“Kvartet” rubrikasında Səfəvi-Osmanlı münasibətlərini araşdırdıq. Qonaqlarımız AMEA Tarix İnstitutunun aparıcı elmi işçiləri, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı və tarix üzrə fəlsəfə doktoru Fərəh Hüseyn idi.
Fuad Babayev: Bir müddət öncə yayımlanmış “Möhtəşəm yüz il” serialı hamıya tanışdır. Serial bir çox insanda tarixə maraq oyatdı. Təəssüf ki, həmin serialda Azərbaycan tarixinə, Səfəvilər dövlətinə, onun hökmdarlarına, xüsusilə I Şah Təhmasibə bir qədər aşağılayıcı münasibət sezilirdi. Bu filmlə bağlı fikirlərinizi bilmək maraqlı olardı.
Fərəh Hüseyn: Düzü, mən “Möhtəşəm yüz il” serialına ardıcıl baxmırdım. Amma əsasən xəbərim var idi. Serialda Şah Təhmasibin obrazını o şəkildə, qeyd etdiyiniz kimi cılız canlandırılması film yaradıcılarının vicadınında olan məsələdir və əslində özlərinin cılızlığını göstərir. Şah Təhmasib belə münasibətə qətiyyən layiq olmayan bir tarixi şəxşiyyət və dövlət xadimi olub. Şöhrətpərəstlikdən və təkəbbürdən uzaq, müdrik və təmkinli siyasətçi olub. Bu mənbələrdəki məlumatlarla da təsdiqlənir. Dövlətin və millətin əmin-amanlığını hər şeydən üstün tuturdu və hətta şəxsi qüruruna da qurban vermirdi. Bu elə ilk növbədə Sultan Süleymanla olan münasibətlərdə özünü göstərirdi. Sultan Süleymanın özünə qarşı olan təhqiramiz münasibətinə, ağır ifadələrlə qorxaqlıqda ittihamlarına baxmayaraq, Şah Təhmasib bu təhriklərə uymur və deyirdi ki, “Kəlame-şərifdə (Quran-i Kərimdə) buyurulmuşdur ki, kafirlərlə cihad və qəza etdiyiniz vaxt özünüzü təhlükəyə atmayın. Pərvərdigar bizim kafirlərlə döyüşdüyümüz vaxt belə təhlükəli hərəkəti qadağan etmişdisə, necə ola bilər ki, mən müsəlmanları təhlükəyə atım?‖… Adam gərək divanə, ya da sərxoş olsun ki, Allahın əmrinə qarşı çıxıb faydasız döyüşə başlasın”.
Mübariz Ağalarlı: Səfəvilər dövləti Azərbaycan dövlətçilik tarixinin intibah dövrüdür. Qeyd edək ki, XV-XVI əsrləri Azərbaycan tarixində dövlətçilik ənənələrinin bərpası, inkişafı və möhkəmlənməsi dövrü kimi xarakterizə etmək olar. Azərbaycan Qaraqoyunlu, Ağqoyunlu, Şirvanşahlar və Səfəvi dövlətlərinin yaranması və fəaliyyəti nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində siyasi, iqtisadi mövqeyi və rolu güclənərək, onun Avropa və Şərq ölkələri ilə qarşılıqlı münasibətləri daha da genişlənmişdir. Təəssüflər olsun ki, istər dünya tarixçiliyində, istərsə də müxtəlif dini və siyasi dünyagörüşə malik insanlar arasında Azərbaycan dövlətçilik tarixinə və bu tarixin ən parlaq dövrlərindən biri olan Azərbaycan Səfəvilər dövlətinə münasibət birmənalı deyildir və bu münasibət daha çox subyektiv xarakter daşıyaraq bir çox hallarda gerçəkliyi əks etdirmir. Bu baxımdan, “Möhtəşəm yüz il” serialı da istisna deyildi və burada Azərbaycan hökmdarı I Şah Təhmasibə və səvəfi dövlətinə sərgilənən qeyri-obyektiv münasibət haqlı olaraq bizim tarixçi-alimlərin və Azərbaycan ictimaiyyətinin də böyük narazılığına səbəb oldu. Hətta xatırlayıram ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu serialda Səfəvilərə qarşı olan ədalətsiz münasibətə öz etirazını bildirmişdir.
