Tədqiqatçı-jurnalist Səriyyə Müslümqızı www.1905.az portalının suallarını cavablandırdı.
– Səriyyə xanım, bilirik ki, Sizin Xocalı faciəsi haqqında bir çox kitablarınız və əsərləriniz var. Elə söhbətimizə bundan başlamaq istərdik.
– Xocalı haqqında danışmaq mənim üçün asan deyil. Bu gün Xocalı yoxdur, amma nə yaxşı ki, orada baş verən hadisələrin şahidləri var. Nə yaxşı ki, o torpaq uğrunda iş görənlər, ürəyi Vətən üçün çırpınan, Vətən üçün çalışan insanlar var. Sizlər də həmin insanlardansınız. Xocalı haqqında çox danışılıb, çox deyilib. Mən kitablarımda, sənədli filmlərimdə Xocalı haqqında danışmışam. Amma mən bu gün həmin hadisələrlə bağlı lakonik danışmaq istəyirəm. 1988-ci ilə qədər Xocalının 7 min əhalisi olub. 1988-ci ildən sonra, Dağlıq Qarabağın digər kəndlərindən olan məcburi köçkünlər, Qərbi Azərbaycandan və Özbəkistanın Fərqanə vilayətindən qaçqınlar Xocalıya pənah gətirdilər. Beləcə Xocalının əhalisinin sayı 10 min nəfəri ötdü. Balaca bir kənd böyüdü, şəhər və rayon statusu aldı.
Bu gün Xocalı olmasa da, bizim ürəyimizdə, qəlbimizdə həmişə Xocalı yaşayır və yaşayacaq. On iki kitab müəllifiyəm və kitablarım bir çox xarici dillərə tərcümə olunub. Mən AVCİYA-nın da bu mövzuda “Milyon imza-bir tələb” kampaniyası kimi böyük tədbirlərinin şahidiyəm.
Mən “Onlar heç vaxt böyüməyəcəklər” kitabım haqqında danışmaq istəyirəm.
– Yəni Xocalının şəhid olmuş uşaqları haqqında…
– Bəli. Bu əsər Xocalıda şəhid, əsir, girov və itkin düşmüş uşaqlar haqqındadır. Bir zamanlar bu uşaqlara dərs demişəm. Xocalı şəhər 1 saylı orta məktəbdə müəllim işləmişəm. Uşaqlardan 5 nəfəri 11-ci sinifdə oxuyurdu. Mən onların sinif rəhbəri idim. Həmin uşaqlar məktəbdə oxuya-oxuya Xocalı özünümüdafiə batalyonuna yazılmışdılar. Xocalı hadisələri zamanı da şəhid, itkin düşdülər, girov götürüldülər, əzab-əziyyətə məruz qalaraq oradaca dünyalarını dəyişdilər. Bu kitabın redaktoru da elə mərhum jurnalist Məmməd Nazimoğlu idi. Bu kitabı yazmaq mənim üçün çox çətin idi. Çünki onların hər birini tanıyırdım, sevə-sevə onlara dərs demişdim. Çoxunun iç dünyasını bilirdim. Ona görə də fikirləşdim ki, bir müəllim kimi bu uşaqların ruhu qarşısında son borcumu yerinə yetirməliyəm. Kitab üzərində Məmməd müəllimlə birgə çalışdıq və onu ərsəyə gətirdik. Amma təəssüf ki, sonradan bu yazıları özününküləşdirənlər oldu.
– Bu əsərdəkiləri?
– Bəli. Mən onu açıq ürəklə internetə qoymuşdum ki, istifadə etsinlər və müəllifin adını göstərsinlər. Hətta 2005-ci ildə çıxan bu kitabdakı şəkilləri götürüb, ondan sərgi hazırladılar. Halbuki onlara demişdim ki, əsəri də onlara verəcəyəm, şəkilləri də. Sadəcə müəllifi göstərsinlər. Sərginin adını da mənim kitabımın adından götürmüşdülər…
– Əsas odur ki, Xocalı mövzusu yaşayır…
– Elədir. Bu gün heç kəs 1992-ci il fevralın 25-dən 26-na keçən gecə haqqında ətraflı heç nə bilmir. Çünki həmin gecə Kətik meşəsində jurnalist yox idi. Mən anamı, yaxınlarımı itirmişdim. O vaxt AzTV-nin müxbiri var idi – Allahverdi Əsədov. O, mənə bildirdi ki, xarci jurnalistlər bir qrup yaradıb, Xankəndinə gedirlər. Təklif etdi ki, mən də həmin dəstəyə qoşulum, bəlkə yaxınlarımdan bir xəbər tuta biləm. Çünki bu jurnalistlər əsirlərlə də görüşəcəkdilər. Getdik, məni onlara təqdim etdi, bildirdilər ki, onlar bu dəstəni könüllülərdən yaradıblar və buraya azərbaycanlını, yaxud türkü daxil edə bilməzlər. Onların təhlükəsizliyinə təminat verə bilməyəcəklərini söylədilər. Həmin jurnalistlərin bir qismi visdanla borclarını yerinə yetirdilər, amma bir qismi də “Arsax qəhrəmanlarını” vəsf etdilər. Sonralar mən “Xocalı əcnəbilərin gözü ilə” sənədli filmimdə də bu epizodu canlandırdım. Və film Xarici İşlər Nazirliyinin vasitəsi ilə xaricdəki bütün səfirliklərimizə çatdırıldı…
Bu gün Leyla xanım Əliyeva Xocalı faciəsini tanıtdırmaq üçün çox böyük işlər görür, tədbirlər keçirir. Avropada belə tədbirləri keçirmək mən bilirəm ki, nə qədər çətindir. Xariciləri dəvət etmək, onları maraqlandırmaq, salona yığmaq böyük güc, qüvvə tələb edir.
