Müsahibimiz gənc aktyor Səfa Mehdidir.
– Səfa, Gənc Tamaşaçılar Teatrından Rus Dram teatrına keçidiniz necə oldu?
– Maraqlı keçid oldu. Əslində Gənc Tamaşaçılar Teatrında çox yaxşı rollarım var idi. 3-4 tamaşada baş rolu oynayırdım. Sadəcə bizim sənətimizdə yalnız teatrla alınmır. Seriala, filmə də çəkilməliyik. Gənc Tamaşaçılar Teatrındakı rollarım bunun qarşısını alırdı. Bütün günü teatrda məşğul idim. Çəkilişlər tamaşa və məşqlə üst-üstə düşürdü. Ona görə də artıq hiss edirdim ki, uzaqlaşmaq lazımdır. Çünki bu məvaciblə alınmırdı və bunu onlara da demək istəyirdim.
– Düz başa düşdümsə, Gənc Tamaşaçılar Teatrında intensiv fəaliyyət seriala və çəkilişlərə vaxt qoymurdu. Lakin bu fəaliyyət müqabilində mükafatlandırma da arzu olunan səviyyədə deyildi.
– Arzu olunan səviyyədə deyildi və bunu yalnız mən yox, bütün aktyorlar təsdiq edər. Əlbəttə, əgər cəsarətləri çatırsa.
– Və Siz keçdiniz Rus Dram Teatrına…
– Xorvat rejissor İviça Gənc Tamaşaçılar Teatrında tamaşa qoymağa gəlmişdi. Bir xoreoqraf da tamaşanın rəqslərini qururdu. Sən demə, həmin xoreoqraf həm də Rus Dram Teatrının truppa müdiri imiş – Türkan Raul. Orada məni gördü, tanış olduq. Dedi ki, istəyirsənsə, gəl bizim teatra, səni teatrın direktoru Ədalət Hacıyevlə tanış edim. Razılaşdım və getdik direktorla tanış olduq. Ədalət müəllim sağ olsun, məni ştata götürdü. Mənim orada iki tamaşam var. Rahat əlavə işlərlə də məşğulam. Teatrda şərait yaradıblar.
– Kino aktyoru və teatr aktyoru. Bunların hər ikisini uzlaşdıra bilən insanlar da var. Siz də belə sənətçilərdənsiniz. Amma Siz daha çox kino aktyorusunuz, yoxsa teatr aktyoru?
– Mən özümü kino aktyoru hiss edirəm. Amma 4 il universitetdə oxumuşam. Bizim fakültədə teatr və kino aktyorluğu öyrədilirdi, amma daha çox teatrdan keçmişik. Kino haqqında çox az öyrənirdik. Heç bir praktikamız yox idi. Teatrı isə çox yaxşı bilirdik. Bu fakültəni bitirənlərə teatr haqqında hər şeyi öyrədirlər. Amma universitetdə kino aktyorları dərs demir. Məsələn, Rasim Balayev, Fəxrəddin Manafov, Fuad Poladov universitetdə dərs demirlər. Yalnız teatr aktyorları dərs dediyindən, teatrı daha yaxşı bilirik. Mənim bu gün öyrəndiklərim də ancaq praktika sahəsində əldə etdiklərimdir. Mən nələrisə Hollivud filmlərinə, İran filmlərinə baxıb öyrənmişəm.
– İran filmlərinə?!… Əlbəttə, İran kinematoqrafı böyük sıçrayış edib. Bu yaxınlarda onların bir məşhur kinorejissoru da vəfat etdi.
– Bəli, çox məşhur rejissor idi. İran filmləri elə bir səviyyəyə çatıb ki, Monika Beluççi də İranın “Kərgədan fəsli” filminə çəkilib və bunu ən maraqlı işi hesab etdiyini vurğulayıb. İran filmlərini çox izləyirəm.
– Türk dizilərinə münasibətiniz necədir?
– Çox pis. Türk dizilərini mən klip kimi görürəm.
– Məsələn, “Möhtəşəm yüz il” dizisi…
– Açığı, çox baxmıram, amma xəbərim var. İndi gözümün qabağına gəlir. Çöx gözəl görüntü, kostyumlar…
– Amma türk diziləri türk kinosu üçün aktyor hazırlayır.
– Bəli, məktəbdir. Mən özüm də serialda təcrübə topladım və indi nəsə bilirəm. Amma türklər aktyorlar üçün kurslar keçirlər. Məsələn, hansısa model obraza uyğundursa, onu gətirib, öyrədirlər. Bizdə belə bir şey yoxdur.
