Tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa və ilahiyyat üzrə fəlsəfə doktoru Şahlar Şərifovla Sacilər dövlətindən danışdıq.
Fuad Babayev: Sizin elmi yaradıcılığınızda Sacilər dövləti ilə bağlı məqamlar hansı yeri tutur?
Rəşad Mustafa: Azərbaycanda feodal dövlətlərin qurulması bir az mübahisəli məsələlərdir. Bu dövlətlər Xilafətin çökdüyü və ucqarlara nəzarətinin zəiflədiyi dövrdə yarandığı üçün onların müstəqil olmasına şübhə ilə yanaşan mövqe sahibləri də var. Yusif ibn Əbu Sac və Məhəmməd ibn Əbu Sacı Sacilərin ən böyük hökmdarları kimi götürə bilərik. Belə güman edirlər ki, əgər bu hökmdarların xəlifədən müəyyən asılılığı varsa, əgər müəyyən dövrlərdə onlar xilafət xəzinəsinə xərac göndərməyə davam ediblərsə, deməli bu dövlət müstəqil olmayıb.
Fuad Babayev: Bu vassaldır faktiki olaraq.
Rəşad Mustafa: Bəli, vassaldır. Amma mən istərdim birinci dövlət məfhumunun üzərində dayanım. Dövlətin mövcudluğunu təsdiqləyən bir neçə atribut var. Bunun birincisi ərazi, ikincisi pul vahidi, pul vahidi deyildikdə həm də əyalətlər arasındakı iqtisadi əlaqələr nəzərdə tutulur, üçüncüsü paytaxtı, dördüncüsü isə nizami ordudur. Sacilər dövlətində bunların hamısı var idi. Əlavə olaraq Şərq dövlətlərində xütbələrdə Xəlifədən sonra hökmdarların adının oxunması da dövlətin atributu sayılırdı. İbn Hövqəl (X əsr ərəb coğrafiyaşünas-səyyahı – red.) yazılarında Azərbaycan, Ərməniyyə və Arrana bir məmələkət kimi baxır və İstəxrinin (İstəxri 850-934, İranda doğulmuş ərəb coğrafiyaçısı və səyyahı – red.) əsərinə düzəlişlər edir. İstəxriyə müraciətlə deyir ki, sən də bilirsən ki, bu dövlətləri daim bir hökmdar idarə edib. Bunlar İbn Sac, Müflih, Deysəm və özünü Salar adlandıran Mərzban ibn Məhəmməddir. Burada məmləkətin əraziləri dəqiq verilir, hökmdarların adları göstərilir və bu ərazilərin bir hökmdar tərəfindən idarə olunması vurğulanır. Artıq o dövrdəki tarixçilər bu əraziyə dövlət kimi baxırdılar. Sacilərin Dəbildə, Bərdədə, Marağada, Ərdəbildə zərb edilən və hazırda Azərbaycan Tarix muzeyində saxlanılan sikkələri var idi. Yəni Məhəmmədin, Yusifin, Müflihin və Deysəmin adlarına zərb edilən sikkələr mövcuddur. Dövlət məfhumu mənə elə gəlir ki, kifayət qədər aydındır. Sacilər dövlətinin yaranmasını bəzən 879-cu ildən, bəzən Məhəmmədin hakimiyyətə gəldiyi 889-cu ildən götürürlər. Bəzən deyirlər ki, 30-40 illik də dövlət olar. Əslində Azərbaycana bu dövlətləri qazandıran görkəmli tədqiqatçı rəhmətlik Məmmədəli Şərifli olub. O Sacilər və Salarilər dövləti yazmaq istədikdə onu sırf dövlət deyil, sülalələr kimi bizə təqdim edib. Bu da bizdə səhv interpretasiya olunub. Məsələn gürcülərdə Baqratunilər adlı dövlət yoxdur, İberiya, Kartli-Kaxetiya dövləti olub. Eləcə də ermənilərdə Arsakuni adlı dövlət olmayıb. Bunlar həmin dövlətləri idarə edən sülalərin adlarıdır.
Fuad Babayev: Amma Osmanlı dövləti olub.
