23 avqust, 1514-cü il
QƏZƏL
Bir tərəfdən qırdıranmış, öldürənmiş Çaldıran,
Başqa yandan türkü türkə güldürənmiş Çaldıran.
Qeyb olubdur türkə türkün rəhmi, insaf qeyb olub,
Ah, bu mənhus gündə tüğyan qaldıranmış Çaldıran.
Ömrü güllər tək açılmış şux cavanlar məhv olur,
Ömrü gül tək, bir çiçək tək solduranmış Çaldıran.
Əl kəsilmiş, qol üzülmüş, baş yarılmış qeyz ilən,
Əl kəsənmiş, qol üzənmiş, baş yaranmış Çaldıran.
Kişnəmir köhlən nə vaxtdır, nə′rə çəkmir nər dəvə,
Allah-allah, nər yıxanmış, at qıranmış Çaldıran.
Burda ağ daşlar boyanmış büsbütün qan rənginə,
Ağ sular al qırmızı olmuşsa, qanmış Çaldıran.
Bir tərəfdə qəm neyin, bir yanda şənlik şeypurun
Çaldıranmış, çaldıranmış, çaldıranmış, Çaldıran.
Bağışlasın oxucu,
Sındı qələm, yox ucu.
“Çaldıran”ı yazmağa
Mənə gərək ox ucu!
ÖN SÖZ
Şahin quşu kimi xəyal qanadlı,
Xəyalım beş əsr geriyə döndü,
Mənim gözlərimə Ərdəbil adlı
Xanədan göründü, ocaq göründü.
Gördüm ki, bir nəslin mürşidi olan
Şeyx Cüneyd Şirvanda qərq olub qana…
Sonralar Cüneydin yaşına dolan
Heydər qoşun çəkir Tabasarana…
Gördüm ki, taxt-tac arzusu ilə
Yenidən ortaya düşüb intizar.
Görüdüm ki, Heydəri ordusu ilə
Şirvanda məhv edib Şirvanşah Yəsar.
Görüdüm ki, dul qalıb Aləmşah ana…
Gördüm ki, üç oğul didərgin gəzir.
Gah Təbrizə qaçır, gah Lahicana,
Gah da qorunmaqçın Rəştə tələsir…
Şahin quşu kimi xəyal qanadlı,
Xəyal qanad çalıb geriyə döndü.
Bir an gözlərimə İsmayıl adlı
Hökmdar göründü, şair göründü.
Dedim: “Ey İsmayıl, ey heydəroğlu,
Həm qılınc, həm qələm yar oldu sənə.
Sən ey ər kişinin igir, nər oğlu.
Alqış inamına, əhsən əzminə!
Dedin: “olacağıq nə vaxtacan şeyx?”
Dirçəliş yaratdın, intibah oldu.
Atan şeyx, baban şeyx, ulu baban şeyx,
Özün şah, balan şah, nəvən şah oldu”.
Sözümü saxlayıb həmən bu ara
Mən sənin sözündən kömək istərəm.
Xətai aşiqi oxuculara
Məğrur bir şe′rini demək istərəm:
“Mənəm ki, bu zəmanə şimdi gəldim,
Rəvan oldum, rəvanə şimdi gəldim.
Aşiqəm məstü heyran şahə, çün mən
Mühübbəm, xanəndə şimdi gəldim.
Şaha müştaq idim qayətdə billah,
Şükür kim, asitanə şimdi gəldim.
Yezidü müşrikin kökün kəsərəm,
Çırağəm, yanə-yanə şimdi gəldim.
Əzəldən gəlmişəm şah əmri ilən,
Saqınmagil cəhanə, şimdi gəldim.
Mühübbəm on iki şahə əzəldən
Və leykən bu dükanə şimdi gəldim.
Süleyman xatəmi, Musa əsası,
Cahanda Nuh-tufanə şimdi gəldim.
Məhəmməd mö′cüzü, şah zülfüqarı,
Əlimdədir nişanə, şimdi gəldim.
Xəvaric əhlini qoyman cəhanə,
Xətaiyəm, cəhanə şimdi gəldim”.
Yenə dilə gəldi könlümün səsi:
-Xətai, cahana sən xoş gəlmisən!
Ey Uzun Həsənin comərd nəvəsi,
Şamtək yana-yana sən xoş gəlmisən!
Kama yetəcəksən hər əməlinlə,
Əməl məram üçün təməl yarandı.
Həyata keçəcək sənin əlinlə
Cüneydin arzusu, Heydərin andı.
Ulu bir əzm ilə meydana girib
Bəlli olacaqsan bütün cahana.
Qədim bir diyarı yeniləşdirib
Rövnəq verəcəksən Azərbaycana.
Dəyəcək atdığın hər ox hədəfə,
Pələng, şir boğan da, gur vuran da sən.
Ömründə ilk dəfə, həm də son dəfə
Məğlub olacaqsan Çaldıranda sən.
Uduzmaq İsmayıl vərdişi deyil,
Bir cəngi uduzdun qürur ilə sən.
Qüruru itirmək mərd işi deyil,
Sənin məğrurluğun-sənin qələbən!
Şe′rdə yeni bir səs-səda kimi
Qədəm qoyacaqsan neçə sabaha.
Mənhus məğlubiyyət bir bəla kimi
Yaxın düşməyəcək sənə bir daha.
Bir əlində qılınc, bir əlində gül
Zəfər çalacaqsan hey yeni-yeni.
Şah ölkə fəth edər, şairsə könül,
Şah İsmayıl isə hər ikisini!
XİTAB EDƏRDİLƏR QAZİLƏR BELƏ
“Mürşidin nəfəsi həqq nəfəsidir,
Mürşid sözün tutmayanlar asidir,
Mürşidin rizası həqq rizasidir,
Həqq deyib, tutduğum yoldan ayrılmam”
ŞAH İSMAYIL XƏTAİ
Süqut eləmişdi Ağqoyunlular…
Batan bir gəmidən çıxıb sahilə,
Səsini səslərə qatıb o ki var
Xitab edərdilər qazilər* belə:
“Pirim, mürşidim, sadağa olduğum!” **
Sonadək dönməyib e′tiqadından
(İsmayıl əzminə məhəbbət ilə)
Neçə qəbilənin, elin adından
Xitab edərdilər qazilər belə:
“Pirim, mürşidim, sadağa olduğum”
Bir də “Şeyx” isminə qayıtmayaraq,
“Şah baba” adını gətirib dilə,
Dillərdə pərəstiş, əllərdə yaraq,
Xitab edərdilər qazilər belə:
“Pirim, mürşidim, sadağa olduğum”
Herat, Bağdad eli, Diyarbəkir, Şam…
İtaət etmişdi neçə qəbilə.
Şairə pərəstiş, şaha ehtiram,
Xitab edərdilər qazilər belə:
“Pirim, mürşidim, sadağa olduğum”
Neçə yol keçmişdi neçə savaşdan,
Sorağı çatmışdı Misrə, Babilə…
Sidq ilə keçərək yolunda başdan
Xitab edərdilər qazilər belə
“Pirim, mürşidim, sadağa olduğum”
Sədası yurd ötür, oba aşırdı
Şöhrəti düşürdü hey dildən-dilə.
Düşmənin həsədi aşıb-daşırdı…
Xitab edərdilər qazilər belə:
“Pirim, mürşidim, sadağa olduğum”
İtaət həkk edib dodaqlarına
(Arabir düşərkən işlər müşkilə)
Üzünü sürtərək ayaqlarına
Xitab edərdilər qazilər belə:
“Pirim, mürşidim, sadağa olduğum”
“Pirim, mürşidim, sadağa olduğum”…
*Din yolunda döyüşə/qəzavata/gedənlər “qazi” adlanırdı.
**Şah İsmayılın qaziləri savaşa yollanarkən bir ağızdan “Pirim, mürşidim, sadağa olduğum” deyə haray salır, “Şah, Allah”, “Şah, Allah”,, “Şah, Allah”, sədaları altında döyüşürdülər.
“HÜCUM GECƏ DEYİL, SƏHƏR OLACAQ!”
Sözünü bir söyləyənin
Sözünü edər sağ bir söz.
Pir nəfəsin dinləyənin
Yüzünü edər ağ bir söz.
ŞAH İSMAYIL XƏTAİ
Xətai əyləşib qəzəl yazıdı,
Başında tac vardı, əlində qələm.
Qəzəli necə də gözəl yazırdı,
Mən onu beyt-beyt demək istərəm:
“Diyari-eşqə sultanəm, dela, mən də zəmanimdə,
Vəzirimdir qəvmü qüssə, oturmuş iki yanimdə”.
Bayaq Şah İsmayıl fərman verirdi,
O, bayaq şair yox, hökmdar idi.
İndi bu otaqda hökmdar deyil,
Şeyx deyil, şah deyil, şair var idi:
“Fəraqü atəşü dərdü ələmlər bağrımı yaxdı,
İliklər qarə su oldu, əridi üstxanimdə”.
Məhəmməd Ustaclı, Xəlifə Sultan
Gecə hücumunu sandılar üstün…
Sabah hökmdaram, sabah hökmran,
Bu günsə şairəm, şairəm bu gün:
“Mən ol canbazi-sərbazam, fələk fövqindədir darim,
Neçə Həllac Mənsuri yürütdüm rismanimdə”.
Dedilər qəfildən onları basaq…
Xeyr, belə əməl yaraşmaz mənə.
Hücum gecə deyil, səhər olacaq,
İndisə ilhamım deyir “Yaz!” mənə:
“Mən ol şahbazi-kuhsarəm, baş əyməm qülleyi-Qafə,
Neçə ənqa kimi yavru uçurdum aşiyanimdə”.
Mənim qürurum var, əzəmətim var,
Ulu bir ölkəyə hökmdaram mən.
Qəfil basqın edər karvanbasanlar,
Yolkəsən deyiləm, şəhriyaram mən:
“Həmən əl arxası yerdə, cəhanın padişahidir
Xətai həp keçən sərdən, qədəm qoyan nişanimdə”
Sabah Şah İsmayıl cəngdə gedəcək,
İndisə, qələm var əldə, yox yaraq.
Şe′r səhər deyil, gecə bitəcək,
Hücum gecə deyil, səhər olacaq!!!
BU GÜN OXUYUR OZAN…
“Bu gün ələ almaz oldum mən sazım,
Ərşə dirək-dirək çıxar avazım…”
ŞAH İSMAYIL XƏTAİ
“Bura mənim elimdir,
Ayıl qürurum, ayıl.
Bir tərəfdə Səlimdir,
Bir tərəfdə İsmayıl.
Qılınc çalan əlimdir,
Sarıl, qılıncım, sarıl.
Bir tərəfdə Səlimdir,
Bir tərəfdə İsmayıl.
Şərəf nəsimi əsir,
Yayıl, şöhrətim, yayıl.
Bir tərəfdə Səlimdir,
Bir tərəfdə İsmayıl.
Azərbaycan gülümdür,
Bayıl, düşmənim, bayıl.
Bir tərəfdə Səlimdir,
Bir tərəfdə İsmayıl….”
Bu gün oxuyur ozan,
Sabah olacaq savaş.
Axıdacaq qızıl qan
Osmanlıyla qızılbaş.
Rum eli, Azərbaycan…
Savaşacaq anbaan
Müsəlmanla müsəlman,
Osmanlıyla qızılbaş.
Sultan zireh geyəcək,
Şah əmud istəyəcək,
“Vur ha!…” “Qır ha!…” deyəcək
Osmanlıyla qızılbaş.
Sultan seyrə dalacaq…
Şahsa qılınc çalacaq…
Qana qəltan olacaq
Osmanlıyla qızılbaş.
Məhv olacaq çoxları…
Yağdıracaq oxları
Biri-birinə sarı
Osmanlıyla qızılbaş.
Biganə sevinəcək,
Qırmızı geyinəcək…
Hey qəzəblə dinəcək
Osmanlıyla qızılbaş.
…Bu gün oxuyur ozan,
Sabah olacaq savaş.
Axıdacaq qızıl qan
Osmanlıyla qızılbaş.
QƏZƏL
İlahi, indi kin var Çaldıranda,
Nə iman var, nə din var Çaldıranda.
Səlim xan üzbəüz Şah İsmayılla,
Yenilməz var, mətin var Çaldıranda.
Günəş qızdırmayıb ətrafı, tezdir,
Fəqət qızmış beyin var Çaldıranda.
Naz etmir nazəninlər nazbalışda,
At üstündə nazənin var Çaldıranda.
Toyun ilkin günü əsgər, səfərbər
Cavan bəy var, gəlin var Çaldıranda.
Ölən türk, öldürən türkdür, a Şahin,
Bu qırğınlar neçin var Çaldıranda?
“SALAM-ƏLEYKÜM”
“Dərviş Yunus söylər sözü,
Yaş doludur iki gözü,
Bilməyən nə bilsin bizi?
Bilənlərə salam olsun”
Yunus İmrə
“İzzət ilə salam verdim…”
ŞAH İSMAYIL XƏTAİ
Hüseyn bəy Lələ,
Salam-əleyküm.
Abdal bəy Dədə,
Salam-əleyküm.
Təmğaçilərim,
Təvaçilərim,
Tuqaçilərim*,
Salam-əleyküm.
*Dövlət aparatında və orduda vəzifəli şəxslər
Sufilər, sizə,
Qazilər, sizə,
Məsləkinizə
Salam-əleyküm.
Dosta, sirdaşa,
Yara, yoldaşa,
Hər qızılbaşa
Salam-əleyküm.
Göydə tərlana,
Yerdə ceyrana,
Sultana, xana
Salam-əleyküm.
Bütün ərlərə,
Şirü nərlərə,
Cəngavərlərə
Salam-əleyküm..
Şamlularım, hey,
Rumlularım*, hey
Namus-arım, hey,
Salam-əleyküm.
Sazlı ozanım,
Sözlü ozanım,
Səsli ozanım,
Salam-əleyküm.
Ər alayına,
Nər alayına,
Ağçay çayına**
Salam-əleyküm.
