Dünyanın nüfuzlu “Science Channel” telekanalında yayımlanan “Tərk edilmişlərin sirri” (Mysteries of the abandoned) elmi serialının növbəti buraxılışı Azərbaycanın Ağdam şəhərinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, reportajda son otuz ildə Ermənistan-Azərbaycan münaqişəsinin on minlərlə insanın həyatına son qoyduğu, müharibə zamanı və ondan sonra işğal dövründə şəhər və kəndlərin məhv edildiyi əksini tapır. Qeyd edilir ki, vaxtılə regionun mədəniyyət mərkəzi olan və bir vaxtlar minlərlə insanın yaşadığı Ağdam işğal dövründə yerlə-yeksan olunub və heç kimin yaşamadığı, tamamilə dağıdılmış “ruhlar şəhəri”nə çevrilib.
Reportajda viran qoyulmuş Ağdamdan görüntülər, o cümlədən işğalda dövründə şəhərdə yeganə salamat qalmış bina – Ağdam Cümə məscidi, eləcə də Dram teatrının, Çörək muzeyinin və digər ictimai binaların dağıntıları nümayiş olunur. Həmçinin bu şəhər barədə tarixçi Dominik Selvudun fikirləri təqdim edilir: “İnanmaq çətindir ki, Ağdam bir vaxtlar normal həyat yaşayan insanların çiçəklənən, səs-küylü şəhəri olub. Yaşıl ağaclar arasında yüzlərlə bina görünür. Lakin onlar məhv edilib və həmin binaların yalnız qalıqları qalır. Məscid bu yerin irsini təqdim edir”.
Jurnalist Cim Meyqs isə Ağdamın vaxtılə çox müasir şəhər olduğunu vurğulayır: “İstənilən qərbli küçələrdə gəzə, kafelərə baş çəkə və özünü evdəki kimi hiss edə bilərdi. Lakin bütün bunlar qısa müddətdə məhv oldu. Bura qorxunc yerdir, sanki qorxu filmlərindəki kadrlara bənzəyir. Yollar və küçələr kimsəsiz qalıb. Heç yerdə insan görünmür. Şəhərdə salamat qalmış yalnız bir bina var. İnsanlar digər bölgələrdəki münaqişələr haqqında eşitdikləri qədər bu münaqişə barədə eşitməyiblər”.
Reportajda Ağdamdakı Çörək muzeyindən də bəhs olunur: “Başqa bir gözlənilməz tapıntı kimi bu dağıntının ortasında gözəl bir boyalı divar var. Bəlkə də bu, dağılmış şəhərin canlanmasından xəbər verir”.
Azərbaycanlı jurnalist Emin İbrahimov Çörək muzeyinin divarındakı rəsmdə Azərbaycan mədəniyyətinin üç atributunun təsvir olunduğunu bildirir: “Qadın əlində Novruz bayramının rəmzlərindən olan məcməyi tutub. Aşığın əlində Azərbaycanın milli musiqi aləti olan saz var. Uşaqlı qadın isə kəlağayı adlanan örpək geyinib. Bunların üçü də UNESCO tərəfindən qorunur və bəşəriyyətin qeyri-maddi mədəni irsinin bir hissəsidir. Ağdam şəhərində salamat qalan yeganə bina 1870-ci illərdə tikilmiş köhnə məsciddir. Ermənilər əslində ondan müşahidə qülləsi, anbar və artilleriya atəşlərini istiqamətləndirmək üçün istifadə edirdilər”.
Ermənistan-Azərbaycan münaqişəsinin tarixindən də söhbət açıldığı reportajda məlumat verilir ki, sovet dövründə Dağlıq Qarabağ Azərbaycanın tərkibində olub. Lakin həmin vaxt muxtar respublikada əhalinin əksər hissəsini təşkil edən ermənilər vilayətin Ermənistana birləşdirilməsi tələbi ilə çıxış etməyə başladılar. 1990-cı illərin əvvəllərində baş verən münaqişə nəticəsində Azərbaycan əraziləri həmin vaxt daha yaxşı silahlanmış Ermənistan ordusu tərəfindən işğal olundu. Minlərlə erməni silahlısı Ağdama girib şəhəri gülləbaran etdi.
“1993-cü ildə şəhərin 40 min əhalisi və bölgədəki yarım milyondan çox azərbaycanlı öz evlərini tərk etmək məcburiyyətində qaldı. 1994-cü ilə qədər Ermənistan Ağdam şəhəri də daxil olmaqla regionu zəbt etmişdi”, – deyə kimya mühəndisi Caega Vays bildirir.
Məlumat verilir ki, 2020-ci ildə dünya koronavirusa qarşı mübarizə apardığı bir vaxtda bu bölgədə münaqişə yenidən alovlanmağa başladı. Müharibədə ən müasir hərbi texnika ilə silahlanan Azərbaycan Ordusu qələbə qazandı. Azərbaycan Ordusunun müasir dron texnologiyasından uğurla istifadə etməsi uğur əldə olunmasında mühüm rol oynadı.
C.Vays Qarabağ müharibəsinin dronların həlledici rol oynadığı ilk müharibə olduğunu qeyd edib.
Həmçinin reportajda bildirilir ki, müharibə nəticəsində 2020-ci ilin noyabrında Ağdam şəhəri işğaldan azad edildi. Lakin şəhər sakinləri üçün mübarizə hələ bitməyib. Silahlar susmuş ola bilər. Ancaq mülki insanlar üçün hələ də travmatik zamandır.
Xüsusi vurğulanır ki, Ağdamı təmsil edən “Qarabağ” futbol komandası yerlə-yeksan edilən şəhərin gələcəyinə olan ümidin carçısına çevrilib. Komandanın uğurları göstərir ki, bu şəhərin həyata yenidən qayıdacağı ümidləri yaşayır. Komandanın Ağdamda yenidən oynamaq şansı var. Çünki dövlət “ruhlar şəhəri”ni super şəhərə çevirmək planlarını bəyan edib. Ağdamın Baş planı 2021-ci ilin mayında təsdiqlənib. Plana əsasən, yenilənmiş şəhərin əhalisi 100 min nəfər olacaq.