Ermənistanda baş nazir seçkiləri ərəfəsində böyük toqquşmaların baş verəcəyi proqnozlaşdırılır
Sosial-iqtisadi müstəvidə Ermənistanda dərinləşən problemlər bu ölkədə siyasi səhnədə də hadisələrin gedişinə əsaslı surətdə təsir göstərməkdə, Serj Sarkisyan iqtidarına qarşı çıxanların sırasını sürətlə genişləndirməkdədir. Baş verənlər fonunda erməni mediası yazır ki, mövcud hakimiyyətin iqtidardan əl çəkmək niyyətində olmaması vətəndaş qarşıdurması ehtimalını da əhəmiyyətli dərəcədə yüksəldir.
“Armeniareport” saytı qeyd edir ki, Ermənistan hökuməti vətəndaşları sosial-iqtisadi problemlərin həll olunacağına inandırmağa çalışır: “Ancaq verilən vədlər yalandır. Sosial-iqtisadi problemlərin yaxın gələcəkdə aradan qaldırılmasına dair vədlər ümidverici deyil. Çünki ölkədə qanunlara uyğun tədbirlər görülmür. İnsanlar problemlərin həllini yalnız ölkəni tərk etməkdə görürlər. Ermənistan iqtisadiyyatının yaxşılaşması reallaşmayan arzudur. Hökumətin maaşların və pensiyaların artırılması ilə bağlı verdiyi vəd yalandır. Ölkəni idarə edənlər əhalinin gəlirlərini artırmaq istəmirlər. Ermənistan hökuməti erməni xalqını səfalətə məhkum edir. Ölkədə iqtisadiyyatın inkişafı real deyil. Bu da hakimiyyətdən narazılığı artırır, amma iqtidar bu narazılığı repressiya, güc yolu ilə yatırmağa çalışır və nəticədə vətəndaş qarşıdurması ehtimalı yüksəlir”.
O da qeyd olunur ki, Serj Sarkisyanın hakimiyyətdə olduğu müddətdə ölkəni bərbad duruma salmasını hətta rəsmi rəqəmlərdən belə görmək mümkündür. Bildirilir ki, Sarkisyanın hakimiyyəti dövründə Ermənistan iqtisadiyyatında qeydə alınmış nəticələr, ortaya çıxan mənzərə olduqca acınacaqlı təsir bağışlayır. Demoqrafik sahədə vəziyyət fəlakət həddindədir. Rəsmi qurumların açıqladığı statistikaya əsasən, 2008-ci ildə Ermənistanda daimi əhalinin sayı 3 milyon 230.1 min nəfər olub. 2018-ci ilin 1 yanvar tarixinə olan məlumata görə, bu rəqəm 2 milyon 972.9 min nəfər təşkil edib.
Yalnız rəsmi rəqəmlərə istinad etsək, 10 illik Sarkisyan hakimiyyəti dövründə Ermənistan əhalisi 257.2 min nəfər azalıb. Reallıqda isə bu artım daha çoxdur və Ermənistanda faktiki olaraq 2 milyondan da az adam yaşayır. Bundan başqa, qeyd olunur ki, 2008-ci ildə Ermənistan üzrə nominal ümumi daxili məhsul 11,7 milyard dollar təşkil edirdisə, hazırda bu, yalnız 11,6 milyard dollardır. 2008-ci ildə Ermənistan Respublikasının dövlət borcu 1 milyard 730.7 mln dollar olub, hazırda bu rəqəm 7 milyard dollara çatır. Əhalinin yoxsulluq göstəricisi, 2008-ci ilin rəsmi məlumatlarına görə, 27,6 faiz təşkil edirdisə, hazırda 29,4 faizdir.
Göründüyü kimi, Sarkisyanın hakimiyyəti dövründə Ermənistanda heç bir irəliləyiş əldə olunmayıb. Elə bu səbəbdən əhali Sarkisyanın hakimiyyətdən getməsini istəyir. Diaspor təmsilçilərindən Avropanın Erməni İttifaqlarının Forumunun sədri Aşot Qriqoryan bunu həm də Ermənistanın yarıtmaz xarici siyasəti ilə izah edir. O vurğulayır ki, Ermənistan ətrafında vəziyyət bu gün heç vaxt olmadığı qədər gərgin və təhlükəlidir: “Bu gün bizdə qanuni hökumət və prezident yoxdur. Buna görə də bizim gələcəyimiz çox qeyri-müəyyən və təhlükəlidir”. Onun sözlərinə görə, ölkədə rus və Qərbmeyilli qüvvələr arasında çox ciddi toqquşma var. Bunun əsas səbəbi ondan ibarətdir ki, ölkənin prezidenti adlandırılan şəxs daxili və xarici proseslər üzərində nəzarəti tamamilə itirib: “Bizim daxili həyatımıza qarışan xarici ölkələrin sayı artır. Ermənistanın daxili siyasi həyatının zirvəsində oturan insanlar çıxış yollarını görə bilmirlər. Əgər belə davam edəcəksə, bizim gələcəyimiz çox təhlükəlidir. Parlamentdə baş verənlərdə böyük təhlükələri görürəm. Dəqiqdir ki, indiki baş nazir Karen Karapetyan vəziyyətdən çıxa bilməyəcək, amma problem Karen Karapetyan deyil, hədəfi yalnız baş nazir postu olan Serj Sarkisyandır. Bu hədəfin yalnız bir izahı var: ona baş nazir olmaq imkanlarını, özü və ailəsini xilas etmək üçün lazımdır. Bütün dünyanın erməni cəmiyyəti bu haqda qəzəblə danışır. Serj Sarkisyan öz sözünün sahibi olardısa, bu qəzəb və gərginlik bir qədər yumşala bilərdi”.
Aşot Qriqoryan qeyd edir ki, hakimiyyət daxilində çox ciddi mübarizə gedir. Erməni müxalif, siyasi məhbus Jirayr Sefilyanın çağırışı ilə formalaşdırılmış “Vətəndaş müqaviləsi cəbhəsi”nin Serj Sarkisyanın baş nazir olmasına imkan verməyəcəyi barədə bəyanatına gəlincə, onun sözlərinə görə, bu güclər böyük işlər görmək vəziyyətində deyillər.
Amma Aşot Qriqoryan bildirir ki, ölkənin daxilində partlayış təhlükəsi olan vəziyyətə əsaslanaraq hamını öz çətiri altına toplaya biləcək üçüncü gücün ortaya çıxacağını əminliklə söyləmək olar: “Ola bilər, Sarkisyan baş nazir olmaq niyyətindən imtina edəcək. Amma bu, hansı güclər olacaq? Təəssüf ki, bu, xarici güclər olacaq. Ermənistan xarici güclər üçün şəxsi maraqlarını reallaşdırmaq üçün səhnə olub. Düşünürəm ki, indi məxfi razılaşmalar var və bütün tərəflər toqquşmalar nəticəsində Ermənistanda qələbəyə hazırlaşır. Mən dərindən əminəm ki, baş nazir seçkilərində böyük toqquşmalar baş verəcək”.
Bütün bunlar qarşıdakı dövr ərzində Ermənistanı çox ciddi problemlərin və vətəndaş qarşıdurmasının gözlədiyini deməyə əsas verir. Bu durumda Serj Sarkisyanın baş nazir postunu tuta bilməsi sual doğurur.
Elçin CƏFƏROV,
“Azərbaycan” qəzeti 04 aprel 2018-ci il