Azərbaycan mətbuatının yaranmasında və inkişafında xidmətləri olan vətəndaş ziyalılarımızdan biri də istedadlı şair Seyid Əzim Şirvanidir. O, mətbuata böyük qiymət vermiş, onun həyatda, məişətdə daha möhkəm kök salması üçün əlindən gələni etmişdir.
Seyid Əzim “Əkinçi” qəzetinə göndərdiyi mənzum təbrik məktubunda Həsən bəy Zərdabini bu addımını – qəzet çıxarması ilə islam əhlini “xaki məzəllətdən” qaldırdığına, “Əkinçi”ni öz gəlişi ilə soydaşlarımızın ruhuna “nəsimi-sübh” – səhər mehi kimi təzə və təravətli həyatverici bir ruh gətirdiyinə görə alqışlayırdı.
Şair qəzetin əhəmiyyəti barədə bir təbrik məktubundakı sözlərlə kifayətlənməmişdir. “Əkinçi”də gedən yazıları diqqətlə izləmiş, onun tutduğu yolun ictimai-milli dəyərini dərk etməyə çalışmışdır. Tezlikə məqsədinə nail olan Seyid Əzim həm “Əkinçi”nin, həm də ondan sonra işıq üzü görən “Ziya (Ziyayi-Qafqasiyyə)” və “Kəşkül”ün aparıcı müəlliflərindən olmuşdur. O, “Qəzet nədir” başlıqlı digər bir şeirində qəzetin əhəmiyyət və dəyərini başa salaraq onu Allahdan, göydən gələn “vəhy” – mayeyi-səadət adlandıraraq yazırdı:
Qəzetin çoxdu xəlqə mənfəəti,
Nə bilir kim ki, yoxdu mərifəti.
Nə deyim, vəhyi-asimandır ol,
Leyk ərbabi-hal canıdır ol.
…Nə qəzet, mayeyi-səadətdir,
Nə qəzet, eyni-elmi-hikmətdir.
Seyid Əzim yaradıcılığının sonrakı dövründə həm elmi-pedaqoji, həm bədii yaradıcılığı, həm də əməli fəaliyyəti ilə maarifi, elmi, maarifçilik ideyalarını yaymaqla məşğul olmuş, bu yolda qarşıya çıxan hər hansı çətinliyə vətəndaşlıq mətanəti ilə dözmüşdür. O, “Ziya (Ziyayi-Qafqasiyyə)” qəzetini də eyni hərarətlə alqışlayıb, müdafiə və təbliğ etmişdir. Şair “Ziya” qəzetinə şeirində cəmiyyətin tərəqqisi üçün qəzetin və qəzetçilərin – jurnalistlərin oynadığı rola və daşıdığı əhəmiyyətə verdiyi yüksək qiyməti belə ifadə edirdi:
Qəzet bir hüdhüdi-ziba, qəzetxanlar
Süleymandır,
Yetib Bilqeysi-mənayə gərək onlar
Səbalənsin.
Qəzetdir peyki-ruhani ki, söylər
sirri-pünhani,
Nə lazım peyki-həq künci – xəfadə
ixtifalənsin.
Bu kari-xayrə kim bir paktiynət
eyləyib iqdam,
Gərək millət qıla himmət ki, ta mətləb
ədalənsin.
