“1905.az” Diskussiya klubunun “Şamaxı soyqırımı” mövzusunda müzakirəsi Şamaxı şəhərində baş tutdu. Şamaxının millət vəkili Elxan Süleymanovun rayondakı qərargahında keçirilən müzakirələrdə millət vəkilinin səlahiyyətli nümayəndəsi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev, “1905.az” portalının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev, filologiya elmləri doktoru Seyfəddin Qəniyev, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Aydın Alıcanov, tarix üzrə fəlsəfə doktoru Mayıl Alıcanov, tarix üzrə fəlsəfə doktoru Vahid Xanəliyev, coğrafiya üzrə fəlsəfə doktoru Əzizağa Vəliyev, təhsil işçisi Ədalət Məmmədov, tarixçi Babalar Ağayev iştirak edirdi.
Dəyanət Musayev: Dəvətimizi qəbul etdiyinizə görə, hamınıza əvvəlcədən öz minnətdarlığımı bildirirəm. Biz bu gün “1905.az” Diskussiya Klubuna yığışmışıq. Bildiyiniz kimi, 1905.az portalı ilk dəfə bir neçə ay öncə, məhz Şamaxıda geniş oxucu kütləsinə təqdim olunub. Portal qısa müddət ərzində çox geniş oxucu publikası qazanıb.
Təbii ki, erməni uydurmalarını, miflərini ifşa etmək baxımından belə saytların sayı çox olmalıdır. Qeyd edim ki, bu sayt 12 dildə yenilənərək erməni yalanlarını ifşa edir, tariximizin önəmli məqamları ilə bağlı həqiqətləri bütün dünya ictimaiyyətinə çatdırır. Saytın uğur və nəaliyyətləri haqqında, həmin portalın rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev daha geniş açıqlama verəcək. “1905.az” Diskussiya Klubunun artıq 20-dək toplantısı olub. Lakin Şamaxıda bu tədbir ilk dəfədir keçirilir. Ümidvarıq ki, bu tədbirlər davamlı olacaq.
Fuad Babayev: Hər birinizə minnətdarlığımı bildirirəm. Dəyanət müəllimin qeyd etdiyi kimi, 1905.az portalı cari ilin 28 mart tarixində Şamaxının millət vəkili və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanovun iştirakı ilə bu qərargahda təqdim edilib. Artıq 9 aydır, “1905.az” portalı 12 dildə fəaliyyət göstərir. Bizim bu aylar ərzində gördüyümüz işlər portalda öz əksini tapıb. Onu da qeyd edim ki, portalın yaranması ərəfəsində araşdırdıq ki, dünyada internet şəbəkəsində erməni mövqeyini müdafiə edən bir çox sayt fəaliyyət göstərir. Çox təəssüf ki, Azərbaycan saytları haqqında bunu deyə bilməyəcəyəm. Bu mövzuda saytlarımız çox azdır. Elxan müəllimin təşəbbüsü və səyi ilə həmin mövzuda iki sayt yaradılıb və fəaliyyət göstərir. Bunlardan biri, 1905.az” portalı, digəri də 2012-ci ildən etibarən 10 dildə fəaliyyət göstərən karabakhinfo.com beynəlxalq elektron jurnalıdır. Bu saytın həm də internet televiziyası mövcuddur. Portalımızın layihələri içərisində “Diskussiya klubu” xüsusi yer tutur. Bakıdakı ofisimizdə həftədə bir dəfə müxtəlif mövzularda müzakirələr aparırıq. Ötən dövr ərzində erməniliklə virtual müharibədə fərdlərin iştirakı, mədəniyyətimizdə vətənpərvərlik, diaspor və bizim media, erməni dilini öyrədənlərimiz və öyrənənlərimiz və s. mövzularda dəyirmi masalar keçirilib. Qeyd edim ki, Bakıdakı iki ali təhsil müəssisəsində erməni dili tədris olunur.
