Müsahibimiz jurnalist Səfurə Çərkəzqızıdır.
– Səfurə xanım, ötən ilin dekabrında yaddaqalan bir tədbirlə “Sevdalılar” kitabını təqdim etdiniz. Belə kitabları jurnalistin yaradıcılıq hesabatı kimi də dəyərləndirmək olar. “Sevdalılar” Sizin ilk kitabınız deyildi. “Sevdalılar”a qədər və ondan sonra Səfurə xanımın yaradıcılığında hansı fərqlər var?
– Kitabın ön sözündə də yazmışdım, jurnalistika bu günlə bağlı sənətdir. Həyatın qaçhaqaçla, qovhaqovla keçir, bu gün hansısa xəbərin, hadisənin arxasınca qaçırsan, sabah isə yazdığın o xəbər, çəkdiyin o süjet gündəm dəyişdiyinə görə heç kəsə lazım olmur. Bu baxımdan jurnalistika “etibarsız” sənətdir. Mənim canımda isə həmişə bir yaradıcılıq meyli olub. Reportyorluq da etmişəm, sırf xəbərlə də işləmişəm, amma içimdə həmişə yaradıcılıq yanğısı olub, bacardıqca bir yol tapıb, işimə o yaradıcılıqdan sızdırmışam. Son vaxtlar jurnalistikanın bu “etibarsızlığı” məni çox düşündürürdü. Fikirləşirdim ki, bu vaxta kimi yazdıqlarımın hamısını zaman “öldürdümü”? Doğrudanmı, 24 ilimi verdiyim bu sənətdən əlimdə heç nə qalmayacaq? “Sevdalılar” kitabında topladığım müsahibələr, araşdırmalar, reportajlar internetin olmadığı dönəmdə yazılmışdı. Bu yazılar üçün sərf etdiyim enerji, sevgi yalnız saralmış qəzetlərdə qalmışdı. Hər dəfə baxanda təəssüflənirdim ki, daha heç kəs bu yazıları oxumayacaq. Bir daha həmin yazılara baxdım, gördüm ki, onların bəzilərini “öldürməyə” zamanın gücü yetməyib. Məsələn, filosos Heydər Hüseynovun sirrli olümü, Yusif Vəzir Çəmənzəminlinin ağır həyatı ilə bağlı araşdırmalarım, rəsmi insanlarla qeyri-rəsmi söhbətlərim, tanınmışların sevgiyə münasibətləri, tariximizdə iz qoyan, amma indi həyatda olmayan sənətkarlarla müsahibələrim və s. belə yazılardandı. Düşündüm ki, tarixə çevrilən bu xatirələr, fikirlər itib-batmamalıdı, bir kitabda toplanmalıdı.. Ona görə də bu kitabı ərsəyə gətirdim. Amma proses zamanı neçə dəfə niyyətimdən daşınmaq istədim. Dedim, bəlkə, bunlar heç kəsə lazım deyil? Sonra yenidən özümdə güc tapdım, gördüyüm işə inandım. Yazıları qəzet formatından kitab formatna çevirmək çox əziyyətli iş idi, xeyli vaxtımı aldı. Həm də, gündəlik işə gedirdim, kitab yazmaq üçün ayrıca zamanım yoxuydu. İş, ailə… Nəhayət, kitabı ərsəyə gətirdim. İndi düşünürəm ki, nə yaxşı da bu işi elədim.
– “Sevdalılar” müəllifi Səfurə xanımın yaradıcılığında nə dəyişdi? Hər halda, saralmış qəzet səhifələrindəki yazıları kitaba gətirdiniz.
– Bəzən müxbir, reportyor, hətta redaktor işləyən jurnalistlərin bəxti aparıcılardan daha az gətirir. Çünki onlar xalq arasında bir o qədər də populyar olmurlar. Təbii ki, məni də hamı tanımır. Heç vaxt populyarlıq dalınca qaçmamışam, yalnız işimlə məşğul olmuşam. Məni oxuyanlarla, imzamı tanıyanlarla yanaşı, heç vaxt yazdıqlarımı oxumayanlar, süjetlərimə baxmayanlar da olur. Bəzən məni tanımayan o adamlara özümü təqdim etmək lazım gəlir. “Sevdalılar” bu baxımdan işimi yüngülləşdirib. Fəaliyyətimə, jurnalist qabiliyyətimə şübhə ilə yanaşanlara kitabı vərəqləmək, hansısa yazımı oxumaq yetərlidi. Bir də kimlərsə kitabımı oxuyur, facebook-da kimlərdənsə gözəl rəy alıram, üz-üzə gələndə fikirlərini bildirirlər. Kimsə deyir ki, “Qırxpilləkən” deyilən yerdən keçirdim, Cabbar Qaryağdıoğlunun evi haqqında yazdığın yazını xatırladım… Belə sözlər məni xoşbəxt edir, həyat stimulu verir.
