O zamanlar şəhərin mərkəzində – Baksovet metrosu (indiki İçərişəhər) ərazisində yerləşən 132 və 190 saylı məktəblərin nüfuzu çox böyük idi. Mənim də qismətimdə 1982-1992-ci illərdə ölməz Hüseyn Cavidin adını daşıyan 132 saylı məktəbdə təhsil almaq olub.
İbtidai sinif müəllimim Zivər Hüseynzadə çox zəhmli, hədsiz tələbkar və hətta deyərdim ki, bir az qəddar müəllim idi. Bu xanımın simasında zəif təbəssüm belə olmazdı. Yazımızdan, nitqimizdən, davranışlarımızdan tutmuş düzgün qamətimizə qədər bizi nəzarətdə saxlayırdı. Valideynlərimizlə sıx əlaqədə olar, hər birimizin özümüzü evdə necə aparmağımız ilə maraqlanardı. Sinifdə isə evdəki nadincliklərimizə görə bizi danlayardı. Çox çəkinirdik ondan. Sinifdə avtoritar ab-hava yaratmışdı. “Əti sənin, sümüyü mənim” prinsipi ilə dərs keçərdi. Sözün əsl mənasında, bizi “qəlib”ə salmışdı. Bu gün bütün bunları düşünəndə Zivər xanımı rəhmətlə anıram. Üzərimizdə böyük zəhmət çəkirdi. Fədakar idi, şagirdlərinə canını qoyurdu, tərbiyə verirdi. Hər birimizə diqqət ayırırdı. Canımızı alırdı, amma öyrədirdi, oxudurdu, ən zəif şagirdi belə irəli aparırdı…
Sonralar sinif rəhbərim olmuş Tomrida xanım Fərzullayeva kübar təbiətli, xanım-xatın bir qadın idi. Rəhmətliyi incidirdik. Nazımızla oynayırdı. İndi xatırlayanda vicdan əzabı çəkirik. Sinfimiz nadinc olsa da, məsuliyyətli idi. Öhdəmizə düşən vəzifələri canla-başla yerinə yetirirdik. Həmişə də nümunəvi şagirdlər olmağa çalışırdıq. Müəllimlər otağında bizim “A” sinfinin adı həmişə öndə çəkilirdi. Mehribanlıq, təşkilatçılıq sinfimizdə yüksək səviyyədə idi. Hamısı Tomrida xanımın zəhmətinin nəticəsi idi. Hər bir uşağa fərdi yanaşır, problemi ilə maraqlanırdı. Tez-tez də danlayırdı bizi, inciyirdi bəzən, dediyim kimi, nadinc idik. Üzərimizdə haqq-sayı böyük idi.
Digər ərəb dili müəllimim Fəxriyyə xanım zəhmli idi, ərəb dilini məhz ona görə sevmişdim. Ərəb dilində mətnləri saniyə ilə oxumağımızı unuda bilmirəm. Həm də yaraşıqlı qadın idi. Biz 7-ci sinifdə oxuyan vaxt xərçəngdən vəfat etdi. Ağlamışdım.
Dil və ədəbiyyat müəllimlərimdən Çimnaz xanım bu yaxınlarda avtomobil qəzası nəticəsində dünyasını dəyişdi. Qəribədir ki, müəllimlərimizin əksəriyyəti dünyadan faciəvi şəkildə köçdülər… Çimnaz xanım bizim sinfi çox istəyirdi, xüsusi bağlılığı var idi bizə, sanki əziz qohum-əqrəbaları idik. Həftədə bir dəfə inşa yazardıq. Qəfildən ifadə yazdırardı, bizə şok yaşadardı )). Səhv etməkdən qorxurduq. Tələffüzə, intonasiyalara çox fikir verərdi.
Digər dil və ədəbiyyat müəllimim, həm də məktəbin “zavuç”u Rəfiqə xanımda isə ilahidən gələn bir səbir, təmkin vardı. Xanım-xatın idi. Könül oxşayan səs tonu vardı. Mükəmməl nitqə malik olan bu xanım mövzunu birnəfəsə izah edərdi. Söz ehtiyatı sanki bir bulaq idi, qaynayırdı.
Coğrafiya müəllimim Oltema xanım! Bu fənni keçdiyimiz ilk ili müəllimin qəribə adını əzbərləməklə də məşğul idik )). Gah Altema deyirdik, gah Antena, bəzən Otello…. Öz aramızda isə Pantera da deyirdik. Həqiqətən də zəhmi pantera kimi vahimə yaradırdı adamda. Canımızı ala-ala öyrədirdi, dərsi sevdirirdi.
