Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Samir Nuriyev 1975-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetini və ABŞ-ın Dyuk Universitetini bitirib. Beynəlxalq inkişaf siyasəti üzrə magistrdir.
1996-2003-cü illərdə müxtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru işləyib. 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində çalışıb, 2006-cı ildə İqtisadi İnkişaf Nazirliyində sahibkarlığın inkişafı departamentinin direktoru təyin edilib.
2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin olunub. 2016-cı il aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru, 2018-ci il fevralın 14-də Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri, həmin il aprelin 21-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.