqca vacib əhəmiyyət verirəm” [6].
Çarizmin qaçqınlara dair siyasəti işğal olunmuş rayonların gələcək taleyinin müəyyənləşdirilməsi zamanı çarizm tərəfindən güdülən məqsədlərdən irəli gəlirdi. Çarizm Şərqi Anadoluda erməni torpaqlarının ilhaqını nəzərdə tuturdu. Buna uyğun olaraq “Müharibə hüququna görə Türkiyənin tutulmuş vilayətlərində hərbi-inzibati idarəçiliyin təşkili” təsbit edilmişdi [7, 130].
1916-cı ilin iyunun 5-də təsdiqlənmiş Müvəqqəti əsasnamə işğal edilmiş rayonlarda hərbi general-qubernatorun idarəsinin təşkilini nəzərdə tuturdu. Onun idarəetməsi altında olan ərazi Türkiyə ilə dövlət sərhədindən döyüşlər gedən bölgələrə kimi uzanan məkanı əhatə edirdi. General-qubernatorun sərəncamındakı bütün ərazi vilayətlərə, dairələrə və nahiyələrə bölünürdü ki, onların da idarə olunması müvafiq olaraq vilayət qubernatorlarına, dairə və nahiyə rəislərinə həvalə edilirdi. Şəhərlərdə və digər iri yaşayış məntəqələrində polis idarələri təsis olunurdu. [7, 131]
1915-ci ilin sentyabrında Tatyana komitəsi nəzdində Qaçqınların Qeydiyyatı üzrə Xüsusi Şöbə təsis olundu. Başda V.İ. Komarnitski olmaqla, Qaçqınların qeydiyyatı üzrə mərkəzi ümumrusiya bürosu Xüsusi şöbənin İcraiyyə komitəsinə çevrildi.
Qaçqınların birinci geniş sayımı (Cənubi Qafqazsız və digər yerlər üzrə natamam məlumatlarla) 1915-ci ilin dekabrın 20-də 2,7 milyon qaçqının olduğunu göstərdi; dəqiqləşdirilmiş qeydiyyat (yenə də Cənubi Qafqaz istisna olmaqla) 1916-cı ilin əvvəllərində 3 milyon, həmin ilin sonlarında isə 3,6 milyon nəfər qaçqın (buradan etibarən Cənubi Qafqaz da nəzərə alınır; orada sözügedən dövrdə 464 min qaçqın cəmləşmişdi ki, onlardan 145 min nəfər bilavasitə Türkiyə və İran ərazisində olmaqda idi), 1917-ci ilin yayında isə 3,8 milyondan artıq qaçqını aşkara çıxarmışdı [11, 47].
Qaçqınların yerləşdiyi rayonlarda onların qeydiyyat kartoçkalarını işləyən Tatyana komitəsinin statistika şöbəsinin bilgilərinə əsasən, 1916-cı ilin sonunda Rusiyada himayədə olan 3,2 milyon qaçqının (Cənubi Qafqaz olmadan) milli tərkibi aşağıdakı qaydada idi: ruslar – 58,8%, polyaklar – 15,0%, latışlar – 10,0%, yəhudilər – 6,4%, litvalılar – 2,8%, digərləri (estonlar və başqaları) – 7,0%. Lakin Cənubi Qafqaz qaçqınları nəzərə alınmaqla (onlar 3,6 milyonluq ümumi qaçqın sayının demək olar 13%-ni təşkil edirdilər) rusların göstərilən payı 50%-dək enirdi. Beləliklə, çoxmillətli qaçqın kütləsi arasında qeyri-müsəlman əhalisi üstünlüyə malik idi. Büronun məlumatlarına əsasən, 1917-ci ilin fevralın 1-i üçün bütün cəbhələrdə qaçqınların sayı 3200512 nəfər təşkil edirdi [11, 48].
Göründüyü kimi istər, “Qaçqınların ehtiyaclarının təmin edilməsi” haqqında qanun əsasında yaradılmış dövlət strukturlarının, istərsə də Tatyana komitəsinin fəaliyyəti Rusiya imperiyasının müstəmləkə siyasətinə tabe idi. Tatyana komitəsi müharibə gedən digər bölgələrdə dərhal yerli komitələrini açdığı halda, 1915-ci ilin sonlarına qədər Qafqazda olan müsəlman qaçqınları dövlət yardımından kənarda qalmışdı. Müsəlman qaçqınlara kömək yalnız müsəlman xeyriyyə cəmiyyətləri tərəfindən olmuşdu.
Xanməmmədova Nərmin
AMEA Tarix İnstitutunun Azərbaycanın tarixi demoqrafiyası şöbəsinin doktorantı
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi (ARDTA). fond 1, siy. 1, iş 1495, vərəq 10-11.
2. ARDTA. fond 1, siy. 1, iş 1497, vərəq 2-3.
3. Aran M.S. Qardaş köməyi //Ergenekon yolu jurnalı. 1951, №1
4. Aslan B. Dünya Savaşı Esnasında “Azerbaycan Türkleri”nin “Anadolu Türkleri”ne “Kardaş Kömeği (Yardımı)” ve Bakü Müslüman Cemiyet-i Hayriyesi”. Ankara: Atatürk Kültür Merkezi Başkanlığı, 2000, 395 s.
4. Газета “Баку”, 30 января, 1915.
5. Газета “Баку”, 20 июня, 1915.
6. Басилая Ш.И. Закавказье в годы первой мировой войны. Сухуми: Алашара, 1968, 362 с.
7. Комитет Е. И. В. Великой княжны Татьяны Николаевны для оказания временной помощи пострадавшим от военных бедствий. 14 сентября 1914г. – январь 1916 г. Т. 1, Пг., 1916, 509 с.
8. Комитет Е. И. В. Великой княжны Татьяны Николаевны для оказания временной помощи пострадавшим от военных бедствий. 14 сентября 1914г. – январь 1916 г. Т. 2, Пг., 1916, 309 с.
9. Курцев А.Н. Беженцы первой мировой войны в России (1914-1917)// Вопросы истории, 1999, №8, c. 98-113.
10. Отчеть о деятельности особого отдела комитета Ей Императорского Высочества Великой Княжны Татианы Николаевны по регистрации беженцев в 1915г. Пг., 1916, 103 с.