Tanınmış jurnalist Səfurə Çərkəzqızının bu günlərdə “ÇapArt” nəşriyyat evində “Sevdalılar” adlı kitabı nəşr olunub.
Dekabrın 10-da Gənc Tamaşaçılar Teatrında bu kitabın təqdimat mərasimi oldu. Ziyalıların, media təmsilçilərinin və kitabsevərlərin iştirak etdikləri tədbirdə kitab haqqında xoş sözlər söyləndi.
“Sevdalılar” jurnalist Səfurə Çərkəzqızının ikinci kitabıdır. Altı bölümdən ibarət olan kitabda müəllifin müxtəlif dövrlərdə yazdığı araşdırmaları, reportajları, müsahibələri, köşə yazıları yer alıb. Kitab oxucuya məşhurların həyatı, yaradıcılığı, sevgiləri ilə bağlı maraqlı bilgilərə sahib olmaq, onları daha yaxından tanımaq şansı verir”.
“Fələyin hökmü…”, “İncə məqamlar…”, “Eşq havası…”, “Statusdan kənar…”, “Tanrı üçbucağı…”, “Zamansızlar…” adlı bölümlər sanki rəngli şüşələr kimi mahir usta tərəfindən vahid şəbəkə halına salınıb.
Kitabın redaktoru Səhər Əhmədin sözləri ilə desək, “kitabda müsahibələrdəki suallardan tutmuş reportajlardakı təsvirə, bədii yazılardakı təhkiyəyə qədər bir dəst-xətt var. Hiss olunur ki, müəllif bütün yazılarının üstündə əsib, heç birinə başdansovdu yanaşmayıb”.
Kitab əsasən tanınmış insanların etiraflarıdır. Bəzi yazılarında müəllif qəsdən arxa plana keçir və meydanı qəhrəmanlarına verir. Müsahibələr dialoq formasında qurulub. Belə bir rakurs yalnız müsahibi deyil, həm də müəllifi şəxsiyyət kimi göstərir. İş, yaradıcılıq, ailə, həyata, ölkəyə, insanlara münasibət bu dialoqlarda üst-üstə düşə və düşməyə bilər ki, bu da onları daha canlı və oxunaqlı edir, oxucuya düşünmək üçün əlavə impulslar verir.
Daha maraqlısı isə bu dialoqlarda tanıdığımız insanlar yalnız peşəkarlıq baxımından deyil, həm də şəxsi həyatları ilə görünürlər (Cümşüd Nuriyev, Ayaz Salayev, Zərdüşt Əlizadə). Müəllif sanki gözəgörünməz bir qüvvə ilə onların həyatlarının geniş oxucu kütləsi üçün qapalı olan tərəflərini açır (Nəbi Xəzri, Aqil Abbas, Rafiq Hüseynov, Fəxrəddin Miralay). Bir-birinin ardınca gələn müxtəlif mövzuların məntiqi zənciri müsahibə qəhrəmanlarını oxucuya hərtərəfli surətdə təqdim edir (Kamal Abdulla, Mübariz Qurbanlı, Mövlud Süleymanlı, Səyyad Aran).
Səfurə Çərkəzqızı öz kitabı haqqında deyir: “Məncə, bu dünyada olan, olmayan – bütün sənətkarların, tanınmış insanların, bir sevda yolçusunun həyat hekayəsi, xatirələri həmişə maraqlıdır. Bu xatirələr, hekayələr, söhbətlər unudulmasın, itib-batmasın deyə, onları kitaba salmağı düşündüm. Kitabınsa adını “Svdalılar” qoydum. Hər yazının öz sevdası, sevdalısı var”.
“Sevdalılar” bir növ Səfurə Çərkəzqızının zəngin və məhsuldar fəaliyyətinin bir mərhələsinin yekunudur. Amma bu kitabda müəllifin tükənməz enerjisi və nəhəng potensialı aşkar göründüyündən, dərhal inanırsan ki, o, həm də hansısa yeni mərhələnin başlanğıcıdır.
Gündüz Nəsibov
1905.az