İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqının Türkiyəyə ərazi iddiası, həmçinin, ermənilərin bu prosesdə fəal iştirakı azərbaycanlıların taleyində faciəli hadisələrlə nəticələndi.
1945-ci ilin noyabrında ÜK(b)P MK-nın Siyasi Bürosu xaricdə yaşayan ermənilərin repatriasiyasına icazə verdi və SSRİ Xalq Komissarları Sovetinin müvafiq qərarı mətbuatda dərc olundu. Belə bir addım sovet rəhbərliyinin Türkiyəyə ərazi iddialarının əsaslandırılması cəhdi ilə şərtlənirdi. İ.Stalin Ermənistana təqribən 360-400 min erməni köçürdükdən sonra, ermənilərin öz vətənlərinə qayıtdıqlarını, lakin yaşamağa yerlərinin olmadığını dünyaya bəyan etmək istəyirdi.
Türkiyənin şərq vilayətlərinə SSRİ-nin iddiası 7 və 18 iyun 1945-ci il tarixdə, Moskvada V. Molotovun türk səfiri S.Sarperlə görüşündə səsləndirilmişdi. Təcili qaydada SSRİ-nin Türkiyədən qoparmaq istədiyi ərazilərin sahəsi ölçülür, müvafiq xəritələr tərtib olunur, bu ərazilərin Ermənistan və Gürcüstan arasında bölüşdürülməsi ilə bağlı iş aparılırdı. 1945-ci ilin avqustunda SSRİ Xarici İşlər Komissarlığında hazırlanan sənədə görə, Türkiyədən ümumi sahəsi 26 min kvadrat kilometr olan ərazi alınmalı idi. 20,5 min kv.km Ermənistanın tabeçiliyinə, 5,5 min kv.km isə Gürcüstanın tabeçiliyinə veriləcəkdi. Müharibədən qalib çıxan SSRİ Türkiyədən Qars və Ərdəhan ərazilərini alacağına o qədər əmin idi ki, hətta Siyasi Büro A.Koçinyan soyadlı birisini Ermənistan KP Qars vilayətinin katibi vəzifəsinə təyin etmişdi.
Lakin Türkiyənin öz ərazilərini qorumaqda möhkəm iradə nümayiş etdirməsi Sovetlərin planını pozdu. Üstəlik Sovet İttifaqı Ermənistana lazım olan sayda xaricdən erməni köçürə bilmədi. 1947-ci ildə müxtəlif ölkələrdən Sovet Ermənistanına repatriasiya etmiş ermənilərin sayı yalnız 60 min nəfər idi. Üstəlik buradakı şəraitlə tanış olduqdan sonra onların da əksəriyyəti bütün imkanlardan istifadə etməklə xaricə qaçmağa cəhd göstərdilər. Hətta iş o yerə çatdı ki, yüzlərlə erməni dövlət sərhədini pozaraq, Türkiyəyə qaçdı.
Belə bir vəziyyətdə, repatriantların həyat və məişət şəraitlərini yaxşılaşdırmaq, onları torpaqla təmin etmək məqsədilə İ.Stalin 23 dekabr 1947-ci ildə azərbaycanlıları Ermənistandan deportasiya etmək qərarına gəldi. Bu zaman deportasiya olunanların evləri, həyətləri və təsərrüfatları əllərindən alınırdı. Onlara, Sibir və Qazaxıstana sürgün olunanlar kimi, yalnız ən vacib şəxsi əşyalarını götürməyə icazə verirdilər.
http://maxpark.com saytının materialı əsasında hazırlanıb