1905.az “Diskussiya Klubu”nun bu dəfəki mövzusu qarşıdakı qış mövsümü ilə əlaqədardır. Bəzi xəbərlərə görə, bu il çox sərt qış gözlənilir. Sərt qış şəraitində insanlarımız nə etməlidir? Bu suala cavab almaq üçün nəqliyyat sahəsində ekspert Azər Allahverənovu, geyim üzrə mütəxəssis Fikrət Əliyevi, istilik sistemləri üzrə mütəxəssis Aslan Mehdioğlunu və həkim-dietoloq Leyla Zülfüqqarlını redaksiyamıza dəvət etdik.
Fuad Babayev: Deyilənə görə, qarşıdan onilliyin ən sərt qışı gəlir. Əlbəttə, qış hər birimizdə məsuliyyət hissini artırır. Beləliklə, ilk sualım belədir: həqiqətən onilliyin ən soyuq qışı olarsa, bu bizi hansı sınaqlara məruz qoyar və bizdən nə tələb oluna bilər?
Azər Allahverənov: Əvvəla dəvət üçün Sizə öz minnətdarlığımı bildirirəm. Doğrudan da sosial problemlər böyük müzakirələr tələb edən məsələlərdir. Təcrübə göstərir ki, bizim ekspertlərimizin, sahə bilicilərinin məsləhət və təklifləri elə məsləhət olaraq da qalır və ondan uzağa getmir. Çünki icra orqanları özləri üçün müəyyən bir çərçivə hazırlayıblar və onun daxilində hərəkət edirlər. Nəqliyyat sektoru hər kəsin istifadə etmək məcburiyyətində qaldığı bir sahədir. İnsanlar ya ictimai nəqliyyatdan, ya da şəxsi nəqliyyat vasitəsindən istifadə edirlər. Passiv və ya aktiv şəkildə hamımız nəqliyyat sektorunun iştirakçısıyıq. Ona görə də nəqliyyat sektorunun problemləri bizim üçün yad deyil. Mən Rusiyanın Kazan şəhərində təhsil almışam. Kazan Rusiyanın qışı sərt olan şəhərlərindəndir . Demək olar ki, oktyabrın ortalarından aprelədək qar yağır. Lakin qar insanların adi həyat tərzinə mane olmur. Bakı şəhərindən kənara çıxmayanlar çox vaxt problemin əsl miqyasını görmür və dərk etmir. Əksinə dünya təcrübəsindən xəbərdar olanlar problemin hansı miqyasda olduğunu aydın təsəvvür edir. Bildiyiniz kimi, indi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) var və bu qurum sevindiricidir ki, qışa hazırlığa indidən başlayıb. Yadınızdadırsa, ötən illərdə Bakı şəhər İcra Hakimiyyətinin müvafiq qurumları oktyabr-noyabr aylarında məlumat verirdilər ki, onlar qışa hazırlıq məqsədilə qum, çınqıl, duz ehtiyatları tədarük ediblər. Bu, bilavasitə yolların qardan təmizlənməsinə yönəlmiş tədbirlərdir. Halbuki ictimai nəqliyyatın özü də qışa hazır olmalıdır. Bu hazırlıq da nəqliyyat vasitəsinin saz vəziyyətdə olmasından, nəqliyyat vasitələrindəki sobaların işlək vəziyyətə gətirilməsindən, qış təkərlərindən istifadəni nəzərdə tutur. İctimai nəqliyyat vasitəsinin salonundakı pəncərə şüşələri açılıb-bağlanmalıdır. Təəssüf ki, bəzən ictimai nəqliyyat vasitəsinin məxsus olduğu şirkətlər bunları etmir və fəaliyyətsizliyini lazımi vəsait yoxluğu ilə izah edir. Oktyabr ayının əvvəllərindən bununla bağlı NİİM monitorinqlərə başlayıb və seçmə üsulu ilə müxtəlif firmalara məxsus nəqliyyat vasitələrində qışa hazırlıq səviyyəsinin monitorinqini aparır. Çox sevindiricidir ki, NİİM belə monitorinqlər aparıb və qarşıya çıxan çatışmamazlıqların həlli şirkətlər qarşısında tələb kimi qoyulub.
Fuad Babayev: İldən-ilə payız və qış aylarında eyni problemlərlə üzləşirik. Lakin bu ilki qışın onilliyin ən sərt qışı olacağı qeyd edilir. Bəs bu bizim nəqliyyat infrastrukturu üzərinə hansı yükü qoyur?