Fuad Babayev: Nə vaxtsa Azərbaycanda da belə bir tarixi serialın çəkiləcəyini gözləyirsinizmi?
Mübariz Ağalarlı: Şübhəsiz ki, vaxt gələcək və Azərbaycanda da Səfəvilər dövlətinin ictimai-siyasi həyatını canlandıracaq bir tarixi serial çəkiləcəkdir. Amma əminəm ki, bizim rejissorlar həmin serialda “Möhtəşəm yüz il” serialından fərqli olaraq Səfəvi-Osmanlı münasibətləri ilə bağlı tarixi gerçəkliyi daha obyektiv şəkildə əks etdirəcəklər.
Fərəh Hüseyn: Mübariz müəllimin bu mövzuda nə vaxtsa Azərbaycanda tarixi bir film çəkilməsi arzusuna mən də qoşuluram. Və güman edirəm ki, belə bir film çəkiləndə həm tarixi hadisələr, həm də şəxsiyyətlər kimlərinsə dar düşüncəsi, qərəzi və xəbisliyi ilə ölçülməyəcək, tərəfkeşlikdən uzaq, haqqı və nahaqqı olduğu kimi ləyaqətlə canlandıran vicdanlı bir film olacaq. Çünki belə bir münasibətin ənənəsi Azərbaycanda hələ keçən əsrin əvvəllərində dahi Sabirin “Fəxriyyə”si ilə qoyulub.
Fuad Babayev: Azərbaycan tarixşünaslığı Səfəvi-Osmanlı münasibətləri yetərincə tədqiq olunubmu?
Fərəh Hüseyn: Məncə, əsasən tədqiq olunub, yəni tarixşünaslığımıza cəlb olunan bir sıra mənbələrin, İsgəndər Münşinin “Aləmi bəzəyən Abbas”, Abbasqulu Ağa Bakıxanovun “Gülistani-İrəm”, Orucbəy Bayatın kitabı və s. kimi bir sıra qiymətli mənbələrin, o cümlədən bəzi Osmanlı və Avropa mənbələrinin verdiyi məlumatlar çərçivəsində Səfəvi-Osmanlı münasibətləri problemi və ya onun ayrı-ayrı aspesktləri, bu münasibətləri şərtləndirən səbəblər, təsir edən amillər, nəticələr, xüsusilə faktoloji baxımdan kifayət qədər təfərrüatla təhlil və tədqiq olunub. İlya Petyuşrvskinin, Oqtay Əfəndiyevin monoqrafiyası, Şahin Fərzəlibəylinin, Yaqub Mahmudovun əsərləri bu baxımdan çox dəyərlidir. Lakin, bununla belə yeni mənbələrin və ya faktların üzə çıxarılması bu problemin yanaşılmasına, ola bilsin ki, daha geniş perspektiv qazandıra bilər.
Mübariz Ağalarlı: Fərəh xanımın sözlərinə əlavə olaraq deyə bilərəm ki, Səfəvi dövlətinin tarixi daha çox Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra geniş şəkildə tədqiq olunmağa başlayıb. Səfəvi dövlətinin yaranması, etnik mənsubiyyəti, sosial-iqtisadi vəziyyəti, xarici ölkələrlə diplomatik-siyasi əlaqələri, dini siyasəti ilə başlı əhəmiyyətli elmi əsərlər yazılıb.
Fuad Babayev: Səfəvi-Osmanlı müharibələrinin əsas səbəbləri nə idi? Dini, siyasi, yoxsa iqtisadi problemlər?
