Sacilər dövləti
9-cu əsrin sonunda xilafətin siyasi hakimiyyətinin zəifləməsi tarixi Azərbaycan ərazisində müstəqil və yarımmmüstəqil dövlətlərin yaranmasına səbəb oldu. Həmin dövrdə cənubda Sacilər sülaləsinin yaratdığı yeni dövlət təşəkkül tapdı (898-941). Dövlətin yaranması mənşəcə usruşanalı türk olan xəlifə sərkərdəsi Əbu-s-Sac Divdadatın oğlu Məhəmmədin adı ilə bağlıdır. Sacilər sülaləsinin ən görkəmli nümayəndəsi, bütün Azərbaycan torpaqlarını ilk dəfə müstəqil dövlət çərçivəsində birləşdirə bilmiş Yusif ibn Əbu-s-Sac olmuşdur. Qərbdə Ani və Dvindən şərqdə Xəzər dənizinədək, cənubda Zəncandan şimalda Dərbəndədək olan geniş ərazi Sacilərə tabe oldu. 941-ci ildə Deyləm hakiminin oğlu, Salarilər nəslindən olan Mərzban ibn Məhəmməd Sacilərin Azərbaycandakı hakimiyyətinə son qoydu. Paytaxtı Marağa və Ərdəbil şəhərləri olmuşdur.
«Tarixi Azərbaycan Dövlətləri», Bakı, 2012, s.80
Salarilər dövləti
Salarilər dövlətinin (941-983) əsası 941-ci ildə Mərzban ibn Məhəmməd tərəfindən qoyulmuşdur. Məhz onun hakimiyyəti dövründə Salarilər dövlətinin sərhədləri Sacilər dövlətinin ən yüksək inkişaf dövrü hüdudları ilə üst-üstə düşürdü. Demək olar, bütün Azərbaycanı ələ keçirmiş Mərzban ibn Məhəmməd Ermənistanda da hakimiyyətini təsdiqlədi, əvvəllər Sacilərə vergi verən Şirvanşahları indi də onlara vergi ödəməyə məcbur etdi.Beləliklə, Salarilərə tabe edilmiş ərazinin hüdudları şimalda Dərbəndədək çatdı. Salarilər dövlətinin varlığına 981-ci ildə Rəvvadilər tərəfindən son qoyuldu. Paytaxtı Ərdəbil şəhəri idi.
«Tarixi Azərbaycan Dövlətləri», Bakı, 2012, s.80
Rəvvadilər dövləti
Azərbaycanın siyasi tarixində Rəvvadilər dövləti X yüzilin sonundan başlayaraq təqribən bir əsr ərzində (983-1060 və 1107-1117 (Azərbaycanın cənubunda)) olduqca mühüm rol oynamışdır. X yüzilin 50-ci illərinin sonlarına yaxın, Salarilərin hakimiyyətinin zəiflədiyi dövrdə Rəvvadilər sülaləsinin nümayəndəsi Məhəmməd ibn Hüseyn Azərbaycanın bəzi torpaqlarını ələ keçirdi. 956/57-ci ildə isə o, Təbriz və onun civarlarına sahibləndi. Həmin əsrin 70-ci illərinin sonuna yaxın güclənən ara müharibələri Hüseynin oğlu Əbülheycənin Salari hökmdarı İbrahim üzərində qələbəsi ilə nəticələndi. Əbülheycə Arazdan cənubda olan Salari torpaqlarının bir hissəni də ələ keçirib, öz mülklərinə qata bildi. Səlcuqilərin Qafqaza yürüşləri dövründə Rəvvadilər dövlətinin ərazisi bütün Cənubi Azərbaycanı əhatə edirdi. 1060-cı ildə səlcuq sultanı Toğrulun Təbrizi mühasirəyə almasından sonra II Məmlan sultanın təbəəsi olduğunu elan edir. Siyasi hakimiyyətlərini əldən verən Rəvvadilər uzun illər öz əski əzəmətlərini qaytara bilmədilər. Yalnız 1107/1108-ci il mənbələrində Azərbaycanın cənub-qərb torpaqlarına sahib olan Marağa hakimi Əhmədili ibn İbrahim ibn Vəhsudan ər-Rəvvadinin adı çəkilir. 1116/1117-ci ildə Əhmədilinin Bağdadda xəlifə sarayında batinilərdən biri tərəfindən öldürülməsi ilə Rəvvadilər sülaləsi tarix səhnəsindən çıxır. Paytaxtı Təbriz və Marağa şəhərləri olmuşdur.
«Tarixi Azərbaycan Dövlətləri», Bakı, 2012, s.81