Azər Allahverənov: Nəqliyyat vasitələri ən soyuq qışı belə nəzərə alaraq istehsal olunub. Ona görə də onların qışda işlək vəziyyətdə olması lazımdır. Bizdə bəzən xırda qənaətlər naminə antifrizi su ilə əvəz edirlər. Bu isə nəticədə suyun donub genişlənməsi nəticəsində partlama ilə nəticələnir ki, bu da yeni problemə səbəb olur. İkinci bit məqam isə ondan ibarətdir ki, biz qış təkərlərindən istifadəyə meylli deyilik. Hər qış fəslində Bakıda 1-2 dəfə qar yağır və bir neçə gün yerdə qalır. Bu zaman müvafiq təkərləri olmayanlar maşınla yola çıxmamalı, əks təqdirdə qəza ilə üzləşəcəklərini başa düşməlidirlər. Bəzən qənaət etmək istəyən sürücülər daha böyük xərclərə səbəb ola biləcək problem və yaxud faciə ilə nəticələnəcək hadisələrin baş verəcəyinin fərqində olmurlar.
Fuad Babayev: Maraqlıdır ki, avtomobilin markasını seçəndə bizim nəqliyyat vasitəsi sahibləri qənaət haqqında o qədər də düşünmürlər.
Azər Allahverənov: Təəssüf ki, belə hallar da var. Ümumiyyətlə, qışa hazırlıq tədbirləri həm ictimai, həm də şəxsi nəqliyyat vasitələrində aparılmalıdır. Bu məsələdə sözsüz ki, Nəqliyyat Nazirliyi, Bakı şəhər İcra Hakimiyyətinin müvafiq qurumları üzərinə də böyük vəzifələr düşür. Təbii ki, qarlı yollara vaxtında duz və ya “opilka” tökülməsə, heç qış təkərləri də o qədər kömək etməyəcək. Ümid edirəm ki, bu qurumlar qarşılıqlı əlaqədə işləyəcək və sərt qış haqqında xəbərdarlıqlara laqeyd qalmayacaqlar. Sürücülərimiz isə öz işlərinə peşəkarlıqla yanaşaraq, daha məsuliyyətli davranacaqlar.
Fuad Babayev: Adi adamın büdcəsi məhdud olduğundan, onun paltarları da çox sayda olmur. Üstəlik mövcud reallıqlar da müəyyən qənaətlərə sövq edir. Ona görə də mən Fikrət müəllimdən soruşmaq istərdim, orta statistik adam qış geyiminə hansı prizmadan yanaşmalıdır?
Fikrət Əliyev: Təbiət hər bir canlıya öz paltarını (xəzini) bəxş edib. Yalnız insanlar çılpaq yaranıb. Əvəzində ağıl və dərrakəyə malik insanlar yaşadıqları yerin iqliminə, relyefinə uyğun olaraq özünə paltar semək imkanına malikdir. Təəssüf ki, televiziya və radio reklamları sayəsində bizm insanlarımız, xüsusilə də gənclər geyim seçərkən Azərbaycanın iqliminə, həyat tərzinə o qədər də uyğun olmayan, lakin brend sayılan mallara üstünlük verirlər. Yaxud tələbələr qənaət xatirinə bizim relyefimizə uyğun olmayan geyimlər seçərək yanlışlığa yol verirlər. Məsələn, Rusiyada qarlı hava şəraitində əlveriçli olan keçə çəkmələri reklamın təsiri ilə alırlar və yağışlı hava şəraitində həmin çəkmələr islanır ki, bu da bir sıra fəsadlara səbəb olur. Məlumdur ki, insanın üşüməsi əsasən ayaqla bağlıdır. Buna görə də maarifləndirmə işi aparılmalıdır ki, həm ayaqqabı ticarəti ilə məşğul olanlar, həm də istehlakçılar bizim şəraitə uyğun ayaqqabılara üstünlük verməlidir. Sintetik ayaqqabıların qələvilərə, duzlara qarşı həssas olduğunu və həmin maddələrlə qarşılaşdıqları zaman çürüməyə meylli olduğunu nəzərə almaq lazımdır. Amma süni materialdan hazırlanan rezin, yaxud dəri ayaqqabılar bu zaman daha dözümlü olur. Yaxud çit ketlər yağışlı və palçıqlı havada əlverişli sayıla bilməz. Nazik yapışqan təbəqəsindən istifadə olunduğundan, su dəyən kimi aralanır və ayaqqabı yararsız hala düşür. Yun corablardan istifadə etmək məsləhətdir. Xəz kürklər (“şuba”) elə reklam olunur ki, hətta kredit götürüb bu cür kürklər alanlar da olur. Amma nəzərə alınmır ki, xəz kürklər Azərbaycan şəraitinə qətiyyən uyğun deyil. Uzaqbaşı gecə geyiminin bir elementi kimi istifadə oluna bilər. Bizdə isə hər addımbaşı bahalı xəz kürk geymiş qadınlara rast gəlmək olar. Xəz qarlı və rütubət yüksək olmayan ölkələrə uyğundur. Yağışa düşən kimi, yaxud rütubət çəkən kimi tükləri tökülür və xarab olur.
