1905.az “Diskussiya klubu”da bu dəfə Suriyada baş verən son hadisələri araşdrımağa çalışdıq. Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban, “Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə, şərqşünas, tədqiqatçı Şıxəli Əliyev və ərəb dili mütəxəssisi Ülviyyə Sultanlı ilə birlikdə.
Fuad Babayev: Bu gün biz sizinlə son günlər az qala bütün gündəmi zəbt edən hadisə Rusiya silahlı qüvvələrinin Suriyaya müdaxiləsi və bu müdaxilənin regiona təsiri barədə danışacağıq. Bu müdaxilədən sonra mətbuatda müxtəlif versiyalar, o cümlədən Dağlıq Qarabağ taleyinin Suriyada həll edilməsi və s kimi fikirlər yayılmağa başladı.
Suriyada nə baş verir?
İlham Şaban: Son iki ildə mən 3 körfəz ölkəsində: Qətər, Bəhreyn və BƏƏ-də oldum. Qətərdə “Gulf of Economic Forum”da, Bəhreyndə iqtisadi məsələlərlə bağlı toplantıda, BƏƏ-də isə sırf neftlə bağlı tədbirdə iştirak etdim. Bu ölkələrdə olmaq mənə prosesləri yaxından müşahidə etməyə imkan yaratdı.
Bizdə çox yalnış fikirlər var. Məsələn, çoxları deyir ki, Bəşər Əsəd Amerikaya məğlub olmadı, sona kimi dayana bildi, hakimiyyəti təhvil vermədi və s.
Amerikanın Azərbaycandakı keçmiş səfiri Riçard Morningstarla çoxdan tanışam. Onunla bu mövzuda çox söhbətlərimiz olub. O həmişə deyirdi ki, məqsəd Əsədi devirmək deyildi.
Bilirsiniz ki, İsrail dövlətinin ətrafında “Həmas”, “Hizbullah” və s kimi böyük qüvvələr var. Bunlar bütün regionda potensial təhlükə mənbəyidir. Təhlükəni azaltmaq üçün münaqişə lazım idi.
Bəllidir ki, münaqişə yarananda birinci iqtisadi güc sərf olunur. Daha sonra maliyyə və hərbi potensial xərclənir. Hərbidə isə belə bir qayda var ki, ilk olaraq üzdə nə var onlar önə çıxır.
Gəlin yadımıza salaq ki, İslam dövləti nə vaxt meydana gəldi? İslam dövləti 2013-cü ildə yaransa da güclü dövlət kimi meydana 2014-cü ildə çıxdı, əl-Bağdadı Əl-Qaidənin güclü simalarından biri idi. Onlar heç bir çətinlik olmadan Mosulda neftayırma zavodunu və 1 boru kəmərini ələ keçirdilər. Həmin boru kəməri Mosuldan Ərbiləyə gedirdi. Bu üsulla nəğd vəsait əldə edirdilər.
Sirr deyil ki, Suriya neft ölkəsi deyil. Cəmi 7 milyon ton neft çıxarır. Bu da heç onun daxili tələbatı ödəmir. Çünki əhalisi 20 milyondur. Suriya nefti digər ölkələrdən idxal edir.
Əslində həmin ərəfədə Suriya İsrail üçün böyük təhlükə idi. Həm əhali, həm hərbi güc 2 dəfə artmışdı. Nəticədə Suriyanın imkanları genişlənirdi. Yəni geo-ekonomika dəyişirdi. Suriya o vaxtkı gücünü saxlasa idi gələcəkdə regional oyunçuya çevriləcəkdi. Bu da heç kimə sərf etməzdi.
“BP”, “Shell”, “Total” kimi iri neft şirkətləri 30-40 illik proqnozlar verir. Bəzən bizdə deyirlər ki, neftin qiyməti niyə məhz indi düşdü?! Necə oldu bu proses?! Proqnozlar 2012-ci ildə verilmişdi. Bu kəşfiyyatlara son 10 ildə 3.2 trilyon dollar sərmayə yatırılıb. Təsəvvür edin ki, bütün neft erası tarixində kəşfiyyata bu qədər vəsait qoyulmamışdı. Bu gün Mozambikdə qaz tapılır. Dənizin 9 km dərinliyindən neft çıxarılır.
Sizə bəzi göstəricilər deyəcəm. Özünüz müqayisə edin. 2014-cü ildə Amerikada külək enerjisindən alınan elektrik qazdan alınan elektriklə eyni qiymətə olub. Amerikada istilik elektrik stansiyalardan alınan elektrik enerjinin dəyəri 1.4 sentdir. Azərbaycanda isə bu təxminən 3 qəpikdir. Yəni 3.5. sent. 3 dəfə bahadır.
Dünyada emal sənayesində bir nömrəli şirkət “Amoko”dur. Azərbaycan kimi ölkədə 1 ton neftdən ən yaxşı halda 200 litr benzin alınır. Amerikada isə 750 litr benzin çıxarırlar. Söhbət “Light” markalı neftdən gedir.
Amerikada neft emal müəssələri özəl sektordu. 100 dollara bir barrel neft alınır. Bir litr neft 70 sentdir. Yəni 95 markalı neft. Azərbaycanda isə nefti daxili bazarda Dövlət Neft şirkəti çıxarır və Heydər Əliyev adına Neftayırma Zavoduna satır. 1 barel 11 dollardır. Bütün bundan sonra biz yenidən litrini 70 sentə satırıq.
Bilirik ki, dünyada enerji qeyri-bərabər paylaşır. 70-ci ildən bu günə kimi körfəzdən çıxarılan neftin 40% qərbə yönəlib.
İndi ərəblərin nefti var. İraq neft yataqlarının sayına görə ərəb ölkələri onların arasında liderdir. Hesablamaya görə, 2017-ci ildən İraqda bir yataqdan 60-65 milyon ton neft alınacaq. Qısası, 10 il sonra Fars körfəzi qərb üçün mənasını itirəcək.
Fuad Babayev: İlham müəllimin fikirlərini dinlədik. Çox maraqlıdır. Bəs politoloqlar bu barədə nə deyir? İlqar müəllim, Sizi dinləyək.
İlqar Vəlizadə: Əslində İlham müəllim hər şeyə aydınlıq gətirdi. Biz indi geopolitik baxışdan danışacağıq.
Hadisələr Suriya daxili münaqişə kimi başladı, zamanla böyüdü. Bu yaxınlarda xəbərlər yayıldı ki, Çin İraqa küllü miqdarda silah-sursat ötürüb. Çünki Çin İraq neftinin alıcısıdır. Deməli, Çinin də regionda marağı var.
Suriyaətrafı proseslərdə əslində təkcə Şərqin yox, bütün dünyanın taleyi həll olunur. Rusiya da, Amerika da, Çin də bu məsələdə qalib olmaq istəyir. İki əsas koalisya var: Amerika və onun dəstəkləyən koalisiya. Bura təxminən 50 ölkə daxildir. Və şərti olaraq Rusiya mövqeyini dəstəkləyənlər. Onların sayı 20-dir. Çin, İran, şiə İraqı bura daxildir. Soyuq müharibə yaranıb əslində. Qəliz tərəfi odur ki, konkret konturlar yoxdur. Və hamı özünə sərf edən ipdən tutmağa çalışır. Bu isə vəziyyəti çətinləşir. Vəziyyət özü Azərbaycanı məcbur edir ki, iki tərəfdən birini seçək. Bu faktdır ki, biz indi Rusiyanın mövqeyini dəstəkləyirik.
Çox güman ki, bu günlərdə Rusiyanın Suriyanı bombalaması xəbərindən, raketlərin burdan keçməsindən Azərbaycan tərəfinin xəbəri var idi. Türkiyə bunu istəməzdi hər halda. Suriya məsələsində bizim mövqeyimiz həm də Türkiyədən fərqlənir. Baxmayaraq ki, biz qardaş ölkələrik.
Fuad Babayev: Yəni Azərbaycanın Suriyaya yeridilən zərbələrdən xəbəri olmaya bilməzdi?
İlqar Vəlizadə: Mən inanıram ki, Rusiya ən azı Azərbaycanı xəbərdar edib. Burda hərbi-siyasi məsələlər var. Suriyada baş verənlər mahiyyətcə müharibə deyil. Bura xüsusi texnika və təlim keçmiş insanlar cəlb edilib. Orda olan raketlər çox bahalı texnikadır. Və əməliyyət olduqca bahaıl əməliyyatdır. Rusiya bu müdaxiləni Suriya ordusu ilə birgə edir.
Fuad Babayev: Şixəli müəllim, sizin ərəb dilli mənbələrlə işləyirsiniz. Baş verən hadisələri rus və ya türk filtrından yox, birbaşa ərəb KİV-dən izləyə bilərsiz. Nələr baş verir?
Şıxəli Əliyev: Amerika və Avropada ərəb mentalitetini öyrənib onun zəif nöqtələrindən istifadəni öyrənən institutlar var. Mən Manamada olan ərəfədə Vladimir Putin mətbuatda Qərbə qarşı çılğın çıxış etmişdi. Tədbirdə baş nazir əli ilə işarə etdi ki, Putin əla adamdır. Yanımda Cənubi Koreya nümayəndəsi əyləşmişdi. O mənə dedi ki, nazir Putinə əla adam deyir, amma ərazisində Amerika bazası var.
Əslində ərəblər hissiyyatla siyasət yürüdürlər. Bu da onların zəif cəhətidir. Yəni emosional davranırlar. Qərb də bunu bilir.
Bilirsiniz ki, bu gün neft əsri bitir. Qaz əsri başlayır. Rusiya ilə Qərb arasında başlayan qaz müharibəsi fonunda Suriya hadisələrini izah etmək olar əslində. Niyə Rusiya son anda Suriyaya hərbi müdaxilə etdi? Əsədin əlində faktiki olaraq, Suriyanın 1/5-i qalıb. Müxalif qüvvələr də artıq sahilə yaxınlaşırdılar. Tartusda Suriyanın hərbi bazası var. Son nöqtədi. O da əldən getsə qalacaqdı belə.
Ortada başqa bir proyekt var. Qətərdən Suriyaya qaz çəkmək. Suriyanın şimalından Türkiyəyə, oradan Avropaya ötürmək. Bilirsiniz ki, Qətər dünyanın 3-cü ən böyük qaz istehsalçısıdır. Buna görə də oradan qazın ötürülməsi çox ucuz başa gələcəkdi. Çünki Türkiyədə artıq qaz infrastrukturu hazırdır. Bu ərazi isə Suriyanın şimalından keçir. Ora kürd və türkmanların nəzarəti altındadır. Türklər bir təklif irəli sürdü. Hərbisizləşdirlmiş zona yaratmaq. Məhz o qaz xətti o ərazidən keçəcəkdi. Bunu da Türkiyə boşuna etmədi. Belə bir anda Rusiya Suriyanı bombalamağa başladı.
Düşünürəm ki, Əsədin taleyi artıq həll edilib. Əgər Rusiya müdaxiləsinə kimi Əsəd müstəqil qərar qəbul edə bilərdisə də, bundan sonra o Rusiyanın əlində bir oyuncaqdır. Bunu özü də etiraf etdi əslində.
Bu ərəfədə Qazaxıstanda mötədil Suriya nümayəndələrinin iclası keçirildi. Qazaxıstan bu iclasın onların xahişi ilə olduğunu desə də bu çox güman ki belə deyil. Mötədillik ortaya qoyulub. Rusiya Suriya prezidentini yola verib mötədilləri siyasətə gətirəcək.
Fuad Babayev. Ülviyyə xanım peşəkar ərəb dili müəllimidir. Ərəb dünyasında baş verən hadisələr və ərəb dilini öyrənən tələbələrimiz. Bu gün ərəb dilini öyrənən adam gələcəyini necə təsəvvür edir? İş tapmaq aspektindən heç olmasa.
Ülviyyə Sultanlı: Keçmiş Sovet İttifaqında Azərbaycan Şərşünaslıq məktəbi ən güclü mərkəzlərdən bəlkə də birincisi idi. Bu gün təəssüf ki, bu belə deyil. Hətta Bakı Dövlət Universitetində Şərqşünaslıq fakültəsi belə qalmayıb. Fakültənin adı dəyişib. Olub Regionşünaslıq (ərəb ölkələri üzrə).
Bu gün təəssüf ki, fakültəyə daxil olmaq asandır. 300 balla sən şərqşünas ola bilərsən. Bizim dövrümüdə xaricdə təhsil almaq çox əlçatmaz idi. Bu gün tələbələr çox asanlıqla istədiyi ərəb ölkəsində təhsil ala bilir. Amma qayıdıb gəlib iş tapmaqda çətinlik çəkirlər. Bu gün Ələsgər Məmmədovun dərsliyindən heç kim istifadə etmək istəmir. Halbuki Azərbaycanda Şərşünaslıq İnstitutu o müəllifin kitabı üzərində formalaşıb. Tələbələrin qavrama qabiliyyəti zəifləyib, ya kitab son standartlara cavab vermir bilmirəm, ancaq əvvəlki qədər gərəkli kitab deyil artıq. Öyrənmə qabiliyyəti çox aşağı düşüb. Əvvəl tək tədris Bakı Dövlət Universitetində idi. İndi Azərbaycan Dillər Universiyetində, Qafqaz Universitetində, Bakı Avrasiya Universiteti və Bakı İslam Universitetində ərəb dili ixtisas fənn kimi tədris olunur.
Bakıda ərəb ölkələri səfirliklərinin sayı artıb. Artıq 11 səfirlik fəliyyət göstərir. 2 il əvvəl biz ilk dəfə Bakıda “Beynəlxalq ərəb dili günü” keçirdik. Azərbaycan Dillər İnstitunda. 11 səfirin iştirakı ilə. Mən çox istərdim Bakıda “Ərəb dili və mədəniyyəti mərkəzi” yaradılsın. Ərəbşünaslar ora yığılsın. Bakıda Misir Mədəniyyət Mərkəzi var, amma bu azlıq edir. Bütün bunlara baxmayaraq ki, səfirlik bizdən tərcüməçi istəyəndə bir nəfər dili bilən adam tapıb göndərə bilmirik.
Şıxəli Əliyev: Eyni problemlə mən də qarşılaşıram. Tərcüməçilər lazım olur, biz dili yaxşı bilən, ümumiyyətlə həm ərəb, həm Azərbaycan dilini lazımı səviyyədə bilən adam tapa bilmirik. Kadr hazırlığı çox aşağıdır.
Fuad Babayev: İndi isə söhbətimizin son məqamına keçək. Suriyada baş verənlər bizə nə vəd edir?
İlham Şaban: Türkiyənin 2020-ci ildən sonra Şimalı İraqda neftin daşınması ilə bağlı planları var. Çünki Kərkük-Ceyhan kəməri 1974-cü ildə çəkilib. Yeni kəmər çəkilmə zəururəti yaranıb. Baş verənlərin Bakı-Tiflis-Ceyhana belə bir təsiri yoxdur. Qaza gəldikdə isə vəziyyət mürəkkəbləşir. Bizim qaz regional bazara çıxsa da Avropa bazarına çıxmasının vaxtı tam olaraq bəlli deyil.
Şimali İraq çox zəngin regiondur. İran qazının Avropaya daşınması nə yaxın, nə orta perspektiv üçün heç nə vəd etmir. Çünki İranın bütün yataqları Fars körfəzində cəmləşib. İranın 1900 km borunu Türkiyə sərhəddinə, ordan isə Avropaya çəkməsi real deyil.
TANAP isə müəyyən həcmdən artıq yük daşıya bilməz. Mühəndislər bunu yaxşı bilirlər ki, bir nasos stansiyasının tikilməsi hansı qiymətə başa gəlir. Ordan qazı Avropaya aparmaq üçün daha 2000 km uzunluqda boru lazımdır. Buna heç kim investisiya qoymayacaq, həm də ona görə ki, 2030-cu ilə kimi Avropanın qaza olan ehtiyacı artmayacaq. Bu tələbat alternativ enerji mənbələri ilə əvəz ediləcək.
Proseslərin bizə təsiri odur ki, İraqdan gələn qaz Türkiyəyə daxil olursa bu artıq regionda rəqabət yaradır. Rəqabət isə qiymətə təsir edən əsas amildir.
İlqar Vəlizadə: Mən burda prosesləri sxematik təsvir etməyə çalışdım. Geopolitikada 3 yanaşma var: mikro, mezo və makro yanaşma. Mikro ölkə və onun ətrafında olan ölkələr, mezo regional, makro isə dünya ölkələrinin təsiri ilə olan yanaşmadır.
Bu sxemdə Suriyaya ən yaxın Azərbaycanın Naxçıvan bölgəsidir. Naxçıvandan İraqa 500 km məsafə var. Yəni Suriyada baş verənlər mezo yanaşmadan bizə də öz təsirini göstərir. Suriya məsələsində Azərbaycan iştirak etmək istəsə də, istəməsə də artıq oyunda var. Bu elmi teoriyadır. Qısa desək, Suriyada verənlər Azərbaycanın xeyrinə deyil.
Şıxəli Əliyev: Bu müharibənin necə nəticələcəyini proqnozlaşdırmaq çox çətindir. Rusiyanın Suriyada başladığı fəaliyyət qalibiyyətlə bitsə bizə nə təsiri olacaq, məğlubiyyətlə bitsə nə təsiri olacaq? Gəlin, bunu danışaq. Düşünürəm ki, müdaxilə Rusiyanın qalibiyyəti ilə nəticələnsə Rusiyada həvəs arta bilər.
Rusiya məğlub olsa isə, yəni qoyduğu hədəfə çatmasa ortaya yeni qüvvələr çıxa bilər. Regionda Türkiyə güclənsə təbii ki, bunun bizə xeyri olacaq.
Fuad Babayev: Çox mürəkkəb məsələləri araşdırmaq cəhdini etdik. Və düşünürəm ki, maraqlı alındı. Bütün hallarda 30 sentyabrdan etibarən Rusiyanın Suriyada aktivləşməsi regionda yeni reallıqların formalaşmasını təmin edib. Nələrin baş verəcəyini isə biz əlbəttə biləcəyik. Və çalışacağıq ki, yenə müzakirə edək, araşdıraq.
Gəldiyiniz, söhbətdə iştirak etdiyiniz üçün minnətdarıq, çox sağ olun!
Hazırladı: Aynur Hüseynova
1905.az