Munisim, yarım,
Tərlanım, sarım,
Havadarlarım,
Salam-əleyküm.
Oyadan yeri
Qızıl dan yeri,
Çaldıran yeri,
Salam-əleyküm.
Qələm-dəftərim,
Qılınc-xəncərim,
Qoşun-ləşgərim,
Salam-əleyküm.
Həyat, gözəlsən,
Ölüm, əcəlsən,
İndi də gəlsən
Salam-əleyküm.
Vuran əlim, hey,
Qıran əlim, hey,
Sultan Səlim, hey,
Salam-əleyküm!
Salam-əleyküm!
*Qızılbaş tayfaları
**Çaldıranın ətrafından keçən çay
QIYMAYINIZ BAŞLARA!
“Xətai, dünyanın ötəsi fani,
Bizdən əvvəl bura gələnlər hani?
Sanma daim şad yürüyə düşmani,
Bir gün olu, növbət ona da gələ”.
ŞAH İSMAYIL XƏTAİ
“Qıyma oxa, at onu!”
Atlı atından düşür…
İsmayılın xatunu
Taclı xatun döyüşür.
İgidlərin saçlısı,
Saçların qulaclısı,
Hərəmlərin taclısı
Taclı xatun döyüşür.
Üzündən nur ələnən,
Gözündən nur ələnən,
Tacı dəbilqələnən
Taclı xatun döyüşür.
Ərdir ər savaşında,
Nərdir nər savaşında,
Şahın eşqi başında
Taclı xatun döyüşür.
Hələ bilmir o mələk
Bu gün əsir düşəcək…
At üstdə, İsmayıltək
Taclı xatun döyüşür.
“Dərgahına əl açım,
Ey eşq, odur əlacım…
Topladığım xəracım,
Bacım-Taclıya qurban.
O gül üzünə baxdım,
Baxdıqca yenə baxdım…
Qızıl-gümüşlü taxtım,
Tacım-Taclıya qurban!”
İsmayıl bilmir ki, bu gündən belə
Bir daha Taclını görməyəcəkdir.
Qılınc, qələm tutan əlləri ilə
Taclının saçını hörməyəcəkdir.
İsmayıl bilmir ki, tüfəng qılıncı
Bircə atəş ilə yox edə bilər.
İsmayıl bilir ki, qəşəng qılıncı
Əridib tüfəng yox, ox edə bilər.
İsmayıl bilmir ki, yaralanacaq,
Səlimə deyəcək “Cum tüfənginə!”
Qılıncı sınacaq, paralanacaq
Dəyib rum topuna, rum tüfənginə.
İsmayıl bilmir ki, zaman dəyişir,
Tüfəng əvəz edir qılıncı, oxu.
İsmayıl bilmir ki, dövran dəyişir,
Deyir “Kişisənsə, qılıncla şığı!”
İsmayıl bəlkə də bilir bunları,
Tüfəngə əl atmaq ona ar gəlir.
Hey baxır rişxədlə tüfəngə sarı,
Önünə tüfəngli rumlular gəlir…
İsmayıl deyir ki, köhnə vərdişi-
Qılınc döyüşünü saxla mənim tək.
Tüfənglə döyüşmək deyil mərd işi,
Kişinin əlində qılıncı gərək!
İsmayıl deyir ki, qurşan nizəyə,
Heç kim görməyəcək əlimdə tüfəng.
“Vur ha!” sədaları ucalır göyə,
İsmayılda qılınc, Səlimdə tüfəng.
Misri qılınc… baş yara…
“Haydı, a qardaşlarım!
Qıymayınız başlara,
Haydı qızılbaşlarım,
Haydı qızılbaşlarım!
Yeri! Yürü! Şığı!Kəs!
Ölüm bu gün müqəddəs
Paydı qızılbaşlarım,
Paydı qızılbaşlarım.
Güllədir, yağış deyil,
Titrəməyin, qış deyil,
Yaydı qızılbaşlarım,
Yaydı qızılbaşlarım.
Oddur, ildırım deyil,
Axan qan şırım deyil,
Çaydı qızılbaşlarım,
Çaydı qızılbaşlarım,
Bu döyüş-döyüş deyil,
Top döyüşü iş deyil,
Vaydı qızılbaşlarım,
Vaydı qızılbaşlarım!..”
QƏZƏL
Leş üstdən at sürən var Çaldıranda,
Ölən var, öldürən var Çaldıranda.
Müsibət var, bəla var, Kərbəla var,
Alan can, can verən var Çaldıranda.
Qaçıbmı Hörmüzün ruhi bu yerdən?
İlahi, Əhrimən var Çaldıranda.
Səfiəddin* gəlibdir əldə kəşkül,
Cüneyd, Haydər, Həsən** var Çaldıranda.
Qızılbaş müztərib, osmanlı mə′yus,
Fəlakətlər görən var Çaldıranda.
O boz torpaq qızarmış, rəngin olmuş,
Qızıl başdan çəmən var Çaldıranda.
Ölənlərçin qəbir vardır, a Şahin,
Qalanlarçın vətən var Çaldıranda.
*Şah İsmayılın ulu babası, “Səfəviyyə” təriqətinin banisi.
** Uzun Həsən-Şah İsmayılın babası, məşhur Ağqoyunlu şahı.
*** Döyüş ərəfəsində çalınan uzun qara zurna
BAŞ BƏDƏNƏ YÜK İDİ…
“Həqiqət yolunda gör savaşımı,
Axıtdım gözümdən qanlı yaşımı,
Pirlər eşiginə qoydum başımı,
İcazət ol dəmdə meydandan aldım”
ŞAH İSMAYIL XƏTAİ
Ordular sıralandı
Çaldıran döyüşündə.
İsmayıl yaralandı
Çaldıran döyüşündə.
Kərəney***, nağara var,
Qara ney, nağara var,
Zərbələndi təbillər,
Döyüldü nağaralar
Çaldıran döyüşündə.
Türkü qırır, gör ki, türk…
Bilmir qorxu-hürkü türk…
Çaldı qılınc, atdı ox
Zar elədi türkü türk
Çaldıran döyüşündə.
İki qonşu döyüşdü,
Qan axdı, acı düşdü,
Büdrədi bədöv atı,
Taclının tacı düşdü
Çaldıran döyüşündə.
Hay-haray qopardılar,
Yar bağrını yardılar,
İsmayılın xatunu
Taclını apardılar
Çaldıran döyüşündə.
Sağ vurandı, sol vuran…
Boyun vuran, qol vuran…
Bircə günün içində
Məşhər oldu Çaldıran
Çaldıran döyüşündə.
Ağac haray qopardı,
Qara Ayna* qızardı,
Qanla su qovuşarkən
Maku çayı qabardı
Çaldıran döyüşündə.
*Çaldırandan keçən çay
Bərənğara* düşdü od,
Cəvənğara** düşdü od,
Topdan atəş açıldı,
Qılıncla görüşdü od
çaldıran döyüşündə.
Ərlər döyüşə çıxdı,
Nərlər döyüşə çıxdı.
