Müsahibimiz “Marja.az” saytının direktoru Seymur Yunusovdur.
– Seymur müəllim, necə oldu ki, “marja.az” saytını yaratdınız?
– “Marja.az” saytını 2012-ci ildə yaratmışam. Amma bunun yaranmasının tarixi daha əvvələ gedib çıxır. Mən adını çəkmək istəmədiyim iqtisadiyyat yönümlü qəzetlərdən birində çalışırdım. Qəzet 1999-cu ildən çap olunurdu, amma yenilənmirdi. Bölmələr yox idi, məlumatları kustar şəkildə səhifələrə necə gəldi yerləşdirirdilər. Düşünürdüm ki, həmin qəzeti müasir tələblər səviyyəsinə çatdıraq. Oturub işlədim, təklif etdim ki, dizaynı və strukturu, bölmələri və yarımbölmələri hazırladığım qaydada dəyişək. Tətbiq etdik və qəzet 2-3 ay belə çıxdı. Lakin qəzetin əksər kollektivi buna etiraz etdi. Çünki işin ağırlaşacağından qorxurdular, əvvəllər materialları kim istədiyini işləyirdi, indi isə məxsusi materiallar işlənməli, bölmələr üzrə yerləşdirməli idi. İşçilərin üzərinə müəyyən məsuliyyət düşürdü, halbuki əvvəllər onlar asanına öyrənmişdilər. Onlar da başladılar əvvəl etiraza, sonra şərləməyə.
– Sizin həmin qəzetdəki vəzifəniz nə idi?
– Müxbirlikdən başlamışdım, sonra isə kommersiya işlərinə məsul olan şəxs vəzifəsinə yüksəlmişdim. Kommersiya işi qəzetin təkmilləşdirilməsini tələb edirdi. Əvvəl çoxlu abunə etdirməyə nail olsam da, sonra qəzeti satmaq çətinləşmişdi. Çünki müştərini yalnız bir dəfə inandırmaq olar. Alıcı istədiyini qəzetdə görməyəndə onu satmaq mümkün olmur. Elə ona görə də qəzeti təkmilləşdirməyi təklif etmişdim ki, sanballı bir məhsul olsun. Bunu etmək üçün redaksiyanın da imkanları böyük idi. Qəzet əvvəlki formasına qayıtdıqdan sonra isə qərara aldım ki, formalaşdırdığım strukturu yeni bir mediada tətbiq edim. Təbii ki, bunu çap formasında etməyə imkanım yox idi. Bu strukturun əks olunduğu sayt yaratmaq qərarına gələndə, eşitdim ki, saytı baha qiymətə hazırlayırlar. Yalnız qəzetdə çalışan bir adam kimi mənimsə bir o qədər vəsaitim yoxdu. Düşündüm ki, bir çıxış yolu qalıb – sayt yığmağı öyrənmək. Türkiyədə nəşr olunmuş müvafiq ədəbiyyatın köməyi ilə Joomla sistemini öyrənməyə başladım. Təxminən bir ay ərzində bu sistemi mənimsədim. Sayt necə yığılır, hostinq, domen necə alınır, sistemə necə bağlanmalıdır kimi məsələləri də öyrəndim. Hazır şablonları bizim formaya uyğunlaşdırdım. Beləcə saytı yığdım. 14 mart 2012-ci il tarixdə sayt işə düşdü.
– Və 1 əməkdaşla bu işə başladınız…
– Bəli, 1 əməkdaşla başladım. Saytın adının seçilməsi də uzun çəkdi. Bizdə fikir vermisinizsə, çox vaxt saytın adında abbreviaturalardan istifadə olunur. Fikirləşdim ki, bu ad həm internetdə oxunaqlı, həm də sırf iqtisadi termin olmalıdır. Çox fikirləşəndən sonra “marja” adı üzərində dayandım. Marja həm qiymətli kağızlar üzrə, həm də forex üzrə termindir, həm də ticarət əlavəsidir. İqtisadi sahə ilə bağlı çox şeyi özündə əks etdirir. Həm də bu sözdə “ə”, “ı”, “ş” problemi yoxdur. Beləcə ev şəraitində fəaliyyətə başladım. Çoxları bu işin uğuruna inanmırdı, deyirdilər ki, Azərbaycanda iqtisadi xəbər oxunmur. Hər dəfə mənə bu sözü deyirdilər. Amma mən deyirdim ki, yox, bizim hədəflərimiz var, Azərbaycan başqa cür olacaq, iqtisadi xəbərlərin önəmi artacaq. İndi aradan nə qədər vaxt keçib, iqtisadi xəbərlərlə maraqlanırlar, elə yalnız dollardan, manatdan nə qədər danışırlar. Bu da nəticə etibarilə gəlib iqtisadiyyata bağlanır ki, biz islahatlar apamalıyıq, təsərrüfatı inkişaf etdirməliyik.