Fuad Babayev: Həm də bəzi xəz kürklər doğrudan da keyfiyyətsiz olur.
Fikrət Əliyev: Bu nəzarət mexanizminin zəif olması ilə bağlı meydana çıxır. Xəzi ucuz alıb, baha başa satmaq xatirinə bəzi işbazlar bir neçə parçadan ibarət xəz kürkləri gətirirlər. Yaxud tükü tökülən heyvanların xəzindən tikilmiş kürkləri gətirib, satışa buraxırlar. Hətta sertifikatları da olur belə xəzlərin.
Fuad Babayev: Orta statistik azərbaycanlı gəncin ən soyuq qışda dəbdən də geri qalmamaq şərti ilə başdan-ayağa geyinməsi təqribən neçəyə başa gələ bilər?
Fikrət Əliyev: Endirim kampaniyalarından yararlanmaq olar. Məsələn, məncə, isti bir qış çəkməsini 25-30 manata, qalın cins şalvarı 15-20, hətta endirimlə 10 manata almaq mümkündür. Sadəcə endirim kampaniyalarını izləmək lazımdır. Mən bu işə enerji sərf edib 100-150 manat xərcləməklə dəbli geyinən adamları tanıyıram. 35-40 manata içi süni materialdan olsa da, isti kürk almaq olar. Orta təbəqə üçün kifayət qədər geyim var, həm də əlverişli qiymətə.
Fuad Babayev: Belə demək olarmı ki, bizim gənclər həyatdan geri qalmamaqla və indiki qiymətlərlə 100-120 manat xərcləməklə, başdan-ayağa geyinə bilərlər?
Fikrət Əliyev: Mən bunu tam əminliklə söyləyirəm. Əsas odur ki, insan özünü tapsın. Çünki insanlar öz eqolarını tamamlaya bilməyəndə bahalı brendlərə üz tuturlar.
Fuad Babayev: Həyatımızın çox hissəsi işdə və evdə keçir, burada da istilik sistemləri problemləri meydana çıxır. Aslan müəllim, adi evlərdə yaşayan soydaşlarımız sərt, təkrar edirəm, adi qışdan fərqlənən soyuq dövrdə evini və ya iş yerini qızdırmaq üçün birinci növbədə nə etməlidir?
Aslan Mehdioğlu: Evdə və ya işdə istilik sitemləri haqqında düşünməzdən öncə, qapı və pəncərələrin arasından hava buraxan yerləri qapamaq lazımdır. Düzgün qurulmadığı, yaxud ucuz materiallardan istifadə olunduğu təqdirdə plastik qapı-pəncərələrdə də bu problem meydana çıxır. Bunları qaydaya saldıqdan sonra evdə müəyyən bir istilik olur. Bu, işin birinci tərəfidir. İndi bəzi binalara mərkəzi istilik sistemi vasitəsilə istilik verilir. Lakin problem ondadır ki, həmin qazanxanaya yaxın mənzillərdə istilik normal olur, uzaqlaşdıqca isə hərarət nisbətən azalır. Belə istilik sistemi olmayan binalarda isə elektrik qızdırıcılarından və kombi sistemlərindən istifadə etmək məcburiyyəti yaranır. Lakin kombi sistemi quraşdırılanda bir neçə faktora nəzər yetirmək lazım gəlir. Kombi sistemi qurulanda qənaət etməyə çalışır insanlar, üç otaqlı mənzildə on bölümlü əvəzinə altı bölümlü qızdırıcılar quraşdırıldığından lazımi effekt əldə olunmur. Daha bir problem kombinin vaxtlı-vaxtında baxışdan keçirilməməsidir. Kombinin servis mərkəzlərinin mütəxəssisləri dəvət olunub, yoxladılmalıdır.
Fuad Babayev: Tutaq ki, nəqliyyat sektorunda hər şey qaydasındadır, yaxşı geyinmişik, evimiz və ofisimiz də istidir. Bəs ən soyuq qışda nə yeməliyik?