Bu sözlərlə Seyid Əzim həmvətənlərini qəzetə, qəzet yazanların təbliğ etdiyi ideyalara tərəfdar olub, həmin fikirlərin tikiş tutmasına kömək etməyə çağırırdı. İnsanlığın tərəqqi və xoşbəxtlik ruhunun tərcümanı hesab etdiyi qəzetlərə milli-mənəvi və sosial-psixoloji mühitin sağlamlaşması və elmi-mədəni tərəqqi naminə yorulmadan qələm işlətmiş, bir-birindən məzmunlu və dəyərli əsərlər yazmışdır. Eyni zamanda milli mətbuatın yaranması və davamı bir çox şəxsiyyətlər kimi, Seyid Əzimin də dünyagörüşündə mütərəqqi dəyişikliklərin meydana çıxması ilə müşahidə olunur. Lakin 1990-cı illərin ortalarınadək elmi ədəbiyyatda bu barədə mövcud olan fikirdən belə çıxır ki, guya “Əkinçi” qəzeti nəşrə başlayan kimi Seyid Əzim də maarifçi şeirlər yazmışdır. Bu cür mövqe elmi və tarixi həqiqətə uyğun olmadığı kimi, S.Ə.Şirvaninin yeni ədəbi-ictimai prinsipləri mənimsəməsi prosesini və bu yolda keçirdiyi çətin və mürəkkəb yaradıcılıq təkamülünü, habelə həmin işdə “Əkinçi” qəzetinin oynadığı rolu arxa plana keçirmiş, bir növ, unutmuş olurdu.
Araşdırmalar göstərir ki, S.Ə.Şirvani “Əkinçi”nin irəli sürdüyü yeni məzmunlu ədəbi-ictimai prinsiplərin mahiyyətini dərhal və olduğu kimi dərk edə bilməmişdir. Bu mərhələni keçib yeni yaradıcılıq yoluna qədəm qoymaq üçün şairə müəyyən vaxt və düşünüb-daşınmaq, götür-qoy etmək lazım gəlmişdir.
Belə ki, 1875-ci il iyulun 22-də ilk nömrəsi çıxan “Əkinçi”yə Seyid Əzimin yazdığı mənzum təbrik məktubu qəzetin həmin ildə çıxan 6-cı sayında dərc edilib. Bundan sonra isə 1876-cı ilin ortalarınadək qəzetdə Seyid Əzimin heç bir yazısına rast gəlinmir. Şairin bu susqunluq buzunun sınmasında isə yeni ictimai düşüncə və ədəbi fikir uğrunda H.Zərdabi ilə əlbir mübarizə aparan müəlliflərdən birinin – Əhsənül-Qəvaidin (Hacı Məmmədsadığın) qəzetdə dərc olunan məqaləsi əhəmiyyətli rol oynamışdır.
Məqalə müəllifi insanları və avam camaatı düz yola dəvət etmək əvəzinə “pərpuç sözləri bir-birinə toxuyub birin mədh, birin həcv, şərab və əmrədləri vəsf ilə adın sahibi-kamal və həkim qoyub minnət xərcə verən hər laübalı adamları” nəinki şair hesab etmirdi, belələrini “müin və ləşkəri-şeytan” adlandıraraq bildirirdi ki, bu cür zərərli yazılar “xalqı gümrah edər”, yəni yolundan daha da azdırar. Əhsənül-Qəvaid belələrinin əsl poeziya və ədəbiyyat adına bu cür şeirlər yazmaqdansa, “bez toxuyub bir növ, əhli-elm və kamal hesab olmalarını, ya pinəduzluq öyrənib bir qardaşın başmağı yırtılanda onları pinə etmələrini” daha münasib bilirdi.
Əhsənül-Qəvaidin qəsidəçilik və həcvguluğa, şeirdə şərabın və gözəlin bəlağətli vəsfinə qarşı bu kəskin çıxışı bir çox başqaları kimi, Seyid Əzimi və həmkarlarını narazı salmışdı. Odur ki, o, həmkarları ilə birgə yazıb “Şüərayi-ərbəeyi-Şirvan” (dörd nəfər Şirvan şairi) imzası ilə “Əkinçi”yə göndərdiyi məktub-məqalədə Əhsənül-Qəvaidi klassik ədəbiyyata qarşı qərəzli münasibətdə günahlandırır, belələrini poeziyada olan lətafət və məlahəti duymaq qabiliyyətindən məhrum hesab edirdilər. Onlar Əhsənül-Qəvaidi hədələyərək ona şairlərin dünya durduqca onu tarixdə biabır edəcək həcv ağzını açdırmaqdan çəkinməyi məsləhət görürdülər. Əhsənül-Qəvaid isə növbəti məqaləsində yenidən bu məsələyə qayıdaraq bildirdi ki, onun məqsədi şairlərlə ədavət aparmaq deyil. Niyyəti ancaq milli inkişafa mane olan illətləri üzə çıxarıb onların aradan qaldırılması yollarını axtarmaqdan ibarətdir.