– 2012-ci ildə yaratdığınız bu saytın meydana gəlmə tarixi bir növ “Forbes” jurnalında çıxan “uğur hekayələri”ni xatırladır. Mənə elə gəlir ki, iqtisadi mövzuda yazan medianın auditoriyası ötən il fevralın 21-də, elə Sizin saytınızın 3 yaşı tamam olan ərəfədə manatın devalvasiyası ilə əlaqədar olaraq çoxaldı. Bu doğrudan da belədirmi?
– Bəli, iki dəfə artdı.
– Arta-arta da gedir…
– Elədir. Mən inanıram ki, qiymətli kağızlar, valyuta bazarı bizdə inkişaf edəcək. Fikirləşmirdim ki, bu inkişaf devalvasiyadan başlayacaq. Dünyanın getdiyi bir yol var və biz bu yolla gedəcəyik. Bunun geci-tezi var idi. Yol bir az bizim gözlədiyimizdən tez oldu. Mən inanmasaydım, bu saytı yaratmazdım. Dəfələrlə mənə dövlət idarələrinin mətbuat xidmətində işləməyi, yaxud digər vəzifələrdə çalışmağı təklif ediblər. Amma mən deyirdim ki, yox, bu qədər təcrübəm var, onu tullayıb, gedib başqa işlə məşğul olum? Mümkün deyil.
– Amma etiraf edin ki, bizdə iqtisadi mediaya maraq hansısa təkamül prosesi sayəsində yox, devalvasiya nəticəsində oldu.
– Bəli, bu gün devalvasiya sözünü hamı əzbər bilir.
– Düzdü, devalvasiya ümumişlək sözə çevrildi. Bizdə belə bir problem var: Azərbaycan oxucusunun istəyi ilə medianın təklifi tələb formalaşdırmalıdır. Lakin Azərbaycan mediasında bu qayda işləmir. Bir çox siyasi, kulturoloji, sosial məsələlər var ki, media çeşidli səbəblər üzündən bunu yaza bilmir. İnformasiya istehlakçısı da istədiyi mövzunu tapa bilməyəndə, üz döndərir. İqtisadi media Azərbaycan oxucusunun istəklərini qarşılaya bilirmi?
– Mən baş verənlərin hamısına hadisə kimi və rəqəmlərin dili ilə baxıram. Sahibinin kim olmasından asılı olmayaraq, istənilən bank zərər etdikdə, əməliyyat həcmi kiçildikdə bunu yazıram. Amma onu iqtisadi dildə yazıram. Heç bir siyasi şərh də vermirəm. Digər saytlarda isə görürəm ki, iqtisadi informasiyaya hansısa siyasi şərh bağlanıb. Yaxud onu hansısa müəyyən bir şəxslə bağlayırlar. Bu da inciklik yaradır.
– Amma həm də yazını maraqlı edir.
– Ola bilsin. Amma bunları bilən adamlar üçün bizim informasiyanı ötürməyimiz kifayətdir. Sadəcə iqtisadi trend kimi yanaşırık ki, bu maliyyə təşkilatında vəziyyət bu cürdür. Onun problemli krediti var, bu rübü zərərlə başa vurub və bunları açıq yazırıq. Biz onu iqtisadi dillə, mühasibatlığın dili ilə nə üçün zərər etdiyini şərh edirik. Bizim oxucuya verdiyimiz məlumat ona düşünmək imkanı yaradır.
