Sən qədər yox mənə heç özgə mehriban, Xanəgah.
Bilmişəm qoynunu hər dərdimə dərman, Xanəgah.
Sənin tək güllər ilə şanlı bir məkan Qubadır.
Hər gülün seyrinə dal, nəğməli dastan, Xanəgah.
Kim uçub getdi sinəndən bala kəklik sayağı,
Çırpınıb son nəfəsində dedi: -Can, can!-Xanəgah!
Mənə tutiya kimi torpağı əcdadımızın,
Tutiyanı gözünə çəkmirmi insan, Xanəgah?
Ədəb-ərkan ağacı burda bitib, barına bax!
Ürəyimcə nuş edib hər qız , hər oğlan , Xanəgah.
Torpağında izi var ağ-qaralı günlərinin,
Tanrının töhfəsidir, qalmada nişan, Xanəgah.
Kim fələk gərdişinə bağladı ibrət gözünü,
Köksünü doğradı qəm xərcəri şan-şan, Xanəgah.
Əzəli cangüdənin Ağ qaya Ağ divdən oyaq,
Zamanın möhrü ilə ondakı fərman, Xanəgah.
O yanında, bu yanında sıralanmış təpələr,
Pozmasın səhmanını hər dəli tufan, Xanəgah.
Sel gələn dağ çayına bənzəyir el ünsiyyəti,
Dizin üstündə yatır qurd ilə ceyran, Xanəgah.
Qəzəbin düşməninə pəncə vuran şir kimidir,
Sevginin yox hüdudu, tutmaz asiman, Xanəgah.
Varsa da üç ya da beş tülküsifət, qəlbiqara,
Hər zaman gen qucağın mərdlərə meydan, Xanəgah.
Neçə el müdrikinin dürr sözü mücründə durur,
Sədəf öz gövhərini atmış haçan yan, Xanəgah?
Ürəyi Tanrı üçün şam kimi hər yanmışının
Məzarı gül bitirir, misli-gülüstan, Xanəgah.
Üzünü sürtmək üçün Pir Həsənin türbəsinə,
Qapını ildə açır say neçə mehman, Xanəgah.
Saf süd əmmişlərinin fikri işıqlı, üzü ağ,
Onların həmdəmidir gör nə şərəf-şan, Xanəgah.
Dirilik çeşməsimi Ağ qayada “Pir bulağı”?
– Xızır tək kim ki içib, ömrü firavan, Xanəgah.
Qəlbimin göz yaşı tək “Sərhəd”in içdikcə suyun,
O mənə ayna tutub köksünü xəndan, Xanəgah.
Bənövşə örtüyünü köksə çəkən hər çəmənin,
Laləli tac geyinir, bax, necə əlvan, Xanəgah!
Çağacuq çay əbədi nəğməkarındır, bilirəm,
Sədasından uyuyur bağ, çəmən, orman, Xanəgah.
Hər dərən, hər yamacın xatirələr məskənidir,
Ruhumu bir dəm ayırmaq deyil asan, Xanəgah.
Beşiyim üstə külək nazla ötüb nəğməsini,
Doldurub hər damara sevgi və al qan, Xanəgah.
Burda bir gül süzəli naz ilə ceyran gözünü,
Oldu qəlb dərdə əsir, can evi viran, Xanəgah.
Hüsnünü seyrə dalan söylədi: -“Cənnət bağıdır!”
Bu bağda doğmadı gün ömrümə, aman, Xanəgah.
Başıma qar ələnir, guya ki, dağ zirvəsidir,
Yox bunun heç əlacı, yetmədə hicran, Xanəgah.
Doğmaca övladınam, sən başa almazlı tacım,
Sabirindir bu şüar, dəyişməz bir an, Xanəgah.
2002