Rəşad Mustafa: Osmanlı adlı dövlətin olmasının səbəbi onun bir neçə ərazidə hökmranlıq etməsi olub. Osmanlılar eyni zamanda Rumelidə, Anadoluda, Şimali Afrikada və digər ərazilərdə hökmranlıq ediblər. Amma Azərbaycan ərazisində Sacilər dövlətinin vəziri Əli ibn Cəfər, sonradan Salarilər dövlətinin də vəziri oldu. Hər iki dövlətin paytaxtı Ərdəbil idi. Əgər dövlət sistemi dəyişmirsə, sadəcə olaraq rəhbərlikdə olan şəxs dəyişirsə biz necə deyə bilərik ki, Sacilər və Salarilər dövləti ayrı-ayrı dövlətlərdir. Tarixçilər də bunları Azərbaycan dövləti, Azərbaycan məmləkəti kimi qəbul edirlər. Sadəcə olaraq hökmdarlar ayrıdır.
Fuad Babayev: Aydındır. Rəşad müəllim, biz bu barədə danışacağıq. Siz hansı tədqiqatlarınızda məhz Sacilər dövlətini araşdırmısınız?
Rəşad Mustafa: Mən ümumiyyətlə Tiflis əmirliyini ərəb mənbələri üzrə araşdırmışam. Tiflis əmirliyi XII əsrə qədər mövcud olub. Həm Məhəmməd ibn Əbu Sacın, həm də Yusif İbn Əbu Sacın Tiflis əmirliyi ilə yaxından əlaqələri olub. Tiflis əmirliyində Cəfərilər sülaləsinin möhkəmlənməsində Sacilərin birbaşa rolu olub.
Fuad Babayev: Şahlar müəllim, bəs Sizin tədqiqatlarda Sacilər dövləti hansı yeri tutur?
Şahlar Şərifov: Mən ixtisasca ilahiyyatçıyam. İndi tarix üzrə elmlər doktorluğunun müdafiəsinə hazırlaşıram. “İslam tarixi” adlı kitabımda işlədiyim mövzular əsasən Raşidi, Əməvi və Abbasi xilafəti ilə bağlıdır. Bu tədqiqatda Azərbaycanın xilafət dövrü, ərəblərin Azərbaycana gəlməsi, Azərbaycanın ərəblər tərəfindən fəth olunması, Abbasilər dönəmində isə məhz Sacilər dövləti araşdırılıb. Sacilər dövrü Abbasi xəlifələri Mötəmid və Müqtədirin dövrünə düşür. Saci hökmdarları Əbu Sac Divdad xəlifə Mötəmidin, 879-cu ildə Əbu Sac Divdadın vəfatından sonra oğlu Məhəmməd ibn Əbu Sac həm Mötəmidin, həm də ondan sonrakı xəlifənin, Yusif isə birbaşa xəlifə Müqtədirin dövründə yaşayıblar. Bu dövrü araşdırarkən Sacilər dövlətinin Xilafətə qarşı mübarizəsini tədqiq etmişəm.
Fuad Babayev: Sacilər dövlətinin ərazisinin nə qədər hissəsi indiki Azərbaycan ərazilərinə düşür? Siz dediniz ki, paytaxtı Ərdəbildə olub.
Rəşad Mustafa: Ərdəbil və Marağa.
Fuad Babayev: Şimali Azərbaycan Sacilər dövlətinin ərazisinə daxil olub?
Rəşad Mustafa: Əlbəttə. İndiki Azərbaycan bütünlüklə Sacilər dövlətinin tərkibinə daxil olub.
Fuad Babayev: Sacilər dövləti hansı əraziləri əhatə edib?
Rəşad Mustafa: Sacilər dövlətinin ərazisi, Azərbaycan və onun şəhərləri (Bərdə, Tiflis, Dərbənd – R.M.) haqqında məlumata həm Yaqubidə (IX əsr ərəb tarixçisi və səyyahı – red.), həm İstəxridə, həm Müqəddəsidə (X əsər ərəb coğrafiyaçısı və səyyahı – red.) rast gəlmək olar.
Fuad Babayev: Orada pul zərb olunurdusa demək ki, onun ərazisidir.