– Son illər ərzində məncə, türk serialı böyük sıçrayış edib. Əgər onları bəyənmirsinizsə, bizim seriallara münasibətiniz necədir?
– Mən heç bizim serilları da bəyənmirəm. Amma başa düşürəm ki, biz hələ öyrənirik.
– Bir müddət öncə telekanallara seriallarım çəkilməsi üçün pul ayrıldı. Və kanallar da seriallar çəkməyə başladılar. Bu prosesdə irəliyə doğru addımlar varmı?
– Çox böyük addımlar var. Və bu iş üçün vəsait ayrılması böyük əhəmiyyətə malikdir. Ən azı bir neçə truppa işə başladı. İş yeri, təcrübə oldu. Bir az püxtələşdik, təcrübə qazandıq. Onun nəticəsidir ki, bu gün hələ də çəkilirik. Kim bacardısa qaldı, yerdə qalanlar isə ələndi. Amma bu gün də təzə seriallar çəkilir. “Məryəm” serialında mən də çəkilirəm. Bu təşəbbüsə başlamasaydılar, çətin ki, bu yerdə olardıq.
– Bizim seriallarda adətən xüsusi bir səhnələrin, əlbəsələrin tələb olunmadığı ailə-məişət məsələləri qabardılır. Tarixi hadisələr, böyük tarixi şəxsiyyətlərimizlə, ötən əsrin əvvəllərinin neft bumu ilə bağlı seriallar çəkmək cəhdi olurmu? Sizin bu sahənin adamı kimi fikriniz maraqlıdır.
– Bir layihə var idi – “Qarabağnamə”, tarixi serial idi. Mən də çəkilmişdim, amma sadəcə hansısa problem üzündən efirə getmədi. İctimai TV-də Cavid Təvəkkül çəkirdi.
– Bəs nə üçün ekranlara çıxmadı?
– Bilmirəm, nə oldusa, yarımçıq qaldı. Mən də orada İran elçisi rolunda gedirdim. Dekorasiyalar qurulmuşdu, əlbəsələr var idi. Kinostudiyanın öz pavilyonunda çəkilirdi. Amma sonra nə oldu, anlamadım. İndi isə gələk niyə ailə-məişət mövzusunda seriallar çəkilməsi məsələsinə. Əhalinin tələbatı bizim seriallara və filmlərə sızır. Hansısa ciddi, qlobal mövzuda çəkəndə görürlər ki, tələbat yoxdur.
– Amma tələbatı da formalaşdırmaq lazımdır. Əminəm ki, məsələn Hacı Zeynalabdin Tağıyevin həyatından bir serial olsaydı, çox maraqla baxılardı. İnsanlar hələ də ona rəhmət oxuyurlar, xatirələrdə yaşayır və bundan istifadə etmək olar. Əlbəttə, hansısa ailə-məişət mövzusundakı serialla müqayisədə bu, daha böyük zəhmət və hazırlıq tələb edir. Amma mərhumun evi olmuş indiki Azərbaycan Milli Tarix Muzeyində heç dekorasiyaya da bəlkə ehtiyac yoxdur.
– Amma indi tarixi serialın çəkilməsinin də öz çətinlikləri var. Küçəyə çıxırsan, hara baxırsan müasir bir aksessuar var. Onu yığışdırmaq çox çətindir. Mən 1989-cu ildən bəhs edən bir layihədə iştirak edirdim. Çox çətin idi, bütün günü rəssam əlindəki plakatla gah bu, gah da digər aksessuarın üstünü örtürdü.
– Hər kəsin öz planı olur. Siz necə, plan tuta bilirsinizmi?
– Bəli.
– Hədəflər nədir?
– Absurd səslənə bilər, amma yenə də deyim. Bu qış mən Avropada oldum – Vyanada, Avstriyada. Oradakı dostlarımla görüşdüm. Avstriyadakı universitetlə maraqlandım. İstəyirəm ki, işlərimi bitirib, Avropaya gedim, aktyorluq sahəsində təhsilimi davam etdirməyə. Hiss edirəm ki, buna qadirəm, bu potensialı, gücü özümdə görürəm. Bir qədər çətinliyə dözüb, nəsə etmək olar. İndi ingilis dilini öyrənirəm. Universitetə girmək alınsa, bu təhsil müəssisəsinin özü alman dili kursları ayırır. Dillərə yiyələnməyim dünyaya çıxışıma imkan verəcək. Həm də biz özümüzə məxsus sima kimi Avropada maraqlı olarıq.