Leyla Zülfüqarlı: Məncə, biz yemək məsələsinə birinci toxunmalıyıq. İbn Sina deyirdi ki, “yeməyini göstər, deyim, kimsən”. Mən bu il belə bir kitab yazdım: “Sağlam bəslən və sağlam arıqla”. Bu gün “fast food” yeyən insanlar sanki narkotik asılılıq vəziyyətinə düşürlər. Yeməyini planlayan insan digər sahələrə də adekvat yanaşacaq. Bizdə toya gedən insanlar nə geyinəcəklərini, nə edəcəklərini bir ay öncədən planlayırlar, amma nə yeyəcəklərini planlamırlar. Sağlam qidalanma qloballaşan dünyanın ən problemli sahəsidir. Bu sahədə bizdə də yanlış stereotiplər yetərincədir. Əslində bir çox ağır xəstəliklər də elə yanlış qidalanmanın fəsadlarıdır. Şəkərli diabet, zob, piylənmə kimi xəstəliklər 40 yaşdan yuxarı insanlarımızın əksəriyyətində var. Araşdırmalar göstərir ki, Azərbaycan qeyri-sağlam qidalanma üzrə ilk yerlərdən birini tutur. Bu məsələdə bizim bəzi adətlərimizin də rolu var. Qış gələn kimi hamı xəmir xörəklər yeməyə başlayır. İnsan fizilogiyası xəmir xörəyi tələb etmir. Amma biz bunu illərlə özümüzdə şüuraltı formalaşdırmışıq. Orqanizm xüsusilə qış aylarında antioksidantlar, vitaminlər, mikroelementlər tələb edir. Orqanizmin müqaviməti güclü olmazsa, qış vaxtı iltihablı xəstəliklərə yoluxacaq. Xəmir xörəklərində heç minimum səviyyədə də antioksidantlar yoxdur. Balıq, tərəvəzlər, mövsümi meyvələr isə antioksidantlarla zəngindir. Həmin qidalardan antiaoksidantın sutkalıq dozasını ala bilsək, bu bizi iltihabi xəstəliklərdən qoruyacaq.
Fuad Babayev: Söhbətimizin sonunda istərdim ki, qısa və lakonik şəkildə deyəsiniz, sərt qış şəraitində orta statistik azərbaycanlı nə etməlidir? Bayaqdan danışdıqlarımızı qısa tövsiyə şəklinə salsaq, nəyi məsləhət görərdiniz?
Azər Allahverənov: Şəxsi nəqliyyat sahibləri öz nəqliyyat vasitələrini sərt qış şəraitinə hazırlamalıdır. Onun təkərləri, sürtkü yağları, antifrizi, istilik sistemi və s. qaydasında olmalıdır. Ərinmədən serviz mərkəzlərinə gedərək, maşınlarını bir növ “müayinə”dən keçirməlidirlər. Və çatışmamazlıqlar dərhal aradan qaldırılmalıdır. İctimai nəqliyyatdan istifadə edənlər isə daha çox etibar etdikləri nəqliyyat vasitələrinə üstünlük verməlidirlər.
Fikrət Əliyev: Atalar məsəli var: “Ayağını isti elə, başını sərin”. İnsanlarımızın rezin altlıqlı ayaqqabılar, su keçirməyən gödəkcələr və əlcəklər, şərflərdən istifadə etmələri məsləhətdir. Sintetik, mənşəyi məlum olmayan materialdan olan papaqlar saç tökülməsinə səbəb olduğundan, yun papaqlar qoyulmasını tövsiyə edərdim.
Leyla Zülfüqarlı: Doğru bildiyimiz yanlış qidalardan imtina etməliyik. Bizdə şirin çay içmək mədəniyyəti var. Orqanizmimizin şirin çaya ehtiyacı yoxdur. Şəkər və şəkər tozu əvəzinə quru meyvələrlə çay içməliyik. Meyvələrdən, yarmalardan geniş istifadə etməliyik. Zeytun yeməliyik ki, orqanizmin günün birinci yarısında doymuş yağ turşularına olan ehtiyacını aradan qaldırsın, sinir hüceyrələrimiz qidalansın. Az miqdarda çiy yağdan istifadə etmək olar. Zülal ehtiyacını ödəmək üçün yumarta yemək olar.
Aslan Mehdioğlu: Evlərin istilik buraxan hissələrini qapatmaq, tez-tez mənzilin havasını dəyişmək lazımdır. Baha, lakin qənaətcil qızdırıcılardan istifadə etmək məsləhətdir. Onların iş prinsipi fərqlidir. Çox istilik verir, lakin az enerji sərf edirlər. Kombi sistemlərini vaxt ikən yuduzdurmaq lazımdır. Çünki qaz tozu onun içini doldurur, su isə borularda kirəcləşmə yaradır. Nəticədə istiliyi az verir, enerjini isə çox işlədir.
Fuad Babayev: Mən hamınıza maraqlı söhbətə görə təşəkkürümü bildirirəm.
Hazırladı
Gündüz Nəsibov, 1905.az