Başlardan dağ yarandı,
Qan axdı döşə çıxdı
Çaldıran döyüşündə.
Top biçdi, qılınc böldü…
Nə qədər adam öldü,
Neçə ürəkdə dilək,
Arzu öldü, kam öldü
Çaldıran döyüşündə.
Osmanlının çox sayı
Elə çox ki, yox sayı.
Dəstə-dəstə çəridi***,
Topa-topa alayı
Çaldıran döyüşündə.
Savaş xata, savaş qan…
Yan olmadı savaşdan,
“Şah baba”nın yolunda
Qızılbaş keçdi başdan
Çaldıran döyüşündə.
Mərmilər daşı qırdı,
Kəlləni, başı qırdı.
Qonşu qonşunu kəsdi,
Qardaş qardaşı qırdı
Çaldıran döyüşündə.
Leş bir yana düşübdür,
Baş bir yana düşübdür,
Göz bir yanda qan ağlar,
Yaş bir yana düşübdür
Çaldıran döyüşündə.
Osmanlı-türkün adı,
Qızılbaş türk övladı.
Türkə insaf gəlmədi,
Türkə rəhm olmadı
Çaldıran döyüşündə.
Üzüldü türk, üzdü türk,
Elə bil quduzdu türk.
Həm qalibdi, həm məğlub,
Uddu türk, uduzdu türk
Çaldıran döyüşündə.
Gül çəmənə yük idi,
Baş bədənə yük idi…
Müsəlman qırğınıydı,
Müsibət böyük idi
Çaldıran döyüşündə,
Çaldıran döyüşündə.
QƏZƏL
Bu gün əllərdə qan var Çaldıranda,
Bu gün dillərdə “yan!” var Çaldıranda.
Bu gün “Vur!” var, bu gün “Qır!” var, bu gün “Kəs!”,
Bu gün fəryad, fəğan var Çaldıranda.
Qəzəl yazmış Xətai xeymə içrə,
Müqəddəs bir məkan var Çaldıranda.
Bu gün tənbur çalınmır, saz çalınmır,
Təbillər çaldıran var Çaldıranda.
Ərənlər var: Ahıl var, ixtiyar var,
Cavan var, növcəvan var Çaldıranda.
Bədən başsız qalıbdır, baş bədənsiz.
Qətllərdən nişan var Çaldıranda.
Bu gün qırmaqdadır türk türkü, Şahin,
Xəsarət var, ziyan var Çaldıranda.
ŞAH ÖNÜNƏ ŞAH ÇIXAR…
“O əsnada, igidlik dənizinin nəhəngi olan Malqoçoqlu həmin həzrətin(Şah İsmayılın-Ş.F.) qarşısına gəldi. İskəndər şöhrətli şah qılıncını onun başına elə vurdu ki, dəbilqəsi başı ilə birlikdə iki hissəyə bölündü”
Həsən Bəy Rumlu
“Əhsənüt-təvarix”(XVI əsr)
“…İşin düşər
Gəlib gedişin düşər,
Dişləmə çiy löğməni,
Yerinə dişin düşər”
ŞAH İSMAYIL XƏTAİ
Sən malmısan, qoçmusan,
Əli bəy Malqoçoğlu*?
Ayıqmı, sərxoşmusan,
Əli bəy Malqoçoğlu?
Vur! Vuruş! Vuruşmadır!…
Çaldıran vuruş dadır.
Səlim neçin gəlməyir?
İsmayıl vuruşmadadır,
Əli bəy Malqoçoğlu.
*Osmanlı ordusunun topçubaşısı
Döy! Döyüş! Döyüş gedir,
İsmayıl döyüşdədir.
Səlim bəs nə işrətdə,
Səlim hansı “iş” dədir,
Əli bəy Malqoçoğlu.
De, hardadır Xandgar*?
Şah önünə şah çıxar!
Neçin qolların əsir?
Neçin səndən ah çıxar
Əli bəy Malqoçoğlu.
Sultan Səlim Yavuz bəs
Neçin bəri yönəlməz?
İsmayıl gözləməkdə,
Səlimsə cəngə gəlməz,
Əli bəy Malqoçoğlu.
Səlim xan harda qalmış?
Hökmran harda qalmış?
İgidlikmi azalmış,
Cəsarətmi yoxalmış,
Əli bəy Malqoçoğlu.
Get, Səlim özü gəlsin,
Qoy qızıb gözü gəlsin.
Tüfəngi atsın yerə,
Əlində nizə gəlsin,
Əli bəy Malqoçoğlu.
Heydəroğlu cavandır,
İgidliyi əyandır.
Pələng, aslan bir yana,
Bəbir, şir ovlayandır,
Əli bəy Malqoçoğlu.
*Osmanlı sultanlarına verilən titullardan biri
Heydəroğlu-qızılbaş,
Qələm əlində yoldaş…
Fürsət varkən qaç, əkil,
Nə durmusan, gedər baş
Əli bəy Malqoçoğlu.
Düşməninin fəndi nə
Tab eyləyə fəndinə?
Heydəroğlu ovçudur,
Düşmüsən kəməndinə,
Əli bəy Malqoçoğlu.
Topla həşir salıbsan,
Topçubaşı olubsan.
İndisə, əlin əsir,
Neçin naşı olubsan,
Əli bəy Malqoçoğlu?
Gözləmir aman səni,
Tərk eədəcək can səni,
Dişlərin sınacaqdır,
Dişləmə çiy löğməni
əli bəy Malqoçoğlu.
Ah, coşur birdən-birə,
Şah coşur birdən-birə,
Qılınc elə işləyir,
Bölünür iki yerə.
Əli bəy Malqoçoğlu.
QƏZƏL
Adamlardan divar var Çaldıranda,
Yaraqlardan hasar var Çaldıranda.
Budur, heybətli xan var, xandkar var
Və şah var, şəhriyar var Çaldıranda.
Gözəl Bəhruzə* var Taclıyla birgə,
Pərivəş var, nigar var Çaldıranda.
Düşüb dağda, yamacda, düzdə qırğın,
Fəlakət var, azar var Çaldıranda.
Qalanlarçın qalıb nisgil könüldə,
Ölənlərçin qubar var Çaldıranda.
Qubar vardırsa, vardır intizar da,
Ömürlük intizar var Çaldıranda.
“Ölüm haqdır, yetək haqqa!” a Şahin,
Bu məzmunda qərar var Çaldıranda.
ATLIYA ATDIR HƏYAN…
“… Bu vaxt Xızır ağa Ustaclı adlı qızılbaş Şah İsmayıl üçün başqa bir at gətirdi və şah yenidən döyüşə girdi.”
Bicən. “Tarixi-Şah İsmayıl Səfəvi”(XVI əsr); həmçinin Həsən bəy Rumlu. “Əhsənüt-təvarix”.
“Ey Xızri-mədədçi hər aradə
Yetir bu fəqiri sən muradə.
Sən riyh deyilsən, ey verən ruh,
Bağlı qapı səndən oldu məftuh.
Bu müşkülünü gər eyləsən həll,
Həqq duta əlin ki, dutasan əl”.
