
Torpaqlarımızın azad edilməsi üçün silaha sarılaraq canlarını fəda edən şəhidlərimizdən olan Vüsal Məmmədovun xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub və müqəddəs amal uğrunda şəhadətə ucalan şəhidlərin şərəfli həyatından bir daha söhbət açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Vüsal Məmmədovun anım mərasimində ailə üzvləri ilə bərabər rayon icra hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar iştirak ediblər.
Qeyd edək ki, Məmmədov Vüsal Qüdrət oğlu 1990-cı il iyunun 3-də Füzuli rayonunun Musabəyli kəndində dünyaya göz açıb. Üç yaşında olarkən ailəsi ilə birlikdə doğma yurdundan didərgin düşüblər. Uzun illər çadır şəhərciyində yaşayan Vüsal yaşa dolduqca Vətən həsrəti ilə böyüyüb. O, gələcəyin hərbçisi olmaq arzusu ilə yaşayıb. Sonralar Vüsal və ailəsi yeni salınan Zobucuq qəsəbəsində məskunlaşıblar. Həqiqi hərbi xidmətini Dəniz Donanmasında yerinə yetirən Vüsal daha sonra müddətdən artıq hərbi qulluqçu olaraq Vətən keşiyində dayanıb. 2015-ci ildə hərbi hissə nəzdində təməl xüsusi təyinatlı kursunu bitirən Vüsal əvvəlcə kiçik miçman rütbəsini alır. 2017-ci ildə miçman rütbəsinə yüksələrək, manqa komandiri, Xüsusi Təyinatlı Qrupun dalğıc-kəşfiyyatçısı olaraq xidmətini davam etdirib. Peşəkarlığı və bacarığı ilə fərqlənən Vüsal hələ sağlığında “Azərbaycan Ordusunun 100 illiyi” (1918-2018) medalı ilə təltif olunub. Müharibə başlayanda Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı piyadalarının tərkibində döyüşə qatılan Vüsal qəhrəmanlığı ilə seçilib. Onun ilk döyüş yolu sentyabrın 27-də Murov dağından başlayıb, döyüşçü yoldaşları ilə birgə ilk tapşırığın öhdəsindən layiqincə gəliblər. Sonrakı tapşırıq isə Cəbrayıl rayonu istiqamətində olub. Cəbrayılın azad edilməsində, həmçinin bir çox yüksəkliklərin alınmasında şücaəti ilə seçilib. Vüsal və onun tərkibində olduğu qrupun növbəti tapşırığı Füzuli istiqamətində olub və bu döyüşlərdə bir çox strateji mövqeyə malik ərazilərin alınmasında iştirak edib. Oktyabrın 12-də gərgin döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Füzuli rayonu Babı qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vüsal Məmmədov ölümündən sonra “Qarabağ ordeni” və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.