Rəşad Mustafa: Dərbənd qalalarını təmir etmək istəyən Yusif ibn Əbu Sac Xəlifədən pul istədikdə belə bir cavab alır. Sənə çox pul göndərə bilməyəcəm. Xəlifə orada ilk hücumlar dövründə həmin divarlardan istehkam düzəltmək üçün qoyulmuş xüsusi mis troslardan (bərkidici iplər – R.M.) istifadə etməyi Yusif ibn Əbu Saca təklif edir. Xəzərlərin hücumlarından qorunmaqdan ötrü Yusif ibn Əbu Sac həmin bərkidiciləri iplərdən istifadə edərək dənizin içinədək Dərbənd qalalarını yenidən bərpa edir. Musa Kalankatlı yazır ki, Albaniya dövlətinin mömin hökmdarı Hammam (Qriqor Hammam – IV Xaçın knyazı, Albaniya knyazı, alim, yazıçı-red.) bu əraziləri bərpa etmişdi. Lakin Yusif İbn Əbu Sac bu əraziləri tutaraq öz hakimiyyəti altına aldı. Həmin dövrdə bu ərazilər Şəki-Zaqatalanı və Sənariyyə bölgəsini, yəni indiki Şərqi Gürcüstan ərazisini əhatə edirdi. Yusif İbn Əbu Sac məhz İberiya hökmdarı Adrnersehi xərac verməyə məcbur etmiş, 915-ci ildə Smbatı öldürmüş və Baqratuniləri sülaləsini məğlub etmişdi.
Fuad Babayev: Geniş oxucu auditoriyasını adətən sadə suallar maraqlandırır. Biz xəyali zaman maşınına minib Sacilər dövlətinə getsəydik, oradakı insanlarla bir-birimizi başa düşərdikmi? Sacilər dövlətinin ərazisində hansı dildə danışırdılar?
Rəşad Mustafa: Bu bir az qarışıq məsələdir. İnsanları maraqlandıran bu suala cavab vermək üçün hadisələri pazl (müxtəlif fraqmentlərdən ibarət mozaika–red.) şəklində bölmək lazımdır. Əvvəla, Sacilər sülaləsinin özünün mənsubiyyəti. İkincisi ordunun mənsubiyyəti, üçüncüsü yerli əhalinin mənsubiyyəti.
Təmkin Məmmədli: Yəni etnik mənsubiyyəti.
Rəşad Mustafa: Bəli, söhbət etnik mənsubiyyətdən gedir. Sacilər ailəsi Əşrusənddən idi. Əşrusən Səmərqəndlə Xocənd arasında olan ərazidir. Buradakı əhalinin özünün də etnik mənsubiyyəti qarışıq idi. Məsələn, Yakubovski (Aleksandr Yakubovski (1886-1953) – sovet şərqşünası-red.) deyir ki, sacilər soqdlulardır. Yəni onlar Soqdianadan (Orta Asiyada geniş tarixi və coğrafi məkan, hazırda bu ərazilərdə Özbəkistan və Tacikistan dövlətləri yerləşir – red.) gəliblər, indiki taciklərin əcdadı olublar. Amma VIII əsrdə artıq türkləşmişdilər və Afşin titulu daşıyırdılar. İlk Afşin titulunu daşıyan adam Gürək adında bir şəxs olub. Afşin titulu daşıyan adamlardan biri də Pənckəndin rəhbəri Çur Bilgə Xaqan olub.
Şahlar Şərifov: Heydər ibn Kavus (Abbasi Ərəb xilafətinin bəzi mənbələrə görə iranlı, bəzi mənbələrə görə isə türk mənşəli sərkərdəsi-red.) özü də Afşin (Usruşana hakimlərinin irsi titulu – red.) titulu daşıyıb.
Rəşad Mustafa: Bəli. Heydər ibn Kavus Babəkə qarşı vuruşurdu. O da həm ixşid (Soqdiana hökmdarlarının knyaz titulu – red.), həm də Afşin titulu daşıyırdı. Ərəb hakimiyyəti altına keçəndə sonra onların Buğa ilə, Vasif ət Türki və digər türklərlə vuruşduğunu görürük. Biz bu döyüşlərin səbəbinin etnik və ya sinfi mübarizə olduğunu bilmirik. Çünki Afşin zadəgan nəslindən idi. Buğa, Vasif isə qul idi, türk qulamları idi. Bu haqda da bizə nə Təbəri, nə İbn əl-Əsir (islam tarixçisi, 1160-1234 – red.) məlumat verir. Amma bilirik ki, onların aralarında problem var idi. Yəni Sacilərin özünün də etnik mənsubiyyət məsələsi problemdir.