– Xaricdə keçirilən bəzi “Xocalı tədbirləri” isə soydaşlarımızın bir yerə yığışıb, o dəhşətli hadisələri xatırlamasından ibarətdir. Əslində bu adamlar onsuz da Xocalı hadisələri haqqında məlumatlıdırlar. Həmin tədbirlərdə əcnəbilərin sayı elə də çox olmur. Buna münasibətiniz necədir?
– Dediklərinizlə tamamilə razıyam. Bizim nə qədər tələbələrimiz Avropa ölkələrində təhsil alırlar. Həmin tələbələr doğrudanmı bir yerdə oxuduqları əcnəbilərin bir neçəsini cəlb edib tədbirə gətirə bilmirlər? 2013-cü ildə mən Macarıstanda Kütləvi qırğınların qarşısının alınması ilə bağlı beynəlxalq konfransda idim. İnsan haqları üzrə müvəkkil Elmira Süleymanova ilə birlikdə getmişdim. Səfir Vilayət Quliyev maraqlı auditoriya toplamışdı, bir çox ölkələrdən diplomatik korpusun, diasporların nümayəndələri var idi. Xocalı hadisələrinin şahidinin danışdıqları əsasında onlarda bu faciə haqqında müəyyən fikir formalaşdı. Ona görə də deyim ki, verdiyiniz bu sual mənim üçün ən ağrılı məsələlərdəndir. Bu, bizim ən ağrılı problemlərimizdəndir. Məni ağrıdır ki, ermənilər öz yalanlarını söylədikləri tədbirlərə daha çox adam cəlb edə bilirlər.
– Bəlkə də növbəti sual bir az yersiz səslənə bilər. Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlı faciəsi baş verib. İstərsə 1918-ci ildə, istərsə də 1990-cı illərdə ermənilər azərbaycanlılara qarşı saysız-hesabsız soyqırımı aktları törədiblər. Amma biz daha çox Xocalıdan danışırıq. Sadəcə “Google”də “Xocalı” və “Qaradağlı” yazsaq, görərik ki, Xocalı haqqında müqayisəyəgəlməz dərəcədə çox material çıxır. Əlbəttə Xocalı bir rəmzdir. Amma bu proporsiyanı bir qədər dəyişmək üçün nə edilməlidir?
– Bu sualı yersiz hesab etmirəm, hətta günün ən aktual suallarındandır. Elə saytınızın adından da görünür ki, ermənilər 1905-ci ildə də soyqırım törədiblər. 1905-ci ildə də babalarımın yaşadığı Köhnə Xocalı yandırılıb. Qaradağlının miqyasına, məkanına görə faciəsi də böyükdür. Nə qədər insan amansızlıqla, qəddarlıqla qətlə yetirilib. Bir müddət öncə biz, bir neçə təşkilat rəhbəri yığışıb, Qaradağlı faciəsi ilə bağlı tədbir keçirəndə, Bakıda çoxları soruşurdu ki, Qaradağlı faciəsi nə deməkdir? Təəssüf doğuracaq haldır. Mən “Xocalıdan gələn var” kitabımda Qaradağlıda şəhid olanlar barəsində də məlumat verdim və saytlara qoydum ki, Qaradağlı faciəsi haqqında insanların məlumatı olsun. Lakin təəssüf ki, həmin kitabı təkrar nəşr edən, bu mövzuda film çəkdirən yoxdur. Təəssüf ki, bizim imkanlı adamlar da, ermənilərdən fərqli olaraq bu işə vəsait qoymurlar. Bax, buna görə də mən Sizin bu sualınızı qətiyyən yersiz hesab etmirəm. Xocalı soyqırımı zamanı Xocalıda döyüşən 21 könüllü oğlumuz olub. Bu gün onlar haqqında da məlumat yoxdur. Yalnız 1-2 nəfəri tanıyır, onlardan yazırlar. Halbuki onlar könüllü idilər, çıxıb gedə də bilərdilər. Amma getmədilər, ölümün gözünə dik baxdılarr. Mən Aqil Quliyev haqqında material toplamışam, amma çap etdirə bilmirəm. Elə bütün kitablarımı öz maliyyəm hesabına çap etdirmişəm.
