“Şahdəniz” konsorsiumu “Şahdəniz Kompressiya” (ŞDK) layihəsi çərçivəsində ŞDK platformasının üst modullarının tikintisi üçün 321 milyon dollar dəyərində müqavilə imzalanıb.
bp-dən AZƏRTAC-a bildirilib ki, müqavilə “Azfen” şirkətinə verilib.
Üst modulların tikintisi müqaviləsi bu ilin iyun ayında ŞDK layihəsi üzrə qəbul edilən yekun investisiya qərarından sonra layihənin icrası üçün əsas işlərin başlandığını bildirən mühüm bir addımdır.
Müqavilənin iş həcminə ŞDK platforması üçün 8500 tonluq üst modullar blokunun inşası, montajı, quraşdırılması və inteqrasiyası daxildir. Tikinti işləri ölkə daxilində yerli infrastruktur və resurslardan istifadə etməklə “Azfen”in Bayıldakı tikinti-quraşdırma sahəsində həyata keçiriləcək.
Üst modulların tikintisi işlərinin 2025-ci ilin dördüncü rübündə başlanacağı və 2028-ci ilin sonuna başa çatacağı planlaşdırılır. Bu işlərə 90 faizdən çoxu yerli mütəxəssislər olmaqla 3000-dən artıq işçi qüvvəsi cəlb olunacaq.
“Düşünürük ki, ŞDK layihəsindəki bu irəliləyiş “Şahdəniz” tərəfdaşları və ümumiyyətlə ölkə üçün mühüm bir hadisədir. Bu uğur layihədə çalışan komandalarımızın əzmkarlığını, yerli tərəfdaşlıqlarımızın gücünü və layihəni əməyin təhlükəsizliyi, keyfiyyət və kapital səmərəliliyi baxımından ən yüksək standartlara uyğun həyata keçirmək öhdəliyimizi bir daha vurğulayır”,- deyə bp-nin layihələr üzrə baş vitse-prezidenti Yuan Drammond qeyd edib.
Müqavilənin “Azfen”ə verilməsi bu şirkətin təsdiqlənmiş təcrübəsi, o cümlədən Azərbaycanda dəniz platformaları üçün üst modulların tikintisi üzrə əvvəlki layihələrdəki uğurlu iş icrasına əsaslanır. Şirkətin Bayıldakı tam modernləşdirilmiş, dünyasəviyyəli tikinti-quraşdırma sahəsi üst modulların inşadan sonra quruda inteqrasiyası və bütövlükdə barjaya yüklənməsi üçün bütün lazımi imkanları təmin edir. Bu, ŞDK layihəsinin qrafikə uyğun və büdcə daxilində icra olunması üçün əsas amildir.