Bu gün səhər tezdən inamlı addımlarla işə yollanmağa hazırlaşırdım ki, bizim “blok”un, yəni alaqapımızın girəcəyində divara vurulmuş elan diqqətimi çəkdi. Oxudum. Və istəyirəm siz də biləsiniz ki, mən həmin elanda nə oxumuşam.
Deməli belə. Elanda bildirilir ki, “uşaq xəstəlikləri, boy artımı, təzyiq, şəkər, halsızlıq, ürək ağrıları, saç tökülməsi, mədə-bağırsaq ağrıları, babasil, artıq çəkidən əziyyət çəkənlər və ya çəkisini artırmaq istiyənlər, sümük-oynaq ağrıları, baş ağrıları, qadın və kişi xəstəlikləri, sonsuzluq, damar tıxanması və sair kimi xəstəliklərdən əziyyət çəkənlər təcrübəli həkim mütəxəssis tərəfindən müayinə olunub və təbii bitki mənşəli dərman preparatları ilə müalicə oluna bilərlər.”
Orfoqrafiya və punktuasiyasına əsla toxunmadan sizlərə təqdim etdiyim bu elanın sonunda yazılıb ki, müalicəyə zəmanət verilir. Və elə oradaca həkimin “ətraflı məlumat üçün əlaqə nömrələri” qeyd olunub. Yəqin ki, yuxarıda sadalanan xəstəliklərdən əziyyət çəkən insanların rahatlığını təmin etmək məqsədilə “təcrübəli həkim mütəxəssis” cib telefonunun nömrəsini alanda hər üç mobil operatora baş çəkib. Və eyni nömrənin qarşısında 050, 055 və 070 rəqəmləri, yəni prefikslər də göstərilib.
Bax belə.
2013-cü ildir. Və biz Bakıda yaşayırıq. Azərbaycan Respublikasında. 95 il bundan əvvəl Şərqin ilk demokratik respublikası da elə bu ərazilərdə qurulub.
Rəhmətlik Cəlil Məmmədquluzadənin ölməz “Ölülər”i yazdığı ildən də düz 104 il keçir…
Əslində Şeyx Nəsrullah çoxdan cəhənnəmə vasil olmalı idi. Amma, o yaşayır. Sadəcə olaraq titulunu dəyişib, təqdimatına da yüngülvari əl gəzdirib “təcrübəli həkim mütəxəssis”ə çevrilib. Və çoxmərtəbəli yaşayış binalarının həndəvərində dolaşıb müasir insanlara əziyyət verən əksər xəstəlikləri “təbii bitki mənşəli dərman preparatları ilə” müalicə edə bildiyini xəbər verir. Üstəlik, müalicəyə zəmanət verildiyini də vurğulayır.
Vəssalam.
Çalışın xəstələnməyəsiniz. İşdi-şayəd xəstələndiniz, qəm eləməyə dəyməz. Əgər cibinizin parametrləri yerli sağlamlıq ocaqlarına yaxınlaşmağa, ya da İrana, Türkiyəyə yollanmağa imkan vermirsə, narahat olmayın. Əminlik hissi ilə deyirəm ki, bütün xəstəlikləri zəmanətlə müalicə edən “təcrübəli həkim mütəxəssis”in koordinatlarını tapa biləcəksiniz. Sadəcə divarlara diqqətlə baxmaq lazımdır.
Allah şəfa versin.
Cümləmizə.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 86-87)