– Azərbaycanlı oxucunu dolların məzənnəsindən və inflyasiyadan başqa daha hansı mövzular maraqlandırır?
– Ən çox əmlak mövzusu. Valyuta xəbərlərindən sonra ən çox oxunan mövzu əmlakın qiyməti ilə bağlıdır.
– Yəqin ki, bir də maşınların qiyməti.
– Maşınlar haqqında xəbərlər əvvəllər çox oxunurdu. Bu cəhətdən Sizinlə razıyam. Amma devalvasiyadan sonra maşın mövzusuna maraq azalıb. Bəlkə də o sahədə yenilik yoxdur. Nə kreditlər qalıb, nə kampaniyalar, əməlli idxal, satış da yoxdur. Təsəvvür edin ki, İyul ayında Azərbaycana 253 ədəd minik avtomobili gətirilib. Çox gülünc bir vəziyyət yaranıb. Halbuki əvvəlki illərdə yüz min idxaldan söhbət gedirdi. 2013-cü ildə idxalat 101 min ədədə çıxmışdı. İndi isə ən yaxşı halda martda 541 ədəd avtomobil gətirilmişdi. Belə getsə, bu il ərzində idxalat heç 6-7 min ədəd olmayacaq. Çünki ötən ilin fevralında 14-15 min manata aldıqları avtomobilin 25-30 min manata satılması insanlara çatmır. Ümumiyyətlə, avtomobil satışı ilə məşğul olan şirkətlər böyük tənqidlərə məruz qalırlar. Sanki insanlar dolların qiymətinin qalxmasının fərqinə varmırlar.
– Bəs evlərin qiyməti necədir?
– Evlərin qiyməti də maraq mövzusudur. Evlərin qiyməti indiyə qədər düşürdü, amma son bir ayda bu tendensiya dayanıb.
– Ərəblərin mənzil almaları ilə əlaqədar olaraq?
– Xeyr, sadəcə əvvəllər çoxlu yaşayış binaları tikilmişdi, rəqabət var idi. Devalvasiyadan sonra da alıcılıq qabiliyyəti azaldığından, qiymətlər bir qədər düşdü. Camaat da əlindəki pulu dollara çevirərək, bir qədər udmuşdu. O adamlar əllərindəki vəsaiti əmlaka yatırdılar. Buna görə mövsümi olaraq bazarda bir canlanma yarandı. Amma son vaxtlar passivlik müşahidə olunur. Buna rəğmən qiymətlərin düşməsi də dayanıb, düşmür. Bu da onunla əlaqədardır ki, tikinti şirkətləri qeyri-müəyyənliklə əlaqədar tikintiyə qoyulan investisiyaları azaltdılar. Yeni layihələrə başlamırlar. Həmişə qeyri-müəyyənlik olanda müəyyən müddət qiymətlər düşür, sonra dayanır. İndi tikinti şirkətləri əllərindəki mənzilləri reklam edib, satmaq istəyirlər. Ümumiyyətlə, mənzil tikintisində pik nöqtə 2013-cü ilə təsadüf edir. Ondan sonrakı illərdə istifadəyə verilən mənzillərin sayı azalıb. 2016-cı ildə isə xeyli azalacaq.
– Yəni bu tendensiya gələn ildə də davam edəcək.
– Bu, qaçılmazdır. Ola bilsin ki, 2017-ci ildə sosial mənzillərin istifadəyə verilməsilə azalma bir qədər səngisin.
– Bəs sosial evlərin tikintisi qiymətlərə təsir edə bilərmi?
