Suallarımızı «Futbol +” qəzetinin əməkdaşı Sərxan Musalı cavablandırdı.
– Sərxan müəllim, Rio-de Janeyro Olimpiadası başlanır. Bu Olimpiada bizim idmançılarımız üçün ən çətin yarışlardan biri olacaq. Həm iqlim şəraiti, həm vaxt fərqi idmançılarımızın əleyhinə olacaq. İdmançılarımız bu şərtlərlə necə mübarizə aparacaqlar?
– Bu suallar hələ təşkilatçılıq hüququ Braziliyaya veriləndə yaranmışdı. Həm də yalnız Azərbaycanda yox, bütün Avropa ölkələrində. İqlimə və saat fərqinə uyğunlaşmaq üçün vaxt tələb olunur. Bu problemi həll etmək üçün əksər ölkələr bir neçə gün qalmış idmançılarını Rioya yola salıblar. Mənə elə gəlir ki, müəyyən qədər bu şəraitə uyğunlaşmaq üçün 1 həftə vaxt kifayətdir. Bir müddət öncə İranın paralimpiya yığması Azərbaycanda toplanışa gəlmişdi. Komandanın baş məşqçisindən müsahibə götürəndə o, dedi ki, Bakının iqlimi bir qədər Rionun iqliminə oxşardır. Hər iki şəhərdə hava çox tez-tez dəyişir. Əgər həqiqətən belədirsə, məncə, idmançılarımız üçün çox da çətin olmamalıdır. Bir neçə gün əvvəl yola düşdüklərindən, düşünürəm ki, idmançılarımız vaxt fərqinə də öyrənəcəklər. Nəzərə almaq lazımdır ki, şərait hamı üçün eynidir.
– Ilk dəfədir ki, biz Olimpiya oyunlarında 18 idman növü üzrə 56 nəfərlə təmsil olunuruq. Hər bir Olimpiya oyunundan əvvəl medal planları açıqlanır. Bu oyunlardan neçə medal gözləyirik?
– Bu yaxınlarda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə mətbuat konfransı keçirdi və qeyd etdi ki, MOK bu yarışlardan ən azı 12-13 medal gözləyir. 1996-cı ildən üzü bəri Olimpiya oyunlarında medalların sayında ədədi silsilə üzrə artım gedir. Müvafiq olaraq 1, 3, 5, 7 medal qazanmışıq. 2012-ci ildə 9 medal gözləyirdik, amma 10 medal qazandıq. Bu il isə həm iştirakçı, həm də iddialı idmançılarımızın sayı artdığından, 12-13, yaxud hətta 15 medal qazana bilərik. İlk növbədə isə ümumi sıralamada yüksək yerlər tuta bilməyimiz üçün medalların əyarlarını yüksəltməliyik. Tutaq ki, 3 qızıl 15 bürüncdən daha yaxşıdır.
– Rusiya idmançıları ilə bağlı dopinq qalmaqalı müəyyən sayda rus idmançısının əsasən ağır və yüngül atletika idman növlərində Olimpiya oyunlarına qatılmasının qarşısını aldı. Bu hal bizim medal şanslarımızı artıra bilərmi?
– Məsələ ondadır ki, pusların cəzalandığı ağır atletika növündə bizim də bəzi idmançılarımız oxşar səbəbdən cəzalandırılıb. Yüngül atletika növündə isə bizim iddialı idmançılarımız yoxdur. Ona görə də bunun idmançılarımızın çıxışına təsiri demək olar ki, olmayacaq. Əgər boks və güləş növlərində onlar buraxılmasaydı, şanslarımız daha çox olardı.
– “Azərbaycan” qəzetinin son saylarından birində Olimpiya oyunlarında iştirak edən Azərbaycan komandasının üzvlərinin adları və foto-şəkilləri verilib. Burada milliyyətcə Azərbaycan doğumlu olmayan xeyli idmançılar var. İdman ictimaiyyətinin buna bənzər məsələlərə münasibəti necədir?
