Selcan Qurbanova orta təhsilini Respublika İncəsənət Gimnaziyasının təsviri və tətbiqi sənət şöbəsində alıb. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında qrafik dizayn ixtisası üzrə təhsil alır. Rəssamlığı, fotoqrafiyanı çox sevir.
– Ötən il məktəblərin birində 20 Yanvarla bağlı tədbirdə çəkdiyiniz fotolar sosial şəbəkələrdə çox məşhurlaşdı. Reaksiyaların əksəriyyətinin müsbət olduğu bir yana, insanlar fotolardakı emosiyaların real təsvirini bəyəndiyini qeyd edirdi. Elə həmin tədbirdən danışaq.
-Mənim reportaj fotoqrafiyasına, sənədli fotoqrafiyaya həvəsim çoxdur. Amma həmişə düşünmüşəm ki, mən heç vaxt baş vermiş faciələri lentə ala bilmərəm, arxivimdə belə səpkili fotolar ola bilməz. Çünki bu mövzuya başqa cür yanaşırdım həmişə. Nədənsə həmişə fikirləşmişəm ki, yaşım 20 Yanvar və Xocalı hadisələrini görməyə, həmin faciələri yaşamağa imkan verməyib.Bilirsiniz, adətən müharibəni canlı görən və ya həmin dövrdə yaşayan adam onu daha real dərk edir. Amma sən demə, bir şeyi hiss etmək üçün heç də mütləq o hadisəni yaşamaq vacib deyilmiş.
Haqqında danışdığınız həmin o tədbiri mən bir sifariş kimi qəbul etmişdim. Bir tanışım məktəbdə övladının 20 Yanvar tədbirini çəkməyimi xahiş etmişdi. Mən həmin tədbirə gedəndə onu sadəcə bir sifariş kimi qəbul edib getmişdim. Məktəbdə 20 Yanvarla bağlı tədbir başlayan ilk saniyələrdən mən dejavu yaşadım. Tədbirdə şer danışan məktəblilər mənim aşağı siniflərdəki iştirak etdiyim tədbirləri xatırladırdı. Bir şeyi görməklə eşitmək arasında fərq böyükdür, bilirsiniz. Mən başa düşürdüm ki, bu uşaqlar görmədikləri bir şeyi insanlara çatdırmaq istəyirlər. Eynilə mənim kimi.
Məsələn, bu foto mənim üçün çox dəyərlidir. Fotoya baxanda məktəb illəri gözümün qabağında canlanır. Tədbirdə də fotoları çəkdikcə başa düşürdüm ki, eyni ənənə hələ də davam edir. Faciəni görməyən uşaqlar ondan danışır.
Baxın, bu foto da mənim üçün sevdiyim fotolardandı. Burada mən 90-cı illərin uşaqlarının görkəmini yaratmaq istəmiş, hər şeyi real baxan adama çatdırmaq istəmişəm. Ümid edirəm ki, buna nail olmuşam.
Bu foto da isə 20 yanvarla bağlı plakatın fonunda faciədən uzaq, faciənin mahiyyətini dərk etməyən uşaqları lentə almışam.
-Yaxşı bəs, nə təklif edirsiniz? Nəyi dəyişmək lazımdır ki, Xocalı, 20 Yanvarı görməyən, həmin faciələri yaşamayan uşaqlar da faciənin mahiyyətini dərk edə bilsinlər. Olduğu kimi.
– Məncə, çatdırma formasını dəyişməliyik. Mən bir fotoqraf kimi çox istərdim ki, bu istiqamətdə fotoqraflarımız aktiv olsunlar. Məsələn, hər hansı video çarxlar, flash mob-lar hazırlamaq olar. Fotoreportajların sayını artırmaq olar. Çünki illərlə dəyişməyən silsilə tədbirlər videoçarxlar, flashmoblar qədər effektli olmur. Həm də video çarxlar, fotoları sosial şəbəkələrdə paylaşmaqla da biz, dünyaya öz faciəmizi çatdırmış olarıq.
-Yadımdadır, sosial şəbəkələrdə, hətta bir neçə xəbər saytlarında sizin Xocalı soyqırımı ilə bağlı hazırladığınız fotoreportaj da marağa səbəb olmuşdu. Oradakı yaşlı qadının, onun hiss həyəcanının olduğu kimi təsviri və s. Bir az həmin reportajdan danışaq.
– Xocalı soyqırımı ilə bağlı hazırladığım reportaj da tam təsadüfən alındı. Bir jurnalist rəfiqəm Novxanıda yerləşən pansionatdan reportaj etmək istədiyini və mənim də orada fotoqraf kimi iştirak etməyimi xahiş etmişdi. Mənim üçün də tamam başqa mühitə düşmək, oradan reportaj etmək çox maraqlı olduğu üçün məmnuniyyətlə razılaşmışdım. Həmin pansionatda Xocalı qaçqınları da yaşayır. Elə məqsəd də bir xocalılı sakindən müsahibə almaq, reportaj hazırlamaq idi. Düzü, mən reportaj zamanı çox təsirlənmişdim. Müsahibə aldğımız xanım bir vaxtlar öz evindən, gözəl yaşayış tərzindən danışdıqca gözləri dolurdu. O danışdıqca da mən müharibənin gətirdiyi acı nəticələri hiss etməyə başlayırdım.
Gördüyünüz fotolar keçən il çəkilib. Amma bu yaxınlarda mən həmin qadının da dünyasını dəyişdiyini eşidndə çox pis olmuşdum. Çünki onun arzusu ürəyində qalmışdı. Xanım müharibədə iki hərbçi oğlunu itirmişdi. Onun sözlərinə görə hərbiçi oğlanları müharibədə neçə-neçə insan xilas edib, sonda özləri də həlak olmuşdular. Xanım elə hey oğlanlarına qəhrəman adı verilməsini gözlədiyini deyirdi. Reportaj boyu diqqətimi onun saçları çəkmişdi. Baxın, bu fotoda xanımın saçları necə uzundu. O danışırdı ki, oğlanları rəhmətə gedəndən bu günə kimi saçlarını kəsdirməyib.
– Selcan, sizin fotolarınızda adətən emosiya olur, hiss olur. Sizcə, üz cizgilərini lentə almaq məkanı, görüntünü çəkməkdən daha effektlidirmi?
– Mənim üçün emosiya önəmlidir. Fərqi yoxdur, fotonun texniki qüsurları var ya yoxdur. Əsas üz cizgiləridir. Təbii ki, fotoda düz rakurs, düz məkan seçilməsi çox vacibdir. Amma çox fotolar olur ki, texniki cəhətdən hər şey düzdür, amma hiss yoxdur. İnsanlara məkandan, təbiət təsvirindən çox hisslər, xarakter lazımdır.
– Sizcə, Azərbaycan fotografları müharibə mövzusuna yer ayırırlar? Ümumiyyətlə varmı bizdə bu mövzunu işləyən fotoqraflar?
– Var, əlbəttə, var. Sadəcə çox azdır. Bilirsiniz, fotoqrafın həyat tərzi, dünya görüşü mütləq fotolarına sızır. Bu birmənalı olaraq belədir. Təəssüf ki, fotoqrafların əksəriyyəti üçün fotoqraflıq gözəl qız şəkli çəkib, facebookda paylaşmaqla yekunlaşır. Ancaq fotoqraflıq bir sənətdir. Məncə, peşəkar fotoqrafın hər fotosunda oxucuya çatdırılan bir şeylər olmalıdır. Fotoqraf xarakteri çatdıra bilməlidir. Sırf bu mövzuda işlərini bəyəndiyim çoxlu fotoqraflar var. Məsələn, Sənan Ələsgərov, Zaur Mirzəyev, Təhmin Əli, İlkin Hüseynov işlərini bəyəndiyim fotoqraflardı. Onların fotolarına həvəslə, baxır, nələrsə öyrənməyə çalşıram.
Aynur Hüseynova
1905.az