www.1905.az portalının suallarını iqtisadçı Samir Əliyev cavablandırdı.
– Türkiyə Cümhuriyyətinin iqtisadi durumunu necə səciyyələndirərdiniz və Qurban bayramından sonra üçün proqnozlarınız nədən ibarətdir?
– Əlbəttə ki, Türkiyə bizim qonşu ölkədir. Yəni bizi təkcə milli bağlar bağlamır, biz həm də əsas xarici ticarət tərəfdaşıyıq. Xarici ticarətin statistikasına baxsaq görərik ki, Rusiya, Türkiyə bizim əsas ticarət tərəfdaşlarımızdır. İdxalda Rusiya və Türkiyənin payı eynidir. Bunlar bizim ən böyük idxalçı ölkələrdir. Ona görə Türkiyədə baş verən istənilən iqtisadi və siyasi proses bizim ölkəyə hansısa formada təsir etməlidir. Yəqin ki, iqtisadi proseslər daha çox təsir edir, nəinki siyasi proseslər. İlk dövrdə Ərdoğanın gəlişi ilə hakimiyyət arasındakı koordinasiyanın bərpa olunması prosesi baş verdi. Özünüz də bilirsiniz ki, orada hakimiyyət tez-tez dəyişirdi, koalision hökumətlər qurulurdu, dağılırdı. Amma, Ərdoğanın hakimiyyətə gəlməyi ilə təkhakimiyyətlilik yarandı və təbii ki, bunun iqtisadi səmərəsi də oldu.
– Yəni Siz 16 il əvvəl AKP-nin (Adalet ve Kalkınma Partisi – red.) hakimiyyətə gəlməyini nəzərdə tutursunuz.
– Bəli. Bu ölkə iqtisadiyyatında sabitlik yaratmağa başladı və iqtisadi artım özünü göstərdi. Təsadüfi deyil ki, Türkiyə milli valyutanın denominasiyasına getdi, Yeni Türk lirəsi buraxıldı, tikinti sektoru sürətlə inkişaf etməyə başladı, xarici investisiyaların axını artdı. Bir sözlə, belə bir fikir yarandı ki, Türkiyə iqtisadiyyatı artıq relsə düşüb və inkişaf etməyə başlayır. Əlbəttə, 2000-ci illərin əvvəli, 2010-cu ilə qədər olan dövr Türkiyə iqtisadiyyatının mövqeyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi ilə yadda qaldı. Amma, sonrakı proseslərdə artıq bir qədər istiqamət dəyişdi və müəyyən fəsadlar üzə çıxdı. Bu fəsadlar da onunla bağlı idi ki, bir tərəfdən Türkiyə ətrafında baş verən regional proseslər fonunda bu ölkənin Qərblə münasibətlərinin soyuması və gərginliyin getdikcə artması, digər tərəfdən ölkədə baş verən terror hadisələri və Suriyadan gələn qaçqınlar əlbəttə iqtisadiyyata öz mənfi təsirini göstərməyə başladı. İqtisadiyyatın bugünkü duruma düşməsinin əsas lokomotivi Türkiyədə son erkən seçkilər oldu. Seçkidən əvvəl prezident Rəcəb Tayyib Ərdoğan Mərkəzi Bankın müstəqilliyinin problem yaratdığını əsas gətirərək dedi ki, yenidən prezident seçilsə Mərkəzi Bankın müstəqilliyini azaldacaq. Çünki, onun fikrincə, Mərkəzi Bank düzgün siyasət yürütmür. Prezident hesab edir ki, Mərkəzi Bank uçot dərəcələrini (uçot dərəcəsi – Mərkəzi Bankın ölkənin digər banklarına verdiyi kreditin orta illik faiz dərəcəsi – ) qaldırmaqla inflyasiya yaradır, bu isə iqtisadi inkişafın dayanmasına səbəb olur.
– Maraqlıdır və zənnimcə müəyyən dərəcədə mübahisəlidir.
– Bir qayda olaraq iqtisadi nəzəriyyələrdə uçot dərəcələri o vaxt qaldırılır ki, yüksək inflyasiya baş verir. Burada isə məsələnin qoyuluşu belə oldu ki, uçot dərəcələrinin yüksək olması inflyasiya yaradır. Belə əsaslandırılır ki, uçot dərəcələri yüksək olduğu üçün kredit faizi yüksəkdir, kredit faizi yüksək olduğu üçün isə əmtəənin maya dəyəri baha başa gəlir. Əlbəttə, yumşaq desək bu fikir əsaslı deyil. İlk vaxtlar bu fikir daxili elektorata hesablanmış bir çıxış kimi dəyərləndirildiyindən bazarlara elə də təsir göstərmədi. Halbuki, artıq investorlar müəyyən qədər narahat olmağa başlayırdı. Çünki Ərdoğan bu fikri Britaniyada səfəri zamanı da səsləndirmişdi. Ona görə investorlar bir növ start vəziyyətində idi. Seçkilərdən sonra Mərkəzi Bankın iyul görüşündə gözlənirdi ki, uçot dərəcələri qaldırılacaq. Ancaq gözləntilərin əksinə olaraq uçot dərəcələri qaldırılmadı və artıq investorlar anladı kı, Ərdoğanın seçki öncəsi vədi populist bir vəd deyil, reallığa əsaslanır. Bundan sonra lirənin ucuzlaşması start götürdü. Bəzən deyirlər ki, Trampın “tvit”ləri bu məsələdə əsas rol oynadı. Trampın çıxışı, sanksiya (Türkiyədən idxal olunan aliminium və s. – S.Ə.) tətbiq etməsi sadəcə katalizator oldu. Bunun kökündə Türkiyənin dövlət borclarının artması durur. Müəyyən sabitlik dövründə iqtisadiyyata yatırılan isti pullar, yəni qısamüddətli investisiyalar bu proseslərdən sonra ölkədən çıxmağa başladı. Mən sizinlə görüşə gələndə Türkiyənin Mərkəzi Bankının bəzi rəsmi məlumatlarını özümlə götürdüm. İstənilən milli valyutanın məzənnəsinin sabitliyini müəyyənləşdirmək üçün bizim istinad etdiyimiz əsas iqtisadi sənəd – tədiyyə balansıdır. Tədiyyə balansı – qısaca desək, 1 il ərzində ölkəyə gələn və ölkədən çıxan valyutaların fərqidir. Əgər bu fərq müsbət olursa, yəni ölkəyə daha çox valyuta gəlirsə, deməli milli valyutanı təhlükə gözləmir. Əgər mənfi olursa, ölkəyə gələn valyuta azalırsa və ya kapital axını varsa bu artıq milli valyutanə təhlükə altına alır. Tədiyə balansına diqqət yetirək görərik ki, Türkiyədə 2018-ci ilin ilk 6 ayında cari hesablar balansında (mal və xidmətlərin idxalı və ixracı, ilkin gəlir və s. – S.Ə.) mənfi saldo $21 milyarddan $31 milyarda qədər artıb.
– Türkiyədə buna cari açıq deyirlər…
– Bəli. Halbuki, biz həmişə Türkiyəni ixracyönlü ölkə kimi xarakterizə etmişik. Təsəvvür edin ki, Türkiyədə bir ildə (2017-ci ilin 6 ayı və 2018-ci ilin 6 ayı – S.Ə.) ixracin cəmi 5 faiz artıma qarşı idxalda artım 15 faiz olub. Yəni idxalın artım tempı ixracın artım tempini üstələyib.
– Özü də əhəmiyyətli dərəcədə…
– Bəli, məhz idxalın belə artımı sonda cari açıqlığın kəsirini artırıb. Hətta xidmətlər, xüsusən də turizm bu kəsiri aradan qaldıra bilməyib. Müqayisə üçün deyim ki, bizdə (Azərbaycanda – red.) neftə görə ixrac daim idxalı üstələyib və bunun hesabına cari hesablar balansımız xırda istisnalarla həmişə müsbət olub.
– Türkiyədə istər dövlətin, istərsə də özəl sektorun xarici borc məsələsi nə yerdədir?
– Ümumiyyətlə, Türkiyənin investisiya mövqeyinə baxsaq görərik ki, onun xarici borcu sürətlə artır. Son məlumata görə, ümumi xarici borc 466 milyard dolları ötüb və yaxın gələcəkdə 500 milyard dollara çatacaq. Bunun 325 milyard dolları özəl sektorun payına düşür. Özək sektorun payına düşən borcu təxminən 100 milyard dollara qədər olan hissəsi qısa müddətlidir. Xarici borcun 90%-dən çoxu dollar və avronun payına düşür. İndi təsəvvür edin lirənin ucuzlaşması həmin borların qaytarılmasını nə qədər çətinləşdirir.
– Bu təhlükəli bir həddir.
– Hazırda xarici borcun ÜDM-də payı 53%-ə yaxındır. BVF-nin inkişaf etməkdə olan ölkələr üçün müəyyənləşdirdiyi hədd 40%-dir. Bu baxımdan Türkiyənin borcunu kritik hədd saymaq olar. Əlavə olaraq qeyd edim ki, Avropa Birliyi ölkələrinin Maastrixt sazişinin (Hollandiyanın Maastrixt şəhərində 1992-ci ildə qəbul edilib – S.Ə.) qaydalarına görə ümumi daxili məhsulun 60 faizi kritik hədd sayılır. Ancaq Türkiyə üçün 40%-lik hədd qırmızı xətt olaraq götürülməlidir.
– Yəni Türkiyənin iqtisadi vəziyyəti az qala bir neçə il bundan əvvəlki Yunanıstanın durumuna bənzəyir?
– Yunanıstanda vəziyyət daha kritik idi. Hazırda onların borcu ÜDM-nin 200%-dən də çoxdur. İndiki vəziyyətdə Türkiyə prosesi xilas edə bilər. Daha az ağrı ilə məsələni yoluna qoya bilər. Sadəcə bu gün Türkiyədə problem təkcə iqtisadi vəziyyətlə bağlı deyil. Bü gün problem idarəetmədəki ritorika və yanaşmadadır. Yəni beynəlxalq təşkilatlarla əməkdaşlıqdan, maliyyə yardımı almaqdan imtina etmək arzuolunmazdır. Halbuki biz gördük ki, Yunanıstana kifayət qədər yardım etdilər. Türkiyənin əsas iqtisadi tərəfdaşları Avropa ölkələri, ABŞ və s. dövlətlərdir. Əsas ticarət partnyorlarından üz döndərib Rusiyaya üz tutmaq çıxış yolu deyil. Çünki sanksiyalardan dolayı Rusiyanın özünün vəziyyəti bir o qədər də yaxşı deyil.
– Türkiyə Beynəlxalq Valyuta Fonduna (BVF) müraciət etmədən bu vəziyyətdən çıxa bilərmi?
– Əlbəttə, Türkiyə Beynəlxalq Valyuta Fonduna müraciət etməyə də bilər. Baxmayaraq ki, vaxtilə BVF-nun borclarını tələsik qaytardı. Amma, bunun üçün investorlar geri qayıtmalıdır. Bunun üçün isə sərmayədarlarda inam olmalıdır. Məhkəmələrin müstəqilliyi, rəqabət mühitinin olması vacibdir. Məsələ təkcə, Mərkəzi Banka müstəqillik verilməsindən ibarət deyil. Söhbət rəqabətin getdikcə zəifləməsindən gedir. Bütün bu amillər investorlarda narahatlıq yaradır. Diqqət yetirsək görərik ki, həm birbaşa investisiyalarda, həm portfel investisiyalarında (qiymətli kağızlara yatırılan sərmayə – red.) azalma var. Azalma turistlərin sayında və keyfiyyətində da müşahidə edilir. Asiya ölkələrindən gələn turistlər artıb, amma, ənənəvi Amerika və Avropa qitələrindən gələn turistlərin sayı isə azalıb. Təbii olaraq biz bir turistin payına düşən xərclərin azalmasını da müşahidə edirik. Əgər 4-5 il bundan qabaq bir turist təxminən 1000 dollardan çox pul xərcləyirdisə, bu gün bu rəqəm 700 dollardan da aşağı düşüb. Bütün bunlar öz təsirini iqtisadiyyatda göstərir. Türkiyə əlbəttə, İran deyil. İrandan fərqli olaraq dünya iqtisadiyyatına daha çıx inteqrasiya edib. Mən düşünürəm ki, dediyimiz məsələlər aradan qalxarsa, Türkiyə problemi daha az itki ilə yola verə bilər. Proses uzandıqca, çox təəssüf ki, Türkiyənin də böhrandan çıxmaq imkanları çətinləşir.
– Bu arada Qətərin Türkiyə iqtisadiyyatına 15 milyard sərmayə yatıracağı gündəmə gəldi. O qəbildən başqa investisiyalar gözlənilirmi?
– Əlbəttə, 15 milyardlıq investisiya nağd pul kütləsinin Türkiyəyə verilməsi demək deyil. Hələ bu 15 milyardlıq investisiyanın təyinatı müzakirə mövzusudur. Bu daha çox psixoloji təsirə malik oldu. Bu Türkiyə üçün elə də böyük məbləğ deyil.
– Samir müəllim, Türkiyədəki “Dev projelər”ə (böyük sərmayə tələb edən layihələr – red.) münasibət bildirməyinizi istərdik. İstanbulda 2 hava limanı var. İstanbulda birdən birə 3-cü və dünyada ən böyük hava limanı tikilməsi hansı zərurətdən doğur?
– Əlbəttə ki, bu projelərin olması müəyyən mənada vacibdir. Amma, bunlar əsaslandırılmalıdır. Türkiyənin hava limanları sərnişindaşımada regional hub mövqeyini saxlaya bilib. Türkiyə Hava Yolları şirkəti də həm xidmət, həm də qiymət baxımından hələki rəqabətə tab gətirə bilir. Özüm şəxsən həm bu şirkətin, həm də Türkiyədəki hava limanlarının xidmətindən istifadə edirəm. Müştəri baxımından problemləri yoxdur. Görünür yüklənmənin çox olması 3-cü hava limanının tikilməsini zəruri edib. Əsas odur bu layihə özünü doğrultsun. Məsələn, Azərbaycanın da Türkiyədə “Dev proje”si var. “Star” neft emalı zavodu tikildi və bu yaxında ora ilk neft tankeri getdi. Bu zavodun tikilməsi Türkiyəyə gəlir gətirəcək və hətta cari açıqlığı bir qədər örtəcək. Yəni hər bir halda Türkiyənin ixracının artmasına təsir göstərəcək.
– “Star” layihəsinin dəyəri ümumilikdə təxminən 6 milyard ABŞ dollarıdır.
– Amma, bu gün dünyanın enerji konyukturasında da xeyli dəyişikliklər baş verir. Alterntiv enerjinin inkişafı bir məsələdir. Ənənəvi neft və qaza problemlər yaradır. İkincisi, sıxılmış qazın payı get-gedə artır, boru (maye qazı – red.) qazı əhəmiyyətini itirir. Çünki, sıxılmış qazı istənilən vaxt harasa aparmaq olar, amma boru qaz ancaq hansı ölkələrdən keçirsə həmin ölkələrdə paylana bilər. Boru qazın ildə 1 dəfə qiyməti müəyyən olunur, amma, sıxılmış qazın qiyməti neftdə olduğu kimi hər gün dəyişə bilir. Artıq dünya bazarlarında konyuktura dəyişir. Düşünürəm ki, iri layihələr reallaşdırılanda bazar konyukturu nəzərə alınmaqla uzunmüddətli hədəflər müəyyənləşdirilməli və gələcəyə yönəlik strategiyalar qurulmalıdır.
– Türkiyənin milli valyutası – lirənin məzənnəsinin dollara nisbətən ucuzlaşması Azərbaycana nə vəd edir? Və bu situasiyada azərbaycanlılara nəyi tövsiyə etmək olar? Siz müəyyən imkanı olan vətəndaşlarımızın Türkiyədə daşınmaz əmlak almaq imkanlarını necə dəyərləndirirsiniz?
– Bu maraqlı və çox praktiki suallardır. Əvvəlcə baxaq görək, Türkiyədəki iqtisadi prosesin Azərbaycan iqtisadiyyatına təsiri necə olar bilər? Bayaq qeyd etdik ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşıdır və Rusiya ilə birlikdə ən böyük idxalçıdır. Azərbaycanın idxalının 15 faizi Türkiyənin, 15 faizi isə Rusiyanın payına düşür. Türk lirəsinin ucuzlaşması nəzəri olaraq Türkiyədən gələn malların ucuzlaşması deməkdir. Bu o deməkdir ki, artıq Azərbaycan vətəndaşı türk malını əvvəlki ilə müqayisədə nisbətən ucuz ala biləcək. Bu bir təsir. Qiymət ucuzlaşdıqca, təlabat da artır. Təlabat artıqca isə idxal da artır. Deməli, lirənin ucuzlaşması idxalın artmasına gətirib çıxaracaq. Türk lirəsinin ucuzlaşması Azərbaycan turistləri üçün faydalıdır, yəni onların alıcılıq qabiliyyətini artırır. Bu amil Türkiyədə təhsil alan, müalicəyə gedən Azərbaycan vətəndaşlarının ödənişlərinə də müsbət təsir göstərir. Çünki, lirə ilə manatın məzənnəsi birbaşa müəyyən olunmur. Buna çarpaz (Cross rate – İki ölkənin valyutasının üçüncü bir valyutaya (adətən, ABŞ dollarına) nəzərən hesablanan mübadilə məzənnəsi – red.) məzənnə deyirlər. Yəni əvvəl lirə ilə dolların məzənnəsi, sonra isə manatla dolların məzənnəsi müəyyən olunur. Onun əsasında lirə və manatın məzənnəsi tapılır. Deməli, dollar özünü necə aparırsa, manat da özünü elə aparır. Yəni dollar qalxdıqca, manat da qalxır.
– Yəni burada mühüm məsələ ondan ibarətdir ki, qazancı dollarla deyil, manatla da olan insanlar bu durumdan faydalana bilər.
– İndiki situasiyada bu belədir. Amma, mənfi tərəfi odur ki, Azərbaycan, xüsusən də 2014-2015-ci illərdə neftin qiyməti düşəndən sonra qeyri-neft sektorunun vacibliyini özü üçün daha da prioritet elan etdi. Yəni qeyri-neft sektorunu inkişaf etdirməkdən başqa çıxış yolu yoxdur. Bayaq dediyimiz kimi neftin də gələcəyi dumanlıdır. Bu baxımdan son vaxtlar qeyri-neft sektorunun inkişafı ilə bağlı addımlar atılır, sərəncamlar verilir. Belə bir vəziyyətdə türk lirəsi ucuzlaşırsa, Azərbaycandan ixrac olunan malın orada qiymət baxımından rəqabət qabiliyyəti aşağı düşür. Tutaq ki, şərti olaraq əvvəl 100 manatlıq malı Türkiyədə 250 lirəyə satırdıqsa, bu gün 100 manatlıq malı 320 lirəyə satmaq məcburiyyətindəyik.
– Biz Türkiyəyə nə isə ixrac edirik?
– Çox az. Biz daha çox xammal, gön-dəri və s. ixrac edirik. Mən qeyri-neft sektorunu nəzərdə tuturam. Azərbaycanın əsas ixracı Rusiyayadır, biz ora meyvə-tərəvəz ixrac edirik. Yəni Rusiyada rublun, Türkiyədə də lirənin ucuzlaşması bizim qeyri-neft sektoru məhsullarının ixracına problem yaradır.
– Bu bizim milli valyutanın da dəyərsizləşməsi ilə nəticələnə bilər?
– Nəzəri cəhətdən belədir. Bizim hazırda milli valyutanın dəyərdən düşməməsinin bəlkə də əsas səbəbi valyuta ehtiyatımız, neftin qiymətidir. Neftin qiymətinin indiki səviyyədə olması hökumətə imkan verir ki, manatın məzənnəsini istədiyi kimi idarə etsin. 2008-2009-cu illərdə dünyada qlobal böhran olanda, neftin qiyməti 30 dollara qədər ucuzlaşdı. Əksər ölkələrdə milli valyuta devalvasiyaya uğradı, amma Azərbaycanda manat sabit qaldı. O vaxt hökumət riskə getdi və risk özünü doğrultdu. Çünki, neftin qiyməti qısa müddətdən sonra qalxdı və manat da qaydasına düşdü.
Bu baxımdan problem təkcə Türkiyə iqtisadiyyatında olsaydı, mən anlayardım ki, manatı təhlükə gözləmir. Amma, Rusiyada, az da olsa Gürcüstanda və İranda da milli valyutaların dəyərdən düşməsi manata təsirsiz ötüşməyə bilməz. Əgər Türkiyədə və Rusiyada vəziyyət daha da kritikləşməsə ilin sonuna kimi devalvasiya gözlənilmir. Belə baxanda hazırda hökumətə də bu sərf etmir. Çünki 2015-ci ildə baş vermiş dealvasiyanın fəsadları hələ də qalmaqdadır.
– İqtisadi cəhətdən manevr etmək imkanı olan insanlara nə məsləhət verərdiniz? Sizin proqnozunuz necədir? Türkiyədə daşınmaz əmlakın qiyməti cəlbedici olacaqmı?
– Biz Türkiyə statistikasına baxsaq, 2014-2015-ci illərdə Azərbaycanın Türkiyəyə investisiyalarında artım var idi. Bu artım əsas daşınmaz əmlak bazarında idi. Hazırda Türkiyədə baş verən proseslər fonunda əlbəttə daşınmaz əmlak almaq imkanları artıb. Daşınmaz əmlak milli valyutada ifadə olunduğuna görə devalvasiya baş verəndə o ucuzlaşır və xarici investor üçün onu almaq asanlaşır. Bu gün Azərbaycan vətəndaşları Türkiyədə daşımmaz əmlak alırlar. Bu proses davam edərsə, gələcəkdə də Türkiyədə daha əlverişli şərtlərlə daşınmaz əmlak almaq olar. Amma, bunun Azərbaycana ziyanı var. Bunu kapital axını adlandırmaq olar.
– Yeri gəlmişkən, Ərdoğanın “yastıq altındakı pulların” banklara yatırılması təklifinə münasibətiniz necədir?
– Söhbət bu gün biznesə yönəlməli olan pullardan gedir. Məsələ ondadır ki, bu gün sahibkarlar Türkiyəni tərk edir, öz bizneslərini başqa ölkələrə keçirirlər. Çünki, bu ölkədə perspektiv görmürlər. Buna görə də Türkiyənin tədiyyə balansından görünür ki, ölkədən çıxan dollar, ölkəyə gələn dollardan çoxdur. Adətən, onu təkcə ixracla kompensasiya etmirlər. Belə olan halda həm investisiya, həm də xarici ölkələrdən alınan kredit hesabına müsbət saldoya nail olurlar. Bunların da heç biri ya yoxdur və yaxud də çox azdır. Yəni hər bir halda ölkəyə gələn dolların azalması, milli valyutanın dəyərdən düşməsi ölkə iqtisadiyyatına çox mənfi təsir göstərir, onun sabitliyini şübhə altına alır. Düşünürəm ki, indiki dövrdə pafoslu çıxış və bəyanatlar, dolları yandırmaq kimi işlər fayda gətirə bilməz. Biri 14 sentə başa gələn dollar yenidən ABŞ-ın Mərkəzi Bankına qayıdır. Mərkəzi Bank onu silib yenidən çap edərək dövriyyəyə buraxır. Yəni bu ABŞ-a xeyirdir. Bu çıxış yolu deyil.
– Türkiyədə yeni denominasiya mümkündürmü?
– Qeyri-sabitlik dövründə denominasiyayanın heç bir iqtisadi əhəmiyyəti yoxdur. Denominasiya sırf texniki məsələdir. Sıfırlar azalır, hesablamaq asanlaşır. Bizdə də sabitlik olandan sonra 2006-cı ilin yanvarından denominasiya tətbiq olundu. Türkiyədə də denominasiya sabitlik dövründə həyata keçirildi. Türkiyə ixracının əsasını tekstil, geyim və ayaqqabı sənayesi təşkil edir. Türkiyənin özünün də xaricdən asılılığı var. Misal üçün Türkiyəyə xammal Hindistandan, Pakistandan, Çindən gəlir. Bunlar sapdan tutmuş parçaya, dəriyə kimi, hətta dəzgahları da xaricdən alırlar. Yəni lirənin ucuzlaşması xammalın da bahalaşmasına gətirib çıxaracaq. Mənim gəldiyim qənaət budur ki, son zamanlar Türkiyə müasir texnologiyalar sahəsində də ildən-ilə geriləyir. Texnologiyaların payı ümumi daxili məhsulda da sürətlə azalır. Faktiki olaraq Türkiyə yeni texnologiyalar ixrac edə bilmir.
Fuad Babayev, Təmkin Məmmədli, 1905.az