Həmsöhbətimiz filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Qəniyevdir.
Seyfəddin müəllim, ermənilərin Şamaxıda məskunlaşma tarixi hansı dövrə təsadüf edir?
Azərbaycanın digər bölgələrində olduğu kimi, Şamaxıda da ermənilərin məskunlaşması XIX əsrin birinci yarısına təsadüf edir. Onlar Şmaxının ən səfalı yerlərini – Mədrəsə, Saqiyan, Meysəri, Kələxana, Zarxı və s. özlərinə “yurd” seçiblər. Bu yerlərdə xalqımızın keçmiş tarixinin izləri indi də yaşamaqdadır. Həmin yaşayış yerlərinin adları, ərazidəki toponimlərin hamısı türk mənşəlidir. Şamaxıda və onun kəndlərində məskunlaşan ermənilər rus havadarlarının köməyi ilə müxtəlif idarələrdə bir çox vəzifələrə yiyələnə biliblər. Onların bəziləri hətta “dost” cildinə girib, müsəlmanların rəğbətini qazanıblar. Məsələn, onlardan biri, Şamaxıda böyük mal-dövlət sahibi Aleksandr Lalayev S.Ə.Şirvani ilə dost olub. S.Ə.Şirvani ona bir neçə şeir də həsr edib. Lakin sonradan Lalayevin iç üzünü görən şair, şeirlərindən birində onun əməllərinə, erməniləri müsəlmanlardan üstün tutmasına etiraz edib.
Ermənilərin 1905-ci ildə də Şamaxıda qırğın törətmək məqsədləri olubmu?
1905-1907-ci illərdə də erməni millətçiləri Şamaxıda qırğın törətməyə, ərazini müsəlmanlardan təmizləməyə böyük səy göstəriblər. Erməni Lalayev qardaşları – Aleksandr və Saşa Şamaxıda sünni-şiə qarşıdurmasını bu məqsədlə canlandırırdılar. Onlar fürsət tapıb, hər iki tərəfdən adamları qətlə yetirib və camaatı bir-birinə qarşı qaldıra bildirmişdilər. Bunun nəticəsi olaraq sünni və şiə məscidləri arasında narazılıqlar yaransa da, ziyalıların səyi ilə böyük qarşıdurma olmayıb. Fitvaya uymayan müsəlmanlar ermənilərin fırıldaqlarını gec də olsa başa düşüb və Lalayev qardaşlarını qətlə yetiriblər. Bir sözlə, 1905-ci il hadisələri zamanı Şamaxıda bəylərin və bəyzadələrin səyi ilə erməni qırğınının qarşısı alındı. Həmin illərdə Şamaxıda ermənilərə layiqincə dərs verildi. Lakin 1905-ci ildə ata Lalayevin nail ola bilmədiyini, 1918-ci ildə oğul Stepan Lalayev artıqlaması ilə yerinə yetirdi.
1918-ci il qırğınları zamanı ermənilər Şamaxıya əsasən hansı istiqamətlərdən girmişdilər?
Şirvan ərazisində ən böyük dəmir yolu stansiyalarından biri Kürdəmir stansiyasıdır. Kürdəmir tərəfdən ermənilər gəlib Mədrəsədə qərar tutmuşdular, Bakıdan gələnlər isə Xilmillidə yığışmışdılar. Həmin ərazidəki molokan kəndlərində qərargah qurmuş, silah-sursatlarını oraya yığmışdılar. Yəni birbaşa Şamaxıya girməmişdilər. Rus kəndləri onların qərargahları idi. Şamaxıya doğru yönələndə də belə bir şayiə buraxdılar ki, guya Mədrəsəyə gedirlər ki, oradakı qüvvələr ixtişaş törətməsinlər. Şaumyanın göstərişinə əsasən ermənilər artıq mart ayının 14-nə kimi Şamaxını ələ keçirmək üçün qəti tədbirlər görmüşdülər. Lalayev, Avetisyan və Hamazaspın silahlı quldur dəstələri malakan kəndlərində yerləşdirilmiş, erməni din xadimləri isə təşvişə düşən müsəlmanları aldadıb, arxayınlaşdırmışdılar. Şamaxı məhəllələrinin yalnız bir neçəsində qeyri-məsəlmanlar yaşayırdılar. Həm də ermənilər şəhərin yuxarı hissəsində yaşayırdılar. Lalayevin evi də burada yerləşirdi. Lalayev mülkünün zirzəmisini qabaqcadan silah-sursatla doldurmuşdu. Mart ayının 18-də Mədrəsədən və Lalayevin məhəlləsindən şəhərə atılan toplar qırğının başlandığını xəbər verirdi. Əhali top atəşinin vahiməsindən küçələrə axışırdı. Lalayevin evindəki pulemyotlardan atılan güllələr insanları yerə sərirdi. Qadına, qocaya, uşağa-heç kimə rəhm etmirdilər. Azərbaycanlı məhəllələrində cəsəd əlindən yerimək mümkün deyildi. Müsəlmanların müqavimətini hiss etməyən daşnaklar şəhərə yaxınlaşdılar. Axşama yaxın isə şəhərin ən varlı hissəsinə daxil oldular. Küçələrdə görünən hər kəs güllələnirdi. Şəhərin varlılara məxsus ən yaxşı evləri yandırılmış və talan edilmişdi. Küçələrdə kəsilmiş başlar, təhqir olunmuş meyidlər, döşü, saçı kəsilmiş qadın cəsədlər, sinəsi xəncərlə parçalanmış uşaq meyidlərinin sayı-hesabı yox idi. Daşnaklar bütün kişiləri qılıncdan keçirirdilər. Şamaxı məscidlərini mühasirəyə alan Lalayevin dəstəsi buraya sığınmış qadın, uşaq və qocaları güllədən keçirmişdi. 1918-ci ildə Şamaxı qəzasında 58 kənd yerlə-yeksan edilib.
1918-ci il hadisələri zamanı şamaxılıların təşkilatlanaraq ermənilərə müqavimət göstərmək cəhdləri olubmu?
Şamaxının bir çox qeyrər çəkən oğulları, yurd-torpaq qədri bilən övladları silaha sarılmışdı. Vahab bəy Rəhim bəy oğlu, Hüseyn bəy Hacı Əli oğlu, şəhər qlavası Teymur bəy Xudaverdibəyov, qəza rəisi Azad bəy Qocamanbəyov, Dumanın deputatı Məmmədtağı Əlizadə, Əbdülxalıq Əfəndi, Məşədi Əskər Hacı Nuru oğlu, Tərlan bəy Əliyarbəyov, Alxan bəy Əyyubbəyov, Asif bəy Şıxəlibəyov və başqaları ermənilərə qarşı müqavimət göstərib və ya var-dövlətləri ilə könüllülərə silah, sursat, at və s. ilə yardım ediblər. Şamaxıda məskunlaşan, qırğın zamanı silaha sarılan türk zabiti Osman Əfəndinin yaratdığı azsaylı dəstənin Zoğalavay çayı vadisində apardığı uğurlu əməliyyatlar diqqətəlayiqdir. Şamaxını hər tərəfdən mühasirəyə almış ermənilərlə mübarizə aparan könüllülərin bir dəstəsinə də Şamaxı qəzasının rəisi olmuş Azad bəy Qocamanbəyov başçılıq edirdi. Azad bəy Şamaxıda hadisələrin gərginləşəcəyini çoxdan hiss etdiyindən, yaxın dostları, bəylər və vəzifə sahibləri ilə məsləhətləşir, silah-sursat toplayırdı. Onları Şamaxıdakı mülkündə deyil, Pirsaat çayı yaxınlığındakı mülkündə yerləşdirmiş, ətrafına inanılmış adamlar toplamışdı. Polkovnik Azad bəyin dəstəsi Mədrəsə erməniləri ilə xeyli vuruşmuş, düşmənin qarşısını almaqla, əhalinin şəhərdən çıxması üçün şərait yaratmışdı.
Seyfəddin müəllim, Şamaxı soyqırımı zamanı qurbanların sayı haqqında fərqli rəqəmlər səslənir…
Həqiqətən də Şamaxıda ermənilərin qətlə yetirdikləri insanların sayı barəsində fikir müxtəliflikləri mövcuddur. Azərbaycan Demokratik Cümhuriyyəti dövründə yaradılmış Fövqəladə İstintaq Komissiyası bütün Şamaxı ərazisində təhqiqat apara bilməyib. Mənbələrdən birində Şamaxı şəhərinin 15 minlik əhalisinin qılıncdan keçirildiyi, yalnız az bir qisminin sağ qaldığı qeyd edilir. Başqa bir mənbədə göstərilir ki, Şamaxı şəhərində 8-12 min, bütövlükdə Şamaxı qəzasında isə 40 minə yaxın insan qətlə yetirilib. Amma aparılan ciddi araşdırmalar nəticəsində Şamaxı şəhərində təqribən 14-16 min, onun kənd və obalarında isə 6-8 min nəfərin qətlə yetirildiyini deyə bilərik. Qaçqın düşənlərin sayı 18 min nəfərdən çox olub.
Maraqlı müsahibəyə görə çox sağ olun.
Gündüz Nəsibov
1905.az