Rusiya növbəti dəfə Putini seçəcəkmi?… Rəylər və proqnozlar
Rusiyada prezident seçkiləri finiş xəttinə yaxınlaşır. Martın 18-də Rusiyaya növbəti 6 ildə kimin rəhbərlik edəcəyi müəyyənləşəcək. Rusiya Mərkəzi Seçki Komissiyası dövlət başçısı postuna 8 nəfərin namizədliyini təsdiqləyib: Sergey Baburin (Rusiya Ümumxalq İttifaqı), Pavel Qrudinin (Rusiya Kommunist Partiyasının namizədi), Vladimir Jirinovski (Rusiya Liberal-Demokrat Partiyası), Vladimir Putin, Kseniya Sobçak (“Vətəndaş təşəbbüsü” təşkilatının namizədi), Maksim Suraykin (“Rusiya kommunistləri”), Boris Titov (İnkişaf Partiyası), Qriqori Yavlinski (“Yabloko”).
8 namizəd olmasına rəğmən, heç kim Vladimir Putinin seçkilərdə qalib gələcəyinə şübhə etmir. Politoloq İlqar Vəlizadə sadəcə olaraq bu seçkilərə müxalifətin özünü təqdim edə bilmək imkanı kimi baxır: “Rusiyada bu dəfəki prezident seçkiləri əsas siyasi intriqanın – növbəti Rusiya prezidentinin kim olacağı ilə bağlı qeyri-müəyyənliyin olmaması ilə xarakterizə olunur. Hamıya yaxşı aydındır ki, Vladimir Putinin alternativi, daha doğrusu, rəqibləri yoxdur. Bu baxımdan seçkilər bir növ müxalifətin özünü təqdim edə bilmək imkanıdır. Hərçənd müxalifətdə də mürəkkəb proseslər gedir. Əvvəlki müxalifət mövcud elektoratını itirməkdədir, yenisi isə təzə yaranır. Sistemdənkənar müxalifət özünü gözdən salıb və siyasi proseslərdə fəal iştirak etmək imkanını itirib. Bu fonda yalnız kommunistlərdən ilk dəfə olaraq bitərəf namizəd Pavel Qrudininin namizəd irəli sürülməsi müəyyən nou-xau kimi görünə bilər. Bu, özünü onun reytinqində və ötən seçkilərlə müqayisədə kommunistlərin yaxşılaşmış reytinqində də göstərir. Qrudinin Yavlinski, Jirinovski, Sobçak kimi digər namizədlərdən fərqli olaraq köhnə məsələlərin həllinə yeni yanaşma təklif edir və eyni zamanda yeganə təsərrüfatçıdır, xalqın anladığı və başa düşdüyü dildə danışır. Lakin hətta bu da onu Putinin real rəqibi edə bilməz”.
Nəzakət Məmmədova Putinin son illərdəki fəaliyyətinə və xalqın rəğbətini qazana bilməyən rəqiblərinə görə qələbəsinə şübhə etmir: “Ümumiyyətlə, Putinin siyasi texnoloqlarının qüsursuz işi göz qarşısındadır. Onlar prezidentin fəaliyyətini düzgün şəkildə əhaliyə təqdim etməyi, ictimai rəyi onun ətrafında səfərbər etməyi, bir sözlə Putinin müsbət imicini yaratmağı bacarıblar. Bununla belə, hətta əksər xarici müşahidəçilər də düşünür ki, Putin bu qələbəyə layiqdir. Həm öz fəaliyyətinə görə, həm də rəqiblərinin qaranlıq keçmişi olan, xalqın rəğbətini qazanmayan şəxslər olduğuna görə. Onun rəqibləri qaranlıq keçmişi olan, cəmiyyətdə nüfuzu yüksək olmayan şəxslərdir. Onun şansı digər birlikdə götürülmüş namizədlərin ümumi şansından daha çoxdur. Yəni, Putin sözsüz ki, qalib gələcək. Həm də seçicilərin doğrudan da ona səsverməsi əsasında qalib gələcək. Hər bir halda Rusiyanin növbəti prezidentinin yenə də Putin olacağına şübhə yoxdur.”
Bu dəfəki seçki marafonunda da Putin qalan namizədləri çox geridə qoyub. “Seçkiqabağı keçirilən rəy sorğuları da Putinin populyarlığının olduqca yüksək olduğunu deməyə əsas verir. Sorğu şirkətləri Putinin seçkilərdə azı 70 faiz səs toplayacağı qənaətindədirlər. Nəticə etibarilə, bu gün Rusiya siyasi elitasında, eləcə də prezidentliyə namizədlər arasında Putinə rəqib hesab oluna biləcək lider yoxdur. Bu baxımdan, qarşıdangələn seçkilərdə hazırkı Kreml sahibinin növbəti dəfə qələbə qazanacağına inanıram”, – politoloq Ceyhun Əhmədli belə hesab edir.
