1905.az saytının bu dəfəki müsahibi telejurnalist Səadət Məmmədovadır.
– Gəlin əvvəlcə Səadət Məmmədovanın yaradıcılığına nəzər salaq. Əlbəttə, media işçisinin yaradıcılığı tutaq ki, kino aktyorunun, ya da yazıçının yaradıcılığından fərqli olaraq daha tez unudulandır. Vaxt axarında, hadisələrin bir-birini kaleydoskopik sürətlə əvəz etdiyi zamanda xəbər tez köhnəlir… Yəqin ki, elə belə də olmalıdır. Amma, jurnalist uğurlu saydığı işlərini özü yaxşı xatırlayır. Uğurlu işlərinizin sırasında Qarabağ dərdi ilə bağlı olanlar barədə danışaq.
– Əgər yaradıcılığımdan danışsaq, mən xəbər efirindəki aparıcılıq fəaliyyətimdən əlavə bir neçə layihənin adını çəkmək istərdim- “167-ci saat”, “Axşam debatları”, “Xətt” və s. Razıyam sizinlə, xəbər tez köhnəlir. Amma uğurlu simalar heç vaxt köhnəlmir. Təvazökarsızlıq olsa da, deməliyəm ki, məni hələ də simamdan və səsimdən tanıyanlar yetərincədir. Baxmayaraq ki, böyük efirdən 8 ildir ayrilmışam, amma hələ də “sizi nə zaman ekranda görəcəyik” suallarına cavab verməklə məşğulam. 3 il internet televiziyasında çalışıb, müəllif proqramları ilə çıxış etsəm də, etiraf edək ki, internet TV Azərbaycanda hələ dar məkandır və bizim tamaşaçının anlayışına görə “yekə televizorda danışmaq” demək deyil. O ki qaldı, uğurlu işlərimin sırasında Qarabağ dərdi ilə bağlı olanlarına, əvvəlcə onu deyim ki, mən özün qarabağlıyam və məcburi köçkün olduğuma görə də həmişə mənim TV obrazımda bir qarabağlılıq olub, bütün qarabağlılar məni tanıyır və bu, hər zaman üzərimə əlavə bir məsuliyyət qoyub. Ayrıca layihəyə gəlincə, mən İnternyusda çalışdığım zaman BBC radiosu ilə birgə layihəmiz vardı. “Qarabağ köçkünlərinin mənəvi-psixoloji problemləri” adlı layihəni mən işləyirdim. Bu layihə məni nəinki jurnalist kimi yenidən yetişdirdi, həm də “qarabağlılığımı” və “köçkünlüyümü” özüm üçün yenidən, o vaxtadək dərk etmədiyim bir şəkildə dərk etdim. Köçkünlərin məskunlaşdığı qazmalardan tutmuş vaqonlaradək, palçıq daxmalardan tutmuş fin evlərinədək, yataqxanalardan tutmuş yeni salınmış qəsəbələrədək hər yeri gəzdim, ön cəbhədə təmas xəttində yaşayan insanların evlərinə getdim, güllələrdən deşik-deşik olmuş, beton piltələrlə, armaturlara güllələrdən qorunan, amma insan nəfəsinin kəsilmədiyi evlərdə oldum. 13 radioverilişdən ibarət layihə o qədər uğurlu alınmışdı, elə maraqla dinlənilirdi ki, mən etiraf edim ki, radionun insana belə şöhrət gətirəcəyinə o vaxta kimi inanmırdim. Avtobusda telefonuma cavab verəndə dərhal ön oturacaqdan biri çevrilirdi ki, siz BBC-də gedən verilişi aparan xanımsınız? Bu yaxınlarda rəhmətlik Səxavət Məmmədovun anım gecəsində cəbhə xəttindəki müsahiblərimdən biri ilə görüşdüm, cibindən 2005-ci ildə ona əlimlə yazıb verdiyim kağız parçasını çıxardıb mənə göstərdi, üzərində mənim telefon nömrəm və verilişin efirə gedəcəyi saatlar yazılmışdı. Elə təəcübləndim ki….Müsahibim dedi ki, verilişi o qədər bəyənirdim ki, birini də qaçırmırdım, elə ona görə də öz əlinizlə yazdığınız qeydi saxlamışam. Bilirsiniz, o layihəni işləyərkən gördüklərim məni dəhşətə gətirirdi, verilişləri yazıb montaj edəndə ağlayırdım, elə şəraitlər görürdüm ki, gəlib Bakıya çatanda elə bilirdim hündür binalar üstümə uçacaq. Bu yaxınlarda 2005-ci ildə Gəncədə müsahibə aldığım bir gənc qız məni facebookda tapıb, dərhal xartırladım onu və sülh çağırışları ilə dolu rəsmlərini. Nəinki onu, 1 il yarım erməni əsirliyində olmuş 86 yaşlı Qənimət xalanı, çadır şəhərciyində infeksiya, antisanitariya içində doğulmuş və naməlum xəstəlikdən burnu çürüyən Tünzaləni, “Qarabağ atları”nın vətənindən uzaqda doğulub “atın neçə ayağı olduğunu” bilməyən düzəngahlarda doğulmuş qarabağlı uşaqları, faciə dolu həyat hekayələrini, undulan adətlərimizi və s. və s….9 ildir hər gün xatırlayıram. Bu layihəni işləmək mənəvi cəhətdən nə qədər ağır idisə, o qədər də şərəfli idi, çünki belə bir layihəni daha öncə heç kəs işləməmişdi.