Şah İsmayıl Xətai
*Şah İsmayılın dörd zövcəsindən biri.
“Ata dost kimi bax, düşmən kimi min”
Atalar sözü
Şücaətli qızılbaş
Xızır ağa Ustaclı*.
Sədaqətli qızılbaş
Xəzər ağa ustaclı.
Hörmüzün nəfəsisən,
Qorqudun əvəzisən
Sən Astiyaq övladı,
Sən Oğuz nəvəsisən
Xəzər ağa Ustaclı.
Comərdi comərdlərin,
Qənimi namərdlərin,
Ərənlərin ərəni,
Mərdanəsi mərdlərin
Xızır ağa Ustaclı.
Qan-tərə bata-bata
Şah döyüşür piyada.
Bədəv atı yıxılmış…
Nə oldu bədəv ata,
Xızır ağa Ustaclı?
Ox atdımı o yağı?
Sürüşdümü ayağı?
Meydanda meyidlərə
İlişdimi ayağı,
Xızır ağa Ustaclı?
Atlıya atdır hayan,
Atsıza çatdır hayan.
İsmayıl atsız qalıb,
Atsızın hayına yan,
Xızır ağa Ustaclı.
*Döyüş vaxtı Şah Şah İsmayılın atı yıxılır. Dərhal özünü köməyə yetirən Xızır ağa Ustaclı adlı qızılbaş öz atını ona verir və şah tərəfindən “Atçəkən” ləqəbi ilə şərəfləndirilir.
Tez ol, yetişər xəta,
Köməkçi ol, yet dada.
Tapdanaq, ayaqlanar
Atdan düşən piyada,
Xızır ağa Ustaclı.
Atsıza pənah gərək,
(Pənahsıza ah gərək!),
Tələs, öz atını ver,
Xilas ola şah gərək,
Xızır ağa Ustaclı.
Dayanma, atını çək,
Yubanma, atını çək,
Köhlənini verməsən
Şaha xətər yetəcək,
Xızır ağa Usaclı.
… Şahın halı şən oldu,
Yenə atminən oldu.
O gündən də ləqəbin
Sənin “Atçəkən” oldu
Xızır ağa Ustaclı,
Xızır ağa Ustaclı!
QƏZƏL
Nələr vardır, nələr var Çaldıranda?
Qəhər vardır, kədər var Çaldıranda.
Qılınc var, nizə var, top var tüfəng var,
Qiyamət var, xətər var Çaldıranda.
Gəlib cəngə qızılbaş külfətiylə*,
Qadınlar, körpələr var Çaldıranda.
*Bir qayda olaraq, döyüşə gələn əmir və əskərlərdə özləri ilə gətirdikləri külfətləri naminə qeyrət hissi baş qaldırsın deyə, qızılbaşlar hərbi yürüşlərə ailəliklə çıxardılar.
Deyimlərdən, duyumlardan xəbər yox,
Ölümlərdən xəbər var Çaldıranda.
Nə şənlik var, nə şənlikdən əsər var,
Qətllər sərbəsər var Çaldıranda.
Açıb dərvazəsin cənnət-cəhənnəm,
Bu dünyadan səfər var Çaldıranda.
A Şahin, kəllələrdən qüllələr var,
Meyidlərdən çəpər var Çaldıranda.
BU CƏLLAD, BU KÖTÜK, BU SƏN, BU DA MƏN…
“Mənəm Sultan Xətai Heydəroğlu,
Mənim yolumdə qovğalar gərəkdir”
ŞAH İSMAYIL XƏTAİ
“Döyüşün ən qızğın çağında Şah İsmayılın atının ayağı büdəriyir, o, müvazinətini itirir və atı ilə birlikdə yerə yıxılır. Lakin, bu təhlükəli əsnada onun köməyinə Sultanəli Mirzə Əfşar gəlir. O, öz xarici görünüşü və geyimi ilə şaha çox bənzəyirdi. Sultanəli Mirzə Əfşar irəli çıxıb, “Şah mənəm!” deyə qışqırdı və osmanlılar əsl Şah İsmayılı buraxıb onun dalınca düşdülər”.
Bicən.”Tarixi-Şah İsmayıl Səfəvi”; həmçinin Həsən bəy Rumlu. “Əhsənüt-təvarix”.
“Heydərü Səfdərdi bizim pirimiz,
Qırxınıza taydı bizim birimiz”.
Atalar sözü.
Əfşar tayfasında bir igid vardı,
Adı Sultanəli, özü şahsevən.
İlahi, necə də şaha oxşardı,
Şah ona deyərdi, “Sən sənsən, ya mən?”
“Onun anasıyla bəlkə Şeyx Heydər?…”
Bu sual qalırdı müəmma kimi.
Necə bir-birinə bənzəyirdilər
İkiyə bölünmüş bir alma kimi.
Sanki ikisinin birdi qaməti,
Hətta hər ikisi solaxaydılar.
Biri-digərindən seçilməz qəti,
Yeriş də oxşardı, gülüş də oxşar.
Çaldıran… Döyüşün qızğın çağında
Köhlən at büdrəyib yıxıldı, aşdı.
Şah yerə sərildi göz qabağında,
Qızılbaş da çaşdı, rumi* də çaşdı.
Rumilər dövrəyə aldılar onu…
Qəfil bir səs gəldi:-Gəlin, şah mənəm!
Tale yıxıtmayıb Heydəroğlunu,
Möhtəşəm özüməm, alicah mənəm!
Anlayıb fəndini Sultanəlinin
Qazilər dedilər:-Bəli, şah odur!
Odur yadigarı Həzrət Əlinin,
Alicənab odur, alicah odur!
-Bəri gəlin, tutun məni,
Qazilər deyən şah mənəm.
Boşlayın o biçarəni,
Qazilər deyən şah mənəm.
Mənəm, mənəm Heydəroğlu,
Şeyx Heydərin sərvər oğlu,
Mürşüdlərə rəhbər oğlu,
Qazilər deyən şah mənəm.
“Uçmaqda tuti quşuyam,
Ağır ləşkər, ər başiyəm,
Mən sufilər yoldaşiyəm,
Qazilər deyən şah mənəm.
*Orta əsrlərdə türklər “osmanlı”, yaxud “rumi” adlanırdılar.
Nərdə əkərsən birətəm,
Xanda çağırsan, yerərəm,
Sufilər əlin tutərəm,
Qazilər deyən şah mənəm.
Mənsur ilə darda idim,
Xəlil ilə narda idim,
Musa ilə Turda idim,
Qazilər deyən şah mənəm.
Qırmızı taclı, boz atlı,
Ağır bir ləşkər nisbətli,
Yusif peyğəmbər sifətli
Qazilər deyən şah mənəm.
…Xətaiyəm, al atlıyam,
Sözü şəkərdən datlıyam,
Murtəza Əli zatlıyam,
Qazilər deyən şah mənəm”.
Nicat tapsın deyə şah bu bəladan
Sultanəli idi bu şe′ri deyən.
-Daha gərək deyil bu şöhrət, bu şan,
Tutun, Heydəroğlu İsmayılam mən.