– Legioner idmançılar bir çox ölkələrdə var. Amma Azərbaycanda bu məsələdə bir qədər ifrata varıblar. Bu məsələni biz öz qəzetimizdə dəfələrlə işıqlandırmışıq və mənfi münasibətimizi bildirmişik. Azərbaycan komandasının az qala yarısı legionerlərdən ibarətdir. Düzdür, valideynlərindən biri azərbaycanlı olanları, yaxud əslən Cənubi Azərbaycandan olan idmançıları istisna edə bilərik. Hətta bəzən qəribə hallarla da rastlaşırıq. Güləş milli Azərbaycan idman növüdür. Lakin bu idman növündə də komandamızın üzvləri arasında əslən Dağıstandan olan idmançılar var. Bu bir növ asan uğur qazanmaq yolu kimi dəyərləndirilir.
Biz nədənsə çalışırıq ki, bizdə tarixən ənənəsi olmayan idman növlərində də təmsil olunaq. Halbuki ölkəmizdə potensialı olan idman növlərini inkişaf etdirmək daha yaxşı olardı.
– Görünür, bunun əsas səbəbi medal artımındakı tendensiyanı saxlamaqdır. Yəqin idman federasiyaları arasında da hansısa rəqabət gedir.
– Sözsüz ki, elədir. Bu proses əsasən 2008-ci ildən sonra başlanıb. O vaxta kimi öz idmançılarımız medal qazanırdı. 2012-ci ildə isə legionerlər yerli idmançılardan daha çox medal qazandılar. Güman ki, bu il də belə olacaq. Yeri gəlmişkən, Azərbaycan medalçılara veriləcək mükafat fonduna görə Olimpiadada iştirak edən ölkələr arasında Sinqapurdan sonra ikinci yerdədir.
– Ənənəvi olaraq biz güləş və boksdan medallar gözləyirik. Başqa hansı idman növlərində uğurlu çıxşa ümidimiz var?
– Bu dəfə başqa idman növləri də iddialı idmançılar yetişdirib. Güləş və boks bu baxımdan yenə öndə olacaq, amma taekvandoda da nəhayət Olimpiya medalı gözləyirik. Bu növdə dəfələrlə dünya və qitə çempionlarımız olub, amma Olimpiya mükafatçımız yoxdur. Taekvandoda təmsilçilərimiz ən azı 3-ü medal qazana bilər. Cüdoda Rüstəm Orucovun Elnur Məmmədlinin uğurunu davam etdirəcəyinə ümid edirəm. Təbii ki, Orxan Səfərov və Elmar Qasımov da iddialı idmançılardır. Avarçəkmədə xüsusilə Radomskayadan uğur gözləmək olar. Gimnastikada Oleq Stepko medal ümidlərimizdəndir.
– Azərbaycanın idman jurnalistlərinin bu cür nəhəng idman yarışlarını işıqlandırmalarını qənaətbəxş sayırsınızmı? Məsələn, təmsil etdiyiniz “Futbol+” öz nümayəndəsini Rioya göndəribmi?
– Təəssüf ki, bu gün Azərbaycan jurnalistikasında maliyyə durumu yaxşı olmadığından, redaksiyalar öz işçilərini idman yarışlarına ezam etmək gücünə malik deyillər. Nəzərə almaq lazımdır ki, Braziliya kimi uzaq bir ölkəyə 16 günlük səfər böyük xərc tələb edir. Dövlət xətti ilə isə 10 jurnalist aparılıb, lakin onların heç də hamısı idman jurnalisti deyil. Azərisport.com, apasport.az, “Futbol+” kimi sayt və nəşrlər isə kənarda qalıb.
– Azərbaycanda idmanla maraqlanmaq və azarkeşlik ənənələri daha çox və əsasən futbol və əlbəyaxa döyüş növləri müstəvisindədir. Tutaq ki, velosiped, qılıncoynatma kimi idman növlərinin ənənəsi yoxdur. Buna görəmi həmin idman növlərinə maraq yoxdur?
