Ermənistan prezidenti Serj Sarkisyanın tamamilə cəfəng, elmi və tarixi faktlarla heç bir əlaqəsi olmayan bəyanatında deyilir ki, Qarabağ əhalisi minilliklər boyu guya “yalnız ermənilərdən” ibarət olmuş, “türk-müsəlman” köçəri tayfaları isə yalnız XVIII əsrin ikinci yarısında buraya köçməyə başlamışlar.
Onların sayı ötən əsrin əvvəllərində əhalinin ümumi sayının yalnız 5 faizini təşkil edirdi”. İnandırıcı çıxsın deyə, Sarkisyan hansısa müəmmalı “XVIII əsr rəsmi türk mənbələri”nə əsaslanmışdır. Təbii ki, elmə zidd bu cəfəngiyatın müəllifi məhz hansı mənbələri nəzərdə tutduğunu dəqiqləşdirməmişdir, çünki ermənilərin tarixin saxtalaşdırılması laboratoriyalarında belə mənbələr yoxdur. Əslində, türk arxivləri bunun əksini sübut edir. 2009-cu ilin noyabrında Türkiyə Nazirlər Kabineti yanında Mərkəzi Dövlət Arxiv İdarəsi 660 səhifəlik arxiv materiallarından ibarət “Qarabağ Osmanlı sənədlərində” kitabını nəşr etdirmişdir.
Kitab “Siyasi, hərbi və diplomatik münasibətlər” və “Köçmə” hissələrindən ibarətdir. Kitabda arxiv materialları əsasında ermənilərin Qarabağa köçməsinə dair sübutlar gətirilir. Osmanlı arxivlərində Qarabağda ermənilərin olmasını xatırladan heç bir sənəd yoxdur.
Bütün sənədlərdə söhbət ermənilərin Qarabağda XVII-XIX əsrlərdə məskunlaşması prosesindən və əhalinin etnik tərkibinin dəyişməsindən gedir. Sarkisyanın “kəşfi”, yumşaq desək, erməni tarixçilərinin yazdıqları ilə uyğun gəlmir. Məsələn, Corc Burnutyan yazır: “Bir sıra erməni mənbələri 1830-cu illərdən sonrakı statistikadan danışarkən İran hakimiyyəti dövründə Şərqi Ermənistanda ermənilərin sayını düzgün göstərmir və onların əhalinin ümumi sayının 30-50 faizini təşkil etdiklərini bildirirlər (Serj Sarkisyan ermənilərin ümumi əhalinin 95 faizini təşkil etdiyini deyir!). Həqiqətdə isə rəsmi statistika məlumatlarına görə, rus işğalından sonra ermənilər Şərqi Ermənistanda ümumi əhalinin güclə 20 faizini, müsəlmanlar isə 80 faizdən çoxunu təşkil edirdi. İstənilən halda, Rusiya istilasınadək ermənilər burada heç vaxt çoxluq təşkil etməmişlər.
Kameral siyahıyaalma Şərqi Ermənistanın bir neçə mahalında ermənilərin çoxluq təşkil etməsini göstərir. Bu dəyişiklik artıq 35 mindən çox müsəlmanın həmin bölgədən mühacirətindən sonra baş vermişdir. Beləliklə, İran administrasiyası illərində heç bir dairədə ermənilərin çoxluq təşkil etməsini sübuta yetirən sənəd yoxdur. Çox güman ki, ermənilərin yerli səviyyədə çoxluq təşkil etdiyi yeganə yer Qərbibasar mahalı idi. Burada Üçkilsə (Eçmiədzin) erməni dini mərkəzi yerləşirdi.
1832-ci ildə minlərlə müsəlmanın köçürülməsi, İrandan və Osmanlı 30 İmperiyasından 57 min erməni immiqrantın gəlməsi ilə xristian əhalinin sayı xeyli artmış və müsəlmanlara bərabər olmuşdur. Yalnız rus-türk müharibəsindən sonra 1855-56-cı və 1877-78-ci illərdə Osmanlı imperiyasından daha çox erməni köçüb gələndən, buradan isə daha çox müsəlman köçüb gedəndən sonra ermənilər, nəhayət, çoxluq təşkil etməyə başladılar. Hətta bundan sonra da XX əsrin əvvəllərinədək İrəvan şəhəri, əsasən, müsəlman şəhəri olaraq qalırdı”.