Neçin baxırsınız belə karıxıb?
Rumlu da, şamlı da tanıyır məni…
Rumilər bir anda şahı buraxıb,
Əsir götürdülər Sultanəlini.
Rəhmi olmamışdı onun heç kimə:
-Araya bu nə hay-həşir düşübdür?
Müjdə gətirdilər Sultan Səlimə:
-Şeyx İsmayıl əsir düşübdür.
Səlimin pis idi kefi, əhvalı,
Qəzəb içindəyidi Sultan büsbütün.
Müjdəni eşidib, xoş oldu halı,
Dedi: -Müjdə günü” adlansın bu gün.
Dedi:-Əsiri tez gətirin görək!
Qələti çox olub yaşına görə.
Bütöv bir xəzinə paylasın gərək
Bir Sultanoğlunun başına görə.
Həmişə o, rəzil, o, dəni olub…
Guya yer üzünün padşahı idi.
Babası babamın düşməni olub,
Atası atamın bədxahı idi.
Böyük Fateh ilə böyük qovğada*
Həsənin ürəkdə qaldı nisgili.
Bilsin ki, uzunmuş həddən ziyada
Babasının boyu, özünün dili.
Bizə qəzəbi var acı dilində,
Sufi abdalların abdalıdır o.
Bədxah əməlləri müqabilində
Bu gün cəzasını almalıdır o!
Əsiri yanıma gətirin!- dedi,
Əsir astanada görünən zaman
Amma, bilmədi ki, Sultanəlidi,
Şah İsmayıl deyil önündə duran.
Sultan kinlə süzüb Sultanəlini,
Əlini irəli uzadıb həmən
Dedi:- O zəhərli acı dilini
Kəsin köpəklərə verəcəyəm mən.
*Ağqoyunlu Uzun Həsənlə osmanlı sultanı Fateh Məhəmməd arasında 1473-cü ildə baş vermiş məşhur “Otluqbeyli döyüşü”ndə Uzun Həsənin məğlubiyyətinə işarədir.
İtaət etsəydin mənə sufitək
Əsla qaldırmazdım bu həngaməni.
Məni təhqir etdin qürrələnərək
Üstümə yollayıb neçə naməni.
Əlini biləkdən kəsdirəcəyəm,
Səni qoyacağam qələmə həsrət.
Qəlbini diləkdən kəsdirəcəyəm,
Nədir bilməyəsən gərək məhəbbət.
Qabağımda baş əy, ey sufi, əyil,
Dərini qoluntək solduracağam.
Mə′dəmi bu axşam şərabla deyil,
Sənin al qanınla dolduracağam.
Kəlləni əllərdə gəzdirəcəyəm,
Qoy qədəh şəklində əllərdə qala.
Demişdim dilini kəsdirəcəyəm,
Dilin kəsilmədən dönübsən lala.
Bu gün söyülübsən azı yüz kərə,
Niyə dinməyirsən? Ağzını aç bir.
Şah gərək dözməsin bu təhqirlərə,
Sual mənimkidir, cavab sənindir.
Dedi Sultanəli:-Bayrağın sənin
Ayağa xalıtək sərilsin gərək.
Mənim dövlətimə basqın edənin
Cavabı qılıncla verilsin gərək.
Qırılıb qalxanım, sınınıb xəncərim,
Hanı misri qılınc, hanı əlimdə?
Pozulub, basılıb mənim ləşgərim,
Quruyub topçunun qanı əlimdə.
Gərək Durmuş xanı eşitməyəydim*,
Mənə nə olubsa, yerində olub.
İndi başın uca, mənsə baş əydim,
İndi sən qalibsən, mən isə məğlub.
*Şah İsmayılın məşhur əmiri Durmuş xan Şamlı ona gecə hücum etməyi məsləhət görmüşdü.
Dedi Sultan Səlim:-Əsgərin sayı
Olub iki yüz min ordugahımda.
Səni qorxutmadı ləşkərin sayı?
Vecinı gəlmədi ordugahım da?
Ən azı on dəfə azdı qüvvətin,
Neçin qarşı durdun mənim qüvvəmə?
Osmanlını basmaq çətindən çətin,
Müyəssər olmamış hələ heç kimə!
Mənim atəşimi eşidən kimi
Atəşin azaldı, odun qor oldu.
Sən basa bilmədin əsgərlərimi,
Özün əsir düşdün, ordun qırıldı.
Dedi Sultanəli:-Bəlliydi mənə
Sənin əskərlərinin sayı əzəldən.
Laqeyd olmasaydım top-tüfənginə,
Rahətcə əzərdim xandgarı mən.
İgidlər üzbəüz dayansın gərək,
Top guruldatmaqda məharətmi var?
Ər gərək vuruşsun qılınc çəkərək,
Uzaqdan gülləni nənəm də atar.
Dedi Sultan Səlim:-hey “qılınc” deyir…
Bu abdal, bu sufi bezdirdi məni.
Belə görünür ki, qılınc istəyir,
Keçirin qılıncdan “qılınc” deyəni!
Bəli, ram edərlər aşıb-daşanı,
Qızılbaş üstündə çalındı zəfər.
Çağırın Nişançı* Mehmed paşanı,
Hər yana yazılsın “Fəthnamə”lər**.
*Farsca “möhrdar” adlanan saray vəzifəsi.
**Qələbə məktubu.
Qoy belə yazılsın “Fəthnamə”də:
Qızılbaş ləşgəri tarimar oldu.
Sufi heydəroğlu o həngamədə
Mənim ayağıma düşüb zar oldu.
Belə yazılsın ki, şeş gəlib zərim,
Çırağı sönübdür Şah İsmayılın.
Belə yazılsın ki, ey düşmənlərim,
Sufinin qətlini bilib ayılın!
Bu vaxt haray qopdu, açıldı qapı,
İrəli sığıdı yeniçərilər*.
-Sultanım, şah deyil qabağındakı…
-Şeyxoğlu döyüşdə, bu başqa nəfər…
-Şahı özüm gördüm,-dedi üçüncü,
Hər iki əlində qılıncı vardı…
Bu qəfil xəbərdən sultan üşündü,
Üzü ayazıdı, gözü qızardı.
Dedi Sultanəli:-Düz buyururlar,
Şahın heç kölgəsi olammaram mən.
Ey ərən hökmdar, ulu hökmdar,
Saxlayaq bu qanı, kini bu gündən.
Hökm ver qoşunun geri çəkilsin,
Saxla bu döyüşü, kəs bu savaşı.
Ölənlərə-rəhmət, diri-çəkilsin,
Nə qədər qıracaq qardaş qardaşı?
Mən əşrəf soyundan Sultanəliyəm,
Sənsə “Böyük türk” deyir xəlayiq**.
Ətrafda bu qədər kafir var ikən,
Biri-birimizi qırmaq nə layiq?
*Osmanlı ordusunda avropalı gənc əsirlərdən təşkil edilən qoşun növü.
**Avropa kralları osmanlı sultanlarını belə adlandırırdılar.
Kafirə sərf edir döyüşməyimiz,
Əzr müsəlmanı gündə müsəlman.
