1993-94-ci illərdə Bakı Musiqi Akademiyasının musiqişünaslıq və ifaçılıq fakültələrində ali təhsilini tamamlayan Seyran Qafarzadə elmi çalışmalarına məzun olduğu Akademiyanın «Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi» elmi laboratoriyasında elmi işçi vəzifəsində başlamışdır.
Tələbəlik və aspirantura (1994-96) illərində diplom işi olaraq seçdiyi və 2007-ci ildə elmlər namizədliyi dissertasiyası dərəcəsində müdafiəyə etdiyi mövzu Azərbaycan-türk milli nəfəsli ney alətinin tarixçəsinə, təkamülünə və folklor köklərinə dair elmi-tədqiqi araşdırması şəklində ərsəyə gəldi. Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasının Dosenti (2013) Seyran Qafarzadə 2000-ci ildən etibarən öz elmi tədqiqatlarını və pedaqoji fəaliyyətlini Türkiyədə də aparır və müxtəlif səpkilərdə təsdiqləməkdədir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, bir neçə kitab və dərs vəsaitlərinin müəllifi Seyran Qafarzadə mütəmadi surətdə yerli və xarici dövrü mətbuatda elmi və publisistik məqalələrə çıxış edir, radio və televiziya proqramlarına dəvət olunur. Çeşidli ölkələrin beynəlxalq konferanslar və festivallarında məruzələri ilə çıxış edən tədqiqatçı, hal-hazırda Türkiyənin cənub-şərq bölgəsində Batman Universitetinin İncəsənət Fakültəsində çalışır və yeni açılan Musiqi şöbəsinin quruculuq işlərində yer alır.
– Azərbaycan cəmiyyətində bir sindrom var. Mən bu sindromu “Sarı gəlin” adlandırardım. Ermənilər zaman-zaman bizim adət və ənənələrimiz, yeməklərimizi, musiqimizi mənimsəmək cəhdləri göstəriblər. Bunun ən bariz nümunəsi elə “Sarı gəlin” mahnısıdır. Bax bu sindrom mədəniyyətimiz üçün nə qədər təhlükəlidir?
– Çox gözəl sualdır və bizim hər birimizi narahat edən bir məsələdir. Bu fakt hər bir azərbaycanlını düşündürür. Biz dəyərlərimizi qoruyacağımız, təbliğ etdiyimiz təqdirdə qorxulu heç nə baş verməyəcək. Bunun üçün biz dəyərlərimizi elmi şəkildə təhlil etməli və populyar üslublarla ictimaiyyətə çatdırmalıyıq. Bir maraqlı nüansı deyim. Bu gün Ukraynada, Lvovda erməni kilsəsində dualar oxunarkən, onun qədim türk dilində səsləndirildiyi aşkar olur. Bu barədə məlumata Murad Acinin bir kitabında rast gəldim və ardından Aleksandar Garkavetsin tədqiq etdiyi, erməni dilində yazılan Qıpçaq əlyazmalarını kəşf etdim… Bu mövzu adlanma etibarı ilə çox maraqlıdır və tarixi hadisələrin hansı istiqamətdə cərəyan etdiyini göstərir. Əslində ermənilər öz köklərini bilmirlər. Bu xüsusda M. Aci yazır ki, qədim qıpçaqların bir hissəsi erməniləşib. Lakin buna rəğmən, öz adət-ənənələrini qoruyub saxlayıblar. Məsələn bu həm də onların ad və soyadlarında, bir çox sözlərində aşkar duyulur. Ona görə də 10-15 nəsil sonra da həmin şəxslər Azərbaycan türkcəsində oxunan, Azərbaycan türklərinə mənsub olan bir şeyin altşüur səviyyəsində onlara məxsus olduğunu güman edirlər. Dəyərlərimizin mənimsənilməsi zamanı qorxu hissi isə o vaxt üzə çıxmalıdır ki, biz onu müzakirəyə çıxarmamışıq, unutmuşuq, araşdırmamışıq, yaxud haqqında sənədli və ya bədii film çəkməmişik. Şübhə və etiraz olmayan yerdə inkişaf da yoxdur.
–Yəni siz haqqında danışdığımız “Sarı gəlin sindromu”nu təhlükəli saymırsınız?
