Ötən gün şəhid olan Azərbaycan Ordusunun kiçik çavuşu Kərəm Nöhbalayev bu gün doğulduğu Xaçmaz rayonun Sayad kəndində torpağa tapşırılıb.
“Qafqazinfo” xəbər verir ki, Xocalı faciəsinin 22-ci ildönümündə döyüş tapşırığını yerinə yetirərkən şəhid olan Azərbaycan ordusunun kiçik çavuşu Nöhbalayev Kərəm Şahin oğlunun cənazəsi bu gün doğulduğu Xaçmaz rayonunun Sayad kəndinə gətirilib. Şəhidin Azərbaycan bayrağına bükülən cənazəsi xidmət etdiyi hərbi hissənin əsgər və zabitlərinin müşayəti ilə torpağa tapşırılıb. Dəfn mərasiminə rayon rəhbərliyi və ictimaiyyəti, eləcə də kənd sakinləri qatılıb.
Atəşkəsin pozulduğu Tərtər rayonu istiqamətində şəhid olan 19 yaşlı Kərəm Nöhbalayev ötən ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Əmisi Rafiq Nöhbalayev isə fəxrlə bildirir ki, qardaşı oğlu şəhid olub.
Şəhid olan kiçik çavuş Nöhbalayev Kərəm Şahin oğlu müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Şəhid ilk dəfə olaraq, hərbi xidmət zamanı həlak olan və dünyasını dəyişən hərbçilərin dəfn mərasiminin təşkili ilə bağlı xüsusi qaydalardan irəli gələn tələblərlə dəfn olunub. Hərbi qarovul düzülərək havaya yayılım atəşi açılıb.
Şəhidin məzarı üzərinə Müdafiə Nazirliyi adından əklil və gül dəstələri qoyulub. Tabut üzərinə sərilən üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün Şəhidin ailəsinə təqdim edilib.
Allah rəhmət eləsin.
Emin Kərimov