Biryolluq saxlayaq döyüşməyi biz,
Sən də müsəlmansan, mən də müsəlman.
Birləşək, müxalif azmıdır məgər?
Ordunu yönəldək başqa məkana.
Hökm elə, çəriklər*,yeniçərilər
Bir də soxulmasın Azərbaycana.
Biz də sizə sarı dirəklə gedək,
Xoş dilək qarışsın şirin arzuma.
Oxla yox, duz ilə, çörəklə gedək,
Heç vaxt yönəlməyək qılıncla Ruma**
Sən də bor igidsən, şah da bir igid,
Bu nə qırhaqırdıq, bu nə çək-çevirdir?
Sənin də, onun da Qur′anı vahid,
Sənin də, onun da Tanrısı birdir.
İki türk yurdunun padşahısınız,
Sən də hökmdarsan, o da hökmdar.
Eşqin, gözəlliyin məddahısınız,
Sənin də, onun da şairliyi var.
İki hökmdarın səyahətində
Qoy qılıncsız olsun qılıncın qını.
Oğuzun, Qorqudun məmləkətində
Biryolluq dayansın məzhəb qırğını.
Sözümüz bir olsun, əməllərimiz bir,
Ruhlanaq həmişə bir-birimizdən.
İndi hökmünü ver, hökm sənindir,
Bu cəllad, bu kötük, bu sən, bu da mən…
*Döyüş ərəfəsində tabe hakimlərin göndərdikləri qoşunlar.
**XX əsrədək osmanlıların ölkəsi “Rum” adlandırılmışdır, Türkiyə isə sonradan qoyulan addır.
QƏZƏL
Bu gün min-min yaraq var Çaldıranda,
Savaşlardan soraq var Çaldıranda.
Bu gün Yavuz Səlim, Şah İsmayıl var,
Bu gün dağ üstdə dağ var Çaldıranda.
Bu gün hər günkü şənlikdən əsər yox,
Bu gün nisgil, fəraq var Çaldıranda.
Çıxır mərmi, üzür güllə, yağır od,
Yanır insan, ocaq var Çaldıranda.
Bu gün tar yox, setar yox, çal-çağır yox,
Əmud, xəncər, bıçaq var Çaldıranda.
Nəvaziş yox, sığal yox, busə yoxdur,
Bıçaqlanmış dodaq var Çaldıranda.
Bu gün Şahin, qızılbaş var bədənsiz
Və qanlardan bulaq var Çalıranda.
SAHİBİ-SEYF VƏ-L QƏLƏM
“O Həzrət(Şah İsmayıl-Ş.F.) həyatı və səltənəti zamanında rəiyyət və ona tabe olanlara ədalət və şəfqətlə rəftar edirdi. Onun qorxusundan heç kəs xalqın üzünə zülm qapılarını aça bilməzdi. Ömrü otuz səkkil il, hakimiyyəti isə iyirmi dörd il çəkdi. O həzrət döyüş meydanında xəncər vuran şirə, işrət məslisində isə inci yağdıran buluda bənzəyirdi. Səxavətinin çoxluğundan onun nəzərində yüksək əyarlı qızı ilə qiymətsiz daş arasında fərq yox idi… Çox gözəl şe′r yazırdı. Türkcə və farsca divanları var…”
Bicən Tarixi-Şah İsmayıl Səfəvi”.
“ O, özünün əzəmətli, yüksəkliyi, həmçinin dünyəvi və dini işlərlə məşğul olması ilə yanaşı ara-sıra təb′ini də sınaqdan keçirirdi. Türkcə və farsca şe′rlərində onun mübarək təxəllüsü “Xətaidir.
Sam Mirzə. “Töhfeyi-Sami”
“Qarşıkı qarlıca dağı gördünmü?
Yorulmuş əyyamın, əriyib gedər.
Axan sulardan sən ibrət aldınmı?
Üzünü yerlərə sürüyüb gedər”.
ŞAH İSMAYIL XƏTAİ
Sən ey “Divan” sahibi,
Sahibi-seyf və-l qələm*.
Şövkətü şan sahibi,
Sahibi-seyf və-l qələm.
Sən Qaraxan**, Oğuzdun***,
Çaldıranı uduzdun…
Taclı hanı? Uduzdun,
Sahibi-seyf və-l qələm.
Əli, Vəli ölübdür,
Qurbanəli ölübdür,
Sultanəli ölübdür,
Sahibi-seyf və-l qələm.
Bu getdi onu vurdu,
O gəldi bunu vurdu,
Fələkmi tələ qurdu
Sahibi-seyf və-l qələm.
*Qılınc və qələm sahibi. Müsairləri Şah İsmayıl Xətaini belə adlandırırdı.
**Türklərin ilkin rəhbərlərindən igid bir şəxs
***Oğuz soyunun əsasını qoyan qəhrəman
Ömür-gündə vəfa yox,
Gəldi cəfa, səfa yox,
Xadim bəy Xüləfa* yox,
Sahibi-seyf və-l qələm.
Məhəmməd xan** da öldü,
Boğuldu qanda öldü,
Lələn** meydanda öldü,
Sahibi-seyf və-l qələm.
Hanı Durmuş xan, hanı?
O qudurmuş xan hanı?
Əhməd bəy Türkman hanı,
Sahibi-seyf və-l qələm.
Qanlı büsat büsatmı?
Qanlı həyat həyatmı?
Rumilər sənə yadmı,
Sahibi-seyf və-l qələm.
Sinəmizin dağı yox,
Qəlbimizin yağı yox,
Türkünün ittifaqı yox,
Sahibi-seyf və-l qələm.
Yol tapılaydı gərək,
Dil tapılaydı gərək,
Həll tapılaydı gərək,
Sahibi-seyf və-l qələm.
*Görkəmli qızılbaş sərkərdəsi
**Qızılbaş əmiri
***Şah İsmayılın müəllimi və təriqətçisi olmuş Hüseyn bəy Lələ.
Gərək rübab dinəydi,
Qılınc yerə enəydi,
Qələm çox işlənəydi,
Sahibi-seyf və-l qələm.
Sünni də islam deyir,
Şiə də islam deyir,
Qur′anı bir, həqqi bir,
Sahibi-seyf və-l qələm.
Ellərimiz də birdir,
Dillərimiz də birdir,
Bəs bu nə çək-çevirdir,
Sahibi-seyf və-l qələm.
Çıxdı qan-qələt oldu,
Axdı qan-qələt oldu,
Çaldıran qələt- oldu
Sahibi-seyf və-l qələm.
Sirdaşlığı əydiniz,
Qardaşlığı əydiniz,
Gərək birləşəydiniz,
Sahibi-seyf və-l qələm.
Yaxsa -gərək bərk yaxa!
Yıxsa-gərək bərk yıxa!
Türkü gərək türk yıxa?
Sahibi-seyf və-l qələm,
Sahibi-seyf və-l qələm!!!
MİSRİ QILINCDANSA, QƏLƏM YAXŞIDIR!