Mübariz Ağalarlı: Ümumilikdə götürdükdə bu qarşıdurmalarda qeyd etdiyiniz bütün elementlər mövcud idi. Lakin qeyd etməliyəm ki, Osmanlı-Səfəvi münasibətlərində siyasi hakimiyyətlər əhalinin dini məzhəb fərqliliyindən istifadə etməyə çalışsalar da, dini məsələ əsas rol oynamırdı. Hər iki tərəfi daha çox düşündürən məsələ dövlətlərin iqtisadi və siyasi maraqları idi. XV əsrin sonlarında Avropadan Hindistana dəniz yolunun kəşfi və Portuqaliyanın Hind okeanında möhkəmlənməsi, Osmanlı dövlətinin iqtisadi mənafeyinə ağır zərbə vurmuşdur. Artıq Aralıq dənizində və Qara dənizdə Şərq-Qərb beynəlxalq ticarəti zəifləmişdi. Həmin dövrdə Osmanlı imperiyası Şərqlə ipək ticarətini öz inhisarında saxlamaq istəyirdi. Osmanlı dövləti ilə hərbi-siyasi qarşdurma vəziyyətində olan Səfəvi dövləti Avropa ilə ticarət əlaqələrini daha çox Hörmüz vasitəsilə həyata keçirirdi. Buna görə də Osmanlı imperiyası Səfəvi dövlətinə qalib gəlməklə Hörmüz boğazına nəzarəti öz əlinə almaq və bu istiqamətdə həyata keçirilən Avropa ilə ticarət əlaqələrində vasitəçiliyi ələ keçirmək istəyirdi. Bu iqtisadi rəqabət hər iki dövlətin münasibətlərində əsas faktorlardan biri idi. Bəzi tədqiqatçılar Səfəvi-Osmanlı müharibələrinə səbəb kimi Səfəvilərin Şərqi Anadoluda dini-məzhəb təbliğatı apardıqlarını əsas kimi göstərməyə çalışırlar. Amma nəzərə almaq lazımdır ki, həmin dövrdə Azərbaycan Səfəvilər dövlətinin qərbdə Osmanl dövləti ilə sərhədləri Şərqi Anadoluda Ərzincana qədər uzanırdı. Bunu dövrün tarixi qaynaqları da təsdiq edir. Təbii olaraq Səfəvi dövlətinin hüdudları daxilində olan Şərqi Anadoluda qızılbaşların həyata keçirdiyi dini siyasət normal hal idi. Həmçinin Osmanlıların Səfəvi dövlətinin Qərb bölgələrini, xüsusilə də, Şərqi Anadolu ərazilərini ələ keçirmək siyasəti də Osmanlı-Səfəvi münasibətlərini gərginləşdirən amillərdən idi. Mənim qənaətimə görə, Səfəvi-Osmanlı qarşıdurmasında müsəlman dünyasında xəlifəlik uğrunda mübarizə elementləri də mövcud idi.
Fərəh Hüseyn: Tarixi inkişaf prosesi daim müxtəlif dövlətlərin maraqlarının toqquşması ilə müşayiət olunur. Bu regionda münaqişələr də siyasi, iqtisadi və sosial amillərin məcmusu idi. Səfəvi dövlətinin yaranmasından sonra isə öz kuliminasiya nöqtəsinə yüksəldi və Səfəvi-Osmanlı dövlətlərinin açıq qarşıdurmasına çevrildi. Hökmdarların ambisiyalarını da üstünə gəlsək, bu qarşıdurma iki siyasi qüvvənin qütbləşməsinə və uzun-uzadı müharibələrə rəvac verdi. Yeri gəlmişkən bir sıra Avropa dövlətləri, xüsusilə Venesiya və Vatikan bu müharibələrdə maraqlı idilər və onları buna təhrik edirdilər.
Fuad Babayev: Bir neçə il öncə, İstanbulda Topqapı muzeyində I Şah İsmayılın səyyar taxtının nümayiş etdirilməsinin şahidi oldum. Taxtın altında onun İran şahı Şah İsmayıla məxsus olduğu qeyd edilmişdi.