20 ilə yaxındır ki, bir çox avropalı və şimali amerikalı analitikləri bir sual düşündürür: nə üçün Vladimir Putini hər də yenidən prezident seçirlər?
Politoloq Zaur Məmmədov bu fenomeni belə izah edir: ” 18 mart Prezident seçkilərində Putinin qalib gələcəyinə şübhə etmirəm. Putin hakimiyyətə gələndən sonra dağılmış Rusiya dövlətində pərakəndəliyin, hərc – mərcliyin, xaosun aradan qalxmasına nail oldu, eyni zamanda rus insanında rus ideyasına inamı yerinə qaytardı. Son zamanlar isə, Rusiya beynəlxalq siyasi proseslərdə yenidən diqtə edən iki tərəfdən birinə çevrilib”.
İlqar Vəlizadə hesab edir ki, Putin Rusiyanın hazırki daxili və xarici gendəminə uyğunlaşmağı bacarır: “Yalnız təcrübə deyil, həm də Rusiyanın hazırki daxili və xarici siyasət gündəminə uyğunlaşmaq bacarığı, mövcud reallıqları nəzərə almaqla ölkənin inkişaf perspektivini aydın görməsi də Putinin xeyrinədir”. Fransanın “Atlantico” nəşri maraqlı bir məqama toxunub: “Rusiyada beynəlxalq və hərbi mövzuya mühüm rol ayrılır. Avropada ənənəvi olaraq hesab edilir ki, xarici siyasət seçkilərdə qələbə gətirmir. Rusiyada isə əksinədir: rus seçiciləri ölkənin beynəlxalq arenada imicinin dirçəldilməsinə həssaslıqla yanaşırlar. Yeltsin dövrünü onlar milli həqarət kimi xatırlayırlar, Putinin hakimiyyət illərini isə dönüş dövrü hesab edirlər”.
Əslində Ceyhun Əhmədli də Fransa nəşrinin ekspertləri kimi düşünür: “Rusiya növbəti seçkilərə olduqca gərgin qlobal geosiyasi şəraitdə gedir. Belə deyə bilərik ki, Moskva ilə Qərb arasındakı gərginlik “soyuq müharibə” bitdikdən sonra özünün ən pik həddinə çatıb. Həm ABŞ, həm də Rusiya cinahında sürətli silahlanma prosesi gedir. Söz yox ki, iki qlobal cəbhə arasında böhranın bu səviyyəyə çatması Rusiyadakı seçkilərə təsirsiz ötüşməyəcək. Fikrimcə, qlobal müstəvidə cərəyan edən proseslər Vladimir Putinin lehinə işləyəcək. Bunu sezmək o qədər də çətin deyil. Təkcə bir fakta diqqət yetirək: Putinin bir neçə gün əvvəl Rusiyanın dünyada analoqu olmayan silahlara sahib olması haqqında dediyi fikirlər ölkədaxili seçki mühitinə böyük öçüdə təsir göstərdi. Hesab edirəm ki, Rusiya prezidenti “əzələ nümayişi” etdirərkən həm də ölkə daxilində ictimai fikrə təsir etmək məqsədi güdürdü”.
Nəzakət Məmmədova da Putin əleyhinə yürüdülən xarici siyasətin əslində onun reytinqini artırdığı qənaətindədir: “ABŞ-ın bəzi siyasi-hərbi dairələrinin Rusiyaya və onun fövqəldövlət statusunu bərpa etmək ambisiyalı liderinə münasibəti məlumdur. Suriyada triumf qazanmış Rusiya hərbçilərinə terror hücumlarının təşkilindən tutmuş, Putinin ətrafındakı oliqarxların siyahısının sanksiya qərarına əlavə edilməsi addımlarınadək məqsəd Rusiya prezidentinin durumunu seçki öncəsi mürəkkəbləşdirməkdir. Düşünmək olar ki, ABŞ-dakı son vəzifə dəyişikliyi, diplomatiyanın başına kəşfiyyatçının gətirilməsinin əsas səbəblərindən biri də məhz Rusiyadakı seçkilərlə bağlıdır. Bu, ABŞ-ın Rusiyaya münasibətdə daha sərt siyasət yeridəcəyini düşünməyə əsas verir. Eyni zamanda Londonda casusların zəhərlənməsi və diplomatların arzuolunmaz şəxs elan edilərək çıxarılması da gərginliyin başlanğıcıdır. Seçkiöncəsi xarici mühit Putinin tam əleyhinə olsa da, bu, həm də onun reytinqini daha da artırır.”