Burnutyanın misal gətirdiyi statistik məlumatlara görə, 1826-1832-ci illərdə İrəvan və Naxçıvan xanlıqlarında müsəlmanların sayı təxminən dörddə üç dəfə azalmışdı. Ermənilərin sayı isə köçkünlərin hesabına 3,5 dəfə artmışdı. Burnutyan daha sonra qeyd edir: “Statistikadan görünür ki, Rusiya istilasınadək ermənilər Şərqi Ermənistan əhalisinin təxminən 20 faizini, müsəlmanlar isə 80 faizini təşkil edirdilər. Rusiya ilhaqından sonra İrandan və Osmanlı imperiyasından bura 57 min erməni immiqrant gəlmiş, 35 min müsəlman Şərqi Ermənistanı tərk etmişdi. 1832-ci ildə ermənilər ümumi əhalinin yarısını təşkil edirdilər”.
Rusiyanın statistik məlumatlarına görə Türkmənçay müqaviləsi bağlanana qədər Qarabağ xanlığında ermənilər daha az idi. İsveç müəllifi Svante Kornelə görə “Rusiyada keçirilən siyahıyaalmaya əsasən, 1823-cü ildə ermənilər Qarabağın ümumi əhalisinin 9 faizini (qalan 91 faiz müsəlman kimi qeyd olunmuşdu), 1832-ci ildə 35 faizini, 1880-ci ildə isə artıq üstünlük təşkil edirdilər – 53 faiz”.
1828-ci ildə Türkmənçay müqaviləsi bağlandıqdan sonra ermənilərin İrandan, Osmanlı imperiyasının şərq əyalətlərindən İrəvan, Naxçıvan və Qarabağa kütləvi köçürülməsi başlandı. Əməliyyata rus diplomat və şairi Aleksandr Qriboyedov rəhbərlik edirdi. O, “Ermənilərin İrandan bizim vilayətlərə köçürülməsi haqqında qeydlər” adlı yazısında göstərirdi: “Ermənilər daha çox müsəlmanların mülkədar torpaqlarında məskunlaşdırılmışlar. Yayda hələ buna yol vermək olardı. Torpaq sahibləri, müsəlmanlar əsas etibarilə köç yerlərində idilər və başqa dinə mənsub olan gəlmələrlə təmasda az olurdular”.
Eyni zamanda, Qriboyedov gəlmə ermənilərlə yerli müsəlmanlar arasında gələcəkdə mümkün ola biləcək münaqişələr barədə xəbərdarlıq edirdi (Kameral siyahıyaalma statistikasından göründüyü kimi, müsəlmanlar əsas etibarilə türklər, yəni azərbaycanlılar idi): “Biz onunla (knyaz Arqutinski ilə), həmçinin müsəlmanları müvəqqəti çətinliklərlə barışdırmaq, ermənilərin ilk dəfə buraxıldığı torpaqları həmişəlik ələ keçirmələri barədə qorxularının kökünü kəsmək üçün onlara təsir göstərmək barədə çox düşünürdük!”.
Ermənilərin Qarabağa, İrəvana və Naxçıvana köçürülməsi rus yazıçısı və tarixçisi S.N.Qlinka tərəfindən 1831-ci ildə Moskvada çap olunmuş “Azərbaycan ermənilərinin Rusiya hüdudlarına köçürülməsinin təsviri” kitabında müfəssəl şərh olunmuşdur. 1828-ci il fevralın 26-dan iyunun 11-dək, yəni üç ay yarım ərzində buraya İrandan 8249 erməni ailəsi və ya ən azı 40 min erməni köçürülmüşdür. Növbəti bir neçə ildə bu üç keçmiş xanlığa Osmanlı imperiyasından daha 90 min erməni köçürülmüşdür. 1911-ci ildə daha bir rus müəllifi N.Şavrov yazırdı: “Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən bir milyondan çoxu yerli əhali deyildir, bizim tərəfimizdən köçürülənlərdir”. “Onlar əsasən ermənilərin sayının çox cüzi olduğu Yelizavetpol və İrəvan quberniyalarının münbit torpaqlarında yerləşdirilirdi. Bu ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsində (Dağlıq Qarabağ) və Göycə gölünün sahillərində məskunlaşdırılmışdılar”. Ermənilərin Qarabağa, İrəvana və Naxçıvana köçürülməsi faktı hətta incəsənət ustalarının işlərində, məsələn tanınmış rus rəssamı V.İ.Maşkovun 1828-ci ildə çəkilmiş və ermənilərin İrandan Araz çayının şimal sahilinə kütləvi köçürülməsi mövzusunu parlaq şəkildə əks etdirən tablosunda yer almışdır.
Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” (Bakı-2010) kitabından