Mübariz Ağalarlı: Təəssüf ki, bəzi elmi və siyasi dairələr Səfəvilər dövlətini İran dövləti ilə eyniləşdirməyə cəhd göstərirlər. Səfəvilər dövrünün tədqiqatçısı olan və olmayan bəzi alimlər, xüsusilə də qeyri-tarixçilər Azərbaycan türklərinin yaratdığı bu imperiyanın üzərinə kölgə salmaqla bu imperiyanı İran adlandırır, bununla da dövlətin etnik və dini mahiyyətini təhrif etməyə çalışırlar. İslamın şiə məzhəbinin siyasi gündəmə gəlməsində Səfəvilər dövlətinin xüsusi rolunu qeyd etmək doğru deyildir. Çünki tarixi mənbələrə istinad edərək Səfəvi sülaləsinin nəsil şəcərəsinə baxdığımızda dini fəaliyyətlərinin ilk dövrlərində səfəvilərin sünni məzhəbinə, ümumilikdə isə sufi təriqətinə mənsubluğunun şahidi oluruq. Şah İsmayıl Səfəvi dövlətini yaratdıqdan sonra imamiliyi dövlətin dini ideologiyasına çevirdi. Bu təriqət mahiyyət etibarilə müasir İran şiəliyindən tamamilə fərqlənirdi. Qeyd edək ki, İran dövləti siyasi termini və İrançılıq-farsçılıq anlayışı XIX əsrin ortaları-XX əsrin əvvəllərində gündəmə gətirilmiş və siyasi-ideoloji əsasları yaradılmağa başlamışdır. Azərbaycan dövlətçilik sistemindən tamamilə fərqlənən İran dövlətçilik ənənələrinin təməlini Səfəvilər dövlətinə bağlamaq tamamilə yanlışdır. Bir məsələni də qeyd edək ki, orta əsr ərəb və fars qaynaqlarında İran coğrafi anlayış kimi göstərilsə də, bu “dövlətin” siyasi hüdudları və sərhədləri haqqında heç bir məlumat verilmir. Hətta Avropa mənbələrində “Persia” kimi qeyd olunan bu coğrafi ərazinin siyasi hüdudları haqqında heç bir məlumat yoxdur. Orta əsrlərdə siysi hüdudları bəlli olmayan İran adlı dövlətdən danışmaq və bunu Səfəvi dövləti ilə eyniləşdirmək elmi həqiqətlərdən uzaqdır. Hətta məşhur tarixçi Jan Oben də qeyd edir ki, XVI əsrin əvvəlində Səfəvi hərəkatının “milli İran dövləti”nin bərpası ilə bağlı olması barədə ənənəvi fikir daha qəbul edilmir. Bir məsələni də qeyd edim ki, Türkiyə tarixçisi Faruk Sümer və onun kimi düşünən bəzi tədqiqatçılar Azərbaycan Səfəvilər dövlətini Anadolu türklərinin qurduğu iddiasını ortaya atıblar. Halbuki tarixi qaynaqların verdiyi məlumatlara əsaslanaraq deyə bilərik ki, Səfəvi dövlətinin qurucusu olan Şah İsmayılın ulu babaları olan Ərdəbil Şeyxlərinin Güney Azərbaycanın Ərdəbil şəhərindən olduqları məlumdur.
Fərəh Hüseyn: “İran” sözü müəyyən dövrə qədər, yəni İran adlı dövlətin meydana gəlişinədək coğrafi məna kəsb edirdi. Dövrün mənbələrində “İran və Turan” sözlərinin bərabər işlədilməsinə də rast gəlirik. “Şah”, “taxt” sözləri isə dövlətçiliyə aid terminlərdir, yəni şah, hansısa coğrafi məkana deyil, dövlətə məxsus anlayışdır. Bu baxımdan, əlbəttə ki, “Səfəvi şahı”, “Səfəvi taxtı” demək düzgündür.
Gündüz Nəsibov: Səfəvi hökmdarlarının şah adlandırılması onların özlərini Sasani şahlarına bənzətmək istəyindən irəli gəlirdi?
Fərəh Hüseyn: Əlbəttə, Sasani hökmdarları şah titulu daşıyırdılar. Lakin, əslində “şah” titulu Sasanilərdən daha əvvəlki dövrlərə aiddir. Sasanilərin, bu titulu Midiyalılardan mənimsəmələri də məlumdur. Orta əsrlər dövründə bu hökmdarlıq titulu geniş yayılmışdır. Tərkibində “şah” sözü olan “padişah” titulundan Ağqoyunu Uzun Həsən, osmanlı sultanları da istifadə edirdilər. Bir də ki, qızılbaşlıq ideologiyasında şah sözü semantik cəhətdən dini-sufi mahiyyət də daşıyırdı.
