İkinci söhbət
“Xalq qəzeti”nin əməkdaşı Anar Turan və “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru Aqşin Şahinoğlu ilə söhbət etdik.
Fuad Babayev: “Seçki-2020” Müstəqil Media Mərkəzində çalışırsınız. Medianın və oxucuların, dinləyicilərin, tamaşaçıların seçkilərə marağı necədir?
Aqşin Şahinoğlu: Ümumiyyətlə, seçkilər cəmiyyət üçün nə deməkdir, seçkilərin cəmiyyətlərin, dövlətlərin demokratik inkişafında rolu nədən ibarətdir? Birmənalı olaraq, qeyd edə bilərik ki, hər bir dövlətin, cəmiyyətin demokratik inkişafı seçkilərdən və seçkilərə münasibətdən önəmli dərəcədə asılıdır. Demokratik seçkilər ölkədə siyasi sistemin inkişafına, siyasi institutların fəaliyyətinə mühüm töfhələr verən əhəmiyyətli bir prosesdir. Eyni zamanda, cəmiyyətin təşkilatlanmasında, vətəndaş fəallığının təmin olunmasında, ictimai münasibətlərin tənzimlənməsində biz yenə də seçki prosesinin mühüm rolunu görürük.
Azərbaycan da demokratik inkişaf yolunda inamla irəliləyən, demokratik təsisat və institutların inkişafına geniş imkanlar təmin edən bir ölkədir və seçkilər ölkəmizin inkişafında mühüm bir mərhələni təşkil edir. Ona görə də, vətəndaş cəmiyyətinin digər institutları kimi, medianın da prosesə böyük maraq göstərməsi tam başadüşülən və obyektivdir.
Ümumiyyətlə, kütləvi informasiya vasitəsələri bu prosesin əsas komponentlərin birini təşkil edir. Seçkilərin şəffaf təşkilində, bərabər rəqabət mühitinin təmin olunmasında, prosesə ictimai marağın gücləndirilməsində medianın böyük rolu var. Hesab edirik ki, Azərbaycan mediası 9 fevralda keçiriləcək parlament seçkilərinə münasibətdə öz funksiyalarını, vəzifələrini uğurla yerinə yetirir. Müşahidələrimiz əsasında deyə bilərik ki, Azərbaycan mediası ümumi seçki prosesinə dair ən müxtəlif istiqamətli xəbər və şərhləri, iddiaçıların təşviqatına xidmət edən materialları gündəlik ictimaiyyətə təqdim edir, klassik nəzəriyyədə deyildiyi kimi, həm təşkilatçı, həm təşviqatçı, həm məlumatlandırıcı bir institut kimi, öz işini yerinə yetirir.
“Seçki-2020” Müstəqil Media Mərkəzinin fəaliyyətinə gəldikdə isə, bu Mərkəz Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil olunub və məqsədi Milli Məclisə seçkiləri, onun ayrı-ayrı mərhələləri, səsvermə prosesi, seçki institutlarının, müşahidə missiyalarının, exit-poll keçirən təşkilatların fəaliyyəti haqqında dolğun məlumatları Azərbaycan ictimaiyyətinə, yerli və xarici jurnalistlərə operativ şəkildə çatdırmaqdır. Bu günə qədər mərkəz tərəfindən yüzlərlə tam obyektiv, tərəfsiz xəbər auditoriyaya təqdim olunub.
Anar Turan: Bu gün cəmiyyətimizdə ciddi seçki ab-havası müşahidə olunmaqdadır. Şübhəsiz ki, bunun da səbəblərindən biri də KİV-in, sosial şəbəkələrin aktivliyidir. Seçkilərdə KİV-in iştirakı qanunvericilik ilə tənzimlənir. Parlamentə seçilməyi qarşısına qoyan hər bir namizəd KİV-in imkanlarından bərabər şəkildə istifadə etməlidir və KİV də o imkanları ona yaratmalıdır. Hazırda istər dövlət mediasında, istərsə də müstəqil media vasitələrində namizədlərin üçün maksimum təbliğat üçün imkanlar yaradılır. Doğrudur, bir sıra namizədlər də var ki, hazırda KİV-lərdə təbliğat kampaniyası üçün nəzərdə tutulmuş imkanlardan istifadə etməkdə maliyyə imkanlarının olmadığınıa görə çətinlik çəkdiklərini də bildirirlər. Lakin alternativ variantlar, təbliğat üçün tribunalar əvvəlki seçkilərlə müqayisədə daha çoxdur. Həm də bu il rekord səviyyədə namizədin qeydə alınması da seçki barədə fikir plüralizmini artırıb.
