Azərbaycan Respublikası Prezidentinin «Azərbaycanlıların soyqırımı haqqında» (26 mart 1998 – ci il) Fərmanı ermənilər tərəfindən 1918 – ci ildə törədilmiş bir sıra cinayətlərin aşkara çıxarılmasına, kitab və məqalələrin nəşr olunmasına yaxından kömək göstərmişdir.
Lakin bu sahədə görüləsi işlər hələ çoxdur. Bu sahədə obyektiv tədqiqi gözlənən bir sıra mövzular var ki, bunlardan biri də 1918 – ci il Şamaxı soyqırımıdır. 1918-ci ildə Azərbaycanın Bakı, Quba, Qarabağ, Zəngəzur və digər ərazilərində olduğu kimi erməni quldurları Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şamaxıda da dəhşətli talan və vəhşiliklər törətmişlər. Hadisə 1918 – ci il martın əvvələrində 400 erməninin ordudan Şamaxıya qayıtması ilə başlamış, daha sonra Bakı Soveti tərəfindən göndərilmiş 3 min silahlı erməninin köməyi ilə mart – aprel aylarında davam etdirilmişdi. S.Lalayan və T.Əmirovun rəhbərliyi ilə təkcə Şamaxı şəhərində bir
neçə gündə minlərlə müsəlman qətlə yetirilmişdir. O dövrdə Şamaxının adlı – sanlı şəxsiyyətlərindən olan Hacıbaba Hacı Əli Abbas oğlu, Molla Cəfərqulu Axund, Hacı Abdul Qasımlı, Hacı Qəni Zeynal, Hacı İsrafil, Molla Hacı Məhyəddin Əfəndi, Abdul Xalıq Əhməd oğlu, onun qardaşı Ağa Əhməd və başqaları da qətlə yetirilənlər arasında idi.Faciənin miqyasından bəhs edən millət vəkili söylədiki, Şamaxıda bu dövrdə ermənilər tərəfindən 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq – Cümə məscidi yandırılmışdı. Bu məscid müsəlmanlara həm bir qibləgah, həm də qədim abidə kimi əziz idi. Çoxlu sayda qadın və uşaq həyatlarını xilas etmək üçün bu məscidə pənah gətirmişdi. Onlar belə hesab edirdilər ki, əhali arasında böyük nüfuza malik olan Molla Cəfərqulu Axundun da içərisində olduğu allahın evinə ermənilər toxunmağa cürət etməzlər. Lakin erməni quldurları məscidə daxil olan kimi Axundun gözlərini çıxarmış, dilini, qulağını, burnunu kəsmiş, diri – diri dərisini soyaraq güllələmişlər.
Bundan sonra dinc əhalini məscidə yığaraq yandırmışlar. Qafqaz-İslam Ordusu Azərbaycan Milli Ordusu ilə birlikdə 1918-ci ilin iyulunda Şamaxını ermənilərdən azad edərkən küçələrdə qalan onlarla meyidi yığaraq basdırılmışdır.
Şamaxıda ermənilər tərəfindən həyata keçirilən soyqırımının təhqiqatından danışan Elxan Süleymanov bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Fövqələdə Təhqiqat Komissiyasının 1918-ci ilin oktyabr və noyabrında bu barədə hazırladığı məruzədə qeyd edilirdi ki, şəhərdə çürümüş meyitlərin qalıqları hələ də qalmaqdadır. Komissiyanın sənədlərinə əsasən, Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdu. Şamaxı qəzasının müsəlmanlar yaşayan təxminən 86 kəndinin taleyi də bu cür olmuşdur. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339.5 milyon manat olmuşdur. Təhqiqat komissiyasının sənədlərindən aydın olur ki, təkcə Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan orta hesabla bir milyard manatdan çox olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şamaxı qəzasında ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdı.
Erməni terrorizminə aid digər hadisələr kimi, 1918 – ci ildə Şamaxının dinc müsəlman əhalisinə qarşı törədilmiş erməni cinayətləri haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması da qarşıda duran əsas vəzifələrdəndir. Bunun üçün tədqiqat işləri aparmaq, müxtəlif dillərdə kitab və məqalələr nəşr etmək, elmi konfranslar təşkil etmək zəruridir. Məhz buna görə də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası “Azərbaycanda erməni terrorunun izləri: 1918 – ci il Şamaxı soyqırımı” mövzusunda elmi – praktik konfransı keçirməyi qərara alıb. Konfransın materiallarının Azərbaycan, rus və ingilis dillərində nəşr edilərək beynəlxalq aləmdə yayılması nəzərdə tutulur.
Bu cür məqsədyönlü fəaliyyət Azərbaycanın haqq işinin dünaya çatdırılmasına, Dağlıq Qarabağ probleminin ədalətli həllinə yaxından kömək göstərə bilər.
14.03.2011
www.elkhan-suleymanov.az