Vladimir Mayakovski sovet pasportu haqqında məşhur şeirini 1929-cu ilin iyulunda yazdı.
Və təqribən 9 ay sonra, 1930-cu ilin 14 aprelində intihar etdi.
Daha 61 il keçdi və 1991-ci ilin 8 dekabrında Sovet İttifaqı tarixin ucu-bucağı görünməyən arxivinə göndərildi.
Xeyli sonra bu hadisə SSRİ-nin hüquqi varisi olan Rusiya Federasiyasının prezidenti Vladimir Putin tərəfindən əsrin ən böyük geosiyasi fəlakəti kimi dəyərləndirilib.
Və bu gün cənab Putin açlq-aşkar sezilən həvəslə Rusiya pasportunu məşhur və o qədər də məşhur olmayan əcnəbilərə təqdim edir. Doğrudur, bu pasportun üzəri yoldaş Mayakovskinin vəsf etdiyi sovet sənədində olduğu kimi oraqla, çəkiclə bəzədilməyib. Amma, həmçinin qırmızı rəngdədir. Bu pasport tez-tez sənət adamlarına təqdim edildiyindən üzərində ikibaşlı qartal şəkli olan sənədin kimsə tərəfindən vəsf ediləcəyini istisna etmək olmaz. Düşünürəm ki, bu hadisə Vladimir İliçin vaxtilə ən mühüm incəsənət növü kimi xarakterizə etdiyi kinoda da gerçəkləşə bilər. Ən azı ona görə ki, dünən bu pasport məşhur Stiven Siqala da verilib.
Bəli, sonuncu yaddaqalan filmi 2010-cu ildə ekranlara çıxmış “Maçete” olan Stiven Siqal artıq Rusiya vətəndaşıdır…
Və çox məmnundur.
Elə məşhur Jerar Depardye kimi. Yadınıza salım ki, hələ 2013-cü ilin yanvarında Rusiya prezidenti Depardyeyə öz ölkəsinin pasportunu vermişdi. Kommersant.ru fransız aktyorun ötən ilin may ayında fransız nəşrinə verdiyi müsahibəsi haqqında yazıb. Həmin müsahibədə Depardye “Putinin ölkəsində” yaşamağından məmnunluğunu gizlətməyib və “Rusiya uğrunda ölməyə hazır olduğunu” bildiribmiş…
Məşhur taksi filmindən hamını tanıdığı, Əlcəzair əsilli fransız aktyoru Sami Nasəri ötən il “Zvezda” kanalına müsahibə verərək, təklif edilərsə “məmnuniyyətlə” Rusiya vətəndaşlığını almağa hazır olduğunu qeyd edib.
Yenə də 2015-ci ildə “Oskar” və “Qızıl Qlobus” sahibi olan de Niro Moskvadakı yeni restoranını açanda, Rusiya vətəndaşı olmağa marağını gizlətməyib.
Belə deyək, proses davam edir…
Rusiyalı Siqal isə Amerika prezidentinə məsləhət verib və deyib ki, Rusiyanı Amerikanın dostu hesab edir. Amerika ziyana düşmək istəmirsə Rusiyanın ən yaxşı dostu olmalıdır.
Aktyor həmçinin Rusiyanın səmimi münasibətlər üçün açıq olduğunu vurğulayıb.
Fuad Babayev
Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist