Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhədə törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçu Abdullayev Aqşin İsmayıl oğlu bu gün doğulduğu Şəki rayonunda torpağa tapşırılıb.
APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, şəhid hərbçinin anadan olduğu Kiş kənd qəbiristanlığında keçirilən dəfn mərasimində Müdafiə Nazirliyinin, şəhidin xidmət etdiyi hərbi hissənin, rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Şəhidin tabutuna çəkilmiş Azərbaycan bayrağı onun ailə üzvlərinə təqdim olunub.
Yaylım atəşindən sonra şəhid hərbçi torpağa tapşırılıb.
Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.
Şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə dünən döyüş meydanından təxliyə edilib.