Cahizdə (əl-Cahiz (təxm: 767, Bəsrə – 868, Bəsrə) Şərqi Afrika əsilli bərbər yazıçısı və alimi – red.) Fəth ibn Xaqanın Xəlifə Mütəfəkkilə yazdığı məktub var. Məktubda yazılır ki, ərəblərin ordusunda savaşan iki ordu var. Bunlar xorasanlılar və türklərdir. Daha sonra qeyd olunur ki, ərəblərin ən böyük səhvi odur ki, xorasanlıları türklərdən ayırır. Əslində Yəmən ərəbi ilə Hicaz ərəbi necə eyni qardaşdırsa, xorasanlılarla türkər də eyni millətdir. Sadəcə olaraq biri şəhərdə yaşayır, biri əyalətdə. Uyğurlar özü belə subd əlifbasından istifadə edirlər. Subd əlifbalarının özündə belə əmr və fərmanlarda türkcə sözlərindən çox istifadə olunub. Sacilərin etnik mənsubiyyəti ilə bağlı isə onu deyə bilərik ki, Yusif ibn Sacın ətrafındakı Əli İbn Dulaylu, eyni zamanda Müflih, Səbuk da türk sərkərdələri olub.
Fuad Babayev: Demək Sacilər dövründə komkret hansı dildə danışıldığını biz bilmirik. Bunun üçün araşdırmalar aparılmalıdır.
Rəşad Mustafa: Mənbələrdə yazılır ki, Bərdə və ətrafında Arran dilində, Ərdəbil və ətrafında isə Azərbi dilində (Azərbaycan dili sözünün qısaldılmış variantıdı – R.M.) danışılır. Bu ifadə İbn Həvqalda var.
Təmkin Məmmədli: Həmin dövrdə xəlifənin həyat yoldaşları da türk olub.
Rəşad Mustafa: Xəlifə Mötəsim (Əl-Mötəsim Abbasi xəlifəsi olub. Xilafəti qardaşı əl-Məmunun ölümündən sonra 833-cü ildə ələ keçirib – red.) özü uzun müddət Xorasanda qalmışdı. Onun anası da türk cariyəsi idi. Şahlar müəllim daha yaxşı bilir.
Şahlar Şərifov: O türklərin əli ilə hakimiyyətə gəlmişdi.
Rəşad Mustafa: Məmuna qədər və Məmunun dövründə iranəsilli sərkərdələr, Mötəsimdən sonra isə türkəsilli sərkərdələrin parlama dövrüdür. Abbasilər süqut edənə qədər də elə türk qulamları orada olur. Yusif də, onun ətrafındakı sərkərdələr də həmin dövrün sərkərdələridir.
Şahlar Şərifov: 890-cı ilə qədər Xilafət daxilində türklərin rolu böyük olub. 890-cı ildə Xəlifə Mötəmidin göstərişilə paytaxt Samirədən yenidən Bağdada qaytarılandan sonra Xilafət daxilində türklərin nüfuzu zəifləyir. Yerli ərəblər hakimiyyətədə öz sözlərini deməyə başlayır.
Təmkin Məmmədli: Siz qeyd etdiyiniz ki, Sacilər ərəb xilafətinə qarşı vuruşub. Amma Afşin də daxil olmaqla Sacilər nəslindən olan şəxslər Babəkə qarşı mübarizə aparıb axı.
Şahlar Şərifov: Elə məhz Əbu Sacın özünün adı ilk dəfə Təbəridə Babəkə qarşı gedən mübarizələrdən danışarkən qeyd olunur. Məhz Təbəri yazır ki, 837-ci ildə xəlifə Mötəsimin göstərişi ilə Afşin Babəki məğlub etdikdən sonra onu əsir kimi Bərzəndə Afşinin qərargahına gətirəndə Əbu Sac da orada idi. Bundan sonra Afşinin özünün 839-840-cı illərdə Xilafət tərəfindən sıxışdırılmasından sonra isə xəlifənin göstərişi ilə Əbu Sac özü Azərbaycana gələrək Afşinin qoyduğu nümayəndəyə qarşı döyüşüb. Bunun ardınca isə yenə də xəlifənin göstərişi ilə Əbu Sac Təbəristana gedərək orada da Mazerə vuruşub.
Fuad Babayev: Sacilər dövrü ilə bağlı hansı artefaktlar qalıb?