Gündüz Nəsibov: Sovet dövründəki dərsliklərdə I Şah Abbas dövründə Səfəvi dövlətinin artıq farslaşmaya meyl etdiyi, mahiyyətcə İran dövlətinə çevrildiyi qeyd olunurdu.
Fərəh Hüseyn: Bu yanaşma həqiqəti əks etdirmir, çünki I Şah Abbasın fəaliyyəti sırf dövlətçiliyin möhkəmləndirilməsinə hesablanırdı, onun siyasətini etnik motivlərə yozmaq düzgün olmazdı, ümumiyyətlə bu yanaşma o dövr üçün aktual deyildi. Əslində Şah Abbas Səfəvi dövlətinin ən qüdrətli hökmdarlarındandır. Səfəvi xanədanına dövlətin ən ağır siyasi böhran keçirdiyi bir dövrdə rəhbərlik etməyə başlayıb. Qızılbaş əmirlərinin çəkişmələri, üsyanlar və mərkəzi hakimiyyətə tabe olmama cəhdləri, iqtisadiyyatın dağılması, qonşu dövlətlərin hücumları nəticəsində torpaqların itirilməsi Səfəvi dövlətini fəlakətin astanasına gətirmişdi. Amma Şah Abbas özünü hakimiyyətinin ilk günlərindən güclü hökmdar kimi göstərə bildi. Dövlət daxilində qayda-qanunu bərpa etdikdən, itaətsizliyin bütün formalarının qarşısını sərt üsullarla aldıqdan sonra, hərbi və inzibati sistemdə islahatlar aparmaqla öz əsas missiyasına – müxtəlif dövrlərdə Səfəvilər dövlətindən qoparılmış əraziləri qaytarmağa nail oldu. 42 illik hakimiyyəti dövründə Şah Abbas Şeybanilərdən Xorasanı, Osmanlı dövlətindən Azərbaycanı və Ərəb İraqını, portuqallardan isə Hörmüz limanını geri aldı. Tarixi ədəbiyyatda Şah Abbasın guya osmanlılarla müharibədə kömək rusların hərbi yardımı müqabilində Dərbənd və Bakını Moskva dövlətinə güzəştə getdiyi qeyd olunur. Amma bu, I Şah Abbasın bütün dövlətçilik və xarici siyasət fəaliyyəti ilə daban-dabana zidd olan bir “fakt”dır.
Mübariz Ağalarlı: Həqiqətən də köhnə dərsliklərdə və bəzi elmi əsərlərdə I Şah Abbasın dövləti farslaşdırdığı iddia olunur. Bunlar həqiqətə qətiyyən uyğun deyil. Çünki I Şah Abbasın paytaxtı Azərbaycandan kənara – İsfahana köçürməsi dövlətin şimal-qərb əyalətlərinin Osmanlı dövləti, Xorasanın isə Özbəklər tərəfindən ələ keçirilməsi ilə bağlı idi. Paytaxtın köçürülməsi isə Səfəvi dövlətinin siyasi və iqtisadi gücünü yenidən bərpa etmək məqsədi ilə atılmış bir addım idi. Həmçinin İsfahana və ətraf əyalətlərə türkləri köçürən I Şah Abbas, dövlətin türk-etnik mahiyyətini qorumağa nail olub. Ümumiyyətlə, I Şah Abbasın həyata keçirdiyi siyasi və iqtisadi islahatlar dövləti farslaşdırmaq deyil, Azərbaycan Səfəvi dövlətinin siyasi və iqtisadi qüdrətini bərpa etmək məqsədi daşıyırdı. Və Azərbaycan Səfəvi hökmdarı I Şah Abbas bu istəyinə nail olub.
Hazırladı: Gündüz Nəsibov, 1905.az