– Bir az kənardakı mənzillərin qiymətinə cüzi təsir edəcək. İlkin mərhələdə 2 min ədəd sosial mənzil tikiləcək. Böyük bir say deyil. Təkcə on 5 il ərzində Azərbaycanda 500 minə yaxın ailə qurulub, istifadəyə verilən mənzillərin sayı isə 100 min civarındadır. Yəni evlənənlərin sayı çox, istifadəyə verilən mənzillərin sayı dəfələrlə azdır. Sosial mənzillər isə Bakının ətrafında tikiləcək. Onun Bakının mərkəzindəki qiymətlərə təsiri məhdud olacaqdır.İkinci bir tərəfədən sosial mənzil almaq istəyənlərdən əlbəttə ki, müəyyən sənədlər tələb olunacaq ki, onlar hansı işlə məşğuldurlar. Aşağı qiymətlə dövlət həmin mənzilləri satsa da, həmin məbləği qaytarmaq da lazımdır axı. İkincisi də onların sahəsi böyük ehtimalla 50-60 kv.m olacaq. Amma insanın ehtiyacları artır, daha böyük mənzil istəyir. Ona görə də orada yaşayanların da iqtisadi vəziyyəti düzələndən sonra yüksək yaşayış şəraiti dalınca qaçacaqlar. Onlar gəlib, şəhərdə yaşayış komplekslərində mənzil axtaracaqlar. Bu dünyanın hər yerində belədir.
– Böyük neft pulları qurtarıb. İstehsalımız elədə güclü deyil. Biz ya nəyisə xammal formasında ixrac etməliyik, nəsə istehsal edib, xaricə satmalıyıq ki, ölkəyə valyuta daxil olsun. Azərbaycan kimi ölkələrə valyuta daxil olmasını həm də qastarbayterlər təmin edirdi. Amma onların çoxunun çalışdığı Rusiyada da vəziyyət yaxşı deyil. Göydən də ki, təyyarə və helikopterlə pul atılması ağlabatan deyil.
– Hərçənd Norveç və İsveç kimi ölkələrdə göydən pul atılması məsələsi təklif edilir. Çünki camaat qocalıb, pul xərcləmək istəmir, iqtisadiyyat da inkişaf etmir. Ona görə də təklif olunur ki, “göydən pul səpsinlər”. Almaniya, İsveçrə, Yaponiya kimi ölkələrdə insanlar yaşlaşır və əhali azalır. Eyni cinsdən olan şəxslərin evlənməsi də doğum faktorunun qarşısını alır. Yaşlı əhali həm də dövlətin sosial xərclərini artırır. Buna görə də bizə təəccüblü görünsə də, hər bir adam müəyyən qədər pul verməyi nəzərdə tuturlar ki, qiymətlər artsın, iqtisadiyyat inkişaf etsin. Bu artıq iqtisadi nəzəriyyə kimi formalaşdırılıb.
– Göydən pul səpələnməsini hələlik bizim region üçün real saymayaq. Bizi nə gözləyir?
– Əvvəlcədən neft pullarını əhaliyə birbaşa pul şəklində vermədilər və mənim fikrimə görə, yaxşı ki, vermədilər. İnvestisiya layihələri həyata keçirilib, Dövlət Neft Fondunda müəyyən yığım edilib, müəyyən infrastruktur işləri görülüb. Amma əhali böyük pullara öyrəşməmişdi. Düzdür, əhalinin yaşayış səviyyəsinin müəyyən hissəsi neftdən asılı idi. Bizim camaat əsasən bir-birinə nəyisə satmaqla və ya hansısa xidməti göstərməklə dolanır. Əgər bizim camaata dövlət hesabına yaxşı ev, uşaq pulu verilsəydi, uşaqların adına hesab açılsaydı və indi birdən-birə bu pullar kəsilsəydi, onda bizi həqiqətən də ağır vəziyyət gözləyərdi.
Camaat nə qazanıbsa, özü qazanıb. Buna görə də neftin qiymətinin düşməsinin bizə neqativ təsiri böyük olmadı. Düzdür, bu pullar ümumi dövriyyədə idi, layihələr işləyirdi və hamının həyatına təsiri var idi. Banklar çalışırdı. Amma indi bu o demək deyil ki, hər şey batdı. Neftdən asılı olmayan sahələr də var.
Bizdə qeyri-neft sektorunun inkişafından çox danışılır. Bizim pulumuz var, istənilən zavodu qura bilərik. Hətta ola bilsin ki, dünya brendindən də yaxşı istehsal edək. Amma əvvəla bunu sübut edə bilmərik, ikincisi də onu sata bilmərik. Yeganə çıxış yolu odur ki, dünya brendlərini bura dəvət edək və birgə istehsalı quraq. Ayrı cür mümkün deyil. Dünya brendləri reklama bir neçə milyard dollar vəsait sərf edirlər. Biz də, tutaq ki, 60 milyona zavod inşa edə bilərik. Amma bu zavodun istehsalı olan məhsulun Avropada reklamı üçün 500 milyon dollar lazımdır. Ona görə də dünya brendlərini dəvət etməliyik ki, zavodlarını ölkəmizdə açsınlar. Artıq dünyada onları tanıyırlar.
– Sizə elə gəlmirmi ki, bu məsələdə biz bir qədər yubanmışıq?
– Əlbəttə, xeyli gecikmişik. Amma potensial hələ tükənməyib. Məsələn, bu yaxınlarda “Atena” süd məhsulları zavodu Fransanın “Danone” şirkəti ilə razılaşdı. İndi “Danone” məhsulları bəzi qonşu ölkələrə Azərbaycandan göndəriləcək. Belə nümunələr çox olmalıdır. İqtisadiyyat Nazirliyi dünyanın qabaqcıl dərman istehsalçıları ilə danışıqlar aparır. Azərbaycan dərman istehsal edə bilər. Amma onu tanıyan yoxdur. Ona görə də dünya brendləri dəvət olunmalıdır.
– Velosiped icad etməyə ehtiyac yoxdur.
– Bəli. Onlar şəkər, xərçəng xəstəlikləri üçün dərman istehsalı üzərində çalışırlar. Elmi araşdırmalara milyard dollarlar sərf edirlər. Ona görə də bizim təzədən bu xərclərə getməməyimiz üçün iri dərman istehsalçılarını bura dəvət etməyimiz şərtdir. Biz bəzən daxili bazarın qorunmasına ifratçılıqla yanaşırıq. Sanki daxili bazarı onlara versək, ölkəni əlimizdən alacaqlar.
– Bizdə böyük kapital qoyuluşları var, böyük zavodlar tikilib. Bəs xırda və orta sahibkarlıqla bağlı vəziyyət necədir?
– Bilirsiniz, bizdə xırda və orta sahibkarlıq ticarət və xidmətdən kənara çıxa bilmir. Mənim müşahidələrimə görə, burada bir qədər kreativ yanaşma yoxdur. Bəlkə də bu, təhsilsizlikdən qaynaqlanır. Nəsə yeniliklər olmalıdır. Təkrarçılıq çoxdur. Elə götürək “Start up” sahəsini. Bu sahəyə kifayət qədər dəstək göstərilib. Maliyyə də ayırdılar, amma bizdə ticarət saytı yaratmaqdan o yana gedə bilmədilər. Elə bunu hər bir sahəyə şamil edirəm. Yaradıcılıq, baxış bucağı çatışmır. Sənaye və emal sahələri inkişaf etdirilməlidir. Kiçik və orta sahibkarlığın da dünya bazarına çıxma məsələsi var. Bizdə onun satış bazarı da yoxdur. Ümumiyyətlə, dünya bazarında istehsal etdiyimiz məhsulları satmağa bizə imkan verəcəklərmi? Vəsait cəlb etmək üçünsə qiymətli kağızlar bazarı inkişaf etdirilməlidir. Fond bazarı inkişaf etsə, bəlkə də toz basmış ideyalar da ortaya çıxar.
– Yaşadığımız dövr Azərbaycan iqtisadiyyatı tarixinə necə düşəcək?
– Biz buna post-neft dövrü deyirik. Düzdür, xeyli vaxt itirmişik. Hərçənd xeyli işlər də görülüb, baza yaradılıb. Amma daha çox işlər görə bilərdik. Neft bizdə bir qədər arxayınçılıq yaratmışdı. Neft pullarına əsaslanaraq müəssisələrə sifarişlər verirdilər. Qeyri-neft müəssisələrinin məhsullarının satışları da neft pullarına əsaslanırdı. İndi bu dövr bitdi. Amma həmin müəssisələrin rəhbərləri satış barədə düşünməyə məcburdular. Dövlət ixracın stimullaşdırılması haqda düşünməlidir. Bu barədə müvafiq Prezident sərəncamı da var, amma hələlik gecikirik. Biz həm də təbii inhisarlarımızdan istifadə etməliyik. Məsələn, biz dünyada dördüncü fındıq istehsalçısıyıq. Azərbaycan Prezidenti də son çıxışında bu məsələyə dəstək verilməsinin zəruriliyini vurğuladı. Narda bizim təbii üstünlüyümüz var. Azərbaycan üzümünə maraq var. Bir sözlə, təbii üstünlüklərimizdən istifadə etməliyik.