-Bəli. Həm də başqa bir şey deyim. Biz uzun əsrlər boyu ermənilərlə iç-içə, yan-yana yaşamışıq və yaşamaq məcburiyyətindəyik. Ona görə də hansısa dəyərin həm bizim, həm də ermənilər tərəfindən özününkü sayılması təbiidir. Əslində həmin dəyərlər bizi uzlaşdıran dəyərlərdir. Mahiyyət etibarilə ermənilər sanki başı pozulmuş bir toplumdur. Z.Freydin psixoanalizində maraqlı bir tezisi var. Bildirir ki, dəlini yola gətirməyə çalışmayın, ona danışmağa duyğularını ifadə etməyə imkanı verin. Danışa-danışa axırda həqiqətə gələcək. Ermənilərin böyük kompleksi var və bunun əsas səbəbi əcnəbi və xüsusi olaraq rus siyasətidir. Rusların 1990-cı ilin yanvarında Bakıda törətdikləri talanlar eyni ssenari ilə Ukraynada da bu günlərdə müşahidə edilir…
–Bəs biz indi nə etməliyik?
-Biz qonşuluğumuzdakı xəstə ilə davranmağı öyrənməliyik. Məsələn “kaval” sözü türklərdə, gürcülərdə, ermənilərdə, kürdlərdə bizdə də var. Məsələn kaval sözü yezidi ve ya daha doğrusu ezidi kürdlərdə bir məfhum mahiyyətini daşıyır və missionerlərin surətini, dini mərasimlərdə oxunan ilahilərin ümumiləşmiş adı olaraq tanınır. Gürcülərdə kavili sözü salamuri adlı alətin alternativ adı olaraq istifadə edilir və bizdəki tütək musiqi alətinin tembr baxımından həmən-həmən eynisidir. Ermənilərdə kavits blul (kaval bülbül) adlı nəfəsli alət isə gildən hazırlanan yumurta biçimli nəfəsli aləti bildirir. Şübhəsiz ki, gürcülərin kavili və ermənilərin kavits blul nəfəsli alətləri kaval sözündən törəməkdə və Osmanlı himayəsində olan xalqların ümumi təfəkkürü mənada nəfəsli alətlərə həvalə edilən bir isim variantıdır. Şimalı Azərbaycanda isə qaval məfhumu sakral, müqəddəs və ya daha doğrusu qutlu bir rəmz olaraq həkk olundu və xanəndənin əlində qədim şamanların dəf tipli alətin alternativ adı olaraq vurğulandı. Qobustandakı qutlu Qaval-daşın adlanma səbəbi də ehtimalı surətdə ifadə edilən prosesin bir nəticədir. Kaval/qaval sözü Pakistanda səma ayinində də qutlu bir məna daşıyır, hətta İtaliyan əsilli Françesko Kavalli bəstəkarın soyadı olaraq da mövcuddur… Yəni bu bölgədə yaşayan insanlar öz dəyərlərini inkişaf etdirməklə yanaşı, ortaq dəyərlər də aşkarlayıblar. “Sarı gəlin”ə gəldikdə isə bu mahnının intonasiya, ritm və tembr səciyyəsinə əsasən isbat etmək olar ki, bu, bizim mahnıdır. Hər bir mahnının özünəməxsus qəlibləri, melodik şəkli var. Musiqiçilər də bu və ya digər musiqinin öz xalqına mənsub olmasını həmin qəliblərlə təsbit edir. Bu mahnının poetik iması bir sarışın gözələ vurulmuş (ola bilsin ki, erməniyə çevrilmiş qıpçaq türkünə), ehtimalı surətdə Ərzurumlu türkün-azərbaycanlının mahnısıdır. Onun sözləri də tamamilə türk şeirinə uyğundur. Məsələn, mahının poetik stilistikasında qarğış, bəddua var ki, bu da türk şeirində geniş yayılan priyomdur. Bunu təbliğ etmək lazımdır və bu məqamda Xətainin “Səfa gəldiniz” şeirndən bir misrasını dilə gətirsəm, fikrimcə yerinə düşər : “ Qar-qış yağar ikən bahar yaz oldu, mehmanlar siz bizə səfa gəldiniz.”…
–Sizə elə gəlmirmi ki, biz bu diskussiyalara lazım olduğundan çox vaxt ayırsaq, onun mübahisəli məslə olduğunu ortaya qoymuş oluruq?