Rəşad Mustafa: Marağanın və Ərdəbilin bərpası var. O dövrdə Ərdəbil Yusif İbn Əbu Sac tərəfindən dağıdılıb. Eyni zamanda Yusifin Tiflisə hücum edərkən oranın yenidən dağıdılması və bərpa prosesi var. Burada problem ondadır ki, Yusif İbn Əbu Sac, həmçinin də Məhəmməd İbn Əbu Sac daimi oturaq mədəniyyətə sahib olmayıblar.
Fuad Babayev: Yarımköçəri olublar.
Rəşad Mustafa: Yarımköçəri yaşayıblar, daim at üstündə olublar. Yusif İbn Əbu Sacın etnik mənsubiyyəti ilə bağlı onu deyim ki, orduda böyük ehtimalla türk dilində danışırdılar. Amma, orada kürd dəstələri də, Deyləmlilər də var idi. Deyləm dedikdə indiki Gilan, Deyləm, Xəzər dənizinin cənub və cənub-qərb ərazisi nəzərdə tutulur. İrandilli xalqdır, talış dilinə yaxındır. Yerli əhaliyə gəlincə ərəblər bizə şəhər əhalisi, yolüstü şəhərlər haqqında məlumat verirlər. Amma köçəri əhali haqqında, kənd əhalisi haqqında heç bir məlumata rast gəlmirik. Yunan mənbələrində təkcə Albaniyada 20-dən artıq şəhər olduğu yazılsa da, ərəblərə görə bu ərazidə Tiflisdən, Bərdədən, Dərbənddən böyük şəhər yoxdur. Belə şey ola bilməz axı. Bunu bəzən ərəb yürüşlərindən sonra dağıntılarla da əlaqələnidrirlər. Sadəcə olaraq bizə şəhər əhalisi haqqında məlumat verirlər. Şəhər əhalisi isə bildiyimiz kimi monoetnik olmur. Feodalizm dövründə əhalinin 90 faizi kənddə yaşayırdı.
Fuad Babayev: Yəni urbanizasiya yüksək həddə olmayıb.
Rəşad Mustafa: Amma, bizim kənd əhalisi haqqında məlumatımız yoxdur.
Fuad Babayev: Sacilər dövlətinin öyrənilməsində hansı boşluqlar var? Bu dövrlə bağlı gənc tədqiqatçılara hansı mövzuları araşdırmağı tövsiyə edərdiniz?
Şahlar Şərifov: Mənə elə gəlir ki, Sacilərin sırf Azərbaycan dövləti olmasını, dövlətin məhz bu ərazidə qurulmasını sübut etmək üçün ilk növbədə ərəbdilli mənbələr üzərində işləmək lazımdır. Məhz ərəbdilli mənbələrin üzə çıxarılması və daha çox araşdırılması təkcə Sacilər deyil, ümumiyyətlə Azərbaycanın tarixi, dövləti, dili və etnik tərkibi haqqında daha geniş məlumat əldə etməyə imkan verər. İbn Həvqəl, Təbəri, İbn Əsir, Əl-İstəxri, Əxvəri Tübal kimi ərəb müəlliflərinə müraciət olunmalıdır. Əxvəri Tübal yazır ki, xəzərlər hücum edərək Azərbaycana gəliblər. Orada Arran, Ərməniyyə demir, sadəcə Azərbaycan yazılıb. Rəşad müəllim qeyd etdiyi kimi İbn Həvqəl özü belə artıq Ərməniyyəni, Arranı kənara qoyaraq sırf Azərbaycan ifadəsindən, Azərbaycan məfhumundan istifadə edib. Sacilərin və digər Azərbaycan dövlətlərinin tarixini olduğu kimi ortaya qoymaq üçün ərəbdilli mənbələrin araşdırılmasına ehtiyac var.
Rəşad Mustafa: Onda Sacilər dövləti əvəzinə Azərbaycan dövləti ifadəsi olacaq.
Şahlar Şərifov: Bəli, sırf Azərbaycan dövləti. Çünki İbn Həvqəl özü orada Sacilər, Salarilər deyil, Azərbaycan dövləti yazıb. Məhz bu mənbələrin araşdırılması Azərbaycan tarixini olduğu şəkildə öyrənməyə kömək edəcək.