– Azərbaycan iqtisadi jurnalistikasının ümumi “sağlıq” durumu nə yerdədir?
– Yaxşı vəziyyətdə deyil. Kadrlar yoxdur. Mən jurnalistikanı bitirməmişəm, iqtisadi təhsil almışam. Amma görürəm ki, jurnalistika fakültəsində yalnız ümumi biliklər verirlər. İqtisadi jurnalistika üzrə kadrlar yetişdirilmir.
– İqtisadi jurnalistika üzrə kadrlar yetişdirməlidirmi?
– Məncə, yetişdirilməlidir. Bazası, iqtisadi biliyi olmalıdır. İqtisadi jurnalistika ilə məşğul olandan sonra bilirlər ki, burada əməlli-başlı elm var imiş. Ümumiyyətlə, Azərbaycanda iqtisadçı-jurnalist barmaqla sayılacaq qədər azdır. Hər agentlikdə bir-iki nəfər var. Qalanları kobud səhvlərə yol verirlər. Nə yazdıqlarını heç özləri də bilmirlər. Elə buna görə də maliyyə qurumları jurnalistlərdən qaçırlar. Məsələn, bir bank zərərini açıqlayır, jurnalist isə yazır ki, filan bank iflas etdi. Axı iflas və zərər anlayışları çox fərqlidir. Bank iflas edirsə, deməli, artıq öhdəliklərini yerinə yetirə bilmir. Amma zərər fərqli anlayışdır. Bu gün zərərlə işləyən, sabah gəlirlə işləyə bilər. Ona görə də bizdən xahiş edirlər yazaq ki, bank maliyyə hesabatını açıqlayıb.
– Deyə bilərikmi ki, bankların müvafiq xidmətlərinin peşə hazırlığı daha yüksəkdir?
– Onlarda da yüksək olanlar var, amma hamısı haqqında bunu demək olmaz. Bəzən bankın hesabatını dərc edirsən, bizə zəng edib, hədə-qorxu gəlirlər ki, niyə bunu dərc etmisən. Anlamırlar ki, bunu yazmağa bizim hüququmuz var.
– Seymur müəllim, 4 il əvvəl bu saytı yaratdınız və biz də adi informasiya istehlakçısı kimi tez-tez bu sayta müraciət edirik. Hədəflərə çatmısınızmı, “Marja.az”ın planları necədir?
– Tez-tez məni tələsdirirlər ki, saytın mobil versiyasını yaradım, reytinqlər tərtib edim, ingilis versiyasını işə salım və s. Biz Azərbaycan dilində versiyanı ortalığa qoymuşuq, amma o biriləri başlamağın öz çətinlikləri var. Kənardan söyləmək asandır. Amma Azərbaycanda iqtisadi məlumata olan ehtiyacı biz ödəyə bilirik. Gündəlik sayta daxil olanlar, iqtisadi mənzərəni “marja.az”dan anlaya bilirlər. Biz buna nail olmuşuq və sevinirik. İndiki hədəfimiz odur ki, keyfiyyəti daha da yüksəldək.
– 3-cü devalvasiya olacağı təqdirdə iqtisadi informasiyanın əhəmiyyətlililiyi artacaq, yoxsa azalacaq?
– Xəbərlərə inam düşəcək. Biz yazmışıq ki, islahatlar gedir, zavodlar tikiləcək və s. Gələn ildən bunun nəticələrini görəcəyik. 3-cü devalvasiya olsa, yazdıqlarımıza insanları inandırmaq çox çətin olacaq.
– Sizə uğurlar arzulayırıq.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az