1905.az portalının suallarını iqtisadçı ekspert Samir Əliyev cavablandırır.
– Bizim dilimizdə vətən, çörək, kitab və s kimi ümumişlək sözlər var. Brent markalı neft, inflyasiya, devalvasiya və s kimi iqtisadi terminlər də son zamanlar dilimizdə ümumişlək sözə çevrilərək, obrazlı desək başqa sözləri unutdurub. Necə düşünürsünüz, qışda baş verən məlum devalvasiyadan sonra bu sözlərin tez-tez işlənməsi mətbuatda ümumi balansı pozmur?
– Son zamanlar mətbuatda birmənalı olaraq vəziyyət iqtisadi xəbərlərin xeyrinə dəyişib. İstər cəbhə xəbərləri, istərsə də siyasi xəbərlər bir növ arxa plana keçib, kölgədə qalıb. Əslində bu da təbiidir. Çünki insanlar ilk növbədə, öz problemi barədə düşünür, sonra cəmiyyətin probleminə reaksiya verir. Hamımız “Maslounun tələbatlar piramidası” məsələsini eşitmişik. Onun piramidasında birinci yerdə fizioloji tələbat gəlir. Yəni insan yeməyə çörək axtarır. Çörək tapandan sonra sosial tələbat haqda düşünür. Ona görə də devalvasiya mövzusunda insanların panikaya düşməsi normaldır. Çünki əldə az-çox pul var. 15 il əvvəl devalvasiya xəbərləri insanlar üçün o qədər də maraqlı deyildi. Məsələn, 1994-cü ildə Azərbaycanda bir gündə təxminən 500%-lik devalvasiya oldu. Amma indiki qədər panika yaranmamışdı və bu hiss edilməmişdi. Çünki əldə pul yox idi və pulun dəyəri sürətlə düşürdü. Ancaq bu gün 34%-35%-lik devalvasiya hamını narahat edir. Bizim iqtisadiyyatın böyük faizinin neftdən asılı olduğunu nəzərə alsaq çox güman ki, hələ bir müddət iqtisadi xəbərlər mətbuatda öz aktuallığını qoruyub saxlayacaq.
– İqtisadi xəbərlərin təqdim olunmasından danışaq. Hər gün “Dollar bahalaşdı, avro ucuzlaşdı” və s kimi başlıqlı xəbərlər oxuyuruq. Halbuki bu artım 0,0001 qəpikdən çox deyil. Sizə elə gəlmir ki, oxucunun iqtisadi xəbərlərə marağının artması həm də iqtisadi mövzuda işıqlandırılan xəbərlərin keyfiyyətsizliyini ortaya qoydu?
– Bu gün təəssüf ki, peşəkarlıq səviyyəsi çox aşağı düşüb. Nəzərə alsaq ki, iqtisadiyyat bir az spesifik sahədir, bu haqda yazan jurnalistin elementar iqtisadi bilikləri olmalıdır. Məsələn, dünəndən bu günə məzənnə hər 100 dollara 4 qəpik qalxıb. Bu o qədər də böyük göstərici deyil, amma mətbuatda bu xəbər belə təqdim edilir: “Dollar qalxdı, avro ucuzlaşdı”. Bu artımı Mərkəzi Bank müəyyən edir. Ola bilər ki, kiçik dəyişklik heç valyuta məntəqəsinə təsir etməsin. Bu baxımdan bu tipli məlumatların panika yaratmasına gərək yoxdur. Ancaq təqdimat o cür veriləndə insanlar panikaya düşürlər. Son zamanlar insanlar iqtisadi xəbərləri həm də sosial şəbəkələr-feysbuk və s vasitəsi ilə izləyirlər. Peşəkar olmaq lazımdır. Bir dəfə mənə sual verdilər ki, devalvasiya olacaqmı? Cavabımda “Baxmayaraq ki, fevralda devalvasiya olub, devalvasiya ehtimalı hələ də aktualdır. Neftin qiyməti 70 dollara qədər qalxamayana kimi devalvasiyanın baş vermə ehtimalı həmişə aktual olacaq” dedim. Bu açıqlamam mətbuatda belə yayımlandı: Ekspert Samir Əliyev: “İkinci devalvasiya gözlənilir”. Bu xəbər tirajlandı. Halbuki, mən elə deməmişdim. Mən ehtimalın hələ də qaldığını demişdim. Bu cür başlıqla verilən xəbərlər, əlbəttə, arzuedilən deyil. Yəqin ki, bu da reytinq xatirinə olan xəbərçilikdir. Çox vaxt başlıqla xəbərin içində olan ifadələr bir-birinə uyğun gəlmir. İqtisadiyyat böyük xəbərlərə həssas reaksiya verir. Məsələn, açıqlama verilir ki, Amerika iqtisadiyyatı yüksək nəticələr əldə edib. Həmin gün dollar bahalaşır. Yəni bir xəbərlə bazarı oynatmaq mümkündür. Çox həssas dövrdür. İnandırıcı olmasa da, Azərbaycanda da bəzən bir açıqlama panika yarada və panikanı yatıra bilir.
– Samir müəllim, qədim dövrdə, Roma siyasətçilərindən biri hansı mövzuda danışmasından asılı olmayaraq nitqinin sonunda “Bütün bunlardan başqa Karfagen məhv edilməlidir” deyirdi. Sovet dönəmində isə bütün qəzetlərin üstünə “Bütün ölkələrin proletarları birləşin!” yazılırdı. Bu cür onlarla nümünə vermək olar. Məlumdur ki, qonşuluğumuzda olan Ermənistanın iqtisadi vəziyyəti bizdən qat-qat daha pisdir. Biz qonşu ölkələrlə özümüzü müqayisə edirikmi? Ümumiyyətlə, belə müqayisələrə ehtiyac var?
– Təəssüf ki, biz çox vaxt devalvasiyaya şəxsi problem kimi baxırıq. Ermənistanın iqtisadi vəziyyəti həqiqətən çox aşağıdır. Pafoslu səslənsə də deməliyəm ki, biz bütün parametrlər üzrə Ermənistandan güclüyük. Həm fərd olaraq, həm də toplum olaraq. İncəsənətdə də, iqtisadiyyatda da bizə çata bilməzlər. Bu, bir reallıqdır. Ancaq təəssüf ki, bəzən onlarla bəhsə girməyə cəhd edirik, hətta bəzi məsələlərdə onlara oxşamağa çalışırıq. Bəzi məsələlərə onların arşını ilə yanaşırıq. Hədəfi onlardan güclü olmağa yönəldirik. Halbuki, biz böyük dövlətik. Düşünürəm özümüzü onlarla müqayisə etməli deyilik. Biz Avropa ölkələri ilə, inkişaf etmiş ölkələrlə müqayisə aparmalıyıq. Ermənistan iqtisadiyyatı bizdən çox zəifdir, amma bu, bizə arxayınçılıq verməməlidir.
– Bu yaxınlarda Qazaxıstan təngəsi, ondan əvvəl türk lirəsi və rus rublu dəyərini itirdi. Biz özümüzü ya Amerika, Almaniya və s kimi dövlətlərlə, ya da Ermənistan kimi zəif ölkə ilə müqayisə edirik. Bəlkə özümüzü neft ölkələri olan Qazaxıstan, Rusiya və ya elə Belarus ilə müqayisə edək?
– Amerika və Almaniya kimi ölkələrlə müqayisə inkişaf baxımından vacibdir. Rusiya və Qazaxıstanla müqayisə isə real vəziyyəti qiymətləndirmək üçün lazımdır. Buna görə də Qazaxıstanda, Rusiyada baş verən iqtisadi prosesləri izləyirik, dəyişikliklərdən xəbərdar oluruq. Amma Ermənistandan az xəbərdar oluruq. Çünki əvvəla, Ermənistanla Azərbaycan arasında ticarət əlaqəsi yoxdur. İkincisi isə Ermənistan neft ölkəsi deyil. Ermənistan bizim üçün siyasi, hərbi baxımdan maraqlıdır, nəinki iqtisadi. Rusiya rublu ucuzlaşmağa başlayanda artıq həssaslıq yaranmışdı. Devalvasiya məsələsi yenidən gündəmə gəldi. Qazaxıstanda devalvasiya baş verən kimi gərginlik panika səviyyəsinə qalxdı. Çünki hər iki ölkə ilə oxşar iqtisadiyyata malikik. Rusiya bizim üçün həm də yüzminlərlə soydaşımızın qazanc yeridir. Belarus da Azərbaycanla müqayisə ediləcək iqtisadiyyata malik deyil. Yaxşı olardı ki, özümüzü ortabab Avropa ölkəsi – Çexiya, Polşa ilə müqayisə edək. Vaxtilə eyni iqtisadiyyata malik olduğumuz Baltik ölkələri də hazırda uğurlu təcrübələrə malikdir.
– Vaxtilə “Economics” qəzetində çalışmısınız. Orada çalışan iqtisadçılar yenə də bu sahədə işlərini davam etdirirlər. İqtisadi jurnalistikanı dirçəltmək üçün nələr etməliyik? Bəlkə kurslar təşkil etmək olar və s.
– Çox lazımlı bir sahədir. Bununla bağlı müəyyən addımlar atılır. Məsələn, bildiyim qədər “British Concil” təşkilatının “Biznes Jurnalistikası” adlı təlim layihəsi var. Bu layihə jurnalistikanın inkişafı sahəsində öz töhfəsini verir. Bu gün iqtisadi mövzuda yaza biləcək jurnalistlərə böyük ehtiyac var. Çünki vaxtilə bu sahədə çalışan jurnalistlər ya mətbuatı tərk edib, ya da ekspert qismində çalışırlar. Onların yerini dolduran yeni nəslin isə iqtisadi savadı çox aşağıdır. Çox böyük qüsurlar var. Adicə devalvasiya sözünü düzgün yaza bilmirlər. Mətbuatda hələ də “devolvasiya” sözünə rast gəlirik. Sözün düzgün yazılışını səhv yazmaq bir tərəfə, hərdən mənasını da təhrif edirlər. Jurnalistlərin iqtisadi biliklərinin artırılması üçün zəruri təlimlərin təşkilinə ehtiyac var. Müvafiq iqtisadi bələdçilərə, izahlı lüğətlərə ehtiyac var. Fikrimcə, vətəndaş cəmiyyəti bu sahəyə diqqəti artırmalıdır. Müvafiq dövlət qurumları da öz sahəsində jurnalistlərə metodoloji dəstək verməlidir. İqtisadçı ekspertlərin üzərinə də çox böyük yük düşür. Ekspertlər sosial şəbəkələrdə müxtəlif iqtisadi məsələləri qabardır, onlara operativ qiymət verirlər. Amma nəzərə almaq lazımdır ki, onların da vaxtı və imkanları məhduddur. Mətbuat bu məsələdə onlara dəstək verməlidir. Məsələn, Mərkəzi Bankın hər ay bülleteni dərc olunur. Rəqəmlərlə dolu məlumatları jurnalistlər “oxuya” bilməzlər. Bu işdə ekspertlər onlara yardım edir. Dövlət qurumları vətəndaş cəmiyyəti ilə zəif işləyir. Baş verən proseslərə cavabı adekvat olmur. İqtisadiyyatda baş verən proseslər ekspertlərin iştirakı ilə ictimaiyyətdə ciddi müzakirə olunmalıdır. Rusiya Mərkəzi Bankı bu günlərdə “stress test”in keçirilməsi ilə bağlı qərar verdi. Yəni məsələn, 1 dollar 120 rubl olsa bu bank sektoruna necə təsir göstərəcək? Gəlin, görək bizdə belə testlər keçirilirmi? Bəlkə də keçirilir, amma ictimaiyyət bundan xəbərsizdir.
– Bizdə bu cür görüşlər əlavə panikaya gətirib çıxarmaz, sizcə?
– Bu fikirlə razılaşmaq olar, ancaq əsaslı arqument deyil. Müzakirələr bir çox suallara aydınlıq gətirir. Onlar dövrü aparıldıqda isə artıq cəmiyyətdə adi hala çevrilir, elə buna görə də panika yaranmır. Müəyyən dövlət qurumları var ki mətbuatla işləyir. Ancaq bu əməkdaşlıq jurnalistlərə hədiyyələr verməklə , onlar üçün səfərlər təşkil etməklə məhdudlaşır. Vətəndaş cəmiyyəti, müstəqil ekspertlərlə az işlənilir. Pis-yaxşı bu eskpertlər cəmiyyətdə fikir formalaşdırırlar. Bəzən rəylər səslənir ki, ekspertlərin fikirləri cəmiyyətdə panika yaradır. Əgər belədirsə, bu halda onlar panikanı yatırmaq gücünə də malikdirlər. Deməli, onlarla işləmək lazımdır. Düşünürəm vətəndaş cəmiyyətinin iştirakı ilə məsləhət mərkəzi yaradılmalıdır. Dövlət qurumunun mütəxəssisləri, QHT nümayəndələri, müstəqil ekspertlər, mətbuat işçiləri bu quruma daxil edilməlidir. Məlumatlar qapalı qaldıqca panika artır. Rusiyada bu təcrübədən geniş istifadə edir və müsbət effekt verir.
– Biz insanlar həmişə sabah barədə düşünürük. Proqnozlar necədir? Bizi nələr gözləyir?
– Yəqin razılaşarsınız ki, proqnoz vermək çox məsuliyyətli işdir. Bircə səhv etmək kifayətdir ki, etibarını itirəsən. Eyni zamanda əsaslandırılmamış neqativ proqnozlar lazımsız panika yarada bilər. Proqnoz üçün kifayət qədər informasiya və analitik qabiliyyətin olması şərtdir. Bir sıra hallarda informasiya qıtlığının olması analitik bacarığın əhəmiyyətini artırır. Proqnozlardan danışsaq onu demək olar ki, bizdə hələki birinci devalvasiyanın fəsadlarını müşahidə edirik. Bilirsiniz ki, fevralda 34% devalvasiya oldu. Onun ardınca qiymət artımı başladı. Həmin vaxtı qiymət artımının inzibati yolla qarşısı alındı. Ancaq yavaş-yavaş devalvasiyanın təsiri hiss olunur, qiymətlər qalxmağa başlayr. Çünki yeni qiymətlərlə mal idxal olunur. Devalvasiyanın zərər vurduğu əsas sahə bank sektoru oldu. Bankların maliyyə vəziyyəti pisləşib. Artıq iki bank bağlanıb və bir neçəsi namizəddir. Sentyabrdan başlayaraq ixtisarlar, filialların bağlanması da istisna edilmir. Bunun qarşısını neftin bahalaşması ala bilər. Devalvasiya olacaqmı? Düşünürəm ki, ehtimal qalır və aradan qalxmayıb. Neftin son günlərdə 43 dollara kimi ucuzlaşması manatın devalvasiyasını gündəmdən çıxmağa qoymur. Neftin ancaq 70 dollarlıq həddi keçməsi devalvasiya məsələni gündəmdən çıxara bilər. Neft Fondunun büdcəsi 90 dollarla tərtib edilib. Neftin indiki qiymətləri ilə ilin sonuna 8 milyard manat olacaq. Halbuki büdcə xərci 11,8 milyard manat proqnozlaşdırılıb. Deməli, 4 milyard manata qədər kəsir var. Bu kəsir necə örtüləcək? Ya Neft Fondunun xaricdəki aktivlərinin bir hissəsi geri çağrılacaq və ya devalvasiyaya gediləcək. Mən devalvasiyanı gözləyirəm. Amma bu zaman məsələsidir. Konkret tarix barədə fikir söyləmək çox çətindir. Çünki buna Mərkəzi Bankın timsalında hökumət qərar verir. Qarşıda iki seçim qalır: ya yumşaq, ya sərt devalvasiya. Çox yaxşı olardı ki, fevraldan sonra yumşaq devalvasiya siyasəti yürüdülərdi. Yəni ay ərzində 2-3% manat ucuzlaşa bilərdi. Son nəticədə 5-6 aya manat 10-15%-ə qədər ucuzlaşardı. Bunun bazara mənfi təsiri də az olardı. Kəskin devalvasiya baş verərsə, düşünürəm ki, ən azı 20%-25% olacaq. Devalvasiya yumşaq olmadıqca onun kəskinləşməsi ehtimalı artır. Ona görə də manatın süni artma siyasətini saxlamaq lazımdır. Azərbaycan niyə devalvasiyaya getməlidir? Bu gün dünyada valyuta müharibəsi gedir. Hər bir ölkə valyutasını süni ucuzlaşadırır ki, ixrac etdiyi məhsul ucuz olsun. Türkiyə, Çin buna gedir. Amerika və Avropa maliyyə genişlənməsi proqramı vasitəsilə bunu edir. Avronun ucuzlaşması ixracyönlü Almaniya və Fransa üçün çox vacibdir. Azərbaycanda isə devalvasiyanın əhəmiyyəti yox dərəcəsindədir. Çünki qeyri- neft ixracı cəmi 7%-dir. O da əsasən kənd təsərrüfatı məhsullarıdır. Hazırda bizim üçün prioritet sahə qeyri-neft sektorunun inkişafıdır. Neftin ucuzlaşmasının vurduğu zərəri ancaq qeyri-neftin inkişafı ilə kompensasiya etmək olar.
– Maraqlı müsahibə üçün təşəkkür edirik!
Fuad Babayev, Aynur Hüseynova
1905.az