Fuad Babayev: Siz bəzi ərəb mütəfəkkirlərinin, alimlərin adlarını çəkdiniz. Belə demək olarmı ki, onların qoyub getdikləri irs tam çap olunub. Azərbaycan tədqiqatçısı çap olunmuş mənbələrlə işləyir, yoxsa söhbət əlyazmalar və arxiv materiallarından gedir?
Şahlar Şərifov: Bir məsələ var ki, Təbəri, İbn Əsir və s. mənbələr yenidən nəşr olunanda onlara müdaxilə edilir. Məhz Azərbaycan tarixinə aid olan məlumatlar dəyişdirilir və yaxud oradan çıxarılır. Xaricə adi bir məqaləni çapa göndərəndə saysız-hesabsız maneələrlə qarşılaşırıq. Həmin qüvvələr Azərbaycan tarixinə aid mühüm məlumatların məqalədən çıxarılmasına və ya dəyişdirilməsinə təsir göstərir. Ona görə də bu mənbələr diqqətlə araşdırılmalıdır.
Rəşad Mustafa: Maraqlı məqamlar çoxdur. Məsələn, o dövrdə nə üçün Xilafətə, Allahın yer üzündəki kölgəsi olan xəlifəyə qarşı üsyan baş verdi. Xəlifə Sacilərə Məkkə və Mədinə yolunun mühafizəsi kimi ən böyük hörməti vermişdi. Nəyə görə Sacilər birdən-birə Xilafətə qarşı ayaga qalxdı? Çünki, burada etiqadi problemlər mövcud idi. Bu dövrdə Azərbaycanda Büveyhlilər var idi. 869-899-cu illərdə böyük bir xarici üsyanı baş verdi. Sacilərin özünün bir hissəsi xarici əqidəsinə mənsub idi. Sonuncu Saci hökmdarlarından biri Deysəm İbn İbrahim özü xarici əqidəsinə mənsub idi. Mən əgər Sacilər mövzusunu işləsəydim mütləq şəkildə bu məsələlərə həm də dini münasibətlər kontekstindən baxardım. Orta ərslər eyni zamanda dinin tarixidir. Bu dövrdə dinin əhəmiyyəti çox böyük idi. Misal üçün Əli İbn Cəfər nəyə görə Sacilərə xəyanət edib Salarilər tərəfinə keçdi? Çünki, Əli İbn Cəfər batini əqidəsində idi, yəni şiə idi. Deysəm isə xarici idi. Ona görə Əli İbn Cəfər batini əqidəsində olan Mərzban İbn Məhəmmədə yaxınlaşır. O istəyirdi ki, bütün Azərbaycan Mərzban İbn Məhəmmədə tabe olsun.
Təmkin Məmmədli: Xaricilərin şiələrdən konseptual fərqi nədir?
Rəşad Mustafa: Dəhşətli dərəcədə fərqi var idi. Batinilər də, Büveyhlilər də hakimiyyətə ancaq imam ailəsindən olan şəxslərin, Əhlibeytin gəlməsini istəyirdilər. Abbasilər hakimiyyətdə ancaq Qüreyşdən olanları görmək istəyirdi. Xaricilər isə deyirdi ki, imamətə, xəlifəliyə kim layiqdirsə o da olsun. Həmin şəxsin ərəb, kürd və ya türk olmasının fərqi yoxdur. Yetər ki, Quranla hərəkət etsin.
Rəşad Mustafa: Deysəmin özünün atası Həsən Şürati böyük xarici üsyanından qaçıb Yusifin yanında gizlənən bir şəxs idi. Bu şəxslərin xarici ideologiyası ilə yaxınlığını bilməsək, burada dövlətin yaranmasını yalnız iqtisadi münasibətlərlə izah etmək düzgün olmaz. Mənbələrə əsasən deyə bilərik ki, Yusif İbn Əbu Sac vergi almırdı, yəni onun vergi siyasəti çox insaflı idi. İnsanlardan vergi almayan Yusif yalnız hökmdarlardan hədiyyə almaqla kifayətlənirdi.