Bu günkü “Diskussiya klubu”nun mövzusunun məhz “Şamaxı soyqırımı” haqqında olmasını qərarlaşdırdıq. Daha doğrusu, “Şamaxı soyqırımı” ilə bağlı Şamaxı seçicilərinin, Şamaxı ziyalılarının, gənclərin informasiyalılıq səviyyəsinin nə yerdə olmağını öyrənmək istədik. Yadımdadır ki, 2011-ci ildə Elxan Süleymanov millət vəkili seçildikdən dərhal sonra bu mövzuda konfrans keçirilib və həmin konfransda tədqiqatçı Məhərrəm Zülfüqarlının “Şamaxı soyqırımı” kitabı təqdim edildi. Və daha sonra yenə də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu ilə birlikdə elmi-praktik konfrans keçirdi və bu konfransın materialları işıq üzü gördü. Bu dəyirmi masa da görülən işlər sırasında öz layiqli yerini tutacaq. Xahiş edirəm, bu mövzuda müzakirələrə başlayaq, sizin fikirlərinizi dinləyək.
Dəyanət Musayev: İlk olaraq bu portalın (1905.az) adı haqqında bir qədər məlumat vermək istərdim. Bildiyiniz kimi, 2015-ci il ermənilər qondarma soyqırımlarının, Türkiyə ərazisində guya baş verən hadisələrin yüz illiyini qeyd etməyə hazırlaşırlar. Bizim soyqırım tariximiz isə 1918-ci ildən yox, 1905-ci ildən başlayır. Deməli, 2015-ci il bizə qarşı ermənilərin törətdikləri soyqırımın 110 illiyidir. Bir məsəl var: “Tarixini unudan xalqın tarixi təkrar olunur”. Sözsüz ki, 1905-1907-ci illər, 1918-1920-ci illər, 1948-1953-cü illər, 1988-ci ildən bu günə kimi davam edən hadisələr bu və digər dərəcədə təkrar olunmuş hadisələrdir. Ermənilər uydurma bir tarixi dünyaya çatdırırsa, olan bir hadisəni, tarixi dunyaya çatdırmaq bizim daha çox haqqımız və borcumuzdur. Bütün bunları gələcək nəsillərə çatdırmalıyıq ki, unutmasınlar. Bildiyimiz kimi, Şamaxı qəzasında 120 kəndin 86-da soyqırım aktları törədilib və Fövqəladə Təhqiqat Komissiyası bunların yalnız 53-də istintaq apara bilib. Və orada göstərilən 8027 öldürülmüş şəxs məhz 53 kəndin sakinləri idi. Halbuki 15000 nəfər əhalisi olan Şamaxıda 1700 adam qalmışdı. 33 kənddə isə araşdırma aparılmamışdı. 1920-ci ildə sovet hakimiyyətinin qurulmasından sonra düşmənin dost kimi bizə təqdim olunması yaddaşlarımızdan bu hadisələri silməyə xidmət edirdi. Məlumdur ki, tarixin qaranlıq səhifələri də var. Bu hadisələrdə 26 Bakı komissarı adlandırılan adamların da böyük rolu olub. Bütün bunları yazıb, araşdırmaq hər birimizin borcudur.
Seyfəddin Qəniyev: Şamaxı soyqırımına hazırlıq işləri əslində XIX əsrin 90-cı illərindən başlanılmışdı. Şamaxıda həm 1905-ci ildə baş vermiş ixtişaşlara, həm də 1918-ci ildə baş tutan soyqırımına Lalayan soyadlı adamlar rəhbərlik edib. Bunlar baba və nəvə Lalayanlardır. Tarixi mənbələrə əsasən, 1905-ci ildə ixtişaşlar zamanı baba Lalayan qətlə yetirilib. 1918-ci ildə isə onun nəvəsi, S.Şaumyanın bilavasitə köməkçisi olan S.Lalayan babasının “əməl”ini “uğur”la davam etdirdi. Beləliklə, ermənilərin azərbaycanlılara qarşı soyqırım əməlini XIX əsrin 90-cı illərindən hesablamaq lazımdır. Çünki ixtişaş və qırğınların təməli o zaman qoyulmuşdu. 1905-ci ildə bu hadisələr genişləndi və 1918-ci ildə isə demək olar ki, öz zirvəsinə qalxdı. 80-90 kəndimizdə qırğın olmuşdu. Göstərilən rəqəmlər isə 40-50 kəndi əhatə edir.
Təbii ki, həmin dövrdəki elatların, kəndlərin siyahısı dəqiqləşdirilməyib. Müvafiq olaraq arxiv sənədlərində də rəqəmlər dəqiq qeyd olunmayıb. Padar və Kolan elatları ən böyük elatlar idi. Hətta bu elatlarda da qırğınlar törədilmişdi. Mən özüm də bununla bağlı araşdırma aparmışam. Bu bizim tariximizdir, Azərbaycanın tarixidir. Bizim üzərimizə nə düşürsə, onu da etməliyik. Mən özüm dövlət təhlükəsizlik orqanlarının arxiv sənədləri əsasında “Şamaxı soyqırımı” kitabını çap etdirmişəm. Məhərrəm Zülfüqarlıya da tədqiqat əsəri yazdığı üçün minnətdarlığımı bildirirəm.
Aydın Alıcanov: Arxiv sənədləri içərisindən bir neçə səhifə götürmüşəm. O vaxtkı Şamaxının sərhədləri indikindən fərqli idi. Kürdəmir bölgəsi də bura daxil idi. Şamaxının, Kürdəmirin tərkibindəki kəndlərdə də qırğınlar baş vermişdi. Qeyd edim ki, bu sənədlərdə elə kənd adları var ki, biz onların adlarını eşitməmişik. Məsələn Şıxməmməd kəndində 10 nəfər qətlə yetirilib. Bizə bu kənd haqqında heç nə məlum deyil. Yuxarı Çarhan kəndində 1 nəfər, Kürdəmirdə 25, Qonaqkənddə 25, Bağırlıda 360, Dirmanda 300, Kalvada 250, Xatmanda 60, Tircanda 300 nəfərin öldürüldüyü qeyd olunur. Bütün bunlar bizim müəyyən tədqiqatlarda əksini tapmayıb. Kürdəmirin bəzi kəndləri var ki, burada qeyd olunmayıb. Bunlar nəzərə alınsa, daha iri rəqəmlər ortaya çıxacaq. Hətta tədqiqatlarda qeyd olunmayan bəzi məlumatları mənə rayonun ağsaqqalları danışıb. Məsələn, belə bir şey deyilirdi ki, Çuxuryurdda bir erməni kəndə gələrək sovet hökumətinin qurulması ilə əlaqədar bütün sanballı insanları, ağsaqqalları yığaraq guya iclasa aparıb. Amma sonradan onların heç biri sağ qayıtmayıb. Belə məlumatlar tədqiqatlarda yoxdur. Mən arzu edirəm ki, bu tədqiqatlarımız davamlı olsun. Eyni zamanda bəzi tədqiqatlarda arxiv sənədləri ilə yanaşı, şahidlərdən, ağsaqqallardan da bu haqda məlumat toplamaq yaxşı olardı. Mənə Şamaxıdan olan bir ağsaqqal belə bir hadisə danışmışdı. 1918-ci ildə ermənilər Şamaxıya gələndən sonra, Saqyandan bir erməni deyibmiş ki, Tərlan Əliyarbəyovu öldürmək lazımdır. Şamaxıda zərgər Bilal adında bir nəfər Tərlan Əliyarbəyovu 10 gün öz evində gizləmişdi.
10 gündən sonra Tərlan Əliyarbəyov çətinlikə də olsa Bakıya gəlmişdi. Bu məlumatı rəsmi olaraq onun qardaşı oğlu təsdiqləmişdi. Başqa bir hadisə haqqında danışım. Məsələn, Şamaxıda qəza rəisi olan Vahab bəyə ayın 18-də Şamaxıda qırğın baş verəcəyi haqqında xəbər verilir. Vahab bəy öhdəsindəki silahları toplayaraq, Şamaxıdakı bəzi adamlara paylayır. Hadisələr başlayanda Vahab bəyi öldürürlər. Təndirdə gizlənən xidmətçi qadın, sakitlik olan kimi gizləndiyi yerdən çıxaraq Vahab bəyin öldürüldüyünü xəbər verir. Göründüyü kimi, Şamaxıda bir çox yerlərdə qırğınlar olub. Dediyim kimi, sadəcə hadisələrin bəziləri üzə çıxmayıb. Ona görə də bu hadisələr geniş şəkildə araşdırılmalıdır. Mən belə tədbirlərimizin çoxsaylı olmasını arzulardım. Eyni zamanda istərdim ki, bu hadisələrin tədqiq olunmasında şamaxılı alimlər də yaxından iştirak etsin.
Seyfəddin Qəniyev: Şamaxıdakı 1918-ci il soyqırımının tədrisi sahəsində burada iştirak edən tarixçilərin – Mayıl müəllimin və Vahid müəllimin böyük əməyi var. Şamaxı soyqırımı haqqında iki tədqiqat əsərinin müəlliflərinin adını çəkdik. Amma belə kitabların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Çünki bu, bizim xalqımızın tarixidir.
Mayıl Alıcanav: Vahid müəllimin qayınatasının evinin yaxınlığında bir zirzəmi var. Mən oranın şəklini də çəkdirmişəm. Həmin zirzəmiyə 200-300-dək əlil, şikəst və yaşlı kişiləri, Cümə məscidinə isə 300-dən yuxarı qadını toplayıblar…
Seyfəddin Qəniyev: Burada İmamlı məscidi var. İnsanlar çətin vəziyyətə düşəndə bu məscidə pənah gətirirlər. Bir tarixi abidə var ki, mən həmin tarixi abidənin şəklini kitabda vermişəm. Həmin məscidin qapısını bağlayıb, içindəki insanlarla birlikdə yandırıblar. Məsciddə yanan adamları, İmamlı məscidinin həyətində dəfn edirlər. İndi də oranı qazanda insan sümükləri aşkar edilir. Maraqlıdır ki, məscidin həyətindəki qəbrin üstündə bir sinə daşı var. Bu illər ərzində torpaq daşın üzərinə tökülüb və daşın üstü örtülü qalıb. İmamlı məscidini müstəqilliyimiz dövründə, 1990-cı illərdə təmir etdilər. Təmir zamanı daşı oradan götürəndə, qəbirin üzərində cümhuriyyətin gerbi olduğu görünüb. Biz Mayıl müəllimlə kitab hazırlayanda bu barədə yazmışdıq. Qeyd edim ki, cümhuriyyət gerbi indi də ordadır. Bütün bunlar şahidləri artıq qalmayan tarixi faktlardır.
Mayıl Alıcanov: Mən bir faktı qeyd edim, 1963-cü ildə raykomda işləyən zaman, Şamaxıda ayrıca süni və şiə məscidinin tikilməsi qərarı verilmişdi. Və təbii ki, bu etiraza səbəb oldu. Daha sonra bu məscidə traktor gətirdib, buranı qazmağı tələb etdilər. Orada Molla Cəfərqulunu ermənilər dörd yerə şaqqalayıb, məscidin qarşısında asmışdılar. Məsciddə o zaman 3000-dən yuxarı qız, qadın, hamilə gəlinlər olub. Məscid olduğundan və bura hücum etməyəcəklərini düşünərək, qadınlar bura qaçmışdılar. Ermənilər bu qadınların hamısını işgəncə ilə öldürüblər. Onların meyitlərini başqa yerə daşımaq mümkün olmadığından, Şamaxıda yaşayan Suçu Bağının və Erkək Tükəzban adlı qadının təşəbbüsü ilə hamısını elə məscidin həyətində dəfn ediblər. Yuxarıda qeyd etdiyim kimi, bura qazılarkən, çoxlu insan sümükləri, əlçim-əlçim çürüməmiş qadın saçları aşkarlanmasının mən şahidi olmuşam. Tədqiqat aparılsa, burada da Qubadakı kimi, kütləvi məzarlıq aşkar edilə bilər. Ümumiyyətlə, Şamaxıda çox misilsiz dəhşətli hadisələr olub.
Dəyanət Musayev: Şamaxıda Cümə məscidindən, əlavə 13 məhəllə məscidi də mövcud idi. Demək olar ki, onların hər birində bu cür hadisələr baş verib.
Seyfəddin Qəniyev: Bayaq mənim qeyd etdiyim, üstündə gerb olan daşı da həmin dəfn edilənlərin üzərinə 1918-ci ildə qoyublar.
Mayıl Alıcanov: Erməni partiyalarının (“Daşnaksütyun”, “Qnçak” və s.) yaradılmasında əsas məqsəd türkləri məhv etmək idi. “Daşnaksütyun” 1893-cü ildə yarananda bu məqsədlər onun proqramına daxil edilmişdi. Faşist partiyalarından əvvəl meydana gəlmiş bu partiyaların amalı, yerli əhalinin burada məhv etmək idi. Qeyd edim ki, bu siyasət öz başlanğıcını XIX əsrin əvvəllərindən götürür. Azərbaycanın Rusiya tərəfindən işğalı, yüz minlərlə erməninin Türkiyə ərazisindən, eləcə də İrandan ərazilərimizə köçürülməsi və məskunlaşdırılması bunun üçün zəmin yaratdı. Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının, yəni bolşevik partiyasının yaranması da, bu partiyada ermənilərin hakim mövqe tutmaları və gələcəkdə rəhbər vəzifələrə təyin olunmaları isə 1918-ci il soyqırımını şərtləndirdi. 1905-ci il hadisələri də bunu bir daha sübut etdi. Ermənilər bizə dəfələrlə ağır zərbələr vurublar. 1905, 1917-ci il inqilabları zamanı, 1918-ci il soyqırımında, Böyük Vətən müharibəsinin bitməsindən sonra ermənilərin təhriki ilə Stalinin Dağlıq Qarabağın ermənilərə verilməsi haqqında Mircəfər Bağırova məktubu, yeri gəlmişkən, yalnız Mircəfər Bağırovun qətiyyəti sayəsində bu plan baş tutmamışdı, 1948-1950-ci illərdə azərbaycanlıların deportasiyası, Dağlıq Qarabağda 1960-1968-ci il hadisələri, azərbaycanlıların diri-diri maşında yandırılması, yenidənqurmanın başlanması və Dağlıq Qarabağ və onun ətrafında olan hadisələr həmişə sübut edir ki, ermənilər bizim xalqın ən ağır günündə, çətin günündə həmişə arxadan zərbə vurublar.
Buna görə də unutmamalıyıq ki, ermənilər Azərbaycanın bir nömrəli düşmənidir. Çox təəssüf ki, biz soyqırımı yalnız martda xatırlayırıq. Gəncləri düşmənə qarşı mübarizədə birinci növbədə ideoloji cəhətdən hazırlamaq lazımdır. Orta məktəblərimizdə birinci dərsi bununla başlayıb, bununla bitirməliyik. Bütün arxivlər açılmalı, Fövqəladə Təhqiqat Komissiyasının, Milli Təhlükəsizlik Nazirliyinin sənədlərindən istifadə etmək lazımdır. Bildiyimiz kimi, Şamaxıda soyqırım olan zaman əhali yalnız Azərbaycanın müxtəlif bölgələrinə qaçmamışdı. Bəziləri Türkiyəyə, digər qismi Orta Asiyaya getmişdi. Ona görə də tədqiqat aparan zaman bütün bu işlərə kompleks halında yanaşmaq lazımdır. Aydın müəllim kənd adlarının yalnış yazıldığını söylədi. Aydın məsələdir ki, rus dilində tərtib olunduğu üçün düzgün yazılmayıb. Qeyd etdiyiniz Şıxməmməd kəndi kiçik bir obadır. Seyfəddin müəllimin bayaq dediyi padarlar böyük tayfa idi. Onların qeydiyyatı olmadığı üçün soyqırımda adları qeyd olunmayıb. Seyfəddin müəllimin xidmətini vurğulamaq istərdim ki, ilk dəfə Şamaxı soyqırımını tədqiq edib. Təbii ki, bütün bu işləri davam etdirmək lazımdır. Hər bir vətəndaş bütün bu işlərdə öz köməyini əsirgəməməlidir.
Fuad Babayev: 9 ay öncə biz bu saytı yaradanda çox yalnış təsəvvür sahibi idik ki, azərbaycanlılar, istər gənclər, istər orta nəsil, istərsə də yaşlı nəsil, soydaşlarımız bu problemlərdən kifayət qədər xəbərdardırlar. Buna görə də bütün enerjimizi bu məlumatları xarici dillərdə çatdırmağa yönəltdik. İndi isə biz aşkar edirik ki, bizim gənclərimizin, hətta orta nəslin baş verən faciələrdən xəbərləri yoxdur. Həmin məlumatsızlığı aradan qaldırmaq üçün də belə tədbirlər keçiririk. Və çox sevinirəm ki, bu günki tədbirdə gənc nəslin nümayəndələri də iştirak edirlər.
Mayıl Alıcanov: Mən qeyd etmək istərdim ki, ali məktəblərdə bu kimi problemlər tədris olunmur. Gərək orta məktəblərdə, ali təhsil ocaqlarında bu kimi məsələlər bir kurs kimi şagirdlərə, tələbələrə tədris olunsun. Hal-hazırda bildiyimiz kimi, gənclərin bir qismi xaricdə təhsil alır. Əgər gənclərimiz ölkə daxilində orta məktəblərdə bu kimi problemləri mənimsəsə, ən böyük dəstək və təbliğatçılarımız məhz bizim xaricdə təhsil alan gənclərimiz olar. Ona görə də bu kimi məsələləri kurs kimi orta məktəblərdən başlamaq lazımdır. Qeyd edim ki, mən gənclərə güvənirəm. Onların qarşısında çox çətin, mürəkkəb işlər durur.
Fuad Babayev: Mayıl müəllimin mənsub olduğu nəslin nümayəndələri orta və ali təhsil alanda bu informasiyalar çox qapalı idi. Amma indi bu məlumatlar hər yanda yayılıb. İndiki gənclər sosial şəbəkələrdən, yeni texnologiyalardan daha məharətlə istifadə edirlər. Bununla belə bu hadisələr barəsində məlumatsız olmaları təəccüb doğurur.
Vahid Xanəliyev: Ermənilər heç bir sənədə əsaslanmadan 1,5 milyon nəfərin Türkiyədə soyqırıma məruz qaldığını deyirlər. Biz isə yalnız rəsmi sənədlərə əsaslanıb öldürülənlərin sayını deyirik. Halbuki Şamaxıda 40 000 nəfərə yaxın insanın öldürülməsi faktdır. Şamaxı o dövrdə böyük qəza mərkəzi idi. Biz sadəcə olaraq bu sahədə tədqiqatlarımızı genişləndirib, bu real rəqəmləri sübut etməliyik. Bu insanların əksəriyyətinin şəxsiyyəti təsdiq edən vəsiqəsi olmayıb. Sadəcə o zaman əhali siyahıya alınırdı. Bütün bunlara diqqət yetirmək lazımdır. Ermənilər onlara qarşı guya törədilən soyqırımın 100 illiyini qeyd etməyə hazırlaşırlar. Bu istiqamətdə biz əsas diqqəti başqa məsələlərə də yönəltməliyik. Ermənilər yalnız öz güclərinə bizə qarşı çıxa bilməzlər. Təbii ki, onların havadarları var. Mayıl müəllim bayaq çox gözəl qeyd etdi ki, müəyyən tarixi hadisələr haqqında ali məktəblərdə xüsusi kurs tədris edirik, amma azərbaycanlıların soyqırımı haqqındakı məsələ unudulur.
Xatirimdədir, 1958-1959-cu illərdə orta məktəbdə təhsil aldığım müddətdə, Cümə məscidi yandırılmış vəziyyətdə qalmışdı və Seyid Əzim Şirvani küçəsindən aşağıda olan məhəlləyə qədər kül topaları var idi. Və nədənsə heç kəs bunun nə olduğu ilə maraqlanmırdı. Yəni bu sovet dövlətinin imperiya siyasəti, millətlər arasındakı qırğını malalamağa, eyni zamanda ermənilərə xidmət edən siyasəti idi. Mən bu sahədə olan tədqiqatları alqışlayıram və onların daha da genişləndirilməsinə ümid edirəm. Ermənilərin Azərbaycana qarşı törətdikləri soyqırım ümummilli məsələdir. Ona görə də bu məsələ bizim ilk vəzifəmiz olmalıdır.
Əzizağa Vəliyev: Şamaxıda o zaman poçt, məhkəmə, böyük mağazalar əsasən erməni məhəllələrində olub. Ona görə də qırğın başlayanda Şamaxı camaatının əsas ümid yeri Cümə məscidi olub. Elə orada da onları qırıblar. Biz bu kimi hadisələrin, problemlərin baş verməməsi üçün, müəyyən təbliğat işini, istiqamətini müəyyənləşdirməliyik.
Fikrət Gülalıyev: Bu günki tədbirdə həqiqətən də son dərəcə maraqlı bir mövzu müzakirə olunur. Qeyd olunduğu kimi, Şamaxı soyqırımı mövzusunda çox yazılıb və deyilib. Lakin bu müzakirə də göstərdi ki, üstündən 100 ilə yaxın bir müddət keçsə də, hər dəfə yeni faktlar və detallar aşkar olunur. Burada deyilənlərin də bəziləri biz gənclər üçün yenidir.
Mayıl Alıcanov: 1905-ci il hadisələri zamanı Gəncədə yaradılan “Difai” partiyası ermənilərə qarşı uğurla mübarizə aparırdı. Bu partiyanın adı çəkiləndə, ermənilər çox çəkinirdilər. Mən çox istərdim ki, gənclərimizin heç olmasa bu partiyanın fəaliyyətindən xəbərləri olsun.
Vahid Xanəliyev: Hazırda bu mövzuda çox sayda kitablar nəşr olunur, amma təəssüf ki, gənclər kitaba maraq göstərmirlər. Məncə, kiçik bukletlər olsa, daha müsbət təsir göstərərdi. Ona görə də bu cür bukletlərin sayını artırmalıyıq.
Əzizağa Vəliyev: Elmi konfransların birində Şamaxıda 40 000 nəfərə yaxın insanın öldürülməsi qeyd olunmuşdu, daha sonra mən yaxından maraqlanaraq, akademiyanın arxivlərindən də faydalanaraq, həqiqətən 40.000 nəfərin öldürüldüyünü öyrənmişəm. Amma bu haqda gənc nəslin xəbəri yoxdur. Ona görə də onları bilgiləndirməliyik.
Fuad Babayev: Ən əsası isə görüləcək işlərdə hər cür kampaniyaçılıqdan qaçmaq lazımdır. Bu gün dekabrın 10-dur və əslində soyqırımla bağlı heç bir hadisənin ildönümü deyil, amma biz soyqırım məsələsini müzakirə edirik.
Babalar Ağayev: Demək olar ki, Şamaxının bir çox tanınmış ziyalıları burada yığışıb. Onlardan sonra danışmaq bir az çətindir.
Amma bir məsələni xüsusi qeyd etmək istərdim. Burada say məsələsi qabardıldı ki, Şamaxıda 40 000 nəfərə yaxın insan öldürülüb. Bütün bunlar həqiqətdir. 1918-ci il hadisələri zamanı ermənilər qırğın törətməklə yanaşı, həm də Şamaxıdakı digər xalqlar arasında da qarşıdurma yaratmağa səy göstəriblər.
Mən bu tədbirin təşkilatçılarına öz minnətdarlığımı bildirirəm. Və buradakı ağsaqqallardan, ziyalılardan eşitdiyimiz məlumatlar bizim üçün çox faydalı oldu.
Ədalət Məmmədov: Şamaxının millət vəkilinin təşəbbüsü ilə məktəblilər arasında keçirilən və artıq birinci mərhələsi arxada qalan “Şamaxı soyqırımı” mövzusunda inşa müsabiqəsini yüksək qiymətləndirirəm.
Mən özümlə bu inşa yazılarını da gətirmişəm. Bu da ona sübutdur ki, ümumtəhsil məktəblərində bu mövzular keçirilir və ilboyu da keçirilməlidir. Bu mövzular bizim ən ağrılı yerlərimizdir.
Dəyanət Musayev: Mən bir arayış vermək istərdim. Sentyabr ayından ümumtəhsil məktəblərində Şamaxı soyqırımı ilə bağlı Elxan müəllimin təşəbbüsü ilə “1905.az” portalı inşa müsabiqəsi keçirir. I tur artıq yekunlaşıb. Bu müsabiqədə qalib gələn inşalar əsasında “1905.az” studiyası mini filmlər çəkəcək. Və bu mini filmlərin ssenari müəllifləri təbii ki, uşaqlar olacaq. Qalib gəlmiş inşalar kitab halında buraxılacaq.
Fuad Babayev: Dəyanət müəllim çox gözəl qeyd etdi. İlk dəfə olaraq inşa müsabiqəsində iştirak edən və qalib gələn bizim gənc məktəblilər, həm də filmlərin ssenari müəllifləri kimi çıxış edəcəklər. Və bu kiçik filmlər bir neçə hissədən ibarət olacaq. Ümid edirəm ki, bu müsabiqə uğurla nəticələnəcək. Qeyd edim ki, Elxan Süleymanovun təşəbbüsü ilə “Şamaxı ensiklopediyası” hazırlanır. Və həmin ensklopediyada Şamaxı soyqırımı ilə bağlı böyük bir məqalə yerləşdiriləcək.
Hesab edirəm ki, bu günki müzakirəmiz də uğurlu oldu. Müzakirədə iştirak edən alim və ziyalılarımıza minətdarlığımızı bildiririk.
Hazırladı: Gündüz Nəsibov, Leyla Qasımova
1905.az
19 dekabr 2014