– Məmləkətin oxucu, dinləyici, tamaşaçı auditoriyasının Ermənistanın təcavüzü ilə bağlı mövzulara maraq əmsalını müəyyənləşdirmək mümkündürmü? Tutaq ki, 10 ballıq şkalamız var. İnformasiya istehlakçısının bu mövzuya marağı neçə ballıq olar? Və tendensiya necədir? Maraq artır, yoxsa azalır?
– Bu günkü reallıqda 10 ballıq şkala üzrə bu maraq 2-3-dən artıq deyil. Təəssüflər olsun. Siz şkala deyirsiniz, amma mən sizə başqa ölçü vahidi misal çəkim. Mən son 3 ildə İnternet televiziyada-YURD TV-də işləmişəm. İnternet mediada kliklərin sayina görə maraq döğuran mövzuları müəyyən etmək çox asandır. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə dair mövzular çox təəssüf ki, klik toplamayan mövzulardandır. İnternet media sahəsində çalışan digər həmkarlarım da təsdiqləyər ki, bir çılpaq müğənniciyin şəkli və ya onun “dəxilsiz yaradıcılığı haqqında dəxilsiz bir xəbər” daha çox oxunur, baxılır, nəinki ciddi siyasi mövzular, o cümlədən Qarabağ mövzusu. ATƏT Minsk qrupu həmsədrlərinin fəaliyyətsizliyi ilə bağlı sorğuya çıxırdıq, hərə bir bahəna ilə başını tutub qaçırdı ki, mənlik deyil. Xüsusilə də gənclər. Amma şou-biznes əhlinin maşınlarının qiymətlərini soruşanda, birnəfəsə cavab verirlər. Mənim fikrimcə, tendensiya bu cür davam edir və Qarabağ mövzusuna maraq azalmaqdadır. Proseslərin gedişində tam yeni və fərqli bir gəlişmə, danışıqlarda sürpriz irəliləyiş olsa, ya da qolumuzu çirmələyib ordu ilə erməniləri torpaqlarımızdan qovmağa doğru addım atsaq, bəlkə cəmiyyətdə Qarabağ mövzusuna maraq arta bilər. Bütün hallarda həm ictimai rəyə təsir edən media mənsubarı olaraq, həm də vətəndaş olaraq, Qarabağ mövzusunu daim gündəmin prioritetləri arasında saxlamaq bizim borcumuzdur. Baxılsa da, baxılmasa da, oxunsa da, oxunmasa da…Əsas odur ki, mövzu unudulmasın, hər kəsin gözü hər gün “Qarabağ” sözünü görsün, hər kəsin qulağı bu sözü eşitsin.
– Çağdaş mediamızın peşəkarlıq səviyyəsi ilə bağlı vəziyyət necədir? Məsələn, siz baxmağa proqram, oxumağa yazı tapmaqda çətinlik çəkmirsiniz ki?