Əhsənül-Qəvaidin “cənab ağa” deyə Seyid Əzimə müraciətlə yazdığı həmin məktub-məqalədən az sonra – 1876-cı ilin iyun ayında S.Ə.Şirvani “Cəfər, ey qönçeyi-gülüstanım” misrası ilə başlanan maarifçilik ruhlu ilk şeirini yazıb “Əkinçi”də çap etdirdi. Bundan sonra “Əkinçi”, sonra isə “Ziya” və “Kəşkül” səhifələrində Seyid Əzimin maarifçilik ruhlu şeirləri tez-tez görünməyə başladı.
“Əkinçi”nin nəşrindən 1876-cı ilin iyununadək keçən müddət Seyid Əzimin yeni ədəbi prinsipləri mənimsəməsi dövrü olmuşdur. Bundan sonra o, təkcə maarifçilik ideyalarını təbliğ edən şeirlər yazıb çap etməklə kifayətlənməmiş, həm də Səid Ünsizadənin açdığı “Məclis” məktəbində pedaqoji fəaliyyətini genişləndirərək dərslik tərtibi ilə də məşğul olmuşdur. Həmin fikrə düşməyində “Vəkili-naməlum”un – M.F.Axundovun təşəbbüsü ilə “Əkinçi” səhifələrində dövrə müvafiq məktəb, dərslik və onlara müvafiq müəllim kadrların yoxluğu və bu problemin həlli yolları ətrafında qaldırılan müzakirələr də müəyyən rol oynamışdır. Həmin müzakirələrə Seyid Əzim öz münasibətini belə bildirmişdir:
…Necə kim, ol “Vəkili-naməlum”
Eyləmişdi bu nüktəni mərqum.
Əvvəla bizdə yox o məktəblər
Ki, verə kəsbi-elmi xəlqə səmər.
Nə o gunə kitablar əlan
Ki, ola lisanımızda bəyan.
Bizə hasil nə şey olur yoxdan
Ki, itibdir kitabımız çoxdan…
Seyid Əzim bu fikir və təşəbbüslərini “Ziya”nın səhifələrində də davam və inkişaf etdirilməşini alqışlamış, özü də dərslik tərtib etmişdir. Məktəb və mədrəsələrdəki sxolastik təlim üsulunu, onlarda istifadə olunan təlim kitablarının yararsızlığı və onların birdəfəlik ortadan götürülməsinin vacibliyi haqda “Ziyayi-Qafqasiyyə”də dərc etdirdiyi şeirlərinin birində yazırdı:
…Niyə biz bunca bikamal olduq?
Ayaq altında payimal olduq?
Bəsdi tədrisi-“Gürbəvü muş”,
“Leyli-Məcnun”, “Vəsfi-badəfüruş”.
Qəzetdə 1880-ci ildə çap olunan şeirdəki bu misralardan bir daha aydın olur ki, 1876-cı ildə “Əkinçi”nin səhifələrində Əhsənül-Qəvaidin məqaləsinə etiraz edən Seyid Əzim beş il sonra artıq mey və badəni tərənnüm etməklə işini bitmiş hesab edən ədəbiyyatdan qismən də olsa, imtina etmiş, bu cür əsərlərin xalqın tərəqqisinə, gənc nəslin təlim-tərbiyəsinə qətiyyən yaramadığı fikrinə gəlmişdi. Bu isə şairin yaradıcılığındakı ideya-bədii inkişafın qabarıq ifadəsini göstərir.