– Xocalı faciəsindən 25 il ötür. Xocalı faciəsini yaşamış insanlarımızın içində dünyasını dəyişənlər çoxdur. Beləcə biz bir çox xatirələri itirmişik. Diktafona, kompüterin, kameranın yaddaşına köçürülməmiş çoxmu xatirə var?
– Bu gün elə bil ki, yaralı yerimə toxunan və mənim üçün önəmli olan suallar ünvanlayırsınız. Bu sualları qabartmağınız mənim üçün çox xoşdur. Xocalı soyqırımının canlı şahidlərinin çoxunu artıq itirmişik. Onların hamısı bir əsər idi. Qalanların da yaddaşlarında artıq çox şey qalmayıb. Əsirlik həyatı yaşamış adamın həyat yoldaşının danışdıqlarını heç olmasa yazaq. Mən nəşr etdirə bilməsəm də, biri çıxıb, nəşr etdirər. Təki soyqırımımız haqqında yazsınlar. Dediyiniz kimi, dünyasını dəyişən adam özü ilə bir əsərin materialını da aparır. Mənim əmim üç oğlunu itirmişdi. Oğlanlarından biri Viktor Polyaniçkonun sürücüsü idi. Onu 1991-ci il noyabrın 1-də Əsgəranda öldürmüşdülər. Əmim də balalarının dərdi ilə dünyadan köçdü. Görün, nə qədər xatirə getdi. Sabah Səriyyə Müslümqızı da olmayacaq. Amma yazdıqları qalacaq.
– Xocalı faciəsi erməniliyin bizə qarşı törətdiyi qanlı cinayətlərin bir epizodudur. Bu illər ərzində xarici səfərləriniz zamanı, yaxud mediada izlədiklərinizə əsasən ayrı-ayrı ermənilərin Xocalı hadisələrinə görə xəcalət çəkdiklərini, ya peşmançılıq keçirdiklərini hiss etmisinizmi?
– Bu sual heç vaxt mənə verilmədiyindən, mənim üçün maraqlıdır. Gənclik illərində komsomol təşkilatı katibi və təhsil şöbəsində işlə bağlı ermənilərlə çox təmasda olmuşam. Müəyyən bayramlarla bağlı tədbirlərdə olurduq. Onda artıq hiss edirdim ki, onların bizə doğmalığı heç vaxt olmayıb. Tədbirlər, konfranslar heç rus dilində də keçirilmirdi. Hamısı erməni dilində olurdu. Avqustun axırı, sentyabrın əvvəllərində keçirilən təhsil konfranslarından birində Dağlıq Qarabağ məsələsini ortaya atdılar. Biz bir qrup azərbaycanlı ayağa qalxıb etirazımızı bildirdik. Onda bizə cavab verdilər ki, xoşunuza gəlmirsə, gedə bilərsiniz, Qarabağ bizim olacaq, bu torpaq sizin deyil. Biz zalı tərk etdik. Yaxud 1982-ci ildə mən məktəbliləri İrəvana ekskursiyaya aparmışdım. Kilsəyə girəndə gördüm ki, orada “erməni soyqırımı”nı təbliğ edən kitablar qoyulub. Bu kitablarda guya türklərin erməniləri qırmasından, insanların kürəyinə qaynar samovar bağlanmasından və s. bəhs olunurdu. Onlar Xocalı kimi hadisələri törətməyə çoxdan hazırlaşıblar. Biz isə onda hələ beynəlmiləlçilikdən danışırdıq.
– Qarşıdan Xocalı soyqırımının 25 illiyi gəlir. Yenə ən müxtəlif müəssisələrdə tədbirlər keçiriləcək, müxtəlif layihələrtəqdim ediləcək. Xocalı haqqında həqiqətlərin çatdırılması üçün bu qədər iş görən insan kimi Sizin təklif və tövsiyələriniz nədir?
– Bu da düşündürücü məsələdir. Nə üçün Xocalı ilə bağlı tədbirlər ancaq bu hadisənin ildönümləri ərəfəsində keçirilir? İldönümləri ərəfəsində bəzən elə olur ki, mən 7-8 tədbirə dəvət alıram. Bəlkə bu tədbirlərin hamısını 26 fevrala salmayaq? Bəlkə şəhid ailəsinin problemini ilboyu yadımızda saxlamalıyıq? Xocalı faciəsi zamanı həlak olanların hər birini yad edək. Xocalının həqiqi qəhrəmanlarından danışaq.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az
Mateial ilk dəfə 20 oktyabr 2016-ci ildə dərc edilib