– Bərbad desəm heç kəs inciməsin. Əksəriyyətdə peşəkarlıq səviyyəsi, savad və dünyagörüşü yetərincə aşağıdır. Heç kəs də özünü inkişaf etdirmək, mütaliə etmək, önəmli proseslərin tarixi ilə, kökləri ilə maraqlanmaq istəmir. Bir dəfə hardasa şəkli çıxmaqla, bir dəfə efirdə görünməklə özlərini dahi ulduzlar sayanların dönəminə gəlib çıxmışıq. Nadir hallarda qarşıma potensiallı gənc çıxır. Gündəlik xəbəri normal hazıryala bilən, bir günün tarixçəsini də olsa düzgün təqdim etməyi bacaran insana rast gələndə həmişə sevinmişəm və imkanlarım çərçivəsində onlara kömək etməyə çalışmışam. Baxmağa proqram, oxumağa yazı tapmağa əlbəttə çətinlik çəkirəm. Tapanda da bu adətən köhnə və orta nəslin nümayəndələrinə aid olur. Gənclər arasında da istedadlılar var. Amma onlar çox azdır. Biliyi və informasiyası məhdud olan media nəsli ilə hansı informasiya müharibəsini uda bilərik? İnformasiya əsrində biz kimlərlə təmsil olunuruq? Çoxları mediaya günbəgün artan saytlar və burda iş yeri kimi baxır. Onlar erməni yaşıdları ilə “qələm və zəka döyüşünə” nə dərəcədə hazırdırlar?! Məncə hazır deyillər. Indi mediada çalışanların əksəriyyətində təşəbbüskarlıq çatışmır, gözləyirlər ki, onlara mövzu verilsin ya da gündəlik tədbirlə başlarını hərləsinlər, sabaha da Allah bir şey yetirər. Amma bizim cəmiyyətdə o qədər işlənməmiş problemlər, toxunulmamış mövzular var ki…Bu sözləri oxuyanda kimlərlə məni qımayacaq ki, “çərçivələr var”. Amma bir naziri ayda 4 dəfə görən müxbirlər hamısında da eyni sualı verirlər və sanki yeni xəbər kimi hər dəfə də eyni sözləri başlığa çıxarırlar. “Məmurların mediaya münasibəti mənfiyə doğru çox dəyişib” deyirik, fəqət məmurların qarşısına kimlərlə, hansı səviyyənin müxbirləri ilə çıxır? Bu da önəmlidir axı. Lütfən, heç kəs inciməsin, amma mediamızda bir intellektual boşluq var. Bir misal çəkim, bu yaxınlarda “Vesti Nedelya”da Sank-Peterburq İqtisadi forumundan hazırlanmış analitik reportaja baxdım, təkcə bir reportaj səviyyəsi, intellektual tutumu və reşəkar hazırlanması etibarilə bizim bəlkə də bütün kanalların xəbər efirinin 1 həftəlik fəaliyyətindən üstün idi. Nitqlərin bərbarlığından daha danışmıram, bizim TV və radioların efirində “Azarbaycan”, “raon”, “nümaəndə” və bu kimi saysız – hesabsız səhvləri eşidirəm və nəticədə baxmamaq, dinləməmək qərarına gəlirəm.
– “Yurd TV” fəaliyyətini dayandırdı. Amma Səadət Məmmədovanın jurnalist karyerası davam etməyə bilməz. Planlarınız necədir? Və bu planlarda Qarabağla bağlı nə var?
– Bəli, təəssüf ki, YURD TV artıq 2 aydır bağlanıb. Hələlik işsizəm və özümü öz yerimdə hiss edəcəyim, sevərək işləyəcəyim bir təklif almamışam. İstərdim ki, ciddi mövzulardan bəhs edən bir tok-şou aparım. Lakin, TV-lər bu cür verilişlərin sayını minimuma endiriblər. “Baxılmır, reytinq gətirmir” deyərək olanları da bağlayırlar. Əslində, bizdə reytinq ölçülməsinin özü də nisbi və qeyri-müəyyən formadadır, ədalətsizdir. Təxminən 500 televizora birləşdirilən qurğu ilə müəyyən edilən rəqəmlər milyonluq tamaşaçının zövqünün və zəkasının göstəricisi ola bilməz. Ancaq nə edək ki, bu belədir. Bir sözlə, yaxşı təklifdən imtina etmərəm. Planlarımın, daha doğrusu arzularımın içində əvvəldə haqqında sizə danışdığım radiolayihənin TV versiyasını hazırlamaq var. Amma hər dəfə bunu reallaşdırmaq istəyəndə “sponsor” və “hansı kanalda göstərmək” problemi ilə qarşılaşmışam. Ümid edirəm ki, bir gün bu mövzuda telefilmlər silsiləsi hazırlamaq mənə qismət olacaq.
– İnşallah. Minnətdaram sizə, Səadət xanım.
Fuad Babayev
1905.az