Amerika Birləşmiş Ştatlarındakı Nyu-York ştatının 112 yaşlı sakini Salustiano Sançes-Blaskes dünyasını dəyişib. Bu adam cari ilin iyunundan bəri dünyanın ən qocaman kişisi imiş. İyun ayında 117 yaşlı yaponiyalı Dziroemon Kimura öləndən sonra birincilik keçibmiş bu amerikalıya.
İndi ən yaşlı kişi 111 yaşlı italyan Arturo Likatadır. Bu adam 1902-ci ilin may ayının 2-də anadan olub.
O ki, qaldı planetin ən yaşlı sakininin kim olmasına, bu şəxs təbii ki, qadındır. Yaponiyanın Osaka şəhərində yaşayan Misao Okavanın 115 yaşı var.
Bax belə.
Hər bir ixtiyar yaşlı insanın uzunömürlülüyünün orijinal sirri var. Hər halda yaşı yüzü keçmiş bütün insanlar çox yaşamalarının səbəbləri ilə bağlı sualları tez-tez cavablandırmalı olurlar. Salustiano kişidən də soruşanda ki, onun lazım ola biləcəyindən xeyli çox yaşamasının sirri nədədir, rəhmətlik deyibmiş ki, hər gün bir banan yeyir, üstəlik həkimlərin təyin etdikləri bütün dərmanları da qəbul edir.
Vəssalam.
Mən Salustiano kişinin bu qədər uzun müddət ərzində sağ qalmasının belə sadə formada izah olunmasını qəbul etməsəm də, inanmaq istəyirəm ki, banan belə potensiala malikdir.
Həm də belə nəhəng potensial təkcə bananda deyil. Məsələn, Azərbaycanda banan bitmir, amma respublikamızı uzunömürlülər diyarı sayanlar hələ də var. Və hamı bilir ki, 1805-ci ildə, Lerik rayonunun Barzavu kəndində anadan olmuş Şirəli Müslümov 1973-cü ilə qədər, yəni düz 168 il yaşaya bilib. Doğrudur, elə o vaxtlar da Şirəli babanın şübhə doğurmayan uğurunu gözü götürməyənlər vardı. Və iddia edirdilər ki, guya yoldaş Müslümov əslində 168 il yaşamayıb, az yaşayıb.
Amma bütün hallarda bu şəxsin təəccüb, maraq, həm də həsəd yarada biləcək qədər uzun müddət ərzində həyatda olması şübhə doğurmur. Üstəlik, ağsaqqal bunu çox güman ki, banan adlı nəcib bir meyvənin mövcudluğundan xəbəri olmadan edib.
Demək, 100 faiz uzunömürlülüyün Salustiano kişinin bilmədiyi, ya da bilərək bizdən gizlətdiyi sirlər də var.
İndi qalır sirləri açıb çox yaşamaq.
Sirlər açılana qədər gündə bir banan yemək lazımdır.
Yəqin ki, acqarına.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 116-117)