– Ənənələr həqiqətən böyük rol oynayır. Həm də uğurlu nəticələrin olduğu idman növləri daha çox azarkeş cəlb edir. SSRİ dövründə bizdə qadın voleybolunun ənənəsi olub. Ona görə də 2000-ci illərdə “Azərreyl” qadın voleybol klubunun çıxışları zamanı idman sarayı azarkeşlərlə dolub-daşırdı. Uğurlar azaldıqca isə bu azarkeş dəstəyinə öz təsirini göstərdi. İnsanlarımız həm də yerli idmançıların çıxış etdikləri idman növlərinə diqqət yetirirlər. Legionerlərin çıxışlarına maraq isə böyük deyil. Ənənəsi olmayan idman növlərini kütləviləşdirmək də böyük zəhmət tələb edir.
– Belə bir təsəvvür də var ki, bizim üçün ekzotik olan idman növlərinin populyarlaşdırılması üçün insanların maddi imkanları da yaxşı olmalıdır.
– Təbii ki, iqtisadi səbəblər böyük rol oynayır. Hətta elə insanlar var ki, ailə vəziyyəti ilə əlaqədar olaraq bazar günləri də çalışırlar və onlardan hansısa idman növü ilə məşğul olmağı, yaxud idman yarışlarında azarkeşlik etməyi gözləməyə dəyməz.
– Azərbaycan regionlarında xeyli Olimpiya idman kompleksləri tikilib. Bir idman jurnalisti kimi həmin idman komplekslərinin faydalı iş əmsalını hiss edirsinizmi?
– Bu da bizim yaralı yerimizdir. Çünki olimpiya kompleksləri iki yerə bölünür. Bəziləri təsərrüfat hesablıdır və özlərini dolandırmaq üçün oradakı idman bölmələri pullu xidmət göstərirlər. Hətta adi insanların hovuzdan istifadəsi də pulludur. Həmin komplekslərdə idmançıların üzə çıxması çətin məsələdir. Bölgələrdə insanların öz övladlarını pullu idman bölmələrinə yazdırmaq imkanları məhduddur. Əslində isə nazirliyin və MOK-un balansındakı idman kompleksləri tam təmənnasız xidmət göstərməlidir. Amma nəzarət zəif olduğundan sui-istifadə halları var. Özəlləşdirilən komplekslər isə uzun müddət fəaliyyət göstərə bilmirlər.
– Sizinlə bağlı sualımız da var. Necə oldu ki, idman jurnalistikasına gəldiniz?
– Etiraf edim ki, ixtisasım idman jurnalistikası ilə bağlı deyil. Amma mənim bu sahəyə gəlməyim sırf idmana olan marağımla bağlıdır. Qardaşım “Futbol+” qəzetində futbol yazarı kimi fəaliyyət göstərirdi. Qəzetə digər idman növləri ilə bağlı olan yazar lazım idi. Qardaşım da mənə özümü sınamağı təklif etdi və 2011-ci ildən bu sahə ilə məşğulam. Bu gəlirli sahə deyil və idman jurnalistikasında çalışanlar yalnız fədakarlardır. Bizdə digər idman növləri futboldan fərqli olaraq bir o qədər də işıqlandırılmır.
– Biz bir çox məsələlərdə ermənilər və Ermənistanla müqayisə aparırıq. Ermənistanda idman hansı səviyyədədir?
– İdmanda əlbəttə ki, maliyyə durumu çox önəmlidir. Obyektivlik naminə deyim ki, müəyyən növlərdə ermənilərin də yaxşı idmançıları var – xüsusilə boksda və ağır atletikada. Azərbaycan iki idman növündə Ermənistandan geri qalır – ağır atletika və şahmatda. Qalan bütün növlərdə Azərbaycan çox güclüdür və bunu Olimpiadalardakı nəticələr də göstərir. Antantadan sonrakı bütün Olimpiya oyunlarında Azərbaycan aşkar fərqlə Ermənistandan üstün olub. Son Olimpiadada biz 30-cu idiksə, ermənilər 70-ci və ya 78-ci yerdə qərarlaşmışdılar.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az