“Ey bəxt, dedim ki, olmagil şad,
Qəmdən məni qılmadın sən azad”
ŞAH İSMAYIL XƏTAİ
İsmayil-məlallı, yaralı bir şah,
İsmayıl-Taclıdan aralı bir şah.
Əynindən çıxarmır qəm libasını,
Ölən qazilərin tutur yasını.
İsmayıl düşünür: “Yarəb, bu savaş
Gərək olmayaydı, tutmayaydı baş.
Bu qədər inilti, ah olmayaydı,
Sultanəli Mirzə “şah” olmayaydı.
Bu qədər əskərim qırılmayaydı,
Qoşunum, ləşkərim qırılmayaydı.
İgid Dədə bəyim* xar olmayaydı.
Ərən Sarı Pirəm** zar olmayaydı.
Güllə uçmayaydı, top atmayaydı,
Qılınclar başları qoparmayaydı.
Qanlar Çaldıranı suvarmayaydı,
Ağçay, Zeyvə çayı qızarmayaydı.
Min-min qızılbaşın qanı axıbdır,
Min-min osmanlının canı çıxıbdır.
Döyüşlər, savaşlar daha kifayət,
Davalar, savaşlar daha kifayət.
Baş əyir hər iki İraq da mənə,
Səcdədə yaxın da, uzaq da mənə!
Bir şeyxdə olmamış belə ehtişam,
İranı tutmuşam, Şamı tutmuşam.
Bir əlim Xorasan bağlarındadır,
Bir əlim Dəmavənd dağlarındadır.
Neçə şövkət mənim, neçə şan mənim,
Gürcüstan, Xuzistan, Luristən mənim.
Gəlir xəl′ət mənə axır zər mənə,
Bac-xərac yollayır kafirlər mənə.
Krallar baş əyir lap qabağımda,
Çövkan əlimdədir, top qabağımda!
Bunlar öz yerində, yarəb, bu savaş
Gərək olmayaydı, tutmayaydı baş.
Qazilər, ağlayın halıma indi,
İgid sufilərim min-min keçindi.
Qazilər bir müddət eyşi unudun,
Mərsiyə oxuyun, tə′ziyə tutun.
Qazilər, yas tutun, ələm yaxşıdır,
Misri qılıncdansa qələm yaxşıdır.
*Şah İsmayıl Səfəvi dövlətini yaratmasında xüsusi rolu olmuş əmir Abdal Dədə
** Sarı Pirə məşhur qızılbaş əmiri olmuşdur.
Daha döyüşləri azaltmalıyam,
Qələmə, kağıza əl atmalıyam!
Vurnuxur, tutmayır bir yerdə qərar
Taclıdan yan düşən taclı hökmdar.
Xan düşüb izzinə, ehtişaminə,
Yazlr bu qəzəli Taclı naminə:
“Çıxmaqdı eşqin sənin bir ləhzə canimdən mənim,
Mehri-hüsnün yek* durur ruhi-rəvanimdən mənim.
Gül yüzini yad edəndə, ey pərirux, qəönçələb,
Od çıxar süsən təki hər dəm zəbanimdən mənim.
Əksi-sayəndir vücudim, ey boyu sərvi-rəvan,
Getməsin sayən sənin bir ləhzə yanimdən mənim.
Pərtövi-xurşidi-ruyini görəndə, zərrə tək
Dapmaya** heç kimsə bu namu nişanimdən mənim.
Firqəti*** qəsd etmədin misgin Xətai xəstəyə,
Bir xəbər ver, ey səba, ol gülsitanimdən mənim”****.
SON SÖZ
Bir barsağı deyib ozan ağlayır,
Sözü səsi ilə yazan ağlayır:
“Neçin susadı qana
Osmanlıyla qızılbaş?
Neçin girdi meydana
Osmanlıyla qızılbaş?
*Yek-yaxşı, üstün
**Tapmaya
***Ayrılıq
****Qəzəl Şah İsmayıl Xətainindir.
Səflərə düzüldülər,
Üzdülər, üzüldülər,
Əzdilər, əzildilər
Osmanlıyla qızlbaş
Görməyib tədbirini
Vurdu biri-birini
Qırdı bir-birini
Osmanlıyla qızılbaş.
İnsafən iraqdılar,
Mürvətdən uzaqdılar,
Sanki yalquzaqdılar
Osmanlıyla qızılbaş.
“Vur” deyib atlandılar,
Atla qanadlandılar,
Yandırdılar, yandılar
Osmanlıyla qızılbaş.
“Yox ol” dedi, “Öl” dedi,
Əlbir ola bilmədi,
Dilbir ola bilmədi
Osmanlıyla qızılbaş”.
Bir bayatı deyib ozan yaş tökür,
Sözü səsi ilə yazan yaş tökür:
Əcəl yetir bir anda,
Ömür bitir bir anda.
Məğrur olmayaydı kaş
Xətai Çaldıranda!
Ağlama, ağlama, ozanım, toxta,
Sözü səsi ilə yazanım, toxta.
Bir dəm, bir an belə qürursuz olma,
Məğlub olsan belə qürursuz olma.
Qürur əzəmətdir, qürur ziya, nur,
Qüruru olmayan olurmu məğrur?
Qüruru olmayan ərən sayılmaz,
Qüruru olmayan İsmçayıl olmaz,
Ağlama ozanım, qüruru qoru,
Qoru qüruru!
Qürursuz yaşamaq məgər asandır?
İsmayıl demişkən “qürursuz olan
karvanbasandr”,
Qoru qüruru!
Qürurun yoxdursa yatmısan, ayıl,
Qürur Şeyx Heydərdir, qürur İsmayıl,
Qoru qüruru!
Qürur şərafətdir, qürur iftixar,
Qürurun var isə, ləyaqətin var,
Qoru qüruru!
Qürur ilə yaşa, qürurlu sayıl,
Qürur Xətaidir, qürur İsmayıl,
Qotu qüruru!
Xətai qürurlu, sən a vətəndaş,
Çaldıran döyüşü yenə versə baş,
Qoru qüruru!
Qoru qüruru!
QƏZƏL
Qan tökülmüş sel kimi, pəşmürdəhaldır Çaldıran,
Çaldıran hardan biləydi qeyrü qaldır Çaldıran?
Topçular toplardan atəş yağdırıblar dalbadal,
Hal-haraydır, vur-həşirdir, qalmaqaldır Çaldıran.
Bir cəfalı, bir bəlalı məskən olmuşdur bizə,
Uğradılmışdır zəvalə, bir zavaldır Çaldıran.
Şah hanı, sultan hanı, əsgər hansı, ləşgər hansı?
Yüz sülalə bir cavab verməz ki, laldır Çaldıran.
Yamyaşıl düzlər, çəmənlər qandan olmuş qırmızı,
Qırmızı, qıpqırmızı, aldan da aldır Çaldıran.
Ey nəsillər, türkü türk zar eyləyib, xar eyləyib,
Ey nəsillər, bir nümunə, bir misaldır Çaldıran.
Şahina, qan ağlayırsan, xan düşübdür bağrına,
Xalqımın hərb tarixində qarə xaldır Çaldıran!
Bakı-Qəçrəş
1-15 avqust,1990