Aqşin Şahinoğlu: Bu seçkilər Azərbaycan dövləti və cəmiyyəti üçün xüsusi əhəmiyyətə malikdir. O mənada ki, hazırda ölkəmizdə ən müxtəlif sahələri əhatə edən genişmiqyaslı islahatlar həyata keçirilir, iqtisadi, sosial, hüquqi sferalarda bu islahatlar uğurlu nəticələr verir. Bu islahatlar həm cəmiyyətin maraqlarına cavab verir, həm də islahatlara ictimai maraq yüksəkdir. Belə bir məqamda hakimiyyətin bir qolu olan parlamentə də yeni seçkilərin keçirilməsi zərurətə çevrilmişdi və bu qərar verildi.
Müşahidələrimiz göstərir ki, bu seçkilərə ictimai maraq həddən artıq böyükdür. Bunu təsdiq edən əsas amillərdən biri – seçkidə rekord sayda namizədin iştirak etməsidir. Əgər bu qədər insan seçkidə iştirak edirsə, deməli, cəmiyyətdə prosesə inam da yüksəkdir. İnanırıq ki, prosesin sonunda formalaşacaq yeni parlament cəmiyyətin inam və etimadını doğruldacaq, eyni zamanda, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaq.
Fuad Babayev: Məndə belə bir təəssürat yaranıb ki, növbədənkənar parlament seçkilərinə hazırlıq prosesinin işıqlandırılmasında sosial media ənənəvi medianı üstələyir. Siz bu fikirlə razısınızmı?
Aqşin Şahinoğlu: Sosial media əvvəlki illərlə müqayisədə inkişaf edib və bizim üçün narahatlıq yaradan şərtlər qismən də olsa azalmaqdadır. Müşahidələr də göstərir ki, dezinformasiya, qara piar kimi hallar qismən azalıb. Ən azından, biz seçki prosesinə münasibətdə bunu söyləyə bilərik. Amma ənənəvi media ilə müqayisədə sosial şəbəkələr seqmenti “qaydasız arena” xüsusiyyətini saxlayır. Ənənəvi media qurumları ölkə qanunlarına, KİV haqqında qanuna, Seçki Məcəlləsinə daha çox riayət edir. Ona görə də bəzən sadəcə statik, şablon xəbərlərə yer verir ki, ola bilər ki, bu müəyyən qrup auditoriya üçün elə də böyük maraq kəsb etmir. Sosial şəbəkələr seqmentində isə qaydaları yalnız şəbəkənin özü müəyyənləşdirir və burada paylaşılan xəbərə görə məsuliyyət daşımaq anlayışı geri planda qalır. Əsas sosial şəbəkələrin dili ilə desək, “bəyənmə”, “paylaşım” əmsalıdır. Əsas şərtlərdən birincisi budur.
İkincisi, biz sürət əsrində yaşayırıq. Surət auditoriyaya da təsir edir. Kim daha əvvəl; bir qəzet bu abağa düşsə, auditoriya da artıq onundur. Bir şəkil, ya bir video çəkdin, onu atdın, sosial şəbəkələrə, artıq o ictimailəşdi. Yazılı media isə o xəbəri ən yaxşı halda səhəri gün cəmiyyətə təqdim edəcək və sabah artıq həmin xəbər köhnələ bilər.
Fuad Babayev: Məlumdur ki, seçki prosesində qiymət məsələsinin də rolu az deyil. Hətta bəzi saytlarda belə, namizədlərin təbliğatı üçün yüksək məbləğ təyin ediblər.
Aqşin Şahinoğlu: Əlbəttə, ictimai marağın yüksək olması, namizədlərin sayının rekord həddə olması prosesin ümumi gedişi baxımından çox müsbət haldır. Amma hər bir namizədin də ictimai məsuliyyəti olmalıdır. Azərbaycan qanunvericiliyi, Seçki Məcəlləsi imkan verir ki, bəli, buyurun gəlin, seçkilərdə iştirak edin. Namizəd əgər xalq qarşısına çıxacaqsa, böyük bir ərazinin vətəndaşlarını təmsil etmək, Milli Məclis deputatı kimi yüksək bir postu tutmaq iddiasındadırsa, eyni zamanda o yüksək məsuliyyət hissinə malik olmalıdır.
Seçki kifayət qədər mürəkkəb prosesdir. Elə namizədlər üçün də. Bunun üçün ilk növbədə maddi resursun olmalıdır. Heç kəs, heç bir nəşriyyat sənə pulsuz plakat, broşur hazırlamayacaq ki… Eyni zamanda, ətrafında kifayət qədər peşəkar bir komanda olmalıdır. Bu komanda sənin həm həm imzatoplama kampaniyanla, həm təbliğatınla məşğul olmalı, seçki günü sənin müşahidəçilərin kimi prosesi məntəqələrdə prosesi müşahidə etməli, komissiyalarda olmalıdır. Ətrafında on adamı olmayan namizədin hansısa uğur qazanacağı sizə inandırıcı gəlirmi? Ətrafında on nəfər yoxdur ki, könüllü şəkildə sənə dəstək versin, heç olmasa şəkillərini, plakatlaırnı yapışdırsın, sənin bukletlərini yaysın, təbliğatınla məşğul olsun. Yaxşı, sən onda 10 min, 20 min, hətta 40 min seçicinin səsini necə qazanacaqsan? Və əsasən bu cür namizədlər KİV-lər tərəfindən təklif olunan qiymətlərin yüksək olduğunu düşünürlər. Amma ümumi seçki reallıqları nəzərə alınaraq dəyərləndirəndə qiymətlərin elə də baha olmadığını düşünürəm. Nəzərə alaq ki, seçki qanunvericiliyi namizədlərə prosesdə xərcləmək məqsədilə seçki fondları yaratmağa imkan verir. əgər namizədin ictimai dəstəyi varsa, seçicilərin ona böyük rəğbəti, təəssübkeşliyi varsa, onların könüllü ianələri hesabına toplanan fonddan bütün bu işləri ən yüksək səviyyədə həyata keçirmək mümkündür.
Anar Turan: Doğrudur, namizədlərin sayı rekord həddə çatıb, amma görürük ki, onların içində ümumiyyətlə heç bir şansı olmayan namizədlər də vardır. Sosial şəbəkələr hazırda geniş imkanlar yaratdığı üçün müxtəlif namizədlərlə, seçki platformaları ilə tanış olmaq imkanı əldə edirik. Hazırda internet resurslar optimal variantlar təklif edir, amma sosial şəbəkələrdə daha optimal variantlar mövcuddur. Namizəd də seçim edir: hansı sərf edirsə, hansı daha çox kütləviliyi ilə seçilirsə auditoriyaya çıxmaq üçün həmin imkanlara müraciət edir.
Fuad Babayev: Azərbaycan Respublikasının Milli Məclisinə VI çağırış seçkilərində xeyli sayda jurnalist namizədliyini irəli sürüb. Parlament tarixində belə bir hadisə olub ki, bu qədər “dördüncü hakimiyyət” üzvü namizəd olsun? Namizədlərin içində kifayət qədər tanınmış insanlar var. Bunu nə ilə izah etmək olar?
Anar Turan: Doğrudur. Həqiqətən bu dəfə əvvəlki seçkilərlə müqayisədə dəfələrlə daha çox media mənsubu, QHT təmsilçisi iştirak edir. Amma onların arasında elələri də var ki, ümumiyyətlə, öz sahəsində belə o qədər də nəzərəçarpacaq uğurlara imza atmayıb və imzaları ilə tanınmayıblar. Yaxşı olardı ki, jurnalistikada özlərini yaxşı realizə edə bilənlər media mənsubları olan namizədlər arasında üstünlük təşkil etsin. Parlament seçkiləri ciddi məsələdir. Seçkini bir sınaq meydanı hesab edib bəlkə də “düşə bildim” prinsipi ilə yanaşaraq proseslərə qatılmağı doğru hesab etmirəm. Hətta namizədlərin arasında elələri də var ki, elə fikirləşirlər ki, öz sahəmdə tanına bilməmişəmsə, heç olmasa plakatlarım vurulsun, sosial şəbəkələrdə təbliğatım aparılsın, nəticədə seçilməsəm belə tanınım. Yəni bu cür yanaşmalar da var.
Fuad Babayev: Öz bölgəmdə tanınım.
Anar Turan: Bəli. Bəziləri də elə düşünür ki, öz bölgəsində qohum-əqrabasının, tanışlarının köməyi ilə çox səs toplaya bilər. Ancaq düşünmür ki, rayonla nə vaxt işlədin, oranın problemlərini nə vaxtsa işıqlandırdın ki, rayon camaatı da səni tanıdı və bundan sonra da sənə səs versin…Yəni, peşə fəaliyyətindən asılı olmayaraq namizədliklərini peşəkar insanların irəli sürməsi daha məqsədəuyğundur. Doğrusu, bu dəfəki seçkilərdə müxtəlif sahələrin mütəxəssisləri olan yeni namizədlər, yeni simaların olduğu da faktdır.
Fuad Babayev: Bəlkə bu seçki bəzi jurnalist üçün piar aksiyadır? Özünü tanıtmaq üçün bu addımı atır.
Aqşin Şahinoğlu: Milli Məclisdə jurnalistlərin sayı nə qədər çox olarsa, bir jurnalist olaraq bu, məni yalnız sevindirir. Parlamentdə nə qədər sahibkar, təhsil işçisi, hüquqşünas varsa, o qədər də, qoy jurnalist, media işçisi olsun. Bu mediamızın yalnız xeyrinə olacaq. İkincisi də, media təmsilçiləri populyarlıq baxımından digər sahələrdə çalışan insanlardan daha öndə olduğu üçün, jurnalistləri iştirakı də ümumi prosesə ictimai marağı artırır, rəng qatır.
Fuad Babayev: Rayonun icra hakimiyyəti, bələdiyyəsi və yaxud dövlət qurumları olduğu halda, rayonun bütün problemlərini niyə millət vəkili həll etməlidir. Məncə hal-hazırda Milli Məclisə seçkilərdə namizəd olan keçmiş deputatlara qarşı əks təbliğat güclüdür.
Aqşin Şahinoğlu: Bunun günahkarlarından biri də bizik. Qəzetdə yazmadığımız, televiziyada səslədnirmədiyimiz məsələləri sosial şəbəkədə gecə-gündüz yazırıq. Deputatın vəzifəsi yol çəkmək deyil. Amma biz, jurnalist olaraq, üstəlik çalışdığımız KİV-də deyil, məhz sərhədsiz dediyimiz sosial şəbəkələrdə deputatı buna görə tənqid edirik. Azərbaycanın kifayət qədər fəal parlamentariləri var ki, beynəlxalq təşkilatlarda, ölkəmizi çox uğurlu şəkildə təmsil edir, AŞPA-da, ATƏT PA-da komitə sədri kimi fəaliyyət göstərir, vitse-prezident seçilir. Yaxud seçicilərinin qaldırdığı məsələlərə çox həssas yanaşan, daim seçiciləri ilə bir yerdə olan deputatlar var. Amma yol çəkmədi deyə bizə görə, həmin deputat yaxşı işləməyib. Cənab Prezident də dedi ki, deputat xalqın içində olmalıdır. Bəli, deputat onu seçən seçiciləri ilə bir yerdə olmalıdır, seçiciyə yüksək münasibət göstərməlidir. Amma yol çəkmədiyinə görə deputata irad bildirmək nə qədər ədalətlidir, onu mən deyə bilmərəm.
Anar Turan: Cənab Prezident islahatlar siyasəti aparır və Parlament seçkiləri də bu islahatların mühüm mərhələsidir. Parlamentin özünü buraxması üçün zəmin yaranmışdı və dövlət başçısı deputatların bu qərarına, ona olunmuş müraciərə hörmətlə yanaşdı və parlamentin buraxılması barədə sərəncam imzaladı. Çünki yenilənməyə ehtiyac yaranmışdı. Əvvəlki deputatların bir qismi qarşıda duran problemlərin həlli istiqamətində adekvar qəbul edilmirdi. Düzdür, beynəlxalq təşkilatlarda təmsil olunan deputatlarımız orada çox fəal olub. Hətta sıralarında həm beynəlxalq müstəvidə, həm də dairəsindəki seçici kontingenti ilə müntəzəm çalışan isimlər də var. Amma söhbət ondan gedir ki, əhali ilə də işləmək mühüm vəzifədir. MİS-lərin, icra orqanlarının həll etməli olduğu əhalinin bəzi primitiv problemləri deputatın məsuliyyəti daxilində deyil. Ancaq deputat əlindəki resurslardan, yaxud şəxsi əlaqələrindən istifadə edərək, məsələləri həll edə bilər. Bu reallıqdır. Deputat düşünürsə ki, mən Parlament Assambleyasında və yaxud digər sferalarda Azərbaycanın maraqlarını təmsil edirəm, bununla da işim burada bitdi – bu doğru yanaşma deyil. Milli Məclisin deputatı həmin dairənin də problemlərini bacardığı qədər həll etməyə çalışmalıdır.
Aqşin Şahinoğlu: Biz qiymətləndirmədə qüsura yol veririk. Fərdə, şəxsə, fəaliyyətə münasibətdə bəzən həddən artıq maksimalistik. Əlbəttə, bu, insanın xarakterindən doğan bir şeydir. Insan həmişə özü üçün hər şeyin ən yaxşısını istəyir. Elə seçicinin deputata münasibətində də bu yanaşmamız bəzən öz qüvvəsində qalır. Millət vəkilinin fəaliyyət sahəsi nədən ibarətdir: 1) seçicilər ilə işləmək; 2) Parlamentdə qanun yaradıcılığında iştirak etmək; 3) beynəlxalq təmsilçilik. Deyirik ki, deputat işləmir. Onu deyəndən soruşanda ki, həmin deputatın beynəlxalq fəaliyyətindən xəbərin var, deyir ki, bunun mənə dəxili yoxdur, mənim problemlərimi niyə həll etmir. Sənin problemini deputat hansı yola həll edə bilər: Milli Məclisdə çıxışlarda, hökumətin hesabatı zamanı, büdcə müzakirələri zamanı və s. Bəs sən bu adamın parlamentdəki çıxışlarına qulaq asmısan? Xeyr. Səni maraqlandıran məsələni orada qaldırıb qaldırmadığını bilirsən? Deyir ki, qaldırsa idi, həll olunardı.
Fuad Babayev: Deməli, məntiqinə görə, həll olunmayıbsa, qaldırmayıb.
Aqşin Şahinoğlu: Əlbəttə, həmkarımın o fikri ilə razıyam ki, adi primitiv məsələlərdə belə öz səlahiyyətlərindən istifadə edib insanları narahat edən məsələlərin həlli üçün heç bir iş görməyən deputatlar da var. Və onların fəaliyyətsiziliyi digər həmkarları üçün də ictimai rəy baxımından ciddi problemlər yaradır. Deputatlar hər il hesabat verirlər. Keçən dəfə deputatlardan birinin hesabatına baxdım. 2019-cu il ərzində ona 144 müraciət edilib. Bu müraciətin təxminən 55-i müsbət həll olunub, yəni 55 nəfərin problemi həllini tapıb. 36 sorğu ilə bağlı izahat verilib. Yəni deputat dövlət qurumuna müraciət edib, bu qurumda məsələ ya zəlzələdən, ya vəlvələdən həll olunmayıb, deputat da seçiciyə niyə həll olunmadığının izahatını verib. Yəni dediyim odur ki, deputat seçicinin müraciətinə həssas yanaşmalıdır, həlli mümkündürsə, həll etməlidir, mümkün deyilsə, niyəsiniz izah etməlidir ki, insanlar narazı qalmasın. Ümid edirəm ki, fevralın 9-dan sonra formalaşacaq yeni parlamentin üzvləri də məhz bu cür fəaliyyət göstərəcək.
Hazırladı: Mehman İbrahimov, 1905.az