Aprel döyüşləri dünyaya Azərbaycan Ordusunun, dövlətimizin, xalqımızın gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi
Bu gün Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən yeddi il ötür. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş əks-əməliyyat zamanı qazanılmış tarixi Zəfər Azərbaycan Ordusunun qələbə əzmini bir daha göstərib. Aprelin 1-5-də baş vermiş Azərbaycan xalqının qəhrəmanlığının nümayişi olan və Ordumuzun qələbəsi ilə nəticələnən döyüşlər Vətən müharibəsinin ilkin məşqi və tarixi Zəfərə aparan yol idi.
AZƏRTAC xəbər verir ki, həmin il aprelin 2-də Ordumuz düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci bəxş edib.
Strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edilib
Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı il aprelin 2-nə keçən gecə düşmən bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutub. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilib və qəti cavab zərbələri endirilib. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
Aprel hadisələrində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin öndə və dərinlikdə cəmləşən qüvvələrini qəti zərbələrlə sıradan çıxarıb. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Tərtər rayonunun Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizlənib. Həmçinin geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi azad edilib. Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320-dən artıq hərbçisi öldürülüb, 500-dən çox döyüşçüsü yaralanıb. Suqovuşan yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edilib. Ağdərə-Suqovuşan, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edilib.
Aprel zəfərində “məğlubedilməz erməni ordusu” və keçilməz erməni səngərləri mifi dağıldı
Azərbaycan Ordusunun 2016-cı il Aprel zəfərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” və keçilməz erməni səngərləri mifi dağıldı. Aprel qələbəsi, eyni zamanda, əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu. Dünya ictimaiyyəti də başa düşdü ki, işğal edilmiş ərazilərin hərb yolu ilə azad edilməsi mümkündür. Azərbaycan xalqı, dövləti və ordusu buna tam qadirdir. Uğurlu Aprel əməliyyatından sonra Ermənistanın işğalçılıq siyasəti danılmaz faktlarla yenidən təsdiqləndi. Döyüşlərdə ölənlərin əksəriyyətinin Ermənistan hərbi qulluqçularının olması, yaralıların böyük hissəsinin bu ölkənin tibb müəssisələrində müalicə alması və dövlət tərəfindən “separatçı cəlladların” könüllü adı altında yenidən Qarabağa göndərilərək erməni ordusunun qoyub qaçdığı səngərlərə doldurulması cəhdi buna əyani sübutdur.
Ermənistan ordusunun təmas xəttində törətdikləri təxribatlar zamanı dinc əhali arasında da həlak olan və yaralananlar olub, yaşayış məntəqələrimizə böyük ziyan dəyib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub.
Aprel döyüşləri ordumuzun peşəkarlığını göstərdi
Vətən qarşısındakı xidmətlərinə görə mükafatlandırılanlar arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər olub.
Aprel döyüşləri Azərbaycan xalqının və Ordusunun tarixi ərazilərimiz olan Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut etdi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə deyib: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.
Həqiqətən də dövlətimizin başçısının dediyi kimi, Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verdi ki, Azərbaycan Ordusu təmas xəttində mövcud vəziyyətə gələcəkdə tam nəzarət etsin və lazımi tədbirləri görə bilsin.
Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə “Böyük Qayıdış” prosesinə start verildi. Bu kəndin əhalisinin 23 illik fasilədən sonra doğma torpaqlarına qayıtması işğal altındakı digər ərazilərimizin də tezliklə azad olunmasına bütün xalqımızda dərin inam yaratdı. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təmas xəttinə gedərək, Ermənistan ordusunun atəşləri nəticəsində yaşayış məntəqələrimizə dəyən ziyanla yerində tanış olmaları, yerli əhali, eləcə də ön xətdə şəxsi heyətlə görüşü xalqımızın və Ordumuzun düşmən üzərində qəti qələbəyə ümidlərini daha da artırdı.
Prezident, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin əhəmiyyəti barədə dediyi sözlər bu qələbənin Ordumuz və xalqımız üçün əhəmiyyətini açıq şəkildə ifadə edir: “Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün həmişə olduğu kimi birinci yerdə duran prioritet məsələdir”.
Uğurlu Aprel qələbəsindən daha da ruhlanan Azərbaycan Ordusu iki il sonra daha bir böyük zəfər qazandı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir.
Həmçinin 2008-ci ildən başlayaraq müxtəlif illərdə keçirilmiş hərbi paradlar Azərbaycan Ordusunun qüdrətini əyani nümayiş etdirib. 2018-ci il Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanındakı təntənəli hərbi paradda 2016-cı ilin Aprel döyüşlərində, iki il sonra Naxçıvan əməliyyatında işğalçılardan azad olunmuş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları nümayiş etdirilib. Paradda çıxış edən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün mütləq bərpa olunacağını bildirərək deyib: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”.
Aprel döyüşləri Şanlı Vətən müharibəsində böyük Zəfərə gedən yolda mühüm əhəmiyyət kəsb edir
Aprel döyüşləri Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan şanlı Vətən müharibəsində böyük Zəfərə gedən yolda mühüm əhəmiyyət kəsb edir. Yeddi il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının böyük Qələbəyə inamını və əzmini daha da artırmaqla yanaşı, Silahlı Qüvvələrimizin şəxsi heyəti üçün mühüm döyüş təcrübəsi oldu. Bu döyüşlər həm də Azərbaycan Ordusunda düşmən mövqelərini və onların potensialını öyrənməyə imkan yaratdı. Məhz bu təcrübəni İkinci Qarabağ müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi. Qürurverici haldır ki, böyük Qələbəni cəmi 44 gündə qazanaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edən şanlı Ordumuzun Vətən müharibəsində tətbiq etdiyi ən müasir döyüş taktikası və mühüm yeniliklər dünyanın qabaqcıl orduları tərəfindən dərindən öyrənilir.
İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı dəmir yumruq kimi birləşdi
İkinci Qarabağ müharibəsi zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı dəmir yumruq kimi birləşərək bütün dünyaya sübut edib ki, onun iradəsini sarsıtmaq, işğalla barışmağa məcbur etmək mümkün deyil. Azərbaycan Ordusu Ermənistanın mütəmadi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də “Dəmir yumruq” əməliyyatına başladı və noyabrın 10-dək davam etmiş 44 günlük Vətən müharibəsi nəticəsində işğalçı ölkəni diz çökməyə, kapitulyasiyaya məcbur etdi. Azad edilmiş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları bu dəfə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında nümayiş etdirildi.
Bu gün hər bir azərbaycanlı yeddi il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur duymaqdadır. Qürurlu tarixə malik olan Azərbaycan Ordusu hazırda özünün ən şanlı mərhələsini yaşayır. Ona görə də Aprel döyüşləri hər zaman Azərbaycan dövləti və xalqı üçün Vətən müharibəsindəki böyük Qələbənin başlanğıcı kimi daim müqəddəs tarix kimi xatırlanacaq.