Şahlar Şərifov: Bundan başqa Yusif İbn Əbu Sacın şiə olma ehtimalı da var. 912-ci ildə xəlifə Müqtədirin dövründə vəzirlik Əli ibn Məhəmmədə məxsus idi. O füratilər nəslindən idi. Əhlibeytə dəstək olan füratilər də şiə olublar. Məhz 912-ci ildə xəlifə Müqtədirin göstərişi ilə Əli İbn Məhəmməd vəzirlikdən azad olunur. Bu xəbər Azərbaycan hökmdarı Yusif İbn Əbu Saca çatanda o Xilafətə vergi verməyi dayandırır və xilafətə qarşı qiyama başlayır. Bu münasibətlə hətta xəlifə Müqtədirin göstərişi ilə Münusi Müzəffər, ondan əvvəl Xaqan İbn Müflih Azərbaycana gəlir. Sərab adlı məntəqədəki döyüşdə Yusif İbn Əbu Sac Münisi Müzəffərə qalib gəlir. Bunun əsasında deyirəm ki, onun hətta şiə olma ehtimalı da var.
Rəşad Mustafa: Bundan başqa Yusif İbn Əbu Sac Reydə deyir ki, imam ailəsindən olanlara toxunmayacam, yardım edəcəm. Reyi tutandan sonra digər şiə dövləti Büveyhlilərlə mübarizə aparanda da o on iki imam ailəsindən olanların əvvəlki kimi qorunacağını bildirir. Yəni istər Sacilər, istər Salarilər, istərsə də Rəvvadilər dövlətlərinin araşdırılmasında dini məsələlər mütləq nəzərə alınmalıdır.
Fuad Babayev: Bizdə tarixi romançılıq ənənəsi olub. Bu sahədə qələmini sınamaq istəyən, intellektini səfərbər edən, tarixi təbliğ edən yazarlar üçün Sacilər dövrü kifayət qədər dramatikdirmi?
Rəşad Mustafa: Bəli, kifayət qədər dramatikdir. Tutaq ki, Məhəmməd ibn Əbu Sacın hakimiyyətə gəlməsi, Azərbaycanı qərbə qədər genişləndirmək üçün Dəbil uğrunda mübarizə. Smbatı əsir götürməsi.
Fuad Babayev: Söhbət Səhl İbn Sumbatdan gedir?
Rəşad Mustafa: Xeyr. Söhbət Dəbil hakimi Smbat Baqrationidən gedir. Arsunilər, Baqrationilər ailəsi var idi. Gürcüstanda IV David də Baqrationidir, sonra onun bir qolu qısa müddətdə Şəkidə hakimiyyətdə olur. Onlar bütün Qafqaz ərazisində hakimiyyətə gəlmək istəyirdilər. Baqrationilərlə mübarizə həqiqətən çox maraqlıdır. Yusif İbn Əbu Sac ümumiyyətlə mənə elə gəlir ki, Azərbaycanın ən böyük hökmdarlarından biridir. O dövrün dramatik hadisələrdən biri də taun, vəba xəstəliyidir. Bu xəstəlik nəticəsində Azərbaycan əhalisinin demək olar ki, çox hissəsi qırıldı.
Şahlar Şərifov: Ölüləri kəfənləmək üçün kəfən tapılmırdı.
Rəşad Mustafa: Kəfən tapılmırdı, ölüləri basdıracaq adam tapılmırdı, ölüləri atırdılar. Məhəmməd İbn Əbu Sac da elə həmin dövrdə ölüb. Bu hadisələrin özü tarixi roman üçün dramatik mövzudur. Biz bilmirik bu hadisələr Azərbaycanın demoqrafiyasına nə dərəcədə təsir edib. Buna bənzər hadisə Alban Katalikos Vironun dövründə VII əsrin 30-cu illərindən olub. Albaniya əhalisinin bir hissəsini xəzərlər qırıb, bir hissəsi isə Kür çayının daşması nəticəsində boğularaq məhv olub. Taun, vəba köçəri əhali arasında yayılmır, bu xəstəliklər əsasən əhalinin kompakt, sıx şəraitdə yaşadığı şəhərlərdə yayılırdı. Bu hadisələrin demoqrafik vəziyyətə təsirindən biz xəbərsizik.
Fuad Babayev: Hər hada təsir etməyə bilməz.
Rəşad Mustafa: Yusuf İbn Əbu Sacın həyatı gözəl tarixi film mövzusudur. Onun tez-tez əsir düşüb əsirlikdən qaçması, iki dəfə Dərbəndə Əbu Tahirin üstünə getməsi, əsir düşməsi və edam olunması bir hökmdar həyatının dramatizmini əks etdirir.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Material 3 dekabr 2018-ci ildə dərc olunub.