Seyid Əzim “Ziyayi-Qafqasiyyə” qəzetinin səhifələrində bir tərəfdən redaksiyanın elan etdiyi şeir müsabiqəsində iştirak edir, bir tərəfdən yazdığı yeni istiqamətli dərsliyin çapına nail olmaq üçün şeirlərlə çıxış edir, digər tərəfdən də Səid Ünsizadənin bir qəzet redaktoru və sünni ruhani məclisinin üzvü, sonralar isə Şamaxı qazisi kimi həyata keçirdiyi məqsədyönlü və mütərəqqi məzmunlu tədbirləri alqışlayan, xalqın tərəqqisinə, əqli və mənəvi-əxlaqi yüksəlişinə yönəldilən işlərin tikiş tutmasına həsr olunmuş təbliği və təqdiredici şeirlər çap etdirmişdir. Eyni zamanda, Seyid Əzimin “Məclis” məktəbindəki fəaliyyətinin ayrı-ayrı səhifələri, “Tacül-kütüb” dərsliyinin nəşrinə icazə almaq cəhdlərinin və yaradıcılığının bu və ya digər cəhətinin işıqlandırılmasına həsr olunmuş yazılar “Ziyayi-Qafqasiyyə”nin səhifələrində özünə yer almışdır.
“Ziyayi-Qafqasiyyə”nin çıxdığı günlərdə – 1883-cü ildə nəşrə başlayan “Kəşkül” jurnalının (sonralar nəşrini qəzet kimi davam etdirmişdir) səhifələrində də Seyid Əzimin iştirakı geniş və rəngarəng olmuşdur. Bu, bir tərəfdən Seyid Əzimin istedadlı şair olmaqla yanaşı, həm də artıq dövrün nəbzini, həyatın yeni nəfəsini yaxından duyaraq ona uyğun əsərlər yazması ilə əlaqədar idisə, digər tərəfdən də şairlə “Kəşkül”ün naşiri və redaktoru Cəlal Ünsizadənin arasında olan yaxın dostluq, ictimai-mədəni fəaliyyət və yaradıcılıq əməkdaşlığından irəli gəlirdi. Təsadüfi deyil ki, C.Ünsizadə “Kəşkül”ün nəşri ərəfəsində “Ziyayi-Qafqasiyyə” qəzetində dərc etdirdiyi məlumat, xəbər xarakterli məqaləsində oxuculara yeni nəşrin əsas müəllifləri sırasında S.Ə.Şirvaninin də olduğunu bildirirdi. Jurnalın elə birinci sayında Seyid Əzimin “Qurani-əzimülşən və çobani-nadan”, “Çoban və yexisərd” (buz) şeirləri və “Kor atlandı kəndin basdı” başlıqlı rəvayəti çap olunmuşdur. “Kəşkül”ün sonrakı saylarında da Seyid Əzim həm orijinal, həm də “Kəlilə və Dimnə”dən və klassik Şərq ədəbiyyatının digər nümunələrindən etdiyi tərcümə əsərləri ilə fəal iştirak etmişdir.
“Kəşkül” və onun redaktor-naşiri Cəlal Ünsizadənin Seyid Əzimin şəxsiyyətinə və yaradıcılığına bəslədiyi dərin hörmət və ehtiramı şairin vəfatından sonra qəzetdə onun tərcümeyi-halına və yaradıcılığına, bu ədəbi irsin əhəmiyyətinə dair məqalələrin çap olunmasında da görürük.
S.Ə.Şirvani xalqın tərəqqisi və inkişafında, milli-ictimai şüurun formalaşmasında milli mətbuatın əhəmiyyətini dərindən dərk etmiş və XIX əsrdə çıxan “Əkinçi”, “Ziya (Ziyayi-Qafqasiyyə)”, həm də “Kəşkül” kimi mətbuat orqanlarımızda fəal iştirak etmişdir.
Alxan BAYRAMOĞLU,
filologiya elmləri doktoru, professor
Azərbaycan qəzeti, 17 iyul 2015
http://www.azerbaijan-news.az/index.php?mod=3&id=74241