Bununla belə, seçkilərdən sonra da Rusiyaya beynəlxalq təzyiqin davam etdiriləcəyi və hətta daha da güclənəcəyi gözləniləndir. “Son iki aydır kı, Rusiyaya qarşı beynəlxalq güclərin yenidən birləşdiklərinin şahidiyik. ABŞ Dövlət Departamenti rəhbərinin dəyişməsi və oradakı struktur dəyişiklikləri, Böyük Britaniya Baş naziri tərəfindən 24 rus diplomatın ölkədən qovulması, Türkiyə – ABŞ arasında bağlı qapılar arxasında Suriya danışıqlarının davam etməsi Moskvaya yaxşı nəsə vəd etmir. Münasibətlərin düzəlməsi üçün Qərbin istəyi məlumdur. Rusiya isə, geri çəkilməkdə qərarlı deyil. Suriya və Ukrayna məsələlərində Rusiyanın güzəştə getməsi onu beynəlxalq hegemon dövlətdən regional federasiyaya çevirəcəkdir. Bu isə, Putinin Rusiya ilə bağlı siyasətinə, dəst – xəttinə uyğun deyil. Hələlik, beynəlxalq siyasi proseslərdə vəziyyətin hansı istiqamət alacağı Rusiyadakı seçkilərdən sonra məlum olacaqdır. 18 mart Prezident seçkilərində Putinin qalib gələcəyinə şübhə etmirəm”, – Zaur Məmmədov belə hesab edir.
Politoloq Tofiq Abbasov qərbyönümlü kolonun Putinin hakimiyyətdə qalmasını ölkə üçün təhlükəli saydığını bildirir: “Rusiyanın ictimai-siyasi mühiti, demək olar qənaətbəxşdir, halbuki bəzi qüvvələrin gərginlik yaratmaq istəmələri özünü birüzə verir. Problem yaratmaq istəyən qüvvələr, əsasən qərbyönümlü kolondur ki, Vladimir Putinin bundan sonra da hakimiyyətdə qalmasını ölkə üçün təhlükə sayir. Əslində bu qüvvələrin məramları Rusiyanın xarici düşmənlərinin istəkləri ilə üst-üstə düşür. Onlar bir ağızdan eyni şüar və tələbləri səsləndirib Rusiya Federasiyasını dünya sivilizasiyası üçün “böyük təhlükə” adlandırırlar. Lakin bu yanaşmada həmin Qərb, onun Rusiya daxilində olan həmfikirləri yeni risk və təhlükələri istehsal etmiş olurlar. Niyə? Çünki məqsəd daxili sabitliyi pozub hərcmərclik yaratmaqdır ki, bu da baş verdiyi təqdirdə təkcə bu məmləkətin nizamını deyil, hətta Avrasiya, bəlkə də dünyanın sabitliyini poza bilər. Rusiya elitası hazırda çox məsuliyyətli dövrün imtahanları qarşısındadır. Keçiriləcək prezident seçkiləri bir çox məsələlərin həllinə aydınlıq gətirməlidir. İlk növbədə bəlli olmalıdır ki, Rusiya növbəti siyasi mövsümdə hansı istiqamətdə hərəkətinə davam edəcək. Bununla yanaşı, yeni dövrdə ölkədaxili islahatların məğzi və mahiyyəti açıqalanacaq. Nəhayət, Moskvanın xarici siyasətinə ediləcək korrektələrin məzmunu açılacaq. İndi ilk növbədə nəyin bahasına olursa olsun, daxili sabitliyi qoruyub saxlamaq strateji məsələyə çevriləcək. Ondan sonra isə digər vacib məsələlərin həlli bir o qədər də çətin olmayacaq. O ki qaldı xarici siyasətin özəlliklərinə, Moskvanın Böyük Britaniyada kimyəvi silah istifadə etməsinə aid ittihamların da müqəddəratı bəlli olacaq. Problemli vəziyyət Rusiya elitasından səfərbər olmaqla yanaşı, siyasi çevikliyi də tələb edir. Ən yaxın günlər bununla bağlı aydın mənzərə yaradacaq…”
Gündüz Nəsibov,
1905.az