Rusiyanın KM.RU portalında Daşnaksütyun partiyasının ən iyrənc xadimlərindən biri olan Qaregin Njdeyə İrəvanda heykəl qoyulmasının kəskin tənqid edildiyi məqalə verilib.
AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi Daniil Preobrajinski Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü xatırladaraq bu cür addımların anlaşılmaz və təzadlı olduğunu qeyd edib.
O yazır ki, iyulun 17-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri İkinci Dünya müharibəsi illərində şəhidlərin xatirəsinə hörmətsizliyin yolverilməzliyi haqqında bəyanatla çıxış ediblər. Bəyanatda vurğulanır ki, tarixin yenidən yazılması, İkinci Dünya müharibəsinin nəticələrinə yenidən baxılması və təhrif edilməsi, nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi cəhdləri istiqamətində atılan məqsədyönlü addımlar qətiyyən yolverilməzdir və qınanılır.
Məqalədə vurğulanır ki, qəbul edilən bəyanata baxmayaraq, hələ 2016-cı ildə İrəvanda Daşnaksütyun Partiyasının ən iyrənc xadimlərindən biri olan Qaregin Njdeyə abidə qoyulub. Bu azmış kimi, Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə abidənin təntənəli açılış mərasimi də keçirilib.
“Sarkisyanın “məclisin səbəbkarı”nın tərcümeyi-halı ilə tanış olmamasını təsəvvür etmək çətindir”, – yazan müəllif diqqətə çatdırır ki, hələ XX əsrin əvvəlində Njde Daşnaksütyun işi üzrə cinayətə cəlb olunub və bir neçə il həbsxanada saxlanılıb. Tarixi bilməyənlər üçün xüsusi qeyd edilir ki, Daşnaksütyun inqilabdan əvvəl terrorçu əməliyyatla məşğul olub. İkinci Dünya müharibəsi zamanı Njde nasistlərlə fəal əməkdaşlıq edib, Reyx naziri Rozenberqə müraciət edərək Ermənistanı Almaniyanın müstəmləkəsinə çevirməyi xahiş edib. Almaniyanın məğlubiyyətindən sonra Njde həbs olunub və ona 25 il azadlıqdan məhrum olunma cəzası verilib. 1955-ci ildə o, Vladimir həbsxanasında ölüb. İllər keçdi, SSRİ dağıldı və hazırkı vaxtda Ermənistan rəhbərliyi bu şəxsə paytaxtda abidə ucaltmağa qərar verdi. Njdenin nə Hitler hakimiyyətinin nümayəndələri ilə əməkdaşlığı, nə də ki Ermənistanın Reyxin müstəmləkəsinə çevrilməsi xahişi onun İrəvanda abidəsinin ucaldılmasına mane ola bilmədi. Bu, yeganə misal deyil. 2005-ci ildə Ermənistanın cənubunda Njdenin xatirəsinə memorial kompleks və park salınıb. Ziddiyyət göz qarşısındadır. Bir tərəfdən Ermənistan nasistlərin vasitəçisinə abidə ucaldır, digər tərəfdən isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi diplomatik səviyyədə belə hərəkətləri qınayır.
Müəllif qeyd edir ki, Ermənistan nasizmin, neonasizmin qəhrəmanlaşdırılması, irqçiliyin, ksenofobiyanın və onunla bağlı olan dözümsüzlüyün müasir formalarının eskalasiyasına təkan verən təcrübələrlə mübarizəyə dair BMT Baş Məclisinin qətnamələrinin həmmüəlliflərindən biridir.
“İrəvanda Njdeyə abidənin ucaldılmasını nə ilə izah etmək olar? Bu həmin qətnamənin pozulması deyilmi? Yaxud Ermənistan ikili siyasəti ilə nə demək istəyir? Suallar təbii ki, açıq qalır.