– Neçə yaşınız var?
– 25. Mən indi planlı şəkildə bu istiqamətdə gedirəm. Hələlik Avropaya təhsil almağa gedəcəm, oradan da kastinqlərdə iştirak etməklə bəlkə də Hollivuda düşərəm.
– Burada qeyri-real heç nə yoxdur.
– Qeyri-real heç nə yoxdur, amma bizim bir aktyor bu barədə düşünsə, heç nə etməyəcək. Sanki tənbəllik bizim qanımızdadır. İnandırım ki, mən gündə 4-5 saat öz sənətimə ayırıram, ora-bura qaçıram. Amma bilirəm ki, məqsədim var və ona doğru gedirəm. Mənə elə güc verən də budur.
– Bəs Sizə elə gəlmir ki, perspektivli sayılan aktyorların karyeraları ilə dövlət, hansısa prodüser mərkəzləri məşğul olmalıdır?
– Mən bilən belə şey Azərbaycanda yoxdur. Düzdür, Rusiyaya oxumağa göndərirlər. Bu yaxınlarda 2-3 rejissoru göndərdilər. Ən yaxşı halda Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna göndərirlər. Amma indi heç oranın sistemi də uyğun deyil. Bəlkə də bizdə dedikləriniz var, amma aktyorluqla bağlı mənim rastıma çıxmayıb.
– Facebook səhifənizdə bir neçə bədii qiraət nümunəsi ilə bağlı klipvari “rolik”lər qoymusunuz. Bu hansısa bir layihənin tərkib hissəsidir, yoxsa özünüz maraq üçün bu şeirləri söyləyirsiniz?
– Hələ universitetə qəbul olunmamışdan qabaq da ədəbiyyatla çox maraqlanırdım. Bacardığım qədər şeir, roman, dünya ədəbiyyatından nümunələr oxuyuram. Həmişə də istəmişəm ki, oxuduqlarımı paylaşım. Hətta oxuduğum kitabların şəkillərini də paylaşıram. Bu söylədiyim şeirlər də heç bir layihənin tərkib hissəsi deyil. Mən bunları çoxdan özüm çəkib, internetə qoyurdum. Axırıncı dəfə Sabirin bəhri-təvilini paylaşanda isə bu böyük səs-küyə səbəb oldu. Və beləcə ardıcıl olaraq davamı da gəlir.
– Ədəbiyyatdan o qədər də xəbəri olmayan adamların haqsız tənqidləri Sizi narahat etmir?
– Xeyr, özümü o yerə qoymuram. Ortada bir iş varsa, tərif də, tənqid də olacaq.
– Yaradıcı insanların bir-biri ilə yola getməsi çox çətin məsələdir. Belə təsəvvür də var ki, bəzi sənət adamları gündəmə gəlmək və unudulmamaq üçün özləri bu münaqişələri yaradırlar. Bəs Sizin sahədə vəziyyət, özünüzün bu məsələlərə münasibətiniz necədir?
– Ola bilsin ki, kimlərsə doğrudan da gündəmdən düşmək istəmir. Amma mənim yanaşmam fərqlidir. Məsələn, mən bir ara seriala, filmə çəkilmədim. Başladım alternativlər axtarmağa, iş görmək istəyirəm. Fikirləşirəm, ssenari yazıram. “Oyuncaq” adlı şeirim var, ona klip çəkdim, montaj etdik. Gündəmə heç kimi təhqir etmədən, heç kimə söz atmadan gəlirəm. Məncə, hər bir aktyor şeir deməyi də bacarmalıdır və şeir deyirəm.
– Bəs kimsə Sizi təxribata çəksə və ya hücum etsə necə?
– Mən belə halları görməməzliyə vururam. Məsələn, bəzən “Youtube”də şərh yazırlar. Yazanı tanımıram, amma görürəm yazıb ki, bu oğlanı tanıyıram, dəlidir, Sahil qəsəbəsində avtobuslarda şeir deyib, pul alır. Halbuki mən heç Sahil qəsəbəsində olmamışam. Ona görə də gülüb, üstündən keçirəm. Öz sahəmdən olan bir şəxs etiraz etsə, yazaram ki, bir iş də o ortaya qoysun.
– Uğurlar.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az