1905.az saytının bu dəfəki müsahibi Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Müsaid bin İbrahim əs-Süleymdir.
– Azərbaycanla Səudiyyə Ərəbistanı münasibətlərinin indiki vəziyyətini necə qiymətləndirirsiniz?
– Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikasını yüksək səviyyəli qardaşlıq əlaqələri birləşdirir. Bu əlaqələr qarşılıqlı hörmət, səmimi dostluq və müştərək İslam irsinə əsaslanır. Ölkələrimiz arasında, onların hər ikisinin mənafeyinə xidmət edən tam əməkdaşlıq və koordinasiya mövcuddur. Hamımız üçün fəxr və qürur mənbəyi olan bu əlaqələr, İki Müqəddəs Məscid Xadimi Kral Abdullah bin Əbdüləziz və onun qardaşı zati-aliləri Prezident İlham Heydər oğlu Əliyevin diqqət və qayğısı sayəsində inkişaf edir. Hal-hazırda Azərbaycan Respublikasındakı qardaşlarımız ilə birgə ölkələrimiz arasındakı bu əməkdaşlığın səviyyəsini bütün sahələr üzrə, xüsusən də ticarət, investisiya və mədəniyyət sahəsində inkişaf etdirməyə çalışırıq.
– Cənab səfir, hökumətlərimiz siyasi, iqtisadi, mədəni, idman və s. sahələrdə əməkdaşlıq edirlər. Lakin iqtisadi əlaqələrimizin inkişafı üçün böyük potensial olsa da, hələ arzuedilən səviyyədə deyil. İndiyə kimi, Azərbaycanda fəaliyyət göstərən 6 Səudiyyə Ərəbistanı kapitallı şirkət tərəfindən ölkə iqtisadiyyatına 368 mln. ABŞ dolları həcmində investisiya yatırılıb. İqtisadi əlaqələrimizin inkişafı istiqamətində hansı tədbirlər görülür? Səudiyyə Ərəbistanının gələcəkdə Azərbaycanla bağlı investisiya layihələri və ya Azərbaycanın infrastruktur layihələrində iştirak etmək niyyətindədirmi?
– Etiraf etmək lazımdır ki, iki ölkə arasındakı iqtisadi əlaqələr, onlar arasında olan yüksək səviyyəli siyasi əlaqələrə, habelə dost ölkələrimizin böyük imkanlarına uyğun gəlmir. Bununla belə məmnuniyyətlə deyə bilərəm ki, keçən ilin iyun ayında Azərbaycana gəldiyim vaxtdan bu yana qısa vaxt ərzində bu sahədə böyük irəliləyişin şahidi olmuşam. Belə ki, keçən ilin dekabr ayında Bakı şəhərində 9 illik uzun fasilədən sonra Səudiyyə Ərəbistanı-Azərbaycan Hökumətlərarası birgə Komissiyanın üçüncü iclası keçirilmiş və ölkələr arasında bir çox sazişlər imzalanmışdır. Ümid edirik və gözləyirik ki, bu sazişlər ölkələr arasındakı ticarət dövriyyəsi, investisiya qoyuluşu və bütün digər sahələrdə artıma və inkişafa kömək edəcək. Bundan əlavə 13/5/2014-cü il tarixində Səudiyyə Ərəbistanı Krallığı ər-Riyad şəhərində “Ərəb ölkələri ilə Orta Asiya dövlətləri və Azərbaycan Respublikası arasında əməkdaşlıq və iqtisadiyyat üzrə Birinci Forum” keçirilmişdir. Forumda Azərbaycan, xarici işlər naziri cənab Elmar Məmmədyarovun başçılıq etdiyi və xarici işlər, iqtisadiyyat və sənaye nazirliyinin məsul şəxslərindən ibarət yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunurdu. Orada tərəfləri maraqlandıran siyasi, iqtisadi, mədəni və elmi sahələr üzrə mühüm məsələlər müzakirə edilmişdir. Şübhəsiz Ərəb Ölkələri Liqasına üzv olan dövlətlər ilə Orta Asiya dövlətləri və Azərbaycan Respublikası arasında əlaqələrin inkişafı və ortaq maraq kəsb edən müxtəlif məsələlərdə əməkdaşlığın güclənməsi Ərəb Ölkələri, Orta Asiya dövlətləri və Azərbaycanın Respublikasının yerləşdiyi regionda təhlükəsizlik və sabitlik yaradacaq, habelə ticarət dövriyyəsinin və iqtisadi münasibətlərin artması, investisiya potensialının açılması, inkişaf və çiçəklənməyə zəmin yaradacaq birgə layihələrin icrası bu regionda yaşayan xalqların sosial-iqtisadi rifahına təkan verəcək. Daha bir təqdirəlayiq məsələ isə xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanına səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiyaya protokol” imzalanması olmuşdur.
– Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın haqlı mövqeyini daim müdafiə edib. Münaqişənin həlli ilə bağlı nə düşünürsünüz?
– Bəli biz, Səudiyyə Ərəbistanı Krallığı olaraq, beynəlxalq təşkilatların qətnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir və arzu edirik ki, bu qətnamələr münaqişənin həll olunmasında öz rolunu oynasın. Belə olan təqdirdə regionda sülh və əmin-amanlığın bərqərar olar. Ümumiyyətlə Krallıq Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən olub, bundan əlavə ölkəm Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı və BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünə böyük dəstək vermişdir.
– Səudiyyə Ərəbistanı Krallığından Azərbaycanda təhsil alan neçə tələbə var?
– Təhsil sahəsindəki əməkdaşlığa gəlincə deyə bilərəm ki, hal hazırda Azərbaycanın Təhsil Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ali Təhsil Nazirliyi arasında elm və təhsil sahəsində əməkdaşlığa dair 15 yanvar 2007-ci ildə imzalanmış memorandumu aktivləşdirməyə səy göstəririk. Bu sənəd qarşılıqlı surətdə tələbə və müəllim mübadiləsi, onların hazırlığını nəzərdə tutur. Bundan əlavə Krallıqla Azərbaycan arasında gənclərdən ibarət nümayəndə heyətlərinin mütəmadi olaraq qarşılıqlı səfərləri həyata keçirilir. Bu ayın (iyun) birinci yarısında Səudiyyə Ərəbistanından bir qrup gəncin Azərbaycana gəlişi, cari ilin sentyabr ayında isə Azərbaycandan Krallığa gənclərdən ibarət nümayəndə heyətlərinin səfər etməsi planlaşdırılır.
– Burada çalışdığınız müddətdə bölgələrimizdə olmusunuzmu?
Buraya gələndən bəri, azacıq imkan tapıb Qəbələ, Quba, Lənkəran və Naxçıvan kimi turizm bölgələrinə səyahət etmişəm. Orada gözəl təbiət, çoxlu axar çay, dəyişkən hava, münasib şərait və qonaqpərvərlik görmüşəm. Bununla yanaşı, cürbəcür Azərbaycan xalq yaradıcılığı nümunələrinin nümayiş olunduğu milli tədbirlərdə iştirak etmişəm.
– Səhv etmirəmsə, artıq bir ilə yaxındır ki, ölkəmizdə çalışırsınız. Daha öncə isə bir neçə ölkədə diplomat kimi fəaliyyət göstərmisiniz. Azərbaycanlıları və Bakını həmin ölkələrdən və şəhərlərdən fərqləndirən əsas xarakterik cəhət nədir?
– Hər şeydən öncə onu vurğulamaq istəyirəm ki, ölkələrimiz və xalqlarımız arasında çoxlu sayda ümumi cəhətlər vardır. Bu də ki, bayaq qeyd etdiyim kimi onların ümumi tarix, din və mədəniyyətə mənsub olmaları ilə bağlıdır. Məncə sizin xalqınızın əsas xarakterik cəhəti onun mehriban və qonaqpərvər olmasıdır. Bundan əlavə Azərbaycan şəhərlərinin, xüsusən də paytaxt Bakının memarlıq üslubu məni valeh etmişdir.
Aynur Hüseynova
1905.az