Rusiyalı müəllif Aleksandr Şirokoradın “Gürcüstan: Zaqafqaziya dalanı?” (Грузия: Закавказский тупик?) adlı kitabı 2010-cu ildə Moskvanın “Veçe” nəşriyyatında 5000 tirajla çap olunmuşdur.
“Rusiyanın dostları və düşmənləri” silsiləsindən olan və daha çox publisistik stildə yazılmış 416 səhiflik bu kitabda müəllif Gürcüstanın qədim dövrlərdən indiyə qədər keçdiyi yola nəzər salır. Şirokorad gürcülərin əcdadlarının indiki Gürcüstan ərazisinə gəlişi, gürcü əlifbasının formalaşması, erkən gürcü dövlətçiliyi, onların Səfəvi və Osmanlı dövlətlərinin tərkibində olduqları dövrdən qısa bəhs edir. Müəllif gürcü çarlıqlarının öz xahişləri ilə Rusiya imperiyasına birləşdirilidyini önə sürərək, Gəncənin işğalının “Cavad xanın Zaqafqaziyanı terror etməsi” səbəbindən baş verdiyini qeyd edir. Şirokorad eyni zamanda gürcü müəlliflərinin işğaldan sonra Gürcüstanın demoqrafik tərkibini dəyişdirilmək məqsədilə bölgəyə ermənilərin, rusların köçürülməsi fikri ilə razılaşmır. O, yerli gürcü əhalinin Osmanlı Sultanlığı ilə müharibədən sonra ələ keçirilən Cavaxetiyaya köçməsinə imkan verilməyərək ora 30000 erməninin köçürülməsini Rusiyanın “türklərin və kürdlərin qırğınından qaçan xristianlara sığınacaq vermə”si kimi qələmə verir. Rusiyalı müəllif daha sonra Gürcüstanın Rusiya imperiyası tərkibində inkişafından və I Dünya müharibəsinin ona təsirindən geniş bəhs edir. O, bu zaman II Nikolayı 1915-1916-cı illər Türkiyədəki erməni məsələsindən öz məqsədləri üçün istifadə etməyən, güclü erməni ordusu yaratmayan, türklər və almanlardan patoloji düşmən obrazı formalaşdırmaq istəməyən fərsiz hökmdar kimi təsvir edir.
Xronoloji ardıcıllıqla Gürcüstan Respublikasının yaradılması, sovet işğalı və II Dünya Müharibəsində Almaniyanın gürcülərdən ibarət təxribat desant qruplarını Gürcüstana göndərməsindən söz açılır. Gürcüstanda Sovet idarəçilyi üzərində ətraflı dayanan müəllif 1978-ci il 14 aprel mitinqi və gürcü dilini dövlət dili kimi təsbit edən Konstitutsiyanın 75-ci maddəsinin dəyişdirilməsinə qarşı Tbilisini bürüyən etirazları bir qədər mənfi fonda işıqlandırır. SSRİ-nin çöküşü ərəfəsində 1989-cu il 9 aprel nümayişinə divan tutulmasını Şirokorad çox səhlənkarcasına hazırlanmış əməliyyatın nəticəsi və meydanı tərk etməyə başlayan əhalinin sadəcə çıxışların bağlı olması səbəbindən yaranan şəraitdə həlak olması kimi görür.
Növbəti fəsillər Gürcüstanda hökm sürən anarxiya, Abxaziya və Osetiyada seperatizmin baş qaldırması, Qamsaxurdiya və Şeverdnadzenin hakimiyyətə gəlişləri barəsindədir. Müəllif Saakaşvilinin hakimiyyətə gəlişini Qərbin dinc çevrilişlər layihəsinin bir nümunəsi kimi izah etməyə çalışır. 2008-ci il Osetiya müharibəsinin Gürcüstan tərəfindən başlandığına diqqət çəkən Şirokorad xarici müəlliflərə istinadən Rusiyanın öz sülhməramlı qüvvələrini və dinc əhalisini qorumaq üçün Osetiyaya hərbi müdaxilə etməklə düzgün addım atdığını qeyd edir. Azərbaycan və Ermənistanın bu müharibə ilə bağlı mövqeyini araşdıran rusiyalı yazar, rəsmi Bakı və Yerevanın neytral mövqe tutduğunu, erməni müxalifətinin Rusiyanın, Azərbaycan müxalifətinin isə Gürcüstanın hərəkətlərinə haqq qazandırdığını vurğulayır.
Yekun olaraq, Şirokorad Gürcüstandakı bugünki vəziyyəti və anti-Rusiya ovqatını etnik millətçiliyin genişlənməsinin təzahürü olaraq qiymətləndirir. Rusiyanın səhvlərinə gəldikdə isə, o, Sovet dövrünün bütünlüklə pislənməsini müasir Rusiya dövlətinin ziyanına işləyən bir faktor kimi dəyərləndirir. Tbilisi ilə keçmiş muxtar respublikaları arasında münaqişənin həllini müəllif Gürcüstan Federativ Respublikasının yaradılmasında görür. Bu təklif bugünlərdə Rusiyanın rəsmi və qeyri rəsmi dairələri tərəfindən irəli sürülən Ukraynanın federallaşması təklifi ilə assosasiya yaradır. Federallaşma Şirokoradın Kreml administrasiyasının mövqeləri ilə səsləşən yeganə fikir deyildir. Müəllif kitabında Sovet İttifaqının dağılmasından sonra onun öz sözləri ilə desək, “keçmiş SSRİ-nin inzibati sərhədləri süni şəkildə avtomatik olaraq dövlət sərhədlərinə çevrilmişdir” və “bu sərhədlər heç də əsrlər boyu müharibələr və siyasi mübahisələrlə formalaşmış sərhədlər qədər dəyişilməz deyil” kimi çox uzaqlara gedən mülahizələrlə çıxış edir. Maraqlıdır ki, Şirokorodov hələ 2010-cu ildə “süni yardılmış “müstəqil dövlətlərdən”, məsələn Ukraynadan yeni ərazilərin ayrılmasını tamamilə mümkün” saymışdır. Onu da qeyd etmək lazımdır ki, hərbi ekspert olan Şirokoradın təklifləri arasında həm də Gürcüstan ərazisindən karbohidrogen ehtiyatlarının nəqlini pozmaq üçün abxaz separatçılarının hücum təyinatlı xüsusi hərbi texnika, sürətli qayıqlar, helikopterlər, yüngül təyyarələr və müasir dəniz minaları ilə təmin olunması da vardır.
Etibar Qulusoy
1905.az