Bu yaxınlarda Çinin “Jenmin Jibao” qəzeti Si Szinpinin kitab rəfində olan nəşrlər haqqında yazıb. Aldığım məlumata görə çox böyük ölkənin ən əsas qəzetinin lap birinci səhifəsindəki yazıda sözügedən kitab rəfinin şəkli də var, üstəlik material dövlət başçısının şərhləri ilə “təchiz” edilib.
Çin liderinin kitab rəfində rus ədəbiyyatının “idman şərəfi”ni Puşkinin “Yevgeni Onegin”i, Lermontovun “Zəmanəmizin qəhrəmanı”, Şoloxovun “Sakit Don”u, Tolstoyun “Hərb və sülh”lə “Dirilmə”si qoruyur.
Alman müəlliflərindən Höte və Şiller yer alıblar rəfdə. Amerikadan Cek London və Ernest Heminquey, Fransadan Balzak və Stendal buradadırlar…
Mən məlum səbəblərdən “Jenmin Jibao”nu orijinalda oxuya bilmirəm. Və ÇXR sədrinin sevimli kitabları haqqında bu qəzetdə çıxmış məqalədən “Oqonyok” jurnalının sayəsində xəbər tutmuşam. Həmin yazıda Si Szinpinin kitab rəfində İslam dünyasını hansı müəlliflərin təmsil etmələri haqqında yazılmayıb. Amma Çin liderinin İngiltərədə “Harri Potter”I və Ceyms Bond haqqındakı kitabları tərifləməsi barədə qeyd var. Yeri gəlmişkən, məqalənin müəllifi Dmitri Kosırev qeyd edir ki, Si Szinpin ingilis ədəbiyyatından söz açanda ilk növbədə Şekspirdən danışıb…
Si Szinpinin ingilis ədəbiyyatına marağından söz düşmüşkən, başqa bir mənbədə yazılıb ki, o Dikkensin, Çoserin, Brontenin, Defonun, Miltonun, Hardinin, Bayronun, Şounun, Morun, Smitin və Maltusun da əsərlərini oxuyub.
Siyasətçi “Faust”u əldə etmək üçün vaxtilə 45 kilometrlik məsafəni qət etməli olub. Heminqueyin mənəvi dünyasını dərk etmək üçün Kubaya ilk səfərində yazıçının ev muzeyini ziyarət edib…
Ölkələri yazıçılar da təmsil edirlər.
Bizim yaxşı yazıçılarımız var.
Azərbaycan yazıçısı Elçin Hüseynbəyli Azadlıq radiosuna verdiyi müsahibədə bizim müəlliflərin əsərlərinin Türkiyədə çap olunma imkanlarından danışıb. Yazıçı deyib ki, onun tərcüməçisi qardaş ölkənin ən yaxşı nəşriyyatlarına müraciət edib. Və məlum olub ki, həmin nəşriyyatlar postsovet ölkələrindən, o cümlədən Azərbaycandan heç bir müəllifin əsərini çap etmir. Səbəbi isə belədir: “Sizinkilər gəlib burda kimin parası var kitab buraxdı, türk oxucuları da baxdı ki, Azərbaycandan yazanlar bunlardı və ona görə də oxumurlar.”
Hansısa Azərbaycan müəllifinin hansısa əsərinin haçansa Çin liderinin kitab rəfində peyda olmasını gözləməyə dəyərmi?
Fuad Babayev
Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist