Portalımızın suallarını tanınmış vəkil Samir İsayev cavablandırdı.
– Samir müəllim, praktikanızda “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə məhkum olunan, həbsxanaya gedən olubmu?
– İcraatımda bu cür ittihamla bağlı cinayət işləri olub, amma məhkum olunma halları olmayıb. “Özünü öldürmə həddinə çatdırma” cinayəti çox çətin sübut olunan əməldir. Ümumiyyətlə, intihar özü ciddi psixoloji prosesdir. Intihar etmiş şəxslə bağlı araşdırılma aparılan zaman ilk növbədə həyatı ilə vidalaşmış insanın psixoloji ekspertizası keçirilir. Müxtəlif sənədlər, sübutlar, dəlillər, insanların söhbətləri və s. toplanmış məlumatlar əsasında öyrənilir ki, hadisədən öncə bu şəxsin psixoloji durumu necə olub. Bu baxımdan əksər hallarda “özünü öldürmə həddinə çatdırma” ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmaq olmur. Çünki dəlil-sübut kifayət etmir. Məsələnin iki tərəfi var: bir tərəfdə intihar etmiş şəxs, yəni zərərçəkən, digər tərəfdə intihar həddinə çatdırmada təqsirləndirilən şəxs var. Bir tərəfdən əxlaqi cəhətdən bu məsələlərə yanaşırıqsa, digər yandan başqasının əməlinə hüquqi cəhətdən qiymət verməliyik. Hüquqi tərəfdən qiymət vermək üçün isə dəlillər, sübutlar lazımdır.
– Əgər intihar edən şəxs kimi, yaxud kimləri isə öz ölümündə günahlandıran kağız, məktub yazıbsa?
– Mənim praktikamda belə bir şey olub. Intihar etmiş şəxs ölümündən qabaq “whats up” ilə danışmasında yazıb ki, hansı səbəbdən həyatıma qəsd edir. O şəxs hüquq-mühafizə orqanları ilə bağlı yazıb onları ittiham edirdi və bunu da telefonundan bacısına göndərib sonra özünü tüfənglə öldürmüşdü. Məsələ ilə əlaqədar cinayət işi başladıldı, istintaq aparıldı və çalışdıq ki, həqiqətə nail olaq, ortada fakt var. Adam yazırdı ki, işgəncəyə məruz qalmışam, mərhumun məhkəmə tibbi ekspertiza keçirildi, məlum oldu ki, işgəncə faktı yoxdur. Və sonda kimi isə cinayət əməlində ittiham etmək üçün kafi sübutlar toplanmadı. Bəzən sübutlar tapmaq həqiqətən çox çətin olur.
– Hətta o adam tutarqalar qoyduğu halda belə.
– Bəli. Çünki adam çox şey deyə bilər. Yaza bilər ki, filankəsə görə bu addımı atdım. Amma aydınlaşdırmaq lazımdır, bəlkə bu adam ölümü ilə kimdənsə qisas almaq istəyir. Tutaq ki şəxs intihar edir, bu zaman düşmənindən də qisas almaq istəyir. Təcrübədə bu cür hallar var. Yəni bu, hüquqi məsələdən daha çox psixoloji məsələdir. Burada məsələnin iki tərəfi var: intihar edənə münasibətdə psixoloji və təqsirləndiriləcək şəxsə münasibətdə hüquqi tərəf. Bu baxımdan sübutetmə mexanizmi çox çətindir.
– Bəs bilib xəbər verməmə halı olarsa? Məsələn, hansısa kollektivdə bir insan həftələrlə işə fikirli gəlib gedir, işdə çay içəndə, dərdləşəndə intihar etmək istədiyini davamlı olaraq dilə gətirir, bunu onun iş yoldaşları bilirlər və əhəmiyyət vermirlər. Doğrudur, onlar onu intihar həddinə çatdırmırlar, amma onun özünü öldürmə həddinə çatması prosesinin şahididirlər və bununla belə heç nə etmirlər.
– O cəmiyyətdə ki, insanın öz həyat səviyyəsindən, yaşayış tərzindən narazılığı böyükdür, o zaman istənilən insanın gileylənməsi cəmiyyət üzvləri tərəfindən adi hal kimi qəbul edilir.
– Amma gileylənmənin ölçüsü də var.
– Gileylənmənin ölçüsü nə ilə ifadə olunur. Biri deyir, ölkədən çıxıb gedəcəyəm, o biri deyir, vətəndaşlıqdan imtina edəcəyəm, biri deyir, etiraz əlaməti olaraq özümü yandıracağam, körpüdən atacağam. Bəzən bu şəxslər real olaraq özünə qəsd etmək fikrində olmurlar, amma bununla diqqəti cəlb etmək istəyirlər. Məsələn, biri çıxır körpüyə və “qırmızı xətt”i gözləlyir ki, tələbləri nəzərə alınsın, yaxud kimsə onu qəbul etsin ki, tələblərini nəzərə alacaq dərəcədə ona vəd versin. Və hər bir halda həmin şəxs gözləyir, yaxud düşünür ki, onun edəcəyi hərəkətə gözlədiyi şəkildə müdaxilə olunar. Ona görə də yüz faiz demək olmaz ki, şəxs bunu intihar etmək, yoxsa bu yolla öz problemlərini çatdırmaq məqsədi ilə edir.
Bir tərəfdən, insan hər şeyi tez və asan əldə etmək istəyir. Ikinci tərəfdən, insanlara qarşı ədalətsizlik özü də bir sosial problem, sosial bəladır. Bəzən cəmiyyətin insanı və onun problemini qəbul etməməsi, ona qarşı laqeydliyi, ədalətsizliyi, bəzən qanunun, bəzən isə vəzifəli şəxslərin onu qəbul etməməsi insanı qəti addım atmağa gətirib çıxarır. Və insan deyir ki, özümü yandıracağam. Bir qab yandırıcı məhlul, bir kibrit, ya alışqan götürüb gedir hansısa qurumun qabağında dayanır. Həmin anda onun bəlkə də özünə qəsd etmək fikri yoxdur. Bu hərəkətlə diqqəti cəlb etmək istəyir. Hətta yandırıcı məhlulu üstünə də tökür, alışqanı da yandırır, “özümü bu dəqiqə yandıracağam”, deyir. Insan ki, “mən özümü öldürəcəyəm” deyir, o, cəmiyyətdən hələ də dəstək gözləyir, içində gedən hansısa psixoloji, sosial, iqtisadi proseslərdə, ədalətlə bağlı məsələlərdə cəmiyyətdən, hakimiyyətdən, vəzifəli şəxslərdən dəstək umur. Hansısa anda onun “özümə qəsd edəcəyəm” komandaları elə bir həddə gəlib çatır ki, artıq onun beyninə oturur və ona əmr edir ki, “yandır”. Və o adam da özünə qəsd edir.
Harada insanın təhdidi qurtarır, özünəqəsdi başlayır, harada insanın təhdidsiz özünəqəsdi başlayır, bunları ayırd etmək çətindir. Şəxs var ki, heç kəsə heç nə demədən gedib özünü ağacdan asır. Geridə də bir kağız yazıb qoyur ki, “ölümümdə heç kimi təqsirləndirməyin”. Hər halda bu insan psixoloji cəhətdən “sınır”. Əksər halda insanlar bunun səbəbini dəqiq bilmirlər. Çünki o insanın o qədər problemi olur ki, bilmirsən hansı birinə görə özünə qəsd elədi. Kasıbçılıq, bank krediti, övladlarından hansında isə xəstəlik halları, vəzifəli şəxsdən gördüyü haqsızlıq, ailə problemləri, özünün səhhəti ilə bağlı problemləri və s. faktorlar insanların hər gün qarşılaşa biləcəyi problemlərdəndir. Insan nə dərəcədə bu problemləri aşa biləcək və yaxud müqavimət göstərmək qabiliyyətini itirərək o problemlərə özünü qurban verəcək, bu başqa məsələdir.
– Məhəllələrdən birində doqquzmərtəbəli binaların lap yaxınlığında daha bir göydələn tikmək isyətəntikinti şirkətini bu qanunazidd addımı atmaqdan çəkindirmək üçün sakinlər etiraz edirdilər. Həmin binada yaşayan bir şəxs doqquzmərtəbəli binanın damına çıxıb şirkət nümayəndələrini intihar edəcəyi ilə hədələməyə başlayır. Bunu da telefonla canlı yayımda nümayiş etdirirlər. Nəticədə tikinti şirkəti geri çəkilir… Bu və buna bənzər hallar mürəkkəb, arzuolunmaz proseslərə yol açmır ki? Və yaxud “Koroğlu” metrosu tərəfdə körpünün üstündən bir neçə dəfə intihara cəhd olub. Oradan keçəndə gördüm ki, mühafizə polisinin maşını dayanıb.
– Intihar cəhdlərindən sonra orada daim mühafizə polisi dayanır. Gözəl nümunə göstərdiniz. Mən də çoxlu nümunələr göstərə bilərəm. Bu nümunələrin kökündə insanların ədalətə güvənməmələri, əllərinin hər şeydən üzülməsi durur. Nəticə isə insanları son addım atmağa aparır. Hərə bunu bir cür başa düşür. Biri harasa yaza bilir, biri KİV-ləri, sosial şəbəkələri cəlb edə bilir və s. Hərə bir cür müqavimət göstərə bilir. Müqavimətin formaları fərqlidir.
– İntihar da o müqavimətin formalarından birinə çevrilib?
– Ən pis olan odur ki, biz çox deyirik ki, sosial quruluşlu, üzü cəmiyyətə tərəf yönəlmiş bir dövlətik və sözsüz ki, məqsədimiz də bu dediklərimizə çatmaqdır. Amma hər hansı hüquqi problemlərlə qarşılaşan insan cəmiyyətdə özünə dəstək tapmaq gücündəmi?
Istənilən inkişaf etmiş ölkədə polisə gedərkən onlar sizə diqqətlə yanaşacaq, sizi dinləyəcək. Çünki bilirlər ki, vəzifələri ilk öncə cəmiyyətə xidmət etmək, onun hər biri üzvünün qayğısını çəkməkdir. Hərə öz problemini bir cür çatdıra, təqdim edə bilər. Istənilən halda insana qulaq asmaq lazımdır. Gəlin bizim polisə baxaq. Nəyə görə deyirəm? Çünki insan problem olanda ilk olaraq polisə müraciət edir. Məsələn, ABŞ-da “911”-ə zəng edirlər, bizdə isə “102” yığırlar, yaxud polisə qaçırlar. Siz “102”-yə zəng etsəniz, onlar qulaq asıb, sizi qeydə alacaqlar. Amma “911” xidməti sizə psixoloji yardım edəcək. Onlar durumunuzdan asılı olaraq sizə məsləhət verməyə hazırdırlar: siz nə vəziyyətdəsiniz, “silahlı şəxs tərəfindən təqib olunursunuzsa siz belə yerdə gizlənin” və s. Yəni dövlətin kömək mexanizmi artıq yanınızdadır. Məsələn, “911”-ə zəng edirsiniz, deyirsiniz ki, özünüzə qəsd edirsiniz. Kömək mexanizmi dərhal işə düşür. Onlar sizi danışdıra-danışdıra polislər yaxınlaşana qədər əlaqəni kəsməməyə çalışırlar, sizin problemlər haqqında danışmağa başlayırlar. Onlar başa düşürlər ki, burada qanun, ya zorakılıq işləmir, mütləq psixoloji kontakt olmalıdır. Bizdə bu hallar varmı?
Bu kimi hallarda yaxşı olar ki, psixoloq, ya jurnalist müdaxiləsi olsun. Çünki nəticə etibarı ilə bütün problemlər jurnalistlər vasitəsilə cəmiyyətə yayılır. Bu hal psixoloji problem olduğundan psixoloqun rolu da çox önəmlidir. Amma bu, psixoloq üçün də çətin problemdir. Çünki problemin altında sosial ədalət durur.
Əzilən insanı cəmiyyət müdafiə edə bilirmi? Cəmiyyət amorf bir şeydir, amma dövlət konkret. Əzilən insanı dövlət müdafiə etmək qabiliyyətindədirmi? Bir neçə ay bundan əvvəl həyatını işğalçılarla mübarizədə itirmiş Milli Qəhrəmanın ailəsinin ev məsələsi çıxdı. Məhkəmənin qərarı oldu. Doğrudur, bu qərar qanuni və əsaslı idi. Lakin cəmiyyət buna qarşı “partladı”, özünü dövlət, millət, xalq uğrunda fəda etmiş insan üçün etiraz etdi. Və bir gün içində reaksiya da gəldi, Birinci vitse-prezident ona mənzil ayrılması ilə bağlı göstəriş verdi.
Dünyada sosial problemləri yaşayan insanlar bu problemləri hansı qaydada həll edirlər. Onların hamısını dövlət həll edir?
– Qeyri-hökumət təşkilatları var.
– Bəli. Dövlət hər yerə çatdıra bilməz. Buna görə də müxtəlif fondlar var. Bu qeyri-hökumət təşkilatları, fondlar cəmiyyətdə insanlar arasındakı münasibətdə barışdırıcı mövqe qurmağa çalışırlar.
Bəzən problemi görüb düzgün çatdırmağı bacarmaq da lazımdır. Bu barədə sosial şəbəkədə bir yazım var. Yazmışam ki, hər bir məhkəmə qərarı ilk növbədə ədalətli olmalıdır. Bizim məhkəmələrin qərarı ədalətli olmaq gücündədirmi? Bizim məhkəmələrin qərarları müstəsna hallarda ədalətli ola bilər. Çünki bizim hüquq sistemimiz demir ki, ədalətli olsun, deyir ki, ilk növbədə qanuni və əsaslı olsun. Məhkəmə ədalət məhkəməsidir. Amma ədalətə çatmaq nədən keçir? Qanuni və əsaslı olmaqdan. Qanuni, yəni hansı maddələrə uyğun olmalıdır, əsaslı, yəni sübutlar təsdiq olmalıdır. Sonuncu çəkdiyim misalda da hər şey qanuni və əsaslıdır. Amma cəmiyyətin qəbul etmədiyi qərardır. Yəni ədalətli deyil. Demək bir sıra hallarda hakim məsələnin təkcə qanuni və sübutlu əsaslı olmasını deyil, eyni zamanda, cəmiyyətin bu barədə necə düşünəcəyini də nəzərə almalıdır.
– Yəni qanuni və ədalətli fərqli ola bilər.
– Xeyr, fərqli deyil. Bizdə hüququn ədalətindən söhbət gedir. Əgər hansısa qanun çərçivəsində və sübutlarla insan məhkum olunursa, yaxud azadlığa buraxılırsa, deməli hüququn ədaləti zəfər çaldı. Amma qanun nədir? Qanun ictimai münsaibətləri tənzimləyən kağızdır, normadır, qaydalar toplusudur. Dövlətin də missiyası bu ictimai münasibətləri tənzim etməkdir. Dövlət elə etməlidir ki, hər şey ümumi qaydada olsun. Amma heç bir dövlət bunu çatdıra bilmir. Amerika Birləşmiş Ştatlarında presedent hüququ var. Hər bir məhkəmə norma, qayda yaradır və növbəti məhkəmə ondan istifadə edir. Əgər cəmiyyətin istəmədiyi qayda dövlət tərəfindən qanun formasına salınıbsa, cəmiyyət o qanunu qəbul etməyəcək. Məsələn, Azərbaycanda əvvələr qız qaçırmaq hallarına çox təsadüf olunurdu. Bu hal aradan qalxdı. Əvvələr evlənmək məqsədi ilə qadını qaçırmaq cinayət sayılırdısa da, çox cüzi cəzası var idi, əksər hallarda da tərəfləri barışdırırdılar. Azərbaycan beynəlxalq aləmin üzvü olduqdan sonra bunu adam oğurluğu hesab etməyə başladılar. Sanksiya birdən-birə qalxdı. Və bu gün insanlar qız qaçırmağa yaxşı baxmırlar. Sual olunur ki, buna hansı yolla gəlib çıxdıq? Birincisi, cəmiyyət bütövlükdə maarifləndi. Əgər ədalət anlayışı dövlətin qarşıya qoyduğu məqsədlərə uyğun gəlmirsə, dövlət cəmiyyəti tərbiyə etməyə çalışmalıdır. O zaman təbliğat işə düşdü, müxtəlif verilişlər, müxtəlif proqramlar dedi ki, qadın qaçırmaq olmaz. Və bu gün cəmiyyət artıq buna pis baxır. On beş il ərzində dövlət məqsədinə nail oldu.
– Cəzanı ciddiləşdirməklə.
– Cəzanı ciddiləşdirmək bir vasitədir. Və hesab etmirəm ki, ən güclü vasitədir. Tutaq ki, bu gün yol hərəkəti qaydalarını pozmağa görə cəzalar kifayət qədər sərtləşdirilib, amma yol hərəkəti hadisələri baş verməkdə davam edir.
Bu gün Azərbaycanda intiharların statistikası da açıqlanmır. Cinayətkarlığın vəziyyəti barədə statistika məxfi statistika hesab olunur.
– Bu belə olmalıdır?
– Bəli. Dünyanın əksər ölkələrində bu belədir. Amma ölkələrin çoxu cəmiyyətin diqqətini problemə cəlb etmək üçün bu informasiyanı açıqlayır. Nə qədər ki, informasiya gizlədilir, cəmiyyət bunu görmür. Elə ki, bu informasiya açıqlanır, cəmiyyət bunu görür və ona qarşı müqavimət göstərməyə başlayır. Sual olunur: intiharlar nədən baş verir, səbəbi nədir? Mövcud intihar hallarının statistikası aparılmalı, araşdırılmalı və bir cədvəl qurulmalıdır ki, məsələn, hansı səbəbdən intihar baş verib, intihar edənlərin yaş qrupu və s. Əslində, bu statistika gedir, DİN bu statistikanı aparır, amma bu məsələ cəmiyyətə açıqlanmır. Cəmiyyət bunu bilsə, nə baş verər?
– Adicə KİV-də ibtidai kontent-analiz aparılsa, yaxud ən primitiv yol var: Qooqle-da yazsaq “intihar 2018, 2019-cu il”, kifayət qədər material çıxacaq.
– Heç də bütün informasiyalar, intiharın səbəbləri mətbuata düşmür. Əgər intihara qarşı cəmiyyət olaraq mübarizə etmək istəyiriksə, səbəbləri də bilməliyik. Ola bilsin ki, son səbəbi bilməyək, amma intihara aparıb çatdıran səbəblər toplusunu bilək.
– Adətən deyirlər ki, instituta girə bilmədi. Hər il abituriyentlər arasında intihar halları olur. Bəzən həmin adamın adı və statusu artıq intihar səbəbinin beynimizdə formalaşmasına gətirib çıxarır. Yəni “abituriyentdir, ona görə”.
Belə ehtimal olunur ki, intihar hadisələrinin afişalanması, KİV-də reytinq, ya sensasiya xatirinə bu cür hadisələrin daha çox “gözə soxulması” intiharların “təkrarlanmasına” səbəb olur. Məsələn, bir cavan oğlan instituta girə bilmədi deyə intihar etmişdi, amma o hadisəni nə qədər yayımladılar. Və bu hadisə gələn il imtahan verən insanların beynində qalır. Gələn il bu təkrarlana bilməz?
– Mən nəyə görə deyirəm ki, informasiya açıqlansın. İnformasiya bir silahdır, əgər sən açıqlayıb ondan istifadə etməyəcəksənsə, o sənə qarşı işləyəcək. Informasiyanı verəndə, onu idarə etməyi də bacarmaq lazımdır. QHT-lərin missiyası nədən ibarətdir? Dövlət hansısa bir informasiyanı açırsa, QHT-lər və KİV-lər ona dəstək olmalıdır. Sözsüz ki, KİV-in missiyası bir az fərqlidir. Mətbuat özünün reytinqini düşünür, o hətta diqqəti cəlb etmək üçün cəmiyyətə zidd informasiya belə yayar. Amma QHT-lərin niyyəti başqadır. Onlar daha çox cəmiyyətin yanında olmaq və dövlətin cəmiyyətlə bağlı münasibətlərinə yardım etmək düşüncəsindədirlər. Bu gün əgər o informasiyanı ortaya atsan, o informasiya “partlayar” və kiminsə şüuraltına təsir edər. Xatırlayırsınızsa əgər, bir uşaq özünü Səddam Hüseyn kimi asmışdı. Ona görə də o informasiyanı idarə etmək lazımdır. Əgər abituriyentlər arasında intihar hallarını görürüksə, deməli təhsillə məşğul olan QHT-lər üçün bu artıq fəaliyyət üçün bir istiqamətdir. Bu, valideynlərlə, gənclərlə məşğul olan QHT-lərə də aiddir. Bu qeyri-hökumət təşkilatları onları başa salmalıdır ki, kiminsə ali məktəbə daxil ola bilməməsi heç də hər şey demək deyil.
Sovet dövründə 6-cı dərəcəli tornaçı elmlər doktorundan çox maaş alırdı. Elmlər doktorunun maaşı 500-600 rubl idi. Nəzərə alın ki, tornaçı yaxşı işlədiyinə görə bir o qədər də mükafat alırdı. Hər bir professionalın cəmiyyətdə özünü tapmasına şərait var idi. Bəs bizim dövrdə necə? Uşaq məktəbi qurtarır, instituta girməlidir. Bir cəmiyyət olaraq uşağa başqa nə təklif edə bilərik? Peşə təhsili ilə bağlı dövlətin siyasəti var. Biz uşaqlara hansı peşə təhsilini təklif edə bilirik və bu peşənin hörməti cəmiyyətdə nə dərəcədədir? Və bu təhsildə uşaqları nə qədər professionallıq verə bilirik? Uşağı elə hazırlamalıyıq ki, o ancaq instituta qəbul olmaq üçün oxumasın. Bill Qeyts, R. Abramoviç və digər məşhur insanların heç institut təhsili yoxdur. İnstituta girmək hədəf olmamalıdır, yalnız vasitə olmalıdır. Əgər hiss edirsən ki, səndə hansısa istedad var, onun arxasınca get. Məsələn, bizim gəncliyimizin dissident təbiətli məşhur müğənnilərindən biri olan Makareviç Moskva Arxitektura İnstitutunu bitirib. Demək istəyirəm ki, hər bir uşaq cəmiyyətdə öz yerini tapmalıdır. Əgər uşaqlar, abituriyentlər intihar edirsə, bunun ilk növbədə səbəbi dövlətin bu sahədə siyasətini uğurlu qura bilməməsidir.
Nəticə etibarı ilə dövlətin hər bir vətəndaşı qarşısında öhdəliyi var. Dövlət öz öhdəliyini hansı institutlar yaratmaqla həyata keçirəcək, bu, dövlətin öz işidir. O, vətəndaşlarının ab-havasını nəzərə alaraq institusionallaşma həyata keçirir. Bu, məsələnin bir tərəfi. Ikinci tərəfdən, dövlət ilk növbədə sosial ədalətə can atmalıdır. Sosial ədalətin yolu ədalətli məhkəmədən keçir. Məhkəmə – sosial narazılığı aradan qaldıran ən mühüm institutdur. Bəzən deyirlər ki, məhkəmə prosesi uzun sürür. Əgər sonunda ədalət varsa, uzun çəksə belə, o prosesdə iştirak edən insanların hirsi soyuyur. O əvvəl hansısa bir cinayət edə bilər, amma 6 ay ərzində dövlətin, qanunun ədalətini gözləyir. Amma məsələ ədalətə gedib çıxmayanda nə edir? Ilkin, emosional vəziyyətdə hansı əməli edərdisə, ədalətə çatmayanda onun üç qatını edir. Çünki ümidi hər şeydən üzülür.
Necə edək ki, bunları azaldaq? Necə edək ki, cəmiyyətin müxtəlif təbəqələri arasında sosial sülhə nail olaq? Sözsüz ki, bunların hamısının kökündə iqtisadi problemlər durur. Insanlar arasındakı rifah və qayğı münasibətləri əksər hallarda oturuşmuş, imkanlı cəmiyyətlərdə baş tutur. Bəzi hallarda buna din faktoru təsir edir. Çünki bəzi dini dövlətlərdə dinin barışdırıcı xarakteri buna təsir edir. Dinin özünün də tərbiyəvi, əxlaqi mahiyyəti var.
Əgər Azərbaycanda intiharların sayını azaltmaq istəyiriksə, təkcə qanuni mexanizmlərdən istifadə etməklə buna nail ola bilməyəcəyik. Insanın ədalətsizliklə, içində özünəqəsd imkanları olduğu hər bir hal ilə qarşılaşdığı hadisələrdə dövlət və cəmiyyət onu ağuşuna almağı bacarmalıdır. Hansı formada? Məsələn, səhiyyəmizin durumu insanlar üçün ən böyük problemlərdən biridir. Bu problemin həlli kimi insanlar özlərinin yerini xarici ölkədə müalicədə görürlər. Buna isə hamının imkanı yoxdur. Ən böyük yardımçı isə dövlət və Heydər Əliyev Fondudur. Digər ölkələrdə müxtəlif fondlar var. Bu fondlar dövlətlə yanaşı bu problemləri həll etməklə məşğuldurlar. Bizdə də bunu etmək mümkündür. Bizdə hətta belə bir məsələ qalxmışdı ki, sahibkarların gəlirinin hansısa xeyriyyə fəaliyyətinə yönəldilən 1, ya 2 faizi vergidən azad olunsun.
– Bina tikilməsi ilə bağlı misal çəkdik. Əvvəla, o insan binanın ən hündür yerinə çıxıb intihar etməyə cəhd göstərir. O, intihar edə də bilərdi, və yaxud təsadüfən ayağı sürüşüb yıxıla və ölə də bilərdi. Hesab etsək ki, tikinti şirkəti də “qanuni yolla” torpağı alıb orada bina tikmək hüququna malikdir, o zaman ölüm hadisəsi olarsa, şirkət məsuliyyət daşıyacaqmı? İkincisi, oğlan özünü oradan atmadı və qəhrəman kimi aşağı endi. Amma başqa ölkələrdə həmin oğlan cəzalanardımı?
– İntihar həddi insanda elə bir psixoloji vəziyyət formalaşdırmalıdır ki, həmin vəziyyətin təsiri ilə insan öz canına qıysın. Həmin bu misalda “intihar həddinə çatdırma” halı yoxdur. Nəyə görə? Hansısa bir tikinti şirkəti öz işini qanuni şəkildə görür, çünki tikinti üçün rəsmi icazəsi var. Rəsmi qurumlar icazəni verəndə tikiləcək binanın, obyektin ətrafdakı insanlara sanitar, gigiyenik, tikinti normaları baxımından zərər vurmayacağı qənaətinə gəliblər. Başqa məsələ ki, korrupsiya yolu ilə saxta sənəd alınıb. Amma sənədlər varsa və bu sənəddə deyilirsə ki, bu qaldırılacaq bina qonşuluqda yaşayan insanlara heç bir maneçilik göstərmir, belə olan halda, onların şüuruna təsir edəcək hansı bir hərəkətdən söhbət gedə bilər. Başqa bir misal, məsələn, yaşıllıq, yaxud bir park qırılır. Kimsə çıxıb özünü öldürsün ki, mən bu parkın qırılmasına etiraz edirəm?
– Qanunsuzluğa qarşı susmaq da olmaz.
– Qanunsuzluq olub olmadığını dərk etmək insanın gördüyü hadisələrə psixoloji yanaşmasının formalarından biridir. Yəni mən subyektiv olaraq düşünürəm ki, bu, qanunsuzdur. Onun qanuni, ya qanunsuz olduğunu bilmək üçün onu məhkəməyə verməlisiniz.
– Ağaclar qırılandan sonra məhkəmənin nə xeyri?
– Bu məsələnin kökündə dövlətin ilk növbədə vətəndaş cəmiyyətinin, insanların, ayrı-ayrı fərdlərin arzularını, istəklərini nəzərə almaq qabiliyyəti durur. Belə mexanizm Azərbaycanda qanunlarımızda da var. Bizim Tikinti və Şəhərsalma Məcəlləmiz Rusiyanın oxşar məcəlləsi əsasında tərtib olunub. Bu məcəllənin Şəhərsalma hissəsində əhəmiyyətli tikinti layihələrinin aparılması zamanı vətəndaşların rəyinin nəzərə alınmasından bəhs edilir. Hər şey obyektiv olmalıdır. Əgər vətəndaşların qaldırdığı problem doğrudan da onların gələcək həyat tərzinə təsir edəcəksə, o tikinti aparıla bilməz. Tikintini planlaşdıran qurum bu işi görərkən insanların fikrini nəzərə almadan bu işi planlaşdırıbsa, o zaman o layihə ləğv olunmalıdır. Dünyada bunun adı – ətraf mühitin təsirinin qiymətləndirilməsi prosesidir. Azərbaycanda artıq belə qanunumuz da var. Əgər icra olunmursa, bu artıq idarəetmədə olan korrupsion yanaşmanın təsiridir.
Azərbaycanda bu gün intihar hallarının böyük əksəriyyətinin kökündə korrupsiya ilə bağlı elementlər durur. Əgər şəxsə qarşı səhhəti ilə bağlı, şəxsiyyətin təsdiqi ilə bağlı və sair ədalətsizlik olubsa, orada korrupsiya var. Şəxs orta məktəbdə normal təhsil alsa idi, cəmiyyətdə yerini tutardı. Şəxs bank kreditləri ilə bağlı problem yaşayırsa, ödəməyə pulu yoxdursa və gəlib qapısını kəsiblərsə, burada da korrupsiya elementləri var. Nəyə görə? Müflisləşmə haqqında qanun var. Çox təəssüf ki, vətəndaşlar onun subyekti deyillər. Şəxs, əgər almaq-vermək qabiliyyəti yoxdursa, özünü müflis elan etməlidir. Belə olan tərzdə borc almaq imkanlarını itirirsən, amma səndən pul da istəməyəcəklər. Bu gün biz bu hüquqi alətdən istifadə edə bilərikmi? Xeyr. Nəyə görə? Çünki banklar bəlli insanların əlindədir. Ona görə də ilk növbədə bankların mənafeyi üstün tutulur. Nə qədər insan bank kreditlərinə görə intihar edib.
– Məsələnin psixoloji tərəfindən uzun-uzadı danışmaq olar, yenə də bitməz. Bəs sizdə elə misallar olubmu ki, kimsə cavab versin, məsuliyyətə cəlb olunsun. Əgər Qarabağ qazısı gedib şəhərin mərkəzində üstünə neft töküb yandırırsa, bu halda məsuliyyət daşıyan olubmu?
– Azərbaycanda belə hallarla bağlı kifayət qədər məhkəmə təcrübəsi var. Buna görə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyənləşdirilib. Bu isə heç də az deyil. Müqayisə üçün deyək ki, avtonəqliyyat vasitəsilə hadisə törədir, kimə isə qəsd edirsənsə, 5 il cəza təyin olunub. Əslində bu törədilən cinayət şəxs tərəfindən edilən ehtiyatsızlıqdır. Çünki həmin şəxs kimi isə öldürməyi qarşısına niyyət qoymayıb. Amma kiminsə ölümünə səbəb olub. Bu baxımdan sanksiya kifayət qədər sərtdir. İntihar hallarında əksər hallarda kimi isə cinayət məsuliyyətinə cəlb etmək çətin olur. Çünki intihar edənin heç bir problemi olmayıb yalnız bir problemi mövcud olsa idi, təyin etmək olardı ki, ölümünün səbəbi kimdir və məsuliyyətə cəlb etmək də mümkün olardı. Ancaq insanın ətrafında o qədər problemlər: iqtisadi, sosial, ailə, təhsil və s. olur. Və əgər insanın özü sübutlar göstərərək kağız yazıb qoyubsa ki, hansı səbəblərdən özünü öldürüb, o zaman kimi isə şübhəli bilmək üçün ən azı əsas yaranır.
– Valideyn öz övladına qəti surətdə deyir ki, instituta girə bilməsən insanların üzünə baxa bilməyəcəyik, o zaman sənə əməyimi halal etmərəm. Uşaq da tələbə adı qazana bilmədiyinə görə intihar edir və kağız da yazıb buraxır ki, tələbə adı qazana, istədiyinizi edə bilmədim. Gəlib şübhəli kimi valideyni aparırlar. Bu halda valideyni cinayət məsuliyyətinə cəlb etmək olarmı? Nəzərə alsaq ki, uşağını itirib, digər tərəfdən də hüquq-mühafizə orqanlarına düşmək ailəyə nə qədər zərbə vura bilər.
– Əgər haradasa korrupsiya varsa, o zaman intihar hadisəsinın düzgün hüquqi araşdırılmasından söhbət gedə bilməz.
İnsan ya bu cəmiyyətdə yaşamalıdır, ya bu cəmiyyəti tərk edib harasa çıxıb getməlidir, ya da özünə qəsd etməlidir. Dördüncü yol yoxdur. Sən bu cəmiyyətin qayda-qanunlarına uyğunlaşıb yaşamağa çalışmalısan. Biz də bir valideyn kimi övladlarımızın cəmiyyətə psixoloji adaptasiya olması üçün yardımçı olmalıyıq. Digər tərəfdən, çıxıb gedən insanlar var. Onlar bu cəmiyyətdə yaşaya bilmirlər. Bəziləri üçün bu cəmiyyətdə yaşamaq intihara cəhdin ilkin pilləsində durur. Yəni istənilən zaman həyatına qəsd edə bilər.
– Əgər cəmiyyətin səhvləri çoxdursa, ona adaptasiya olmaq lazımdır?
– Cəmiyyətin doğal problemləri ola bilər. Yəni hansı coğrafi mövqedə yerləşməsindən asılı olaraq hər bir millətin özünəməxsus psixoloji durumu mövcudur. Məsələn, italyanlar ilə almanlar, ya ingilislər eyni deyil. Azərbaycanlılar ilə ruslar, yaxud Pribaltikada yaşayan xalqlar eyni deyil. Yaşadığımız coğrafi mühitdən asılı olaraq bizdə xarakter, psixoloji düşüncə, genetika formalaşıb. Amma genetikamıza hansısa virusu salırıqsa və o virus bizim bütün daxili orqanlarımızı zədələyirsə, bunun kökü bədənimizin özündədir, yaxud virusdadır. Əlbəttə, bədənimizin də, həyat tərzimizin də, əxlaqımızın da problemləri var. Yəni insanları “qəti addımlar” atmağa sürükləyən çoxsaylı faktorlar var.
Azərbaycanın şimalı 1828-ci ildə Rus imperiyasının tərkibinə daxil olub. Bu zaman dövlət və cəmiyyət bir-birindən ayrılmış oldu. Dövlət rus olub, cəmiyyət azərbaycanlı. Və cəmiyyət rusların qayda-qanununa işğalçının qayda-qanuni kimi əməl etməyə məcbur olub. Cəmiyyət özündə qayda-qanun formalaşdırmayıb. O, öz əxlaqı, qanunu, qaydaları ilə yaşayıb. Nə zaman dövlət və cəmiyyətin maraqları toqquşsa, dövlət öz istədiyini yeridib, yox əgər toqquşmayıbsa, dövlət də qarışmayıb. Istəyirsən nigah bağla, boşan, istəyirsən qız qaçır, istədiyini elə, amma mənimlə münaqişəyə girmə. Bu hal 1991-ci ilə qədər davam edib. Sosializm quruluşu yaranandan sonra bizdə kommunist əxlaqını da qəbul etmədilər. Bu əxlaq bir sıra yollarla müəyyən qədər cəmiyyət içinə yeriyə bilmişdi. Amma unutmayaq ki, bizdə patriarxal adət-ənənələr qalmaqda idi. Bu isə o demək idi ki, mən dövlətdən kənar yaşayıram. Bizim cəmiyyət əksər hallarda dövlətdən kənar yaşayıbdır. 1991-ci ildə müstəqil dövlət qurduqdan sonra, artıq qanunlarımıza saldığımız normalar həyat tərzimizə uyğun idi. Bu dövlət xalqa məxsus idi, ona görə də cəmiyyətdə ciddi bir transformasiya getdi, patriarxal adət-ənənələr dağılmağa başladı. Hər bir kənddə icma qaydası var. İstər xristianlarda, istər buddistlərdə və s. olsun, icma bir qayda olaraq dini qurumların ətrafında formalaşır. Bəs nəyə görə bizdə o icmalar yoxdur? Nə qədər ki, patriarxal adət-ənənələr mövcud idi, ailə, nəsil, məhəllə söhbəti də var idi. Patriarxal sistem dağıldıqdan sonra icmalar da dağıldı, başqa problemlər yarandı. Məsələn, uşaqlar boşanırsa, bu bizim üçün faciədir. Biz inteqrasiya etmək istəyirik. Uşaqlarımız seriallar, sosial şəbəkələr və s. sayəsində artıq düşüncə tərzi ilə başqa cəmiyyətdə yaşayırlar. Evlənib bir aydan sonra boşanırlar. Biz deyirik ki, bu, Azərbaycan əxlaqına ziddir. Amma hansı əxlaqa? 1991-ci ilə qədər Sovet İttifaqının tərkibində olduğumuz dövrün patriarxal əxlaqına. O zamanlar hətta komsomol toyları olurdu. Ona da cəmiyyət çox pis baxırdı, deyərdilər ki, necə olur, böyüyün xeyir-duasını almadan toy olur. Və bu gün əgər cinayət baş verirsə, haradan bilək ki, cinayətin tərkibində atanın övladdan narazılığı, övladın valideyn təzyiqinə dözə bilməməyi durmur? Bu, artıq parçalanma, yəni itməkdə olan patriarxal ənənə ilə müasir həyat tərzinin toqquşması deməkdir. Bu gün cəmiyyətdə bu proses gedir. Intiharların bir səbəbi də budur.
– İndiki dövrdə uşaqlar belə deyir ki, mənim hüququm var. Amma sovet dövründə uşaq müəllimdən, valideyndən qorxardı.
– Bunlar patriarxal cəmiyyətlərdə olur. O zaman orta məktəblər mollaxana tipli məktəblərin daha yeniləşmiş forması idi. Müəllim əlində çubuq, ya xətkeş uşağa dərs keçirdi.
Intiharın kökündə duran problem cəmiyyətdə olan patriarxal münasibətlərin dağılması, cəmiyyətin bir qisminin bunu dərk etməməsidir.
– Yəni bir neçə onillik keçəndən, təzə nəsil köhnə nəsli əvəz etdikdən, köhnəliklə müasirliyin toqquşması başa çatdıqdan sonra intiharların da sayında azalma olacaq.
– Məsələ ondadır ki, intiharın səbəbi bir deyil, beş deyil. Məsələn, nə qədər qız intihar edib. Tutalım, oğlanla gəzib, sonra oğlan onu aldadıb, atıb, o da görüb ki, valideynin üzünə baxa bilməyəcək, intihar edib. Bu da intiharların əhəmiyyətli hissəsidir. Biz nə etməliyik? Patriarxallığı atıb müasirliyə doğru gedək, yaxud köhnə ənənələri qoruyub gəncləri özümüzdən kənara itələyək?
– Bəs qeyri-hökumət təşkilatları, onların maarifləndirmədə rolu nə yerdədir?
– Qeyri-hökumət təşkilatları hansısa bir missiya yerinə yetirə bilərlər. Din tabu qoyur. Xristian aləmində dəyərlər Xristian dəyərləri üzərində qurulub. Sonralar transformasiya olmağa başlayıb. Bəs bizim dəyərlər nə dərəcədə İslam dəyərləridir? İslamda namus sözü var? Namus anlayışı daha çox Qafqaz xalqlarına xas anlayışdır.
Cəza məsələsi hər bir insan üçün fərdi bir yanaşmadır. Nəyə görə 3 ildən 7 ilədək yazılıb? Elə insan var ki, məhkəmə qarşısında durmaq artıq onun üçün ölümə bərabərdir. O adama heç cəza vermək də lazım deyil, həmin adam artıq məhkəmə qarşısına çıxanda “öldü”. Ona görə 3, 5, ya 7 il, nə fərqi var. Insan hansısa bir əməl törətsə, cəmiyyət onun arxasında durmayacaqsa, hansı ədalətdən, əxlaqdan, cəmiyyətdən söhbət gedə bilər? Məsələn, bir nəfər qəza törədib avtomobili ilə birini vurub öldürür. Həmin insan ehtiyatsızlıq üzündən maşınla vurub öldürdüyü şəxsin ailəsinə varı ilə, dövləti ilə kömək etməyə çalışır. Öhdəlik götürür ki, mən sizi saxlayacağam, sizə baxacağam. Məhkəmə deyir ki, bu bizi maraqlandırmır, dövlətin qanunu var, get 6-7 il həbsxanada yat. Bəs ədalətlilik harada qaldı. O insan adam öldürüb və adamın balalarına baxaraq yükünü ömür boyu belində daşıyacaq. Amma qanun isə deyir ki, sənin dövlət qarşında öhdəliyin var və gir həbsə. Söhbətimizin əvvəlində dedim ki, məhkəmənin qərarı qanuni və əsaslı ola bilər. Məhkəmə düzgün qayda ilə aparılsa, düzgün sübutlardan istifadə etsə, düzgün qanun tətbiq etsə, o zaman məhkəmənin qərarı qanuni və əsaslı olacaq. Və hüquqi baxımdan da bu ədalətli olacaq, amma əxlaqi baxımdan ədalətli olacaqmı?
– Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi onsuz da ağır cəza nəzərdə tutur. Bəlkə qanunu bir az da sərtləşdirmək bu özünü öldürmə həddinə çatdırmaları azaltmaqda kömək edə bilər?
– Dünya hüquq təcrübəsinin inkişafı göstərir ki, cəzanı sərtləşdirməklə heç vaxt məqsədə nail olmaq olmur. İlk olaraq problemi yaradan məsələlər aradan qaldırılmalıdır. Birinci növbədə korrupsiyanı götürmək lazımdır. Qanun nə qədər sərt olursa olsun, əsas məsələ insanların hansı həddə cəzalanması deyil, təqsirli şəxslərin hamısının cəzalanması və məhkəmə qarşısında durmasıdır.
Fuad Babayev, Mehman İbrahimov, 1905.az