-Biz bunu dilə gətirdikdə artıq, diskussiyaya rəvac veririk. Bir də başqa bir məsələni deyim. Xarici ölkələrdə yaşan insanların baxışı sovet sistemində yaşamış insanların baxışlarından fərqlənir. Onlar bir çox məsələləri şişirtmirlər. Biz isə uğursuz bir sözü, fikri bəzən çox böyüdürük.
–Məncə, avropalılar az əhəmiyyət kəsb edən məsələyə laqeyd yanaşırlar. Amma ilk ağlıma gələn bir fikri söyləyirəm: hansısa bir italyan Napoleonun fransız deyil, italyan sərkərdəsi olduğunu iddia etsə, franszılar dərhal etiraz edərlər. Deməli, onlar yalnız az əhəmiyyətli məsələləri şişirtmirlər.
-Şübhəsiz və bu məsələ millilik məsələsinə təsadüf edər. Amma biz də fərqli bir fikrə münasibəti mənimsəməliyik. Ömər Xəyyam bir rübaisində maraqlı bir mövzuya işıq tutur, zira xoş sözlər və dostların tərifi bizi bəzən yoldan çıxarır, amma pis hava, düşmən təhdidi bizi müalicə edir, güclü qılır.
–Seyran müəllim, biz fikir vermədikcə, ermənilər daha da irəli gedir. Məsələn “duduk” (balaban) erməni mədəniyyəti nümunəsi kimi YUNESKO-nun “Dünya irsi siyahısı”na salınıb. Sabah isə bizim başqa dəyərlərimiz erməni mədəniyyəti nümunəsi sayılacaq.
-Çox doğru deyirsiniz. Yenə də qayıdıram təbliğ məsələsinə. Baxın, Vikipediya insanların ən çox istifadə etdikləri informasiya resurslarındandır. “Duduk” yazsanız, fərqli dillərdə xeyli erməni mənbələri olan istinadları görə bilərsiniz. Biz dövlət səviyyəsində də olmasa, ictimai qurumlar kimi həmin yazılara bizlər münasibət bildirməli və etiraz etməli, əlaqədar yazı və məqalələr çap etdirməliyik. Bu səpkidə bizim elmimizdə də bəzi yetərsiz görüşlər müşahidə olunur. Məsələn, dəyərli bir araşdırmacı bildirir ki, “balaban” sözü “bala” və “ban” sözlərindən yaranıb və kiçik/xəfif səs mənasını verir. Mövzu hətta “ban” kökündə səs tembrinin xoruz banına bənzədilməsi ilə müqayisə edilir. Amma məncə “bala” kökü balaban alətinin adında qutlu bir rəmzi ehtiva edir və böyük mənası ilə yanaşı bu musiqi alətin adında “ulu səs” anlamını ifadə edir. Xüsusi olaraq bala sözünə gəlincə müqayisə üçün, məsələn, “Balaxanı” qəsəbəsinin adı “yüksək məkan”, “ təpəlik bir yer” və ya “böyük yer” mənasına uyğundur. Yaxud Balaəhməd adı var. Əhməd peyğəmbərin adıdır. Balaəhməd isə böyük peyğəmbər mənasını verir. Məhz belə proseslər nəticəsində “dəf” Şimalı Azərbaycanda olur “qaval”, ”düdük” bir yerdə “ney”, bir yerdə isə “tütək”, yaxud “balaban”a çevrilir… Xülasə, alətlərin adlandırılmasında onların sayəsində əldə edilən səslər və qutluluq faktorları əhəmiyyət kəsb edir və özü-özlüyündə bu faktor türklərin təfəkküründə özəlliklə müşahidə edilir və adlanma üsulu olaraq istifadə edilir. Bu bağlımda, fikrimcə, təbliğat zamanı da biz bəzi şeyləri açıq söyləməli, bəzilərini isə sətiraltı mənalardan istifadə etməliyik.
Fuad Babayev, Gündüz Nəsibov
1905.az
Müsahibə ilk dəfə 11 iyul 2014-cü ildə dərc edilib