Azərbaycanın xristian abidələri erməni ruhanilərinin və onlarla bağlı elmin saxtalaşdırma obyekti olmuşdur. Əsrlər boyu alban kilsəsi ilə mübarizə aparan erməni kilsəsi planlı şəkildə onu özünə tabe etməyə, sonralar isə ləğv etməyə çalışmışdır.
Bu siyasətin bir hissəsi alban əlyazmalarının epiqrafikasının məhv edilməsi olmuşdur. Azərbaycanın xristian memarlıq abidələrində XI əsrədək erməni epiqrafikası yoxdur (əgər müasir daşyonanlar işğal olunmuş ərazilərdə yeni “qədim” erməni yazıları oymağa macal tapmamışlarsa). Daha ilkin alban yazıları 1836-cı ildə rus Sinodunun qərarı ilə alban kilsəsi erməni kilsəsinə tabe ediləndən sonra silinmişdir. XI əsrdən sonrakı dövrə aid ermənidilli epiqrafikanın və tarixi yazılı mənbələrin olması yazıların müəlliflərinin etnik deyil, yalnız konfessional mənsubiyyətindən xəbər verir.
1975-76-cı illərdə Ermənistanın rəsmi hakimiyyət orqanları Amasya-Qazançı yolunun tikintisi zamanı Amasya rayonunun Göllü kəndinin əhalisinin qəbirüstü xaçlara və oyma yazılara görə xristian məzarlığı saydığı qədim qəbiristanlığı yerlə-yeksan etmişdilər. Halbuki həmin xaçlar erməni xaçlarına, hərflər isə erməni əlifbasının hərflərinə bənzəmirdi. Mütəxəssis alimlər və Amasya Rayon Kommunist Partiyasının təbliğat və təşviqat şöbəsinin müdiri Armais Arutunyan məzarlardan insan cəsədinin qalıqlarını çıxarıb onların antropoloji xarakteristikasını öyrənirdilər. Bir müddətdən sonra qəbirüstü abidələri tamamilədağıdıb yerlə-yeksan etdilər. Sakinlərin “siz niyə öz əcdadlarınızın məzarlarını dağıdırsınız?” sualına A.Arutunyan cavab verirdi ki, bunlar, erməni məzarları deyildir. Albaniyanın qeyri-erməni xristian izləri bax, beləcə məhv edilirdi.
Azərbaycanın, o cümlədən Qarabağın xristian memarlığı abidələri artıq özlüyündəsübutdur və alban tarixçiləri Moisey Kalankatlının və Kirakos Qandzakskinin əsərləri onların etnik və mədəni mənsubiyyətini təsdiq edir. Bu, alban çarlarının və knyazlarının tikdirdiyi abidələrdir. Onların arasında Albaniya çarı Mömin Vaçaqanın ucaltdığı ilkin dövrə aid xristian məbədlərinin dağıntıları da vardır. Moisey Kalankatlının yazdığına görə, Çar Mömin Vaçaqan “ilin günlərinin sayı qədər” kilsə tikdirmişdi. Knyaz Cavanşir də çoxlu memarlıq abidəsi tikdirmişdi. Onlar XII-XIII əsrlərdə, Alban knyazlığının yüksəlişi dövründə ucaldılmışdı. Xaçen knyazlığı onların arasında xüsusilə seçilirdi. Bu nəslin nümayəndəsi Həsən Cəlal qısa müddət ərzində alban knyazlıqlarını birləşdirə bilmiş və Albaniya çarı adını qazanmışdı. Onun tikdirdiyi Gəncəsar məbədi Albaniya katolikosluğunun mərkəzinə çevrilmişdi. Xudavank monastır kompleksi Albaniyanın Xaçen knyazları Böyük Həsən, onun oğlu Vaxtanq və “böyük bəylərbəyi Kürd”ün qızı Arzu Xatun tərəfindən tikdirilmişdi.
Müqəddəs Yelisey monastırı Albaniya maarifçisinin adını daşıyırdı. O, Alban hökmdarı Mömin Vaçaqanın hakimiyyəti dövründən mövcuddur və onun məzarı da elə burada, kiçik kilsələrdən birində yerləşir. Anım monastırı Xatiravank daha bir alban knyaz ailəsinin məqbərəsi kimi tikilmişdir. Qarabağın bu və digər monastırlarının və kilsələrinin tarixi çox qədim keçmişdən 1836-cı ilə – Gəncəsarkatolikosluğu ləğv edilənədək Qafqaz Albaniyasının tarixi ilə sıx bağlıdır. Onlarınbaniləri alban hökmdarları və knyazlarıdır. Onların adları da açıq-aydın etnik mənsubiyyətindən xəbər verir. Erməni tədqiqatçısı S.Lisitsyan etiraf etməli olmuşdur ki, “Dağlıq Qarabağın müasir monastırlarının adlarından görünür ki, sırferməni müqəddəslərinin burada fəaliyyəti çox zəif olmuşdur”. Hətta XX əsrdə Qarabağın xristian əhalisi erməniləşdiriləndən sonra da burada sırf erməni müqəddəsləri anılmırdı. Təbii ki, daha erkən əsrlərdə Qarabağda erməni müqəddəslərinin adına tikilən monastırlar və kilsələr, ümumiyyətlə, yox idi. Alban monastırları və kilsələri ümumxristian və ya yerli alban müqəddəslərinin şərəfinə tikilirdi ki, bu da onları erməni məbədlərindən fərqləndirirdi.
Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” (Bakı-2010) kitabından