Botanika, zoologiya, biologiyadan dərs demiş Tofiqə xanım… Mükəmməl müəllim idi. Zəhm, tələbkarlıq da öz yerində. Kobudluğu da vardı, incəliyi də. Oxuyurduq dərsini. Mövzuları özünəməxsus üslubda, obrazlı şəkildə beynimizə yeridirdi. Özü də ürək qoyurdu. Çox sevirdim onun dərsini.
Qədim dünya tarixi ola, Məhluqə xanım ola… Bir nağıl idi tarix dərsi. Qeyri-adi səs tonu ilə fərqlənir və dərsi izah edəndə sanki biz şagirdləri hipnoz edir, hadisələri canlandırırdı. Sinifdə uçan milçəyin səsi eşidilərdi. Necə gözəl dərs keçirdi, ilahi… Hamımız onun dərsində hayl-mayıl olurduq. Mövzular ürəyimizin içinə yayılırdı. Ondan yüksək qiymət almaq çox çətin idi, amma çalışırdıq, alırdıq. Pedaqoji fəaliyyətə yeni başlayanda onu özümə ideal bilirdim.
Rus dili müəllimim Leyla Quliyeva bizimlə əsl dost idi. Mülayim idi, tələbkar idi. Həm də gözəl idi. Digər rus dili müəlimim Nüşabə Tağıyeva da çox mehriban, üzügülər, mülayim xanım idi. Onların dərsini sevməyən şagird yox idi.
Kimya – Əşrəf müəllim, fizika – Əhəd müəllim… Rəhmətliklər möhkəm dost idilər, sanki bir tandem təşkil edirdilər. Məşhur ayamaları da vardı. 132-ni bitirən bütün məzunlar bu ayamaları bilirlər. Çox tələbkar idilər. Bu fənlərdən yüksək qiymət almaq hər şagirdə nəsib olmurdu. Sıxırdılar, amma öyrədirdilər. Riyaziyyatdan Famil müəllim də həmçinin. Çox maraqlı dərs keçirdi. Sevdirirdi fənni. Onun da bizim sinfə qəribə bağlılığı vardı. Sanki əmimiz, dayımız idi.
Yeni tarixdən Fəridə xanım, Aydın müəllim, hərbi hazırlıqdan Ağababa müəllim, idman – Akif müəllim, Tamilla xanım, əmək müəllimləri Rafiq müəllim, Səmimə xanım, rəsm Validə xanım… Və adlarını çəkmədiyim digər müəllimlər…
“Zavuç”larımız – ağ Əzəmət, qara Əzəmət. Adaşlardan biri ağbəniz, digəri isə qarabəniz idi və onları bu adlarla ayırırdıq.
Direktorumuz isə nəcibliyi, məlahəti və tələbkarlığı ilə seçilən Aliyə xanım Təhmasib idi. Kübar xanım idi. Heyranlıqla baxırdıq ona – görünüşünə, yerişinə, səsinin tonuna… Hər bir şagirdə o qədər incə və qayğı ilə davranardı ki… Qeyri-adi zərafət vardı onda… 132-ni yaşadırdı…
O zamanlar şəhər məktəbləri içərisində bizim müəllimlərin xüsusi çəkisi, ad-sanları vardı. Onlar bizi təkcə öyrətmir, həm də həyata hazırlayırdılar. Hər dəfə uşaqlarla yığışanda xatırlayırıq, bəzən kövrəlirik, bəzən də heyfslənirik. Sevirdik onları – hər birini… Məktəbi sevirdik, dərslərimizi sevirdik. Hazırlıqsız dərsə getməyimizi sevirdik, yaxşı oxuyanları, dostluğumuzu sevirdik. Paxıllıq, qibtə yox idi. Sinif uşaqlarımızın əksəriyyəti çalışqan idi. Zəif oxuyanlarımız da vardı, bacardıqca onlara kömək etməyə çalışırdıq. Amma hamının da dünyagörüşü geniş idi. Bütün bunları bizə müəllimlərimiz aşılayırdı. Onlar bizi məsuliyyətə, nizam-intizama, həyata öyrədirdilər. Nadinc olsaq da, hər şeyin yerini bilirdik. Öyrənirdik, savadlanırdıq, şəxsiyyət kimi yetişirdik… Bütün bunlar müəllimlərimizin sayəsində idi. Günümüzün yarısı evdən kənarda, məktəbdə keçirdi. Biz müəllimlərimizdən qayğı, sevgi görürdük. Sözün əsl mənasında, həyatımızda can qoyurdular… Onlar başqa aləm idi, hər biri mükəmməl idi…