1905.az portalının bu dəfəki həmsöhbəti teoloq Saleh Kazımovdur.
– Saleh müəllim, orta statistik azərbaycanlı gəncin dini savad səviyyəsini, əlbəttə, əgər belə bir ifadə məqbuldursa, necə dəyərləndirərdiniz?
-Çox aşağı səviyyədə dəyərləndirirəm. Hətta belə demək mümkündürsə, yox səviyyəsində. Ailədə və bəzi dini çevrələrdə dini biliklər əldə edənlər (çox az miqdarda insan) istisna olmaqla insanların böyük əksəriyyətinin, gənclər də daxil olmaqla, dini bilikləri zəif olmaq bir yana, çox bəsit şeylərdən belə xəbərləri yoxdur. Misal üçün kəlimeyi-şəhadəti, imanın əsaslarını, islam əxlaqını və s. bilmirlər. Halbuki din ictimai həyatın mühüm tərkib hissəsidir. Daxili boşluq hiss edəndə, ətrafda baş verənlərin səbəblərini anlamayanda, insan zəif və köməksiz olur. Əksinə, nə üçün yaşadığını, ətraf aləmdə baş verənlərin mahiyyətini öyrənəndə insan güclənir. Bu baxımdan dini biliklərə yiyələnmək hər kəs üçün lazımdır. Bu gün gənclər mürəkkəb və ziddiyyətli sosial-iqtisadi şəraitdə yaşayırlar. Ətraf mühit aqressivlik və mənəvi boşluq yaratmağa yönəlik neqativ informasiya, ideologiya və əyləncə ilə doludur. Buna görə də gənclərin ailələrinin, müəllimlərinin və ruhanilərin dəstəklərinə ehtiyacı var.
– Ərazilərimizin 20 faizi işğal olunub, yüz minlərlə soydaşımız iki onillik bundan əvvəl yurdlarından didərgin düşüb. Bu ağır yük din xadimlərimizin, eləcə də teoloqlarımızın missiyasında hansı dəyişikliyi edib?
– Şübhəsiz ki, torpaqların işğal olunması, düşmən tapdağı altında qalması hər bir Azərbaycan vətəndaşı kimi həm dindarları, həm də ki, teoloqları məyus edən bir haldır. Amma biz pessimizmə qapılmırıq, bir gün o torpaqların mütləq geri qaytaracağıq inancı gündən-günə güclənir. Miladi tarixlə 70-ci ildə Qüdsü xarabalığa çevirən Roma sərkərdəsi Titus buradakı məbədi də darmadağın etmiş, yandırıb-yaxmışdı. Bu məbəddən qalan Qərb divarı (Ağlaşma divarı) dünyanın hər tərəfinə yayılan yəhudilərin milli və dini şüurunun qorunmasında mühüm rol oynamışdır. İki on illik deyil, iki minillik keçdikdən sonra onlar həmin ərazidə öz dövlətlərini bərpa edə bildilər. Bu işdə din xadimlərinin və dindar insanların xidməti çox olmuşdur. Bu gün işğal altında olan Azərbaycan torpaqlarının geri qaytarılmasında da din xadimlərimiz müstəsna rol oynaya bilər. Qurani Kərimin bu prinsipi “Hər kim haqq işi uğrunda vuruşaraq ölərsə və ya (düşmənə) qalib gələrsə, ona böyük mükafat verəcəyik.” (“Nisa” surəsi 4/74). Düşünürəm ki, bu inanc insanlara təlqin olunarsa, onun çox böyük müsbət nətcələrini hiss edə bilərik.
– Zaman-zaman rast gəldiyimiz dini fanatizm təzahürləri barədə nə düçünürsünüz?
– Zaman-zaman rast gəldiyimiz dini fanatizm dini cəhalətdən qaynaqlanır. Şübhəsiz ki, bu işdə xarici amillərin də təsiri vardır. Amma bəsit də olsa, dini biliyi olan bir insan heç bir vaxt hansısa radikal təmayüllü dini cərəyanın təsiri altına düşməz. Radikallıq müəyyən bir çevrədə formalaşmış, şəkillənmiş dini dünya görüşün təzahürüdür ki, bu da müxtəlif radikal qrupların bir-birinə aqressiv yanaşmasına gətirib çıxarır. İslamın təməl şərtlərini bilməyənlər, İslam elmlərinə dərindən bələd olmayanlar, ərəb dilini zəif bilənlər radikilizmə yuvarlanırlar. Əsasən də dolğun, dürüst dini biliklər cəmiyyətdəki insanlarımıza, eləcə də uşaqlarımıza, yeniyetmə və gənclərimizə mütləq öyrədilməlidir. Bu problemin həlli üçün ilk növbədə dialoqa girməyi öyrənməliyik. Silahı, zorakılığı kənara atıb, danışıqlar masası arxasında əyləşib, bir-birimizin rəyini öyrənməli, onları müqəddəs Qurani-Kərimdə və Allah Rəsulunun (s.a.s) mübarək sünnəsində deyilənlərlə tutuşdurmalıyıq. Dözümlü olmalı, bir-birimizi bağışlamağı və əmin-amanlıq içində yaşamağı öyrənməliyik. Peyğəmbərimiz (s.a.s) deyirdi: “İki müsəlman bir-birinə qarşı çıxarsa, həm ölən, həm də öldürən cəhənnəmə gedəcək!” Dini fanatizm meyllərinin qarşısını almaq üçün dövlət orqanları, Qafqaz Müsəlmanları İdarəsi, KİV və bütövlükdə cəmiyyət səylərini səfərbər etməlidir.
– Peşəkar teoloq kimi elmi planlarınız barədə nə deyə bilərsiniz?
-Cəmiyyətdə müxtəlif dinlərə və məzhəblərə mənsub insanlar arasında, fərqli görüşlərdə olan adamları bir-birinə yaxınlaşdıran yazılar yazmaq, insanlar arasında sevgi və insanlığı ön plana çıxarmaq. Mövlanə Cəlaləddin Ruminin dediyi “Yaradılanı sev, Yaradandan ötrü” prinsiplə getmək.
– 1905.az portalına tövsiyələriniz.
-1905.az portalına ilk növbədə milli-mənəvi dəyərlərimizin qorunub inkişaf etdirliməsi sahəsində və bütün fəaliyyətlərində uğurlar arzulayıram. Mehmet Əmin Yurdaqulun belə bir sözü vardır: “Şairləri hayqırmayan bir millət, sevənləri torpaq olmuş yetim bir uşaq kimidir.” Sözsüz ki, bu portal həmişə şair, yazıçı, ziyalı fikir və elm adamlarını fikirlərini paylaşmalıdır. O cümlədən biz ilahiyyatçılar da bu portalla fikirlərimizi bölüşməyə hazır olmalıyıq.
İrina Muxtarova
1905.az