– Uğurlu “Sevdalılar” kitabından sonra hansısa mövzuda kitab yazmaq və bu işlə məşğul olmaq haqqında düşündünüzmü?
– Düşünürəm. Amma qarşıma “kitab yazacam” deyə mütləq bir qayda, məqsəd qoymamışam. Düzdür, bu gün jurnalistikada elə bir vəziyyət yaranıb ki, bütün içimi, sevgimi ora qoya bilmirəm, bəzi məhdudiyyətlər var. Meydan mənim üçün bir az daralıb. Mən həm də ədəbiyyatla, yazıçılıqla məşğulam. Düzdür, “mən yazıçıyam” deyib üzərimə bir məsuliyyət qoymaq istəmirəm. Yəni, bu iddiada deyiləm. Yazmaq istəyirəm, yazıram, içimdən gəlməyəndə yazmayacam. Hələ ki, yazmaq məni xoşbəxt eləyir. “And olsun atlara!” adlı ilk kitabım da hekayələr toplusu olub. Analıq məzuniyyətində olanda bir neçə il evdə oturdum. Hiss edirdim, içim dolub, himə bəndəm ki, partlayım. Üstəlik, jurnalistikanın o qaçhaqaçından, qovhaqovundan uzaqdaydım, nəhayət, özümü, içimdən gələn səsi dinləməyə zamanım vardı. Başladım hekayələr yazmağa. Saytlarda yayıldı, insanların müsbət reaksiyalarını gördüm. Həm də, evdə oturanda xanım bir az özgüvənini itirir. Bu hekayələr mənim özgüvənimi qaytardı. Jurnalistika ilə paralel bu işlə də məşğul olmağa başladım. Hekayələrimi toplayıb, ilk kitabımı çıxardım. Reaksiya pis olmadı, oxuyanlardan müsbət rəylər eşitdim. Bu gün də hekayələr yazıram, müxtəlif fikirlərim var.
– Hekayə, povest roman öz yerində, publisisitik, “Sevdalılar”dakı model üzərində kitab yazmaq istəyirsinizmi?
– Əgər hansısa yazılar toplanarsa, ağlım kəssə ki, onları kitab kimi buraxmaq olar, niyə də olmasın. Amma indi hələ ki hekayələr yazıram. Nə vaxtsa onları toplayıb yeni kitab çap etdirməyi düşünürəm.
– Amma bu artıq jurnalistika deyil.
– Jurnalistika deyil, bədii yaradıcılıqdır. Nə yaxşı ki, jurnalistikanın hörmətli vaxtlarında – 90-cı illərdə işləmişəm. Qazandığımız qəpik-qurş olsa da, bu işə sevgimizi qoya bilirdik. Gecənin yarısına kimi qəzetin çıxma prosesində iştirak edirdik. “Sevdalılar”da toplanan materialların çoxu həmin illərin məhsuludur. O vaxt jurnalistikanın çox gözəl dövrü idi. Həm jurnalistin hörməti, həm yazdıqlarının dəyəri, həm də yazılanları oxuyanlar var idi. Bu gün təəssüf ki, jurnalistikada istədiklərimi edə bilmirəm. Sonralar televiziyada işlədim, orda da -informasiya proqramlarında maraqlı, gərəkli süjetlər hazırladım, onlara evgimi verdim. Bu gündən baxanda düşünürəm ki, nə yaxşı bunları edə bilmişəm. Təbii, yenə də etmək istəyirsən, düşüncələrin dəyişir, ortaya fərqli nələrsə qoymağa çalışırsan, amma, hələlik mümkün deyil. Televiziyada maraqlı layihələr etmək istərdim.
– Bəs nədir bunları əngəlləyən?
– Mənə elə gəlir ki, bu gün televiziyalara maarifləndirici proqramlar lazım deyil. Mən müşahidə etdiklərimi, gördüklərimi, qarşılaşdığım situasiyaları deyirəm. Dəfələrlə televiziyalara maarifləndirici, gərəkli, düşündürücü layihələr təqdim etmişəm. Amma onlar heç kəsə lazım olmayıb. Mənə cavab verilib ki, bizə maarifləndirici veriliş yox, şou lazımdır. Əlbəttə, bütün dünyada – Rusiya, Türkiyə, Avropada da bu proseslər gedir, əyləncəyə, şouya daha çox üstünlük verilir. Amma jurnalistikanın missiyası yalnız əyləndirmək deyil, juranalistika həm də xəbər verməli, maarifləndirməlidir. Biz isə o missiyadan yalnız biri ilə məşğuluq. Heç əyləndirməni də doğru-düzgün etmirik. Şounu, əyləncəni də peşəkarlara etibar etmək olar. Baxın, Türkiyədə yayımlanan “O səs Türkiyə” proqramını götürək. O da şoudur, əyləncədir, amma nə qədər sanballıdır! Dəvət olunan münsiflər, işin qurulması, dekorasiya yüksək səviyyədədir. Çünki iş peşəkarlara tapşırılıb. Bilirəm ki, televiziyada şouya geniş meydan verilməsini doğuran səbəblər var. Media öz-özünə yol açmağa məcburdur. Qəribə bir vəziyyət yaranıb: hansı layihəni təqdim edirsən, “sponsor tap, gəl, elə”, deyirlər. Belə çıxır ki, mən jurnalist fəaliyyətimi kənara qoyub, qapı-qapı gəzib pul axtarmalıyam. Bu, mənim işim deyil, bacarığımdan kənardadır. Heç vaxt belə şeylərlə məşğul olmamışam, məşğul olmaq fikrim də yoxdur. Məncə, hər kəs öz işini görməlidir.
– Sizcə, bu maarifləndirici verilişlər televiziyaya, yoxsa tamaşaçılara lazım deyil?
– Bizə müəllimlərimiz jurnalistikanı tədris edəndə deyirdilər ki, jurnalist auditoriyanın arxasınca getməməlidir, auditoriyanı öz arxasınca aparmalıdır. Bu gün özümüz necəyiksə, televiziyamız da elədir. Televiziyaya əbəs yerə cəmiyyətin güzgüsü demirlər. Biz nə vermişiksə tamaşaçı onu görüb, tamaşaçı nə istəyirsə, biz onu göstəririk. Amma biz tamaşaçını öz arxamızca apara, onun zövqünü dəyişə bilərik. Artıq mətbəxdə, məişətdə gedən söhbətlər efir mövzusuna çevrilib. İndi televiziya tamaşaçısından da aşağı səviyyədədir.
– Televiziya düşünən auditoriyanı yenidən ekran başına qaytarmağa qadirdirmi?
– Əlbəttə, dəyişdirilə bilməyəcək bir şey yoxdur. Jurnalistika öz missiyası ilə məşğul olmalıdır, bu gün vəziyyət fərqlidir. Jurnalistikanın əsas problemlərindən biri də peşəkar kadr problemidir. Peşəkarlar artıq yavaş-yavaş bu sənəti tərk edir. Uzun yaradıcılıq yolu keçmiş, jurnalistikada bişmiş insanlar ya həyatdan köçür, ya da bu sənəti tərk edirlər. Yeni kadrlar yetişməlidir. Düzdür, bütövlükdə “yaxşı jurnalist yoxdur”, deyə bilmərik, ayrı-ayrı parlaq imzalar, öz yaradıcı yanaşması olan gözəl qələm sahibləri var, amma ümumilikdə, Azərbaycan jurnalistikası haqqında nikbin danışmaq olmaz. Çünki bu işlə həddindən artıq qeyri-peşəkarlar məşğuldur. Şou-biznesdə oxumağı bacarmadan səhnəyə çıxan müğənni nə qədərdisə, jurnalistikada da yazdığı faktı dəqiqləşdirmədən qəzetə, sayta, televiziyaya ötürən “jurnalist” də bir o qədərdir. Bunlar hamısı ucuz işçi qüvvəsidir. Bir peşəkarın yerinə, çox ucuz qiymətə iki-üç nəfər işlədir, ora-bura qovurlar. Həm savadları aşağı səviyyədədir, həm də jurnalistikada bişməyiblər. Şəxsən mənim özüm də düşünürəm ki, başqa bir iş bacarsaydım, jurnalistikadan gedərdim. Çünki insan işlədiyi yerdən ya evinə yaxşı məvacib aparmalıdır, yəni çəkdiyi zəhmət müqabilində ona yaxşı əmək haqqı ödənilməlidir, ya da içindəki o yaradıcılığı qoya biləcəyi, ideyalarını gerçəkləşdirəcəyi bir meydan olmalıdır. Bunlar yoxdursa, o meydanda qalmaq da mənasızdır. Hələ ki, yaxşı iş axtarışındayam.
– Bu iş yəqin ki, hansısa formada media ilə səsləşməlidir.
– Bəli. Bir ara fikirləşdim ki, jurnalistika kursu açım. Onsuz da harada işləmişəmsə, ətrafıma gənclər, yeni gələnlər toplaşıb. Mən də bildiklərimi onlara öyrətdikcə, paylaşdıqca daha böyük zövq almışam. Fikirləşdim ki, bəlkə öyrəndiklərimi, bildiklərimi pula çevirim. Həm zövq aldığım işlə məşğul olum, həm də qazanım. Amma sonra düşündüm ki, cəmiyyətdə peşəkarlara ehtiyac yoxdursa, öyrədəcəyin peşəkar qanunlar işləmirsə, hər yetəni 200-300 manata işə götürüb işlədirlərsə, onda bu kurslara kim gələcək? Mənim öyrədəcəyimə axı bazarda ehtiyac yoxdur, ona görə də fikrimdən vaz keçdim. Bilənlə bilməyənə fərq qoyulmursa, bilən bilməyənin yanında daha çox sıxılırsa, onda bilməyin nə önəmi var?
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az