Birinci söhbət
Əməkdar artist Rasim Cəfərov və aktrisa Asya Atakişiyeva ilə seriallarımızdan danışdıq.
Fuad Babayev: Qardaş Türkiyədə yaranan və o cümlədən bizim tarixin bəzi məqamlarının təhrif olunduğu “Möhtəşəm yüzil” kimi layihənin Azərbaycanda gerçəkləşməsinə nə mane olur?
Asya Atakişiyeva: Mən bu yaxnlarda başlamışam “Möhtəşəm yüzil”ə baxmağa. Ara-sıra fraqmentlərə baxmışdım. İndi tam şəkildə baxmağa davam edirəm. Elə mən də o barədə fikirləşdim ki, bizdə görəsən belə bir serial çəkilər? Çox istərdim. Tarixi əsərdə oynamaq özü bir uğurdur. Amma, hələ ki, real görünmür.
Rasim Cəfərov: Bu sahədə bir müddətdir ki, çalışırıq. Kobud desək, hər şeyin başında maliyyə dayanır. Tarixi dövrü (saray, geyimlər və s.) əks etdirən film çəkmək üçün külli miqdarda maliyyə tələb olunur. O maliyyə də hazırda bizim seriallarda yoxdur. Bizdə indi daha çox az büdcə ilə müasir dövrü əhatə edən seriallar çəkirlər. Türkiyə ilə müqayisədə bizim seriallara ayrılan büdcə çox gülməlidir. Bizim bir ilə, bir seriala xərclədiyimiz büdcəni Türkiyədə bəlkə də bir aya xərcləyirlər. Bu yaxınlarda mən oxuyurdum ki, Beren Saat 4 həftəyə 480 min lirə alır, bizim pulla 220 min manat edir. Bizim heç bir illik büdcəmiz 240 min deyil. Mən də bir aktyor, bir vətəndaş kimi çox istərdim ki, bizim tarixi canlandıran bir serial olsun.
Təmkin Məmmədli: Yəni yeganə problem maddi sıxıntıdır.
Rasim Cəfərov: Maddi imkan olsa, tarixi dövrü araşdıracaq tədqiqatçıları, yaxşı ssenaristləri, rəssamları və s. mütəxəssisləri cəlb etməklə ortaya səviyyəli iş cıxarmaq olar.
Fuad Babayev: Bəlkə bizim “Möhtəşəm yüzil”ə bənzər serialları çəkə bilməməyimizin kökündə obyektiv səbəblər durur. Yəni bizim bazarımız kiçikdir, tamaşaçılarımızın sayı azdır. Subyektiv səbəblər də varmı?
Rasim Cəfərov: Təbii ki, obyektiv səbəblər mövcuddur. Çünki, Türkiyə əhali və ərazi baxımından Azərbaycandan dəfələrlə böyükdür. Türkiyədə istehsalçılar seriala xərclədiyi vəsaiti artıqlaması ilə çıxarırlar. Bizdə o bazar yoxdur. Bizim şirkətlərin sponsorluq qabiliyyəti çox aşağıdır. Bizdə Baş sponsor səhv etmirəmsə, 10-15 min manat pul verir və tələblər də çox çətin olur. Çəkildiyim seriala sponsorluq edən şirkət bir dəfə məni möhkəm əsəbiləşdirmişdi. Axırda dözməyib dedim ki, bəlkə firmanızın maykasını verəsiniz qəhrəman onu bütün günü əynində gəzdirsin. Amma, Türkiyədə 1 saat yarımlıq serialda minimum 30-40 dəqiqəlik reklam bloku olur. Bu külli miqdarda gəlirdir. Bundan əlavə Türkiyədə serial istehsalçıları öz məhsullarını təkcə ölkə daxilində deyil, xaricə ölkələrə satacağına əmindirlər və öz fəaliyyətlərini bu istiqamətdə qururlar. Bizdə isə belə deyil. Bunun da kökündə maliyyə dayanır. Çünki, əlimdə maliyyə olsa, mən təbii ki, peşəkarlardan ibarət yaxşı komanda yığacam. Hazırda bizdə serial üçün 1 rəssam və 3 assisenti lazımdırsa, 1 rəssam, uzağı 1 assistentlə, 2 operator, 4 işıqçı lazımdırsa, maliyyə olmadığı üçün 1 operator və 1 köməkçi ilə kifayətlənməli olursan. Bu da təbii ki, işin keyfiyyətinə xələl gətirir. Bizdə hazırda daha çox gündəlik seriallar çəkilir. Bunun da səbəbi maliyyədir?
Fuad Babayev: Gündəlik seriallar nə deməkdir?
Rasim Cəfərov: Bir var həftəlik, yəni həftədə bir dəfə efirə gedən seriallar. Bir də var hər gün efirə gedən seriallar. Hər gün efirə gedən seriallara maliyyə az gedir.
Fuad Babayev: Yeri gəlmişkən Sizin Türkiyə serial mühitinə aktyor kimi transfer olunmağınız realdırmı? Bunun örnəyi varmı?
Asya Atakişiyeva: Bir-iki belə təklif gəlmişdi. Amma, tam, dəqiq təkliflər deyildi. 100 fazilik iş olmadığı üçün razılaşmamışdım. Amma, mən fikirləşirəm ki, Türkiyədə mənim kimi aktrisalar çoxdur. Azərbaycanda qalsaq, daha yaxşıdır.
Rasim Cəfərov: Mənə dəfələrlə bu sualı veriblər ki, nə əcəb Türkiyəyə getmirsən? Türkiyənin 80 milyonluq əhalisi var. Ən azından bizim efirdə gördüyümüz 10 kanalın hərəsində də minimum 3 serial gedir. Və eyni aktyoru müxtəlif seriallarda görmək mümkün deyil.
Fuad Babayev: Doğrudur. Bir aktyorun eyni zamanda yalnız bir serialda rol alması həm də müqavilədə öz əksini tapır.
Rasim Cəfərov: Beləliklə, 10 kanalda təxminən 30 serial və bu serialların hərəsində də 10-15 aktyor olacağı təqdirdə gör orada nə qədər aktyor olur.
Fuad Babayev: Aydındır ki, orada aktyor qıtlığı yoxdur.
Rasim Cəfərov: Hə, aktyor qıtlığı yoxdur. Sən görək ya fövqəladə bir istedada malik olasan ki, o bazara girə biləsən, ya da elə bir adam lazımdır ki, sənə inansın, səni çəkib göstərsin ki, Azərbaycanda belə bir aktyor var. Ona da kimisə inandırmaq hələ ki, real görünmür.
Fuad Babayev: Azərbaycan serialının çatışmayan cəhətləri çox ola bilər. Amma, Sizin fikrinizcə, onun əsas çatışmamazlığı, necə deyərlər Axilles dabanı nədir? Ssenarilər, auditoriyanın tələbkarlığının az olması, texniki imkanlar, yoxsa aktyor oyunu?
Rasim Cəfərov: Maliyyəni dedim. Bu çox vacib amildir. Mən hərdən “Fi Ci Pi” türk serialına baxıram, orada Ozan Güvenin oyununu bəyənirəm. Türk serialları qəhrəmanın geyimi, yaşadığı ev, sürdüyü maşın ilə obrazın mahiyyətini tamaşaçıya çatdıra bilir. Amma, biz onu göstərə bilmirik. Bu da maliyyəyə və prodüserliyə bağlıdır. Misal üçün ssenaristə deyirlər ki, sseneriyə yaz, amma, çox varlı məkan olmasın, çünki sponsor yoxdur, elə yer tapa bilməyəcəyik. Sən yazmaq istəyirsən ki, bu adam varlıdır, “Galenwagen”lə gəlir, serialın büdcəsi kifayət etmədiyi üçün axırda “Hyundai Sonata” sürür. Başqa bir misal. Serial üçün bahalı villanı kirayə götürürlər, bir müddət film çəkiləndən sonra ev yiyəsi çəkiliş qrupunu çıxarır ki, mənə lazım deyil, çıxın buradan. Ssenaristlər fikirləşir ki, neynəyək qəhrəman məcbur olub evi yandırır. Yəni seriallarda belə ekspromtlar olur.
Asya Atakişiyeva: Yəni varlılar da axırda kasıblaşırlar.
Fuad Babayev: Buna bənzər məsələlər mənə elə gəlir ki, türk seriallarında da var. Məşhur “Eşkıya Dünyaya Hükümdar Olmaz” serialında Xızırın (red – Oqtay Kaynarcanın qəhrəmanı) qızı universitetə daxil olduğu üçün Amerikaya gedir, serialda isə bu boşluğu doldurmaq üçün onu öldürürlər.
Rasim Cəfərov: Aktyorlarda bu normaldır. Misal üçün “Məryəm” serialının qəhrəmanı ayağından əməliyyat olunduğu üçün 2-3 ay seriala çəkilə bilməyəcəkdi. Bu da gündəlik serial olduğu üçün ssenarist qəhrəmanı öldürmək məcburiyyətində qaldı. Aktyorlarla bağlı elə də böyük problemlər olmur. Ən böyük problem prodüserlik, maliyyə və təşkilati işlərdə meydana çıxır. Hər hansı avtomobil firmasına yaxınlaşırıq ki, serial çəkirik bizə maşın lazımdır, Siz də sponsor kimi orada iştirak edə bilərsiniz. Cavabları belə olur ki, bizə sponsorluq lazım deyil, sag olun. Yəni həmin şirkətlər serialda sponsor kimi adlarının hallanmasında maraqlı deyil.
Asya Atakişiyeva: Sponsorlar daha çox şou-proqramlara maraq göstərir. Bu həm də ucuz başa gəlir.
Fuad Babayev: Həm də effekti daha çoxdur.
Rasim Cəfərov: Biz də hələ ki, serial bazarı relsə düşməyib.
Fuad Babayev: Elə seriallar olur ki, pilot seriaları çəkirlər, özünü doğrultmayanda onun çəkilişləri dayandırılır. Bizdə də bazar seriallara təsir göstərirmi? Belə bir təcrübə varmı ki, hansısa serial baxıldığı üçün uzanır, hansına ki, maraq yoxdur dayandırılır.
Asya Atakişiyeva: “Həyat sən nə qəribəsən” serialı əslində o qədər nəzərdə tutulmamışdı. Amma, 3 il getdi.
Rasim Cəfərov: “Bir ailəm var” serialı da 3 il getdi. Yəni elə hallar olur. Hiss edəndə ki, tamaşaçı baxır, serialın da ömrünü uzadırlar.
Fuad Babayev: Kontrproqramlaşdırma (red. – proqram cədvəlinin tərtibatında rəqib telekanaların auditoriyasını “əldə etmək” metodu) deyilən məfhum barədə. Bizim serialların nümayişində də bu metoddan istifadə edirlər? Yəni Sizin serialın hər hansı telekanalda nümayiş olunduğu gündə və saatda başqa bir telekanalda da serial gedirmi?
Asya Atakişiyeva: O da olur. Amma, bununla belə çalışırlar ki, fərqli saatlarda getsin ki, hər ikisinə baxılsın.
Rasim Cəfərov: Əvvəllər belə halların olub-olmaması yadıma gəlmir. Bu il hamısı ardıcıldır. Bir serial qurtarır, sonra o birisi başlayır. Elə qurublar ki, bir-birinə mane olmasım.
Fuad Babayev: Bu normal hal deyil axı?
Rasim Cəfərov: Çünki rəqabət mühiti yoxdur.
Asya Atakişiyeva: Cümə günləri “Vicdan haqqı” serialı “Ata ocağına” mane olur. Həmin gün reytinq dəyişir.
Fuad Babayev: Reytinqin seriallara hansı təsiri var?
Rasim Cəfərov: Müəyyən mənada təsir göstərir, çünki, sponsor reytinqə baxıb gəlir.
Fuad Babayev: Sponsor gəlmirsə, serial öləziməyə başlayır və məhv olur.
Rasim Cəfərov: Əgər serial reytinq vermirsə, sponsor cəlb edə bilmirsən.
Fuad Babayev: Genişekranlı filmlərdə mənzərələr, görüntü bəzən sözləri əvəz edir. Serialda isə bu yoxdur. Heç olmamalıdır da. Serialın bel sütunu dialoqlardır. Dialoqlarda isə bir çox hallarda köməksizlik, qeyri-təbiilik hiss olunur. Seriallarda bizim aktyorlar ssenariyə müdaxilə etmək imkanlarından istifadə edirlərmi?
Asya Atakişiyeva: Bəzi yerlərdə mövzuya xələl gətirmədən dialoqları öz sözlərinlə deməyə, düzəliş etməyə icazə verilir. Bəzi yerlərdə isə deyirlər ki, ssenari necədirsə, elə də deyilməlidir.
Rasim Cəfərov: Təbii ki, fikri dəyişməmək şərtilə ssenariyə müdaxilə etmək ixtiyarımız var. Sadəcə gündəlik serialda problem odur ki, ssenari tam deyil, ilk 5 seriya üçün gəlir. Ona görə əksər vaxtlarda deyirlər ki, ssenariyə dəyişiklik etməyin, çünki, biz bilmirik ki, növbəti 5 seriyada bizə nə yazılıb gətiriləcək. Bəlkə də burada dəyişdirdiyimiz mövzu sonrakı hadisələrə təsir edə bilər. Ona görə də fikrə toxunmadan ifadə tərzində dəyişiklik olur.
Asya Atakişiyeva: Hətta, ssenaridə bizim həyatda işlətdiyimiz sözlərdən də istifadə olunur.
Rasim Cəfərov: Bəzən ssenaridə obrazın mahiyyətinə uyğun olmayan kitab cümlələri yazırlar. Misal üçün mən “Ata ocağı”nda pinəçini oynayıram. Ssenaridə isə ruhun sublimasiyasından söhbət gedir. Belə hallarda biz bu mətndə qarşılıqlı razılaşma ilə dəyişikliklər edirik.
Asya Atakişiyeva: Yaxud da əksinə, təbii olmaq üçün ssenaridə bayağı sözlər yazırlar.
Fuad Babayev: Sizin sahədə rəqib serialın ssenari müəllifini, işıqçını və s. cəlb etmək və ya plagiat mövzudan istifadə etmək hallarına rast gəlinirmi?
Asya Atakişiyeva: Var. Bəzi ssenaristləri dindirsən, deyəcək ki, 36 ideya var. Amma, başqa bir serialdan eyni səhnəni tamamilə götürüb öz ssenarilərinə daxil edirlər.
Fuad Babayev: Söhbət Azərbaycan seriallarından gedir?
Asya Atakişiyeva: İstər Azərbaycan, istərsə də xarici seriallarından bir az dəyişik formada məzmun plagiatı var.
Rasim Cəfərov: Daha çox xarici seriallardan oğurlayırlar.
Fuad Babayev: Söhbətimizin yekununda ümumiyyətlə, bu sahənin əsas tendensiyalarına diqqət yetirək. Bu sahə inkişaf edirmi? Yaxşılaşma, peşəkarlaşma, daha üstün kateqoriyalara keçid serial işində görünürmü?
Rasim Cəfərov: Mən deyərdim görünür. Hər mənada həm texniki qrup baxımından, həm yaradıcı heyət baxımından. Əvvəl seriallar üçün ssenari yazanlar az idi. İndi artıq görün nə qədər serial çəkilir və hərəsinin də ssenaristləri var. Yəni artıq ssenaristlər yetişir. Bundan başqa konkret serial rejissorları yaranıb.
Asya Atakişiyeva: Artıq peşəkar serial aktyorları var.
Rasim Cəfərov: Yəni inkişaf var. Seriala biz təzə başlamışıq. Uzağı 10 il olar. Tədricən texniki qrup formalaşır.
Fuad Babayev: Serial “sənaye”mizdəki irəliləyiş, peşəkarlaşma bu sahədə çalışan mütəxəssislərin (işıqçı, operator və s. – red.) xaricə getməsinə rəvac verə bilərmi?
Rasim Cəfərov: Məncə yox. Belə bir lətifə var. Yəqin ki, eşitmisiniz: “Biri evində oğru tutur. Ayaqlarını bağlayır gedir. Gedib deyir ki, oğru tutmuşam, ayaqlarını bağlamışam. Soruşurlar ki, bəs əllərini bağlamamısan? Qaçar axı. Deyir ki, bizim kəndəndir, qaçmaz”. Yəni mənim ağlıma gəlməyibsə, oğrunun da ağlına gəlməz. İndi Sizin sualınlzın cavabı kimi necə ki, mən Türkiyəyə getməyi fikirləşmirəm. Texniki qrup da bizim kənddən olduğu üçün xaric barədə düşünmür.
Asya Atakişiyeva: Mən Moskvada teatr məktəbində oxuyanda müxtəlif ölkələrdən gələn aktyorların əksəriyyəti orada qalmaq fikrində idi. Orada aktyor kimi özünü təsdiq etmək çətin məsələdir.
Rasim Cəfərov: Yəni xaricdə doğulub böyüyən insanlar üçün adaptasiya bir qədər asandır. Türkiyədə Nəsrin Cavadzadə, əslən Gəncədən olan Tamer Karadağlı kimi aktyorlar buna misal ola bilər. Amma, kənardan gələnlər bir növ yad kimi qəbul edilir.
Təmkin Məmmədli: Amma, seriallarla bağlı belə bir fikir var ki, burada iş prosesində peşəkar keyfiyyətlər itir. Yəni seriallara sırf teatr və kino aktyorları ikinci dərəcəli iş kimi baxırlar. Bu fikrə münasibətinizi bilmək istərdik.
Rasim Cəfərov: Seriala çəkilmək üçün aktyor peşəkar olmalıdır. Çünki, o hər gün 15-20 səhnəyə çəkilməlidir. Onun oturub obrazın daxili aləmini fikirləşməyə imkanı yoxdur. Serialda oynamağın həm yaxşı, həm də pis tərəfi var. Yaxşı tərəfi odur ki, aktyor tədricən peşəkarlaşır, onda kamera ilə, tərəf müqabili ilə, materialla tez işləmək vərdişləri formalaşır. Amma, pis tərəfi də odur ki, bu vərdişlər aktyoru “xaltura”ya sövq edə bilər. Almaniyada yaşayan Elmar İmanov adlı azərbaycanlı rejissor var. Mən onun 2 filmində oynamışam. Mən bu dəfə Elmarın filmində çəkiləndə kobud desəm, özüm hiss etdim ki, serial müəyyən mənada məni korlayır. Çünki o qədər cəld işləməyə öyrəşirsən ki, bunu şüurlu surətdə idarə etməyə məcbursan.
Fuad Babayev: Bizdə də mətni suflyor deyir?
Rasim Cəfərov: Yox. Olur ki, assistent əlində mətn gözləyir ki, nəsə problem olsa, yardım etsin.
Fuad Babayev: Amma, türk seriallarında kənardan deyirlər səhv etmirəmsə.
Rasim Cəfərov: Türk seriallarında olur.
Asya Atakişiyeva: Seriala çox çəkiləndə rola öyrəşirsən və peşəkar vərdişlər əmələ gəlir.
Fuad Babayev: Siz bu sahəyə gəlmək istəyən aktyor və aktrisalara nəyi tövsiyə edərdiniz? Qonarar və maddi gəlir baxımından dəyərmi buna?
Rasim Cəfərov: Əlbəttə dəyər. Perspektiv var. Mən ümumiyyətlə, həmişə optimistəm. 4-5 ildir ki, bu işin içindəyəm. Əvvəlki ilə indikinin fərqini hiss edirəm.
Asya Atakişiyeva: Amma, yenə çətindir. Bu yerə gəlib çatmaq üçün çox işləmək, əziyyət çəkmək lazımdır. Ən azı institutu bitirib teatrda işləmək lazımdır ki, işinin öhdəsindən professional şəkildə gələ biləsən.
Rasim Cəfərov: Təhsil aktyorun özünə lazımdır. Aktyor sənəti üşün istedad vacibdir, Amma, uğurun 10 faiz istedaddırsa, 90 faizi də zəhmətin payına düşür.
Hazırladı: Təmkin Məmmədli, 1905.az