Fevralın 27-də Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi İslam Konfransı Təşkilatının Gənclər Forumu ilə birlikdə Moskvanın “Bakı” kinokonsert kompleksində Xocalı faciəsinin 17-ci ildönümü, habelə “Xocalıya ədalət” informasiya kampaniyasının veb-saytının təqdimatı ilə əlaqədar genişmiqyaslı aksiya keçirib.
Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik anılması ilə başlanıb. Sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalı. Bir şəhərin faciəsi” sənədli filmi nümayiş etdirilib.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva tədbiri açaraq bildirib ki, 17 il əvvəl baş vermiş Xocalı faciəsi zamanı günahsız insanlar – qadınlar, uşaqlar, qocalar kütləvi surətdə qətlə yetirilib. O, bu faciəni erməni işğalçılarının suveren Azərbaycan ərazisində həyata keçirdiyi təcavüzkar, millətçi və etnik təmizləmə siyasətinin nəticəsi, bəşəriyyətə qarşı cinayət adlandırıb: “Bütün müharibələr dəhşətlidir, yüzlərlə və minlərlə insana bədbəxtlik, müsibət gətirir. Lakin müharibədə günahsız insanların qətlə yetirilməsi xüsusilə dəhşətli və faciəlidir. Xocalı şəhərində məhz bu, baş vermişdir: erməni silahlı qüvvələri heç bir hərbi təhlükə törətməyən, şəhəri tərk edən dinc sakinləri – qadınları, qocaları və uşaqları bilərəkdən qətlə yetirmişlər. Bu insanlar hiyləgərliklə tələyə salınmış və amansızlıqla güllələnmişlər. Heç bir günahı olmayan bu insanlar yalnız etnik mənsubiyyətinə görə məhv edilmişlər. Bu, Azərbaycan xalqına qarşı əsl soyqırımı, atalarımıza, analarımıza, bacı və qardaşlarımıza qarşı şüurlu surətdə törədilmiş qırğın idi. Eyni zamanda, bu, düşünülmüş kütləvi qorxutma aksiyası idi. Lakin tarix göstərdi ki, Azərbaycan xalqının iradəsi o vaxt da qırılmadı və heç vaxt qırılmayacaqdır. Xocalı faciəsi Azərbaycanın tarixinə ən dəhşətli və qara səhifələrdən biri kimi yazılsa da, xalqımızın gücünün, möhkəm iradəsinin nümunəsidir”.
Leyla Əliyeva bildirib ki, Azərbaycan xalqı əzəli torpaqlarının işğal altında qalması ilə heç vaxt barışmayacaq və ölkənin ərazi bütövlüyünün bərpasına nail olacaq: “Bu gün biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində həlak olmuş soydaşlarımızın, Xocalı faciəsi qurbanlarının xatirəsini yad edir və bir daha dünya birliyini bu faciəyə hüquqi və mənəvi qiymət verməyə çağırırıq. XXI əsrdə kiminsə qərəzli və millətçi niyyətlərinə görə dinc insanların qətlə yetirilməsi yolverilməzdir və bizim məqsədimiz bu münaqişə barədə həqiqəti dünya ictimaiyyətinə çatdırmaqdır”.
L.Əliyeva İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi kimi ötən il mayın 8-də “Xocalıya ədalət” kampaniyasının keçirilməsi təşəbbüsünü irəli sürdüyünü xatırladıb: “Aksiyada məqsəd bu faciə və ümumən münaqişə barədə dünya birliyini düzgün məlumatlandırmaqdır. Bu gün burada həmin aksiya barədə ətraflı öyrənmək, habelə “Xocalıya ədalət” veb-saytını görmək olar. Hazırda bir çox ölkələrdə kampaniyanın və saytın təqdimatı keçirilir. Doğma torpaq uğrunda həlak olmuş heç bir azərbaycanlı unudulmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və beləliklə də ədalət zəfər çalacaqdır”.
Leyla Əliyeva çıxışının sonunda tədbirə toplaşanlara, bu kədərli gündə Azərbaycan xalqının dərdinə şərik olanlara təşəkkürünü bildirib. Sonra o, Xocalı faciəsinin şahidləri Zaur Əliyev və Anar Usubovu səhnəyə dəvət edib. Faciə baş verən vaxt hələ uşaq olmuş bu şəxslər dəhşətli faciənin şahidləri erməni hərbçilərinin Dağlıq Qarabağın bu şəhərinin dinc sakinlərinə qarşı törətdikləri vəhşiliklər barədə xatirələrini söyləyiblər. Onlar ədalətin bərpa olunması, Xocalı faciəsi barədə həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində səylərinə görə Azərbaycan rəhbərliyinə, Heydər Əliyev Fonduna və onun Rusiya nümayəndəliyinə təşəkkürlərini bildiriblər.
Sonra çıxış edən İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş katibi Elşad İsgəndərov “Xocalıya ədalət” aksiyasının təqdimatını Moskva üçün əlamətdar hadisə adlandırılıb. O, bildirib ki, dünyanın 20-dən çox ölkəsində keçirilən aksiyada məqsəd beynəlxalq ictimaiyyətin diqqətini Xocalıda baş vermiş faciəli hadisələrə cəlb etmək, ona obyektiv hüquqi və mənəvi qiymət verilməsinə nail olmaqdır. E.İsgəndərovun sözlərinə görə, Leyla Əliyevanın təşəbbüsü İKT-nin üzvü olan bütün ölkələr tərəfindən dəstəklənib. O, aksiyanın həm onların, həm də əsrlərlə qonşuları ilə dinc yanaşı yaşamış Azərbaycan xalqının maraqlarına cavab verdiyini söyləyib. Saytın rus dilinə tərcümə edildiyini deyən E.İsgəndərov Rusiyada bu kampaniyaya məsuliyyətlə yanaşılacağına, bu mövzunun məhz Rusiyada daha ciddi səsləndiriləcəyinə ümidini ifadə edib.
Tədbirdə ermənilərin Xocalıdakı cinayətlərinə qarşı etirazını bildirən ilk rusiyalı yazıçı, “Qarabağ qan içində” kitabının müəllifi Yuri Pompeyev də çıxış edib: “Düşünürəm ki, hər bir faciədə, xüsusilə azərbaycanlıların başına gətirilən bu genişmiqyaslı xalq faciəsində ədalətin axtarılması asan deyil, ancaq bu 17 il ərzində böyüyən nəsil buna qadirdir. Bu hadisələrin şahidləri Azərbaycan xalqının gücünü nümayiş etdirirlər”. Yuri Pompeyev bildirib ki, vətənpərvər yazıçı Musa Mərcanlı 17 il ərzində ilk dəfə “İRS-Naslediye” jurnalında 1992-ci il fevralın 26-na keçən gecə Xocalıda törədilmiş soyqırımında bilavasitə iştirak etmiş 38 nəfərin soyadını dərc etdirib: “Zənnimcə, ədalətin bərpa olunması bu qırğında, bu quldurluqda təqsiri olanlar üçün ən böyük cəzadır”.
Sonra “Xocalıya ədalət” kampaniyasının veb-saytı, “Dua” filmi nümayiş etdirilib. Foyedə Xocalı faciəsindən bəhs edən fotosərgi təşkil olunub, bu mövzuda kitablar, jurnallar və digər nəşrlər paylanıb.
Sonda tədbir iştirakçıları kampaniyanın